Skip to main content


Şirvanşah I İbrahim (1382-1417)

Şeyx  İbrahim siyasi və hərbi liderdən tələb olunan zəkaya malik, müdrik hökmdar olmuşdur.  Şirvanşah I İbrahim yaxın  şərqdə Əmir Teymurun fəaliyyəti ilə bağlı ağır  hərbi və siyasi hadisələrin baş verdiyi dövrdə hökmranlıq etmişdir. Bu dövrdə Azərbaycanın cənubunda və digər vilayətlərdə Cəlairilər sülaləsi hökmdarlarından olan sultan  Əhməd hökmranlıq edirdi. Şimaldan Şirvanı Qızıl Orda xanlığı təhdid edirdi. 1386-cı ildə Qızıl Orda hökmdarı Toxtamış xanın 90 minlik ordusu Dərbənd keçidindən Şirvana hücum etdi. Toxtamış Şirvanın şəhərlərini tutaraq Təbrizə getmiş, şəhəri qarət edib həmin yolla da geri qayıtmışdı.Toxtamış xan 1387-cu ildə yenidən  Şirvana soxulub Kür çayına çatdıqda Teymur əmirlərinin başçılığı ilə qoşun göndərərək müttəfiqi Şirvanşah I İbrahimə kömək göstərmişdi. Əmir Teymurun oğlu Miranşah Şirvanşahın qoşunlarının köməyinə çataraq Toxtamışı məğlubiyyətə uğradaraq onu qaçmağa vadar etmiş və Dərbənddən qovub çıxarmışdı.

Əmir Teymur 1395-ci ildə Dərbənddən keçərək Toxtamış xan üzərinə yürüşə gedərkən I  İbrahim Şirvan qoşunları ilə onu müşayiət edirdi. Əmir Teymur bu yürüşdə böyük qələbə qazanmış, Toxtamış xan məğlub olaraq qaçmışdı. Əmir Teymur bir neçə dəfə Azərbaycandan, Dərbənddən keçərək Gürcüstana və şimala getmiş və həmin səfərlərdə I İbrahim Şirvan qoşunları ilə onu müşayiət etmişdir. 1396-cı ilin baharında Həştərxana səfərdən geri qayıdarkən Əmir Teymur Dərbəndə gəlmişdi. O, mühaibələr səbəbiylə zərər görmüş Dərbənd Narınqalası təmir etdirmişdi. Dərbənddən Şabrana, oradan da Kür çayı sahilinə üz tutan əmir Teymuru burada Şirvanşah I İbrahim qiymətli hədiyyələrlə qarşılayıb böyük ziyafət tərtib etmişdi. Ziyafət zamanı əmir Teymur  I İbrahimə bahalı paltar, qiymətli kəmər və qılınc hədiyyə etmişdi. Əmir Teymur Şirvanşah I  İbrahimin şəxsində müttəfiqini görməkdə maraqlı idi. Əvvəllər gürcü çarlığı ilə birlikdə əmir Teymura qarşı çıxmış Şəki hakimi Seyyidi  Əhməd şirvanşah I İbrahimdən əmir Teymurdan onu bağışlaması üçün vasitəçilik etməsini xahiş etmişdi. I İbrahim Seyyidi Əhmədin xahişilə əmir Teymurun onu bağışlanmasına və Şəki hakimi olaraq təsdiq edilməsinə nail olmuşdu.

Əmir Teymur İran və Azərbaycana yürüş edəndə Qaraqoyunlu hökmdarı Qara Yusif və Cəlayiri hökmdarı Əhməd ona itaət etməkdən imtina edərək Osmanlı dövlətinə sığınmışdılar. Osmanlı sultanı İldırım I Bayəzid əmir Teymurun bu iki şəxsi ya təslim etmək, ya da ölkəsindən çıxarmaq barədəki tələblərini rədd etməsi səbəbiylə əmir Teymurla sultan I Bayəzid arasındakı münasibətlər gərginləşmiş və müharibə həddinə çatmışdı.  Əmir Teymur Osmanlı sultanı I Bayəzidlə vuruşmaq üçün Anadoluya hərbi səfər etmişdi. Bu müharibədə əmir Teymurun tərəfində Şirvanşah I İbrahim də iştirak etmişdi. Əmi Teymur 1400-cü ildə Şam torpaqlarına daxil olarkən onu müşayiət edən  I  İbrahim Hələbə gəlmişdi.

Anadolu səfərindən bir müddət sonra Əmir Teymur Gürcüstana hərbi səfər təşkil etmişdi. 1399 və 1402-ci illərdəki Gürcüstan müharibəsində onu I İbrahim və Seyyidi Əhməd öz qoşunları ilə müşayiət etmişdilər. Teymur üzrxahlıq edib qiymətli hədiyyələrlə yanına göndərilmiş və sülh istəyən gürcü çarının səfirini qəbul etməkdən imtina etmişdi. Buna görə də gürcü çarı Georgi şirvanşah I İbrahimə iltimas edərək əmir Teymurla arasında vasitəçi olmasını xahiş etmişdi. I İbrahimin vasitəçiliyindən sonra əmir Teymur gürcü çarını bağışlayaraq cizyə ödəmək xahişini qəbul etmişdi.

Şirvanşah I İbrahimin hakimiyyəti dövrü regionda Teymurilər, Qızıl Orda, Cəlayirilər, Qaraqoyunlular arasında qızğın mübarizənin getdiyi bir dövrə təsadüf edirdi. I İbrahimin çevik və uzaqgörən siyasəti nəticəsində Arran və Şirvan işğal, qarət və dağıntıdan xilas ola bilmişdi. I İbrahim Əmir Teymura bir vassal kimi bağlı deyildi. Onların arasında müttəifqlik və dostul var idi. Belə ki, I İbrahim əmir Teymura itaətini bildirmiş digər hakimlər kimi onun xəzinəsinə illik xərac ödəmirdi. Əmir Teymur Şirvan hökmdarını bundan azad etmişdi.

Şirvanşah İbrahim qonşu ölkələrlə, Gürcüstanla, bir sıra iri yaşayış məntəqələrini öz nüfuzuna tabe etdiyi Dağıstanla müttəfiqlik və dostluq münasibətləri saxlayırdı. I İbrahim zamanında Dərbənd mahalı, Cənubi Dağıstanın Samur vadisindəki kənd və icmaları Şirvanın siyasi asılılığında idi.  Şeyx  İbrahimin fərmanı ilə XIV  əsrin sonu-XV  əsrin  əvvəllərində Axtı, Kürə, Miskincə, Doqquzpara, Mükrək kəndlərinin, Xak-ül-Məkkə, Xınalıq,  əl-Fiy,  əl-Məzə qalalarının idarə olunması qaytaq (hakiminin) oğlu Məhəmməd bəyə həvalə edilmişdi.  Şirvanşahın vassalı Məhəmməd bəyin nəsilləri sonralar da həmin  ərazini, habelə Təbərsəranı (Tabasaran) idarə etmişlər.  Görkəmli dövlət xadimi, cəsur sərkərdə və mahir diplomat olan İbrahim  Şirvanı güclü və müstəqil dövlətə çevirə bilmişdi. O, liderlərini edam etdirərək və ölkədən çıxararaq Azərbaycanda “hürufilik” adı altında yayılmaq istənən şiə-batini əqidəsinin qarşısını almışdı. Şirvanşah I İbrahimin əmri ilə inşa olunmuş bir sıra ictimai bina indi də öz varlığını qorumaqdadır. Onun tərəfindən Şirvanın  şəhər və kəndlərində qalalar, bürclər, məscidləг, mədrəsələr, karvansaralar, hamamlar tikdirilmişdi. Abşeronun Maştağa kəndindəki “Piri-Arğutay məscidi”nin hicri 817-ci (1414) ilə aid kitabəsində, İçəri şəhərdəki “Xacə Əmir şah məscidi”nin 818-ci (1415) ilə aid kitabəsində Şivanşah I İbrahimin adı həkk olunmuşdur. İçərişəhərdəki Şirvanşahlar sarayının tikintisinə də I İbrahimin vaxtında başlanılmışdır.

Teymuri dövləti ilə Şirvanşahlar arasındakı dost münasibətlər əmir Teymurun ölümü ilə sona çatmışdı. Əmir Teymurun varisləri hakimiyyət uğrunda bir-biri ilə vuruşduqları kimi ona yaxın olan dövlətlərə müttəfiqlik və dostluq əlaqələrini də qoruyub saxlaya bilməmişdilər. Əmir Teymurun nəvəsi Mirzə ömərlə şirvanşah arasındakı münasibətlər gərginləşmiş, hətta düşmənlik səviyyəsinə çatmışdı. Teymurun varislərinin apardıqları yanlış siyasət Arran və cənubi Azərbaycan şəhərlərində üsyan əhval-ruhiyəsi yaratmışdı. Yaranmış siyasi vəziyyətdən istifadə edən I İbrahim Kürü keçərək Gəncənin və Qarabağın böyük bir hissəsinə yiyələnmişdi. Arran əyanlarının bir çoxu öz qüvvələrini I İbrahimlə birləşdirmişdilər. Tezliklə gürcü çarı da I İbrahimi dəstəklədiyini bildirmişdi. Arrandakı ən böyük oğuz tayfalarından Qaramanlı bəyi Yar Əhməd və Cagir tayfasının başçısı Bəstam Cagirli, həmçinin Ərdəbil hakimi özlərinin silahlı qüvvələri ilə I İbrahimin ətafında birləşmişdilər. I İbrahim Şirvan və müttəfiq qoşunları ilə Bərdə yaxınlığına gəlib düşərgə salmışdı. Bu vaxt Teymuri Mirzə ömər I İbrahimin yanına elçilərini göndərərək əmir Bəstam Cagiri özlərinə təslim etməyi tələb etmişdi. I İbrahim öz vassalını Teymurilərə təslim etməkdən imtina edərək ona “əgər əlahəzrət özü bu qışı Qarabağda keçirsə əmir Bəstam özü əlahəzrətin hüzuruna çıxacaqdır” deyə cavab göndərmişdi. Mirzə ömər bunu itaətsizlik və müharibə səbəbi sayaraq ordusu ilə Qarabağa gəlmişdi. I İbrahim çevik hərəkət edərək müharibənin olacağı yeri özü seçmiş və əlverişli mövqelərdə istehkamlar qurdurmuşdu. Mirzə ömər ordusu ilə I İbrahimin istehkamlarının qarşısına gəlib dayansa da hücum etməyə cəsarət etməmiş və gözləmə mövqeyi tutmuşdu. Bu vaxt atası Miranşah və qardaşı Əbu Bəkirin cənubi Azərbaycana soxulduğu xəbərini alan Mirzə ömər aralarında taxt uğrunda çəkişmə olan atası və qardaşının törədə biləcəyi təhlükəni nəzərə alaraq I İbrahimə hücum etmədən Qarabağdan çəkilib getmişdi. 1406-cı ildə Təbriz əhalisi Teymuri Əbu Bəkrin vergi məmurlarının qanunsuz vergi tələblərinə cavab olaraq üsyan qaldırmışdı. Şəhərdəki əxilərin lideri şeyx Əxi Qəssabın səyləri nəticəsində Təbrizdə iğtişaşların böyüməsinin qarşısı alınmışdı. Yaranmış vəziyyətdən istifadə edərək cənubi Azərbaycan torpaqlarını da bir dövlətin tərkibində birləşdirmək fikri ilə Şirvanşah I İbrahim ordusu ilə Təbrizə tərəf üz tutmuşdu. Lakin ona itaətini bildirmiş əmir Bəstam Cagirin öz qoşunu ilə Təbrizə girdiyi xəbərini almış və bu səbəbdən onların arasında dərin narazılıq yaranmışdı. 1406-cı ilin baharında I İbrahimin Təbrizə yaxınlaşdığı xəbərindən sonra Bəstam Cagirin əmirlərinin bir çoxu Şirvanşahın tərəfinə keçmişdilər. Bu hal əmir Bəstamın ələ keçməmək üçün Təbrizi tərk edib Ərdəbilə qaçmasına səbəb olmuşdu. Təbrizdə Teymurilərə qarşı qaldırılmış qiyamın liderləri Əbu Bəkr Dəvvani və Muhəmməd Keçəçi öz adamlarını şirvanşah I İbrahimin yanına göndərərək ona itaətlərini bildirmişdilər. Təbrizi sülh yolu ilə ələ keçirməyə müvəffəq olan I İbrahim ordusu ilə cənuba doğru üz tutmuşdu. Təbriz və ətrafı əmir Teymurun işğalından əvvəl Cəlayiri sülaləsinin mülkü idi. Əmir Teymurun ölümü və Teymurilərin Azərbaycandakı hakimiyyətinə son qoyulmasından sonra sultan Əhməd Cəlayir sürgün həyatından geri qayıtmışdı. Bu səbəbdən də I İbrahim ordusunu Təbrizdən çəkərək geri ata mülkünü sahibinə qaytarmışdı. Lakin sultan Əhməd Cəlayir Təbrizə gələndən sonra şəhər əhalisi və əyanlara qarşı amansız davranmışdı. O, qisasçı siyasət yeridərək Teymurilərə yaxınlıq etmiş insanları ağır şəkildə cəzalandırmağa başlamışdı. Buna görə də təbrizlilər tezliklə sultan Əhməd Cəlayirdən bezərək Əbu Bəkr Teymurini yenidən Təbrizə dəvət etmişdilər. Əbu Bəkrin Teymuri ordusu ilə Təbrizə yaxınlaşdığını və şəhər əyanının əksəriyyətinin Teymuri Əbu Bəkrə itaət ərz etdiyini görən sultan Əhməd Cəlayir Bağdada qaçmaq məcburiyyətində qalmışdı. Lakin Qaraqoyunlu hökmdarı Kəmaləddin Qara Yusif bu vəziyyətlə barışmayaraq cənubi Azərbaycanı Teymurilərə vərməmək qərarına gəlmiş və Miranşahın oğlunun başçılıq etdiyi Teymuri ordusunun qarşısına çıxmışdı. O, Əbu Bəkr Teymurini ağır məğlubiyyətə uğradaraq geri çəkilməyə vadar etmişdi. 1408-ci ildə Kəmaləddin Qara Yusif əmir Teymurun oğulları Miranşah və Şahruxun ordularını da darmadağın etmişdi.  Miranşahın özü bu döyüşdə öldürülmüş və  Teymurilərin məğlub olunmuş qoşunlarının qalıqları Azərbaycanı tərk etmişdi. Təbrizi ələ keçirən Qara Yusifə şəhəri sultan Əhməd Cəlayirə təhvil vermişdi. Bir müddət sonra sultan Əhməd Cəlayir özünün gücləndiyini düşünərək Qara Yusifin əsgərlərini Təbrizdən və digər şəhərlərdən qovub çıxarmağa başlamışdı. Qara Yusif bu vaxt Ərzincanda idi. Sultan Əhməd Qara Yusifə qarşı I İbrahimdən yadım istəmişdi. Şirvanşah gələcəkdə özündən vassal asılılığına sala bilmək düşüncəsi ilə daha zəif vəziyyətdə olan Cəlayiri hökmdarına yardım etmək qərarına gəlmişdi. Baş verənlərdən xəbər tutan Qara Yusif bu ittifaqın yaranmasına fürsət vermədən sürətlə irəliləyərək 1410-cu ilin avqustunda Təbrizə yaxınlığında sultan Əhmədin ordusunu darmadağın etmişdi. Sultan Əhməd yaralanaraq gizlənmiş, lakin yaxalanaraq Qara Yusifin hüzuruna gətirilmişdi. Kəmaləddin Qara Yusifin əmri ilə sultan Əhməd Cəlayir edam edilmişdi. Qara Yusif sultan Əhmədə yardım üçün Təbriz həndəvərinə gəlib çatmış Şirvanşah I İbrahimin oğlu Kəyumərsə gecə vaxtı hücum edərək onu əsir almışdı. O, Kəyumərsi Van gölü sahilindəki Ərciş qalasının zindanına saldırmışdı. Lakin Şirvanşah I İbrahim böyük məbləğdə pul təklif edərək oğlunun azad edilməsini istəmişdi. Lakin Qara Yusif təmənnasız olaraq Kəyumərsi azad etmiş və onunla Şirvan taxtına oturacağı vaxt özünə itaət etməsi şəriti ilə sülh sazişi bağlamışdı. I İbrahim oğlunun bu xəyanətini bilib onu edam etdirmişdi. Bu hadisə, yəni Qara Yusiflə vassallıq sazişi bağlamış Şirvah şahzadəsinin edamı Şirvanşahlarla Qaraqoyunlular arasında münasibətlərin gərginləşməsinə və nəticədə müharibəyə səbəb olmuşdu. Şirvanşah I İbrahim özünün müttəfiqləri Şəki hakimi Seyyidi Əhməd, gürcü çarı II Konstantinin də qüvvələrini yanında alaraq səfərbər olmuşdu. 1412-ci il noyabrın 6-dan dekabrın 4-dək Kür çayı sahilində davam etmiş döyüşlər Qaraqoyunluların qələbəsi ilə başa çatmışdı. Döyüşdə I İbrahim, Seyyidi Əhməd və II Konstantin başda olmaqla bir çox şirvanlı, şəkili əmirlər, və gürcü aznauru əsir düşmüşdülər. Əsirlərin arasında şirvanşahın oğulları Qəzənfər, Əsədullah, Xəlilullah, Nüsrətullah, Haşim, Mənuçöhr, Əbdurrəhman, həmçinin şirvanşahın qardaşı Şeyx Bəhlul, şirvanlı dövlət xadimləri Qazı Əbu Yəzid, Qazı Mövlana Zahirəddin də var idi. Kəmaləddin Qara Yusif müsəlman əsirlərə toxunmamışdı. Lakin 300 gürcü aznauru (komandan) boyunları vurularaq edam edilmişdilər. Gürcü çarı II Konstantinin isə Qara Yusifin oğlu Pirbudaq şəxsən özü boynunu vurmuşdu. Qara Yusif qurtuluş fidyəsi olaraq Şirvanşahdan böyük məbləğdə pul və ziynət əşyası tələb etmişdi. Vaxtilə onlara qarşı xeyirxah və ədalətlə davrandığı üçün Şirvanşah I İbrahim Təbriz əhalisi və əyanları yanında böyük hörmət və ehtirama sahib idi. Buna görə də onlar Qaraqoyunlu hökmdarının hüzurunda şirvanşah və adamları üçün vasitəçilik etmiş, tələb olunan məbləğin ödənilməsini öz üzərlərinə götürmüşdülər. Başda  Şeyx  Əxi Qəssab olmaqla Təbrizin tacir və sənətkarların liderləri  Qara Yusifə tələb olunan məbləği ödəyərək Şirvanşah I İbrahim və yaxınlarının azad olunmasına müvəffəq olmuşdular. Şirvanşah I İbrahim və yaxınları 1413-cü ilin baharında vətənə qayıtmışdılar. Şirvanşah I İbrahim Şirvana qayıtdıqdan sonra üç il hökmranlıq edərək 1417-ci ildə vəfat etmişdi.

ŞƏKİLLƏR

1. Şirvanşahlar sarayı külliyyəsi. İnşası XV əsrdə, Şirvanşah I İbrahimin dövründə başlanıb onun oğlu I Xəlilullahın dövründə başa çatdırılmış saray kompleksi Bakının mərkəzində, İçəri şəhərdə yerləşir. Şirvanşahlar sarayı külliyyəsi Yaxın Şərqin ən görkəmli memarlıq abidələrindən biridir. Buraya Şirvanşahlar sarayı, Divanxana, Kеyqubаd məscidi, Şirvanşahlar türbəsi (1435-1436), Şah məscidi (1441), Yəhya Bakuvi türbəsi, Murad darvazası (1585), saray hamamı və ovdan (su kəhrizi) daxildir.

Şirvanşahlar sarayı

2. Murad qapısı

Murad qapısı

3. Xacə Əmir şah məscidi

Xacə Əmir şah məscidi