Nəsx olumuş ayələr və onun hikməti (Birinci Hissə)

Qurani-Kərimdə bəzi ayələrin nəsx olunması aşağıdakı ayədə bildirilmişdir.

Uca Allah buyurur:

مَا نَنْسَخْ مِنْ آيَةٍ أَوْ نُنْسِهَا نَأْتِ بِخَيْرٍ مِنْهَا أَوْ مِثْلِهَا أَلَمْ تَعْلَمْ أَنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

Biz (zaman, məkan və şəraitin tələbinə görə) hər hansı bir ayəni (ayənin hökmünü) ləğv edir və ya onu unutdururuqsa, ondan daha yaxşısını, yaxud ona bənzərini gətiririk. Allah’ın hər şeyə qadir olmasını bilmirsənmi?! ( Bəqərə 106)

Ayədə keçən” ondan daha xeyirlisini və ya onun bənəzrini gətiririk “sözünün mənasını təfsirçilər bu cür izah edirlər.

İbn Kəsir bu ayənin təfsirində deyir: “Yəni mükəlləflərin məsləhətinə daha uyğun olan hökmü gətirdik. Necə ki, İbn Abbasdan Əli ibn Əbu Talha rəvayət etmişdir ki, o demişdir: “Sizin mənfəətiniz üçün ən xeyirli  və ən xəfif olanı.”

Bəzilərində sual yarana bilər ki, nə üçün Allah öncədən nazil etdiyi bir hökmü sonradan ortadan qaldıraraq onu başqası ilə əvəz edir? Məgər Allah onun daha xeyirli olduğunu öncədən bilmirdimi?

Əlbətdə ki, Uca Allah hər şeyi bilən əl-Alim və əl-Xabirdir. Həmdə Uca Rəbbimiz Əl-Həkim yəni hikmət sahibidir. Ayələrini öz hikməti ilə nəsx etmiş və onları daha uyğunu ilə əvəz etmişdir. Aşağıda ona bir misal olaraq yalnız həmin nəsx olunmuş ayələrdən birini  göstərəcəyik və  nəsxin  əslində Quranın bir möcüzəsi olduğunu izah etməyə çalışacağıq.

Bildiyimiz kimi İslam dinin özəyi ərəb cəmiyətində qurulmuşdur. Yəni ərəblər islamın yayılıb şaxalənməsi üçün bir kök, bir bönövrə rolunu oynayırdılar. Eyni zamanda öz dövrlərində sivilizasiyanın inkşafı baxımından digər mövcud xalqlardan-rumlular və farslar və s. xalqlardan geridə qalmışdılar. Bir çox insanlığa zidd olan adətlərə, dünya görüşlərinə sahib idilər. Günləri yeyib-içməklə , bir-birlərinə qarşı savaşmaqla , qisas müharibələri aparmaqla keçirdi. Həm iqtisadi, həm siyasi, həm də mədəni olaraq tam dağınıqlıq, anarxiya,xaos  dövrü keçirirdilər. Bu səbəbdən də sabit bir dövlət quruluşları mövcud deyildi.  Ancaq bütün bunlarla yanaşı bəzi müsbət xarakterləri var idi. Cəsurluq, qorxmamazlıq bunun başında idi. Ona görə də gələcəkdə İslamın yayılması üçün bu cəmiyyətin möhkəm bir özək təşkil etməsi gərəkirdi. Həmin bönövrənin sabit olması üçün isə mərhələli islahatlara, hər bir mərhələ üçün uyğunluq təşkil edən qaydalara , hökmlərə ehtiyac duyulurdu. Bu səbəblə də Uca Allah Öz kitabında bəzi ayələri müəyyən bir müddət üçün nazil edir, artıq nəticə əldə edildikdən sonra növbəti mərhələyə uyğun bir ayə və ya hökmlə əvəz edirdi. Bu isə İslamın budaqlanmasının kökünü təşkil edən bir cəmiyyətin möhkəmlənməsində, öz sütun  rolunu oynamaqda müstəsna bir hal təşkil edirdi. İnsanların psixoloji və ya fiziki olaraq növbəti mərhələyə hazırlanması üçün dərəcələrlə tətbiq edilən proqramın olması labüddür. Məsələn ağırlıq qaldırma idmanı ilə məşğul olmaq istəyən birisi birdən-birə yüz əlli kiloqram yükü qaldırması fiziki olaraq mümkün deyildir. Həmin mərhələyə çatması üçün ilk öncə daha yüngül olan yükdən başlamalıdır.

Bu haqda yalnız dövrümüzdə ortaya qoyulan qrupların idarə olunması haqqında elm olan psixologiyanın bir bölməsi “İdarə etmənin psixologiyası” fənnində bu haqda daha geniş danışılır. Həmin fəndən də bizə məlum olduğu kimi,toplumun psixoloji olaraq hazır olmadığı bir qanunu və ya digər tətbiqatı onlara qəbul etdirmək üçün müəyyən mərhələlərlə bunu etmək labüddür. İlk öncə toplumu həmin qərara və ya tətbiqata psixoloji olaraq hazırlamalı, sonra onun ilkin formasını tətbiq etməli, artıq toplum həmin tətbiqə hazır olduqdan sonra onu həyata keçirmək lazımdır. Əks halda toplum üçün həmin tətbiqatın heç bir əhəmiyyəti olmayacaq və ya o özünü doğrultmayacaqdır. Qeyd olunan toplumun mərhələlərlə onun üçün yad olan müəyyən tətbiqatlara hazırlanması prosesi müasir dövrümüzdə humanitar elmlərin öyrəndiyi yeni bir nəzəriyyədir. Necə ki, bu nəzəriyyəni dövlətlər yalnız son dövrlərdə tarixi təhlillərlə öyrənmişlərdir və tətbiqinə misal olaraq sovet hakimiyyətini misal verə bilərik. Sovetlər birliyi sahib olduğu komunizm ideologiyasının praktik tətiqinə keçmək üçün onilliklərin proqramlarını qurmuş və bunun üçün sosializmin müəyyən tələblərini yerinə yetirmişlərdir. Əslində sosializm quruluşu komunizmə keçmək üçün ilkin mərhələ hesab olunur ki, bu da toplumun psixoloji və digər sahələrdə hazırlanması üçündür.  Marksist nəzəriyyədə sosializm kapitalizmi əvəzləyəcək, sosyalist quruluş öz-özünə süqut etdikdən sonra komunizmə keçid edən cəmiyyətə işarə edir. Komunizm sosializmin davamı hesab edilən ictimai sistemdir.

Bunu burada qeyd etməkdə məqsədim odur ki, toplumların onlar üçün yad olan tətbiqatlara psixoloji və. s hazırlanması nəzəriyyələri son dövrlərdə meydana çıxmışdır. Ancaq Qurani-Kərimdə bu praktik nəzəriyyə hələ 14 əsr öncə öz əksini tapmışdır. Onun möcüzə olmasının və Quranın Allah’dan bir möcüzə olmasının səbəbi  isə həmin dövrlərdə belə bir tətbiqatlarının nə nəzəri , nə də praktik olaraq mövcud olmamasıdır . Çünki,o zaman mövcud olan krallar, hakimlər istədikləri qanunları və qərarları həmən tətbiq etməyə çalışır və toplumu da onun qəbuluna  zor gücü ilə məcbur edirdilər. Bu isə bəzən xalq tərəfindən rədd edilir bəzən isə qarşudurmalarla nəticlənirdi. Ancaq cəmiyyətin ədalətlə idarə olunmasını bizə öyrədən İslam dini isə o dövr üçün yad , müasir dövr üçün isə qaçınılmaz nəzəriyyə hesab edilən mərhələlərlə toplumun hazırlığına önəm verərək öz növbəti bir möcüzəsini isbat etmişdir.

Buna misal şərabın mərhələlərlə haram qılınması ayələri haqqında olacaqdır. Bildiyimiz kimi, şərabın haram qılınması üç mərhələdə olmuşdur. Bu ona görə idi ki, o zaman mövcud olan  ərəb toplumunda şərab cəmiyyətin ayrılmaz bir parçası idi. Ərəblər öz məclislərini şərabsız təsəvvür edə bilmirdilər. Onlar üçün şərab həyatdan zövq almağın əsas atributu idi. Şərab içmək  kişilik rəmzi sayılır və zənginlərin bir fərqlənmə meyarı hesab edilirdi. Onun birbaşa qadağan olunması gözlənilməz bir inqilab anlamında idi və ərəblərin ondan həmən əl çəkməsi çox ağır nəticələrə gətirə bilərdi. Ancaq bunun üçün şərabın əslində yaxşı bir şey olmaması haqqında yumşaq propaqanda gərəkirdi. Qurani-Kərim birinci mərhələdə şərabda fayda və eyni zamanda zərər olduğunu bildirmiş ancaq zərərinin və günahının daha çox olması haqqında propaqanda xarakterli məlumat vermişdir.

Səndən sərxoşedici (içki) və qumar barəsində soruşurlar. De: “İkisində də həm böyük günah, həm də insanlar üçün mənfəət vardır. Amma günahları mənfəətlərindən daha böyükdür”. (Bəqərə 219)

Ayədəndə göründüyü kimi insanlara şərabın zərərinin, günahının daha çox olması haqqında psixolji təlqin edilir. Əlbətdə öz faydasını düşünən birisi zərəri daha çox olan bir şeydən həmən əl çəkməyə can atacaq, digərləri isə hər içdiyində zərərinin daha çox olması haqqında psixoloji basqıya məruz qalacaqdır. Bu artıq psixoloji hazırlığın ilkin mərhələsidir.

Bundan sonra isə artıq ikinci mərhələ başlamışdır. Uca Allah buyurur:

Ey iman gətirənlər! Sərxoş olduğunuz halda nə dediyinizi anlayana qədər namaza yaxınlaşmayın.” (Nisa 43)

Artıq bu mərhələdə ibadət etməklə içki içmək arasında seçim verilmiş və içkili olan şəxs o halda namaza yaxınlaşmamaqla bu böyük ibadətdən məhrum olunurdu. Hətda namazdan öncə kim sərxoşdursa bizə yaxınlaşmasın yəni bizimlə birgə namaz qılmasın deyilərək uzaq tutulurdu. Bu öncəkindən daha güclü bir psixoloji basqı anlamına gəlirdi. Çünki müsəlman üçün önəmli olan və onun dünyada var olma səbəbi olaraq görülən ibadət və onun sütunu namaz bir içki qarşılığında tərk edilirdi. Namaz vaxtları isə bir-birinə yaxın olduğu üçün və bu müddətdə sərxoşluqdan ayılmaq bir o qədər də mümkün olmadığı üçün artıq ibadətinə bağlı olan bir müsəlman içki içməkdən çəkinir və ona daxilində pis münasibət bəsləyirdi. Artıq müəyyən müddətdən sonra cəmiyyət içkinin pis bir şey olması qənatinə gəlməyə başaldı və onun haram olması və ondan qəti surətdə uzaqlaşmağın gərəkliyinə psixoloji hazır oldu. Bundan sonra isə Allah subhənəhu va təalə içkinin sonuncu hökmünü verərərək onun haram olduğunu bildirən ayəni nazil etdi.

Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız! Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaq və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı? (Maidə 91)

Bu ayə ilə artıq içkininin haram olması qəti olaraq qeyd olunmuşdur. Bu isə içkiyə bütün varlığı ilə bağlanan bir cəmiyyətin mərhələlərlə islah edilməsindən sonra mümkün oldu. Yuxarıda da qeyd etdiyimiz kimi əslində nəsx özüdə  Quranın bir möcüzəsidir. Sual yarana bilər ki, o zaman hökmləri ləğv olub ancaq ləfzləri Quranda qalan ayələrin hikməti nədir? Alimlər buna aşağıdakı kimi cavab vermişdir.

Qurani –Kərim hökmləri ilə yaşanan bir həyat kitabı olması ilə yanaşı həmdə oxunması ilə savab qazanılan bir ibadət kitabıdır. Allah Rəsulunun da salləllahu əleyhi və səlləm hədislərdə qeyd etdiyi kimi oxunarkən hər bir hərfində on savab vardır. Ona görə də Uca Allah nəsx olunan bəzi ayələrin hökmlərini qaldırsa da onların ləfzlərini kitabında saxlayaraq müsəlmanların qiraətləri ilə onlardan daha da çox savab qazanmaları üçün zəmin yaratmışdır.

Qurani-Kərimdə həmin ayələrin qalmasının digər səbəbini isə alimlər bu cür izah edirlər ki, bununla Quran müsəlman dəvətçiyə, İslami sistemlərə öz anında tədriciliyi aşılayır və öncəlikdə olan məsələləri ilkin olaraq tətbiq etməsinə bir metod verir.

Ümumilikdə nəsxin üç növü vardır.

1. Ləfzin qalması ilə hökmlərin nəsx olunması

2. Hökmün qalması ilə ləfzin nəsx olunması

3. Həm ləfzin, həm də hökmün nəsx olunması

Allah’ın izni ilə bütün bunları təfsilatı ilə ayrı ayrılıqda qarşıdakı mövzularda qeyd edəcəyik. Bununla yanaşı həmin ayələrin alimlər tərəfindən hazırlanan siyahısını da qeyd edəcəyik. Hər üç nəsx növlərini qeyd etməklə onların səbəblərini və əvəz edən ayələrini bildirəcəyik.

Quran ayələrinin nəsx edilməsi həm Quranla , həmdə sünnə ilə olur. Sünnə ilə nəsx olunan ayələrin ləfzləri deyil yalnız hökmləri nəsx olunmaqdadır. Buna dair də Allah’ın izni ilə ayrıca mövzu hazırlayıb təqdim edəcəm. Həmin mövzuda da sünnə ilə hökmü qaldırılan ayələr haqqında və əhli-sünnət alimlərinin bu məsələdə olan görüşlərini qeyd edəcək və bacardığımız qədər quranilər və sair digər sapıq firqələr tərəfindən atılan şübhələrə cavab verəcəyik. Şübhəsiz ki,  müvəffəqiyyət Allah’dandıdır. 

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.