Həyatımıza yön verəcək Kərbəla dərsi

Allah Rəsulunun (s.ə.s) Əhl-i Beytini sevmək möminin özəlliklərindəndir. Allahın izni ilə bu yazıda Kərbəla hadisəsinə, öncəsinə, sonrasına, nəticələrinə və tarixdən çıxarmalı olduğumuz dərslərə qısa da olsa toxunmağa çalışdıq.

Əhl-i beytin, o cümlədən İmam Hüseynin nə qədər dəyərli olduğunu anlamaq üçün hər şeydən öncə Peyğəmbərimizin (s.ə.s) nəvəsi haqqında bu iki hədisini xatırlayaq:

"Həsən ilə Hüseyn mənim övladlarımdır, onları sevən məni sevər, onları qəzəbləndirən məni qəzəbləndirər." (İbn Macə)

Digər bir hədisdə isə Peğyəmbərimizin imam Hüseyn haqqında belə buyurduğu rəvayət edilir: "Allahım, sən bu uşağı sev, onu sevəni də sev." (Səhih əl-Buxari, Səhih Muslim)

• Hz. Əli ibn Əbu Talib (r.a) şəhid edildikdən sonra oğlu Hz. Həsən (r.a) 6 ay xəlifə məqamında qaldı. Lakin daha çox qardaş qanı axmaması üçün vəhdət adına böyük bir fədakarlıq örnəyi sərgiləyərək Şam valisi Muaviyə ibn Əbu Süfyanın xeyrinə hakimiyyətdən əl çəkdi. Bununla bərabər Muaviyədən xilafətin irsən (atadan oğula) keçməyəcəyi barədə söz aldı. Bir müddət sonra isə Hz. Həsən zəhərlədilərək şəhid edildi (Qaynaqlarda keçən bəzi rəvayətlərə görə bu sui-qəsdi Hz. Həsənin xanımlarından biri həyata keçirmişdi).

• Hicrətin 60-cı ilində Yezid, atası Muaviyənin ölümündən sonra Şamda xilafətini elan edib xalqdan beyət almağa başlamışdı. Hakimiyyətinin təməllərini zülm üzərində quran Yezidin, səltənəti ələ keçirər-keçirməz etdiyi ilk iş, Mədinə valisi Vəlid bin Utbəyə bir məktub göndərərək Peyğəmbər şəhərindəki üç insandan nə şərtlə olursa olsun onun adına beyət almasını əmr etmək olmuşdu. Yezidin xəlifəliyini tanımayan bu üç nəfər, Hüseyn ibn Əli, Abdullah ibn Zübeyr və Abdullah ibn Ömər idi.

• Yezidin məktubu Vəlid ibn Utbəyə çatınca Mədinə valisi əmr gərəyincə bu üç insanı hüzuruna çağırıb vəziyyəti anlatmaq üçün bir elçi göndərdi. Elçi onlardan ikisini - Hz. Hüseyn ilə Abdullah ibn Zübeyri məsciddə tapdı. Vəziyyəti elçini gördüyü anda anlayan Hz. Hüseyn, Abdullaha dönərək; "Bizə yol göründü" dedi. Qərarını çoxdan vermiş olan imam Hüseyn Yezidə beyət edib onun zülm üzərində qurulmuş səltənətini qəbul etməyəcəkdi.

• Belə ki, İslamda xəlifə seçiminin üç yolu var idi: a) Birbaşa xalqın beyətini (səsini) alaraq seçilərək, ki Peyğəmbərimizin (s.ə.s) vəfatından sonra ilk İslam xəlifəsi Hz. Əbu Bəkr (r.a) və 4-cü İslam xəlifəsi Hz. Əlinin (r.a) xəlifə seçilməsi bu yolla olmuşdur; b) Xəlifənin özündən sonrakı xəlifə namizədini xalqa tövsiyyə etməsi, ki Hz. Ömər (r.a) Hz. Əbu Bəkr (r.a) tərəfindən ümmətə tövsiyyə edilmiş və xalq da beyət etmişdir; c) Qurulan bir şura heyəti tərəfindən xəlifənin səs çoxluğu ilə seçilməsi, ki Hz. Osmanın (r.a) xəlifə seçilməsi bu şəkildə olmuşdur. Yezid isə bu təcrübələrin heç birinə məhəl qoymadan atasından qalan səltənəti və Şam ordusunu da arxasına alaraq zor tətbiq etməklə insanları beyət etməyə məcbur edir və sülalə hakimiyyətinin təməllərini qoyurdu.

• Məktubun ertəsi gün imam Hüseyn Mədinədən ayrılıb Məkkəyə getdi. Babası Hz. Muhamməd sallallahu aleyhi və səlləm yer üzünün ən böyük mədəniyyətinin təməllərini bir hicrət ilə atmışdı. İndi bu mədəniyyəti qoruyub saxlamaq adına Hz. Hüseyn yeni bir hicrət ilə işə başlayırdı. İmamın Məkkəyə getdiyini eşidən kufəlilər, Hz. Hüseynə ardı-arası kəsilməyən məktublar yazaraq, "sənin yanındayıq, səninlə bərabərik, Kufəyə gəl, sənə yardımçı olaq və bu zalım düzəni ortadan qaldıraq" deyirdilər. Kufə əhlinin məktublardakı israrlarından sonra imam Hüseyn, elçisi Süleymanı Bəsrəyə, əmisinin oğlu Müslim bin Aqili də Kufəyə göndərdi. Müslim Kufəyə gedəcək və kufəlilərin halını yerində görüb imama bildirəcəkdi.

• Müslim ibn Aqil Kufəyə varar-varmaz böyük təmtəraqla qarşılandı. İlk həftədəcə Kufə xalqının demək olar ki tamamının beyətini aldı. Hadisələrdən xəbərdar olan zalım Yezid, Bəsrə valisi Ubeydullah ibn Ziyadı Kufədəki sükunəti qorumaq üçün təlimatlandırdı. Çox zalım bir idarəçi olan Ubeydullah, bunadək Hz. Hüseynin Bəsrəyə göndərdiyi elçi Süleymanı şəhid etmiş və sıra Kufə əhlinin imam Hüseynə olan rəğbətini qırmağa gəlmişdi.

• Ubeydullah ibn Ziyad Kufəyə gəldikdən sonra böyük bir siyasət və basqı ilə xalqı özünə tabe etdi. Bir anda Hz. Hüseynə beyət edən minlərlə kufəli, verdikləri sözləri unudaraq imamın elçisi və əmisi oğlu olan Müslim ibn Aqili və onun yardımçısı Hani ibn Urvəni yalnız buraxdılar. İstəyinə çatan Ubeydullah ibn Ziyad onların yerini təsbit etdirib yaxalatdı. Bundan sonra ibn Ziyad, xalqın gözü önündə Müslimi və yardımçısının başlarını vurduraraq kufəlilərə göz dağı verdi. Bununla da Yezidin Bəsrə valisi məqsədinə çatmış və Hz. Hüseynin göndərdiyi elçiləri şəhid etməklə imama qarşı savaş üçün kufəliləri özünə tabe etmişdi.

• Kufədə bu hadisələr yaşanarkən, Hz. Hüseyn, ailəsindən və əhli-beyt tərəfdarlarından 72 nəfər ilə Kufə istiqamətində yola çıxmışdı. Yolun yarısında, Kufəni çox yaxşı tanıyan iraqlı şair Fərəzdak, Hz. Hüseynin karvanı ilə qarşılaşmış və yaşananları bir cümlə ilə imama anlatmaq istəmişdi: “Ey Hüseyn! Kufəlilərin ürəkləri səninlə, amma qılıncları Yezid ilədir.”

• İmam Hüseyn olacaqları anlamışdı. Atası Hz. Əli də zamanında #ürək ilə #bilək vəhdətini qurmağı bacarmayan bu cahil insanlardan çox çəkmişdi. Amma başqa bir yolu da yox idi. Peyğəmbər nəvəsi ya zalımın zülmünü qəbul edib zillətə məhkum olacaq, ya da Allah Rəsulunun dünyaya mesajını yenidən diriltmək uğrunda doğranacaqdı... Ailəsinin və yaxınlarının “geri qayıdaq” israrlarına baxmayaraq, imam qərarını çoxdan vermişdi: zillətə tabe olmamalı və Kərbəla'ya getməli idi. Və belə də etdi.

• İmam Hüseyn və yaxınları Hicri 61-ci il, Məhərrəm ayının 2-də Kərbəlaya gəldilər. Yezidin valisi Ubeydullah ibn Ziyad, qoşununu Hz. Hüseynə və yaxınlarına doğru göndərdi. Qoşunun komandirləri Ömər ibn Sad, Havaley ibn Yezid və Əhli Beytə xüsusi düşmənliyi ilə tanınan Şimir Zilcevşən idi. İbn Sad öncə bu işdən imtina etsə də, vəzifədən atılma qorxusu ilə qoşunu Hüseynin üzərinə çəkdi. Bu qoşun Hüseyni zalım Yezidə beyət etməyə məcbur etməli idi. Lakin Hüseyn beyət etmirdi. İmam Hüseyn, 9 Məhərrəm tarixini Qur'an oxuyaraq və zikr edərək keçirdi.

• Hicrətin 61-ci ilinin 10 Məhərrəm tarixində sübh namazından sonra Ömər ibn Sadın qoşunu Hüseynin qarşısında yerləşdi. Döyüş başlamadan öncə İbn Sadın ordusundakı komandirlərdən Hürr, yanında 30 nəfərlə birgə Hüseynin tərəfinə keçdilər və Ubeydullah bin Ziyadın əsgərlərinin atdığı oxlarla savaş başladı.

• Hz. Hüseyn şəhidlik yolunda tarixdə görülməmiş dastan yazarkən Kərbəlada 4 min nəfərlik Yezid ordusu qarşısında belə hayqırırdı:

“Qanımla yüksələcəksə Muhammədin dini,
Ey qılınclar, doğrayın məni, alın bədənimi!”

• Hüseyn və yanındakılar qəhrəmanlıqla döyüşsələr belə böyük bir qoşuna qarşı uzun müddət müqavimət göstərə bilmədilər. Hüseynin adamları bir-bir şəhid olurdu. Hürr və 30 nəfər də şəhid oldu. Hüseynin oğlanları Əli, Əbu Bəkr, Cafər, Osman ard-arda şəhid oldular. Qardaşı Həsənin oğlu Qasım, Hüseynin qollarında can verdi. Hüseynin oğlu Abdullah 3 yaşında idi. Abdullah çadıra doğru qaçarkən düşmən oxu Abdullahın boğazına saplandı. Hüseynin əlləri Abdullahın qanıyla doldu. Bu vaxt çadırdan bir uşaq imam Hüseynə doğru qaçırdı. Hüseyn bacısı Zeynəbə uşağı buraxmasın deyə qışqırdı. Uşaq qaçarkən bir qılınc zərbəsi ilə əli kəsildi. İmam susuzluqdan qıvrılırdı. Su içmək üçün Fərat çayına doğru gedərkən atılan bir oxla ağzından yaralandı. Əhli beyt düşməni Şimir, on adamı ilə birlikdə Hüseyni mühasirəyə aldı. Hər tərəfədən hücum etməyə başladılar. Sinan isimli birisi arxadan yaxınlaşaraq Hüseynə bir zərbə endirdi. Hüseyn atından yerə yıxıldı. Havaley ibn Yezid yaxınlaşaraq Hüseynin başını kəsdi... 57 yaşında şəhid edilən Hz. Hüseynin bədənində ox yaralarından əlavə 33 mizraq yarası, 34 qılınc yarası vardı. RasulAllahın (sallallahu aleyhi və səlləm) ailəsindən 70 nəfər şəhid edildi. İbn Ziyadın adamları öz leşlərini dəfn edib uzaqlaşdıqdan sonra Qadiriyyə kəndliləri gəlib Hüseyn və digər Kərbəla şəhidlərini dəfn etdilər.

• Hüseynin başı Ubeydullah ibn Ziyadın sarayına göndərildi. Yaşlı sahabələrdən Zeyd ibn Ərqam (r.a) Hüseynin şəhid edildiyini eşidib tez İbn Ziyadın sarayına gəldi. İçəri girdikdə gördü ki, İbn Ziyad çubuqla Hüseynin dodaqlarıyla oynayır. Zeyd bunu görərkən: “Vallahi, mən RasulAllahı, bu yanaqları öpərkən gördüm.” - dedi və ağladı. Zeynəb qardaşının başı və digər üzvləri kəsilmiş cəsədini gördükdə dedi: “Ah, ey Muhamməd, sənə göydəki mələklər salat və salam etsin, Hüseyn qana boyanmış və bədən üzvləri kəsilmiş vəziyyətdə yatır, qızların əsir alınmış, zürriyyətin öldürülmüş, külək onların üzərinə torpaq sovurur.”

• Sonra Kərbəla əsirləri və Hüseynin başı Şama, Yezidin sarayına aparıldı. Oradan da Mədinəyə döndülər.

• İmam Hüseyn və yaxınları Cənnəti qazandılar. Amma Peyğəmbərin özündən sonrakı nəsilə əmanət etdiyi əhl-i beytinə qarşı edilən bu zülm, İslam tarixində böyük bir utanc və qara ləkə kimi yerini aldı.

----------------------------------------------

Kərbəla hadisəsindən hansı dərsləri çıxarmalıyıq?

• İmam Hüseyn, Kərbəlada qılınclar altında doğranarkən, qiyamətədək gəlib-gedəcək bütün insanlığa, tək qalsan belə haqqı müdafiə etməyi öyrədirdi.

• İmam Hüseyn, Kərbəlada qılınclar altında doğranarkən, insan oğluna zillətlə yaşamaq yerinə, Allah yolunda şərəflə ölməyi öyrədirdi.

• Dünya malı və vəzifə sevgisi insanı Əhli Beyt qatili belə edərmiş... Qarşı tərəf qəbilə adına, sülalə səltənəti adına, qənimət adına mücadilə sərgiləyərkən, dünyanı da, onun vəzifəsini də ayaqlar altına alan imam Hüseyn, insanlara əqidə adına mücadiləni öyrədirdi.

• Və imam Hüseyn bütün insanlığa, hayatın iman və şəhadət üzrə olması gərəkdiyini öyrədirdi.

--------------------

Şəhadətinin il dönümündə imam Hüseyni və Kərbəla şəhidlərimizi sevgi, sayğı və rəhmətlə anırıq. Uca Allah bizləri onların yolunda sabitqədəm etsin. Amin.

Yazını dəyərli İslam alimi Muhamməd Əmin Yıldırımın bu sözləri ilə bitiririk: "Bəşəriyyətin nə Hüseynləri bitər, nə də Yezidləri. Addımladığın yola yaxşı bax, təqib etdiyin addım izləri Hüseynin ayaq izləridir, yoxsa Yezidin.."

--------------------

Yazıdakı tarixi hadisələrin keçdiyi qaynaqlar:
İbn Kəsir “Əl Bidayə vən Nihayə”
İbnul Əsir “Əl Kəmil fit Tarix”
Bəlazuri “Ənsabul Əşraf”
İbn Hacər “Əl İsabə”
Suyuti “Tarixul Xuləfa”
Zəhəbi “Siyəri Aləmun Nubəla”
İbn Sad “Tabaqat”
Təbəri “Tarixul Uməm vəl Muluk”
İbnul Əsir “Usdul Ğabə”

Islama Dəvət

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz

Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.