Skip to main content


İslamın dünyəvi elmlərə verdiyi önəm

Həmçinin Allah`ın bəşəriyyətə göndərdiyi elçisi olan peyğəmbərimiz Muhəmməd salləllahu əleyhi və səlləm buyurmuşdur: “Elm öyrənmək hər bir müsəlmana fərzdir (vacibdir)”. (Hədisi İbn Məcə rəvayət etmiş, Şeyx Albani səhih olduğunu demişdir.)

Alimlər bu hədisin şərhində müsəlmanların hər birinə öz etiqadlarını öyrənməyin vacibliyinə, dünyəvi elmlərin isə onlardan bir hissəsinin üzərinə fərz olduğunu qeyd etmişdir. Yəni dünyəvi elmlərin öyrənilməsi fərzu`l-kifəyə olaraq qeyd olunmuşdur. Bir əməlin fərzu`l-kifayə olması deyildikdə onun edilməsinin bir qrup müsəlmanların üzərinə vacib olduğu nəzərdə tutulur. Bu o anlamdadır ki, müəyyən insanların dünyəvi elmləri öyrənməklə bu sahədə ixtisas sahibləri olması lazımdır. Əks halda o hökmün tələbi olaraq bütün müsəlmanlar fərzi tərk etməklə günaha batmış olacaqdır.

Bununla yanaşı Allah Rəsulu salləllahu əleyhi və səlləmin sirasına (həyatına) baxdığımızda onun şəri elmlərlə yanaşı dünyəvi elmləri öyrənməyə, dövrünün tələblərinə cavab verən elmi vasitələrin öyrənilib, tətbiq edilməsinə nə qədər böyük önəm verdiyinin şahidi olarıq. Buna sadə bir misal budur ki, o Bədr döyüşü zamanı əsir düşən müşriklərin azad olunması üçün onlardan hər birinin on müsəlmana yazıb oxumağı öyrətməsini şərt qoşmuşdur. Həmin zaman üçün yazıb-oxumağı öyrənmək dövrün ən ali təhsillərindən biri hesab edilirdi. Həmçinin Allah Rəsulu salləllahu əleyhi və səlləm dövrün tələblərindən olan atıcılıq, üzgüçülük, güləşmək, at minmək və digər döyüş növlərini də öyrənməyi tövsiyyə etmişdir. Allah Rəsulu salləllahu əleyhi və səlləm yəhudilərin dilini öyrənməsi üçün Zeyd ibn Sabit adlı səhabəyə bunu əmr etmiş və Tirmizinin rəvayətində keçdiyi kimi oda bunu yarım ay içərisində öyrənmişdir. Həmçinin bəzi məktubların tərcümə edilməsi üçün Siryani dilinin də öyrənilməsi tapşırığını vermişdir. Bu kimi misalları bir neçə dəfə artırmaq mümkündür ki, Allah Rəsulu salləllahu əleyhi və səlləmin öz dövrünün iqtisadi, siyasi, texnoloji, tibbi tələblərini qarşılamaq üçün müəyyən tədbirlərə əl atmasını və onu öyrənməyə sövq etməsini asanlıqla anlayaq.

Raşidi xəlifələrin zamanında da dövrünün həm iqtisadi, həm siyasi həm texnoloji və s. tələbləri ilə ayaqlaşmaq üçün onlar bir çox islahatlar aparmış, bunun üçün mütəxəsislər yetişdirmişlər. O dövr üçün dəniz donanmasının yaradılması, müxtəlif silahların və döyüş taktikalarının tətbiq olunması, poçt sisteminin, müxtəlif idari sistemlərin yaradılması da buna kiçik misallar ola bilər.

Raşidi xəlifələrdən sonra isə Əməvilər və xüsusən Abbasilər dövründə şəri elmlərlə yanaşı dünyəvi elmlərin öyrənilməsinə verilən əhəmiyyət tarixi oxuyan hər bir şəxsin açıq-aşıkar gördüyü faktlardır. Xəlifələr elmin inkşafı üçün böyük məbləğdə maliyyə yardımlarının edilməsinə zərrə qədər də xəsislik etməmiş hətda yazılan hər kitab qarşılığında onun ağırlığı qədər qızılı mükafat olaraq təyin etmişdirlər. Onun nəticəsi olaraq da dünyada bir çox elmlərin inkşafına təkan verən kəşflərin əsasını məhz müsəlmanlar qoymuşdur. İlk cərrahi əməliyatdan tutmuş, cəbr, həndəsə coğrafiya, kimya, astronomiya və sair elmlərdə olan kəşflər, dövrümüzə qədər aktuallığını qoruyan elmi nəzəriyyələr hamısı elmin önəmini bilən müsəlmanlar tərəfindən irəli sürülmüş, tətbiq olunmuşdur. İndiki İspaniya ərazisində yerləşən Kardoba xilafətində, müsəlman dünyasının digər bütün mərkəzi şəhərlərində milyonlarla kitabı əhatə edən kitabxanalar, araşdırma və elm mərkəzləri mövcud olmuşdur. Bu səbəbdən də müsəlmanlar həm izzətlərini qorumuş, Avropadan Asiyaya, oradan da Afrikaya qədər ərazini əhatə edən xilafətə sahib olmuş və öz tövhid dinlərini izzətlə yaşamışdır. Qurani Kərimdə qeyd olunduğu kimi, uca Allah elm sahiblərini dərcələrlə yüksəltmişdir. Ancaq sonradan batinilik, rafizilik, sufilik kimi batil firqələrin, qərb missiyonerləri tərəfindən dəstəklənən saxta din adamlarının çıxması ilə elmə verən önəm azalmış, dinə xurafatlar gətirilmiş, din adamları dindən önə keçirilmiş, Quran və Sünnə unutdurulmuş kor-koranə təqlidlər ortaya çıxmış, məzhəblər arası çəkişmələr başlamış hətda bir məsciddə hər bir məzhəbin ayrı-ayrılıqda minbəri və imamı olmuş və İslam dünyasının əzəməti süqut etməyə doğru yönlənmişdir.

İslamın dünyəvi elmlərin öyrənilməsinə verdiyi xüsusi önəm haqqında Quranda olan ayələr və onların böyük alimlərimiz tərəfindən təfsiri aşağıda qeyd olunacaqdır.

Uca Allah buyurur:

وَأَعِدُّواْ لَهُم مَّا اسْتَطَعْتُم مِّن قُوَّةٍ وَمِن رِّبَاطِ الْخَيْلِ تُرْهِبُونَ بِهِ عَدْوَّ اللّهِ وَعَدُوَّكُمْ

Düşmənlərə qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allah`ın düşmənini, öz düşməninizi qorxudasınız. (Ənfəl 60)

Əs-Səədi ayəni təfsir edərkən deyir: “hazırlayın”- sizi məhv etmək və dininizi yox etmək istəyən kafirlərə qarşı. “bacardığınız qədər qüvvə” yəni- qadir olduğunuz bütün əqli və fiziki gücləri, müxtəlif növ silahları və onlara qarşı savaşmağa yardımçı olacaq digər vasitələri tam hazır edin. Buna isə müxtəlif növ sənaye istehsalları, hər növdə silah, toplar, güllələr, tüfənglərin, döyüş təyyarələrinin, dəniz və quru qüvvələri üçün miniklərin istehsalı, müdafiə qalaları, səngərlər, divarlar, digər müdafiə vasitələri həmçinin müsəlmanlardan kafirlərin şərlərini uzaq edəcək və onları inkşafa aparacaq siyasi görüşlər də daxildir. (Psixoloji hazırlıqlardan) cəsarətli olma, atıcılıq, məşqlər də həmçinin o hazırlığı əhatə edir. Buna görə də Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurmuşdur: “Qüvvət atıcılıqdadır”.

Yenə də bura savaş zamanı ehtiyac olan miniklərin hazırlanması daxildir ki, uca Allah buyurur: “və döyüş atları hazırlayın ki, bununla Allah`ın düşmənini, öz düşməninizi qorxudasınız”. Ayədə mövcud olan əsas illət (səbəb) isə düşmənlərin qorxudulmasıdır ki, o da hər bir zaman üçün öz zamanına uyğun olur və hökm də illəti ətrafında dəyişir. Əgər bu gün hansı şeylərlə düşməni qorxutmaq və onu daha asan məğlub etmək üçün olan döyüş vasitələri mövcuddursa o zaman onun hazırlanması və onların əldə olunmasına çalışmaq həmin əmrə daxildir. Məsələn quru qüvvələri və hava qüvvələri üçün miniklər və s. kimi.

Əgər o hazırlığa sənayəni öyrənmək daxildirsə o zaman onu öyrənmək vacibdir. Çünki vacib olan şeyi tamamlayan şeydə vacibdir.( Əs-Saadi təfsiri səhfə 324).

وَعَلَّمْنَاهُ صَنْعَةَ لَبُوسٍ لَّكُمْ لِتُحْصِنَكُم مِّن بَأْسِكُمْ فَهَلْ أَنتُمْ شَاكِرُونَ

Biz (Davuda) sizi (döyüşdə) təhlükələrdən mühafizə olunmaq üçün zirehlər düzəltməyi öyrətdik. Heç siz şükür edirsinizmi? (Ənbiya 80)

Əs-Səədi rahimahullah ayənin təfsirində deyir: “Ayədə ehtimal olunan Allah`ın ona dəmiri əridərək zirehlər düzəltməsini öyrətməsi o zaman üçün fövqaladə hal hesab olunurdu. İndi isə Allah onu əritmək üçün bizə vasitələri öyrətmişdir”.

Bununla yanaşı alimlər Kəhf surəsində bəhs olunan Zu`l-Qarneynin hekayəsində də dünya və din işlərinin İslam dini tərəfindən paralel olaraq islahının, öyrənilməsinin və həyata tətbiqinin lazımlığı nəticəsini hasil etmişdirlər. Orada uca Rəbb`in hər bir şey əldə etməyə bir səbəb yaratdığını, Zu`l-Qarneyinin tənbəlləşən qövmü işlətməyə, fəallığa çağırmasından bəhs olunur.

İslam dini bizə dünya işlərinin , faydalı elmlərin öyrənilməsinin niyyətə bağlı olaraq yenə də əcrə savab olacağını təbliğ etmiş, onlardan birinin digərinə mane olmayacağını öyrətmişdir. Onsuzda dünyamızı, cəmiyyətimizi və gündəlik həyatımızı, özümüzü düşməndən müdafiə üçün əldə edəcəyimiz texnikaların kəşfi kimi elmləri öyrənməkdə məqsəd yenə də axirət savabına nail olmaqdır. Ona görə də Rasulullah (sallallahu aleyhi va səlləm) belə dua edərdi:

اللهم أصلح لي ديني الذي هو عصمة أمري، وأصلح لي دنياي التي فيها معاشي

“Allah`ım, dinimi islah et, çünki o işlərimin əsasıdır. Dünyamı da islah et, ordada mənim gündəlik keçimim vardır”. (Muslim rəvayət etmişdir)

Fətvalar komitəsi bu hədisin şərhində deyir: “Dünyəvi elmləri öyrənmək, insanı dini elmlərdən, dini elmləri öyrənmək isə dünyəvi elmlərindən uzaq tutmamalıdır. Əksinə İslam bunun hər ikisi üçün orta bir yol qoymuşdur. Allah Rəsulu salləllahu əleyhi və səlləm qeyd olunan duada bunu demişdir”.

Sələfi alimlərdə dünyəvi elmin öyrənilməsinə böyük önəm vermişdirlər. Əl-Hərmələ demişdir: “İmam Şafiini müsəlmanların tibb elminə diqqət ayırmaması çox üzürdü və o demişdir: “O elmin ücdə-biridir ki, onu da müsəlmanlar yəhudi və xristianlara veriblər”. (ədəb Əş-Şafii va muraqabtu ər-Razi)

İmam Şafii rahimahullah demişdir:

إنما العلم علمان : علم الدين وعلم الدنيا . فالعلم الذي للدين هو الفقه والعلم الذي للدنيا هو الطب

“Elm iki qismdir; Din elmi və dünyəvi elm. Dinə aid olanlar fiqh, dünyaya aid olanlar isə tibbdir”.

İmam Şafii başqa bir yerdə demişdir:

لا أعلم علماً بعد الحلال والحرام أنبل من الطب،

“Halal və haramı bildikdən sonra tibb elmindən daha şərəfli bir elm tanımıram.” (Siyər Ələmu`n-Nubələ”)

İmam Ğazali rahimahullah demişdir: “Fərzu`l-kifayə olan elmin bəyanı: “Bil ki, fərz digərlərindən elmlərin qismlərinə görə fərqlənir. Barəsində danışdığımız elmlər öz məqsədləırinə görə şəri və qeyri şəri olmaqla iki yerə bölünür. Şəri elmlər dedikdə, peyğəmbərlər salləllahu əleyhi və səlləmdən gələn elmləri nəzərdə tuturam. Bunlar o elmlərdir ki, insanın ağlı hesab, tibb elmləri kimi tək başına onu əldə edə bilməz. Nə də dil elmi kimi eşitməklə ona yiyələnməz. (Yəni o elmlər yalnız peyğəmbərlərin göndərilməsi ilə əldə edilir.)

Şəri olmayan elmlər isə üç yerə bölünür; bəyənilən faydalı, qınanılan və mübah olan elmlər. Bəyənilən elmlər dünya işlərini islah edən elmlərdir- tibb və hesab elmi kimi. O da özü-özlüyündə fərzu`l-kifayə və öyrənilməsi üstün olan qismlərə ayrılır. Fərzu`l-kifayə olan elmlər dünya işlərinin çox ehtiyyaclı olduğu elmlərdir. Necə ki, tibb elmi insanların sağlam qalması, həlak olmaması üçün zəruriyyət təşkil edir. Hesab elmi insanların ümumi müamilələrində, vəsiyyət və mirasın bölünməsində və s. sahələrdə istifadə edildiyi üçün öyrənilməsi zəruriyyət yaradır”. (İhya Ulumi`d-Din 1/16)

O həmçinin demişdir: “Həqiqətən də tibb elmi, hesab elmi, sənayenin əsaslarını öyrədən elmlər fərzul kifayədir. Hətda kənt təsərüfatı sahəsi, toxuculuq, siyasət, hicamə, dərzilik kimi sahələrdə fərzul kifayə hökmünə daxildir. Ona görə ki, əgər bir yerdə hicamə edən olmazsa oranın əhalisi həlaka sürüklənər və bununlada özlərini təhlükə ilə qarşı-qarşıya qoymuş olarlar”. (İhya Ulumi`d-Din 1/16)

İmam Nəvəvi demişdir: “Əqli elmlərdən tibb, hesab və ehtiyac duyulan elmlərin öyrənilməsi fərzul-kifayədir”.

Alləmə İzz ibn Abdu`s-Sələm rahimahullah demişdir: “Tibb elmi şəriət kimidir. O da sağlamlıq və afiyyət kimi xeyrlərin cəlb olunması, xəstəlik və həlak olma kimi zərərlərin dəf olunması üçün vardır. Şəriəti nazil edən tibb elmini də mövcud etmişdir. Onların hər ikisinin də məqsədi qulların faydalarını saxlamaq və zərərləri onlardan uzaqlaşdırmaqdır”. (Qavaidu`l-Əhkəm)

“Əl-Ləcnətu`d-Dəimə” fətva komitəsi bu haqda demişdir: “Bütün dini elmlər və onları əldə etməyə götürən vəsilələri öyrənənlər əgər ixlası olarlarsa və onlara əməl edərlərsə Allah`ın dərəcələrcə yüksəltdiyi kəslərdir. O ilkin olan hədəfdir. Bununla yanaşı ümmətin ehtiyac duyduğu və yaşayışlarını onlar üzərində qurduğu tibb, sənaye, kənd təsərrüfatı və s. kimi dünyəvi elmlər də niyyətin yaxşılığından asılı olaraq ona daxildir. (yəni Allah`ın elmdə dərəcələrlə yüksəltdiyi şəxslərə). Bu zaman o elmləri öyrənən və tətbiq edənlər onunla İslam ümmətinə fayda verməyi, onları dəstəkləməyi şənini yüksəltməyi, küfür və zəlalət dövlətlərinə ehtiyac qalmamasını təmin etməyi qarşısına məqsəd qoymalıdır .

Onların dərəcələri qüvvətləri, ödədikləri ehtiyac və verdikləri fayda qarşlığında dəyişir”. (Fətəva Ləcnəti`d-Dəimə 12- 77)

İbn Baz rahimahullah demişdir: “Qeyri-şəri elmlər yəni mədən qazıntıları, kənt təsərrüfatı, əkinçilik və s. faydalı elmlər xüsususəndə müsəlmanların ehtiyacını ödəyəcək elmlərin öyrənilməsi vacibdir. Onun hökmü fərzu`l-kifayə olur. Əmr-sahibləri müsəlmanların ehtiyaclarını ödəyəcək elmlərin öyrənilməsinə əmr etməli və onu öyrənənlərə köməklik göstərməlidir. Bu onların müsəlmanlara yardım etmələri və düşmənlərə qarşı hazırlıq görmələrindən dolayıdır. Qulun niyyətindən asılı olaraq onun bu əməli Allah`a ibadət hesab edilir. Onun niyyəti saleh olub, ixlasla Allah üçün etdiyində ibadət, niyyətsiz etdiyində isə sadəcə bir mübah əməl etmiş olur.” (Kitəbu`l-İlmi və Əxlaqu Əhlihi s.15)

İbn Üseymin rahimahullah “Riyadu`s-Salihin” kitabını şərh edərkən deyir: “Elmlər iki qisimdir; 1.Allah üçün öyrənilən şəri elmlər, 2. Dünyəvi elmlər: Həndəsə, inşaat, texniki elmlər və s. İkinci qism olan dünyəvi elmlərə gəlincə insanın onu dünya qazancını əldə etmək üçün öyrənməsində heç bir qəbahət yoxdur. Necə ki, birisi həndəsəni oxuyaraq mühəndis, digəri mexanikanı öyrənərək mexanik olmaq istəyir və onunla dünyəvi fayda əldə etməyi niyyətlənir. Onun qarşılığında dünyəvi bir qazancı əldə etmək niyyətində problem olmasa belə, həmin şəxsin onu müsəlmanlara fayda vermək üçün öyrənməsi ona daha xeyrli olar. Çünki o niyyəti ilə həm dünyanın həm də dinin qazancına nail olmuş olar”.

Həmçinin Şeyx Üseymin rahimahullah başqabir yerdə demişdir: “Heç bir şübhə yoxdur ki, həkimlər niyyətləri və etdikləri əməlləri qarşılığında savaba nail olurlar. Çünki tibbin öyrənilməsi özü-özlüyündə deyil digəri üçün məqsəddir. Ona görə də elm əhlindən olan bəzi alimlər onun öyrənilməsini fərzu`l-kifayə olaraq görüblər. Çünki müsəlmanların özləri arasında həkimlərinin olması labüddür. Onların bunu fərzu`l-kifayə olaraq görməsinin səbəbi ümmətin ona olan ehtiyacından dolayıdır. İnsan özünün bu əməli ilə (tibbi və s. dünyəvi elmləri öyrənməklə) fərzi yerinə yetirməyi və yaradılanlara xeyr verməyi qəsd edərsə o çoxlu əcr əldə edər.” (İrşədət Littabibi`l-Muslim)

Həmçinin Şeyx İbn Üseymin rahimahullah demişdir: “ Bu sahədə (dünyəvi elmlər) təhsil alan qardaşlarıma tövsiyyəm odur ki, onların məqsədi bu elmləri öyrənməklə müsəlmanlara fayda vermək və İslam ümmətini ucaltamaq olsun. İslam ümməti indi milyonlarladır. Əgər o bu elmlərlə müsəlmanlara fayda vermək üçün məşğul olarsa bunda böyük bir xeyr vardır. Bununlada biz zəruriiyyət və ehtiyaclarımız əldə etmək üçün kafirlərə möhtac qalmarıq. İnsan həmin elmləri qulların işlərinin islahı məqsədi ilə öyrənərsə o, bu əməli ilə Allah`a yaxınlaşmış olar. Onun özü ilə deyil qəsd etdiyi niyyəti ilə Allah`a yaxınlaşacaqdır. (Məcmuu`l-Fətəva İbn Üseymin 50/26)

İslamın dünyəvi elmlərin öyrənilməsinə verdiyi önəmə dair dəlillər və alimlərin açıqlamaları üzərinə ortada olan NƏTİCƏ odur ki, insanlara fayda verəcək, müsəlmanları kafirlərin istənilən vasitə ilə edilən hücumlarından qoruyacaq, özlərinin dünyəvi ehtiyaclarını ödəyəcək elmləri öyrənmələri fərzu`l-kifayədir. Yəni bir qrup müsəlmanların onları öyrənməsi vacibdir. Bununla yanaşı elm yolunda olan həmin müsəlmanlara digər müsəlmanların bacardıqları yardımları etməsi də labüddür. Bununla da islam ümməti şərii məsələlərdə, dinlərində olan üstünlük və izzətləri ilə yanaşı dünyəvi elmlərdə də öndə olmalarını isbat edər və müsəlmanlar itirmiş olduqları izzətlərini Allah`ın izni və yardımı ilə yenidən bərpa edər. Ona görə də dünyəvi elmləri oxuyan müsəlman qardaşlarımız öz işlərində ixlaslı olmalı, öyrəndikləri fənlərə və sahələrə dərindən bələd olmalı, öz sahəsinin mütəxəsissi olaraq inkşaf etməlidir. Niyyəti Allah üçün olduğunda o, dünyəvi mənfəəti ilə yanaşı ondan daha önəmli olan axirət mənfəətini də əldə etmiş olacaqdır.

Uca Rəbb`imizdən faydalı elm istəyirik. Çünki elm bir nur, cəhalət isə zülmətdir.