Skip to main content


ŞÜBHƏ 5: İslam hicabla qadının azadlığını əlindən alır

20-ci əsrin əvvəlində təpədən dırnağa qapanan qadınlar indi hava şəraiti imkan versə, ümumiyyətlə heç nə geyinməməyə hazırdırlar. Bu trendlərdən ikincisi isə bu illər ərzində təcavüz hadisələrinin reytinqinin kəskin şəkildə artmasıdır. ABŞ-da 90-cı illərin əvvəllərində rəsmi statistikaya görə 100 mindən çox zorlanma hadisəsi baş verib. Tədqiqatçılar isə iddia edirlər ki, əksər qadınlar zorlandıqlarını etiraf etməkdən utandıqlarına görə, əslində bu rəqəm rəsmi statistikadan 7-10 dəfə çox olmalıdır. Bu iki trend bir-biri ilə sıx bağlıdır. Qərbdə qadın cəmiyyətin şəhəvi arzularını qamçılayaraq məhsul satışını artırmaq üçün istifadə olunan marketinq oyuncağına çevrilib. “Chevrolet Corvette” (marka adı şərtidir) güclü mühərrikindən və ya xüsusi funksiyalarından çox reklamında üstündə bikinili qadın uzandığına görə satılır. Eyni qaydada, “Gilette”in yeni çıxmış üzqırxanı onun titandan düzələn ülgücləri barədə ətraflı məlumat verilərək yox, üzərinə lak çəkilmiş uzun dırnaqlı qadın əlinin kişinin əlindən tutaraq üzünü qırxdığı üçün satılır. Bu reklamların arxasında duran subliminal mesaj təxminən belədir: Bu maşını alsan, qızlar sənlikdir. Bu ülgücü alsan, qızlar sənin tüksüz üzünü öpmək üçün növbəyə düzüləcək. Kobud ifadə etdiyimin fərqindəyəm. Amma qadını ucuzlaşdıran bu cür reklamların mahiyyəti çox daha kobud, çox daha vulqardır.

İslam qadınların örtünməsini Quranda ifadə edilən iki təməl səbəbdən dolayı əmr edir. Əhzab surəsi 59-cu ayədə Allah (O pak və müqəddəsdir) belə buyurur:

يَا أَيُّهَا النَّبِيُّ قُلْ لِأَزْوَاجِكَ وَبَنَاتِكَ وَنِسَاءِ الْمُؤْمِنِينَ يُدْنِينَ عَلَيْهِنَّ مِنْ جَلَابِيبِهِنَّ ۚ ذَٰلِكَ أَدْنَىٰ أَنْ يُعْرَفْنَ فَلَا يُؤْذَيْنَ ۗ وَكَانَ اللَّهُ غَفُورًا رَحِيمًا

"Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (naməhrəm yanında) çarşabları ilə örtünsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah Bağışlayandır, Rəhmlidir".

Hicab müsəlman qadının cəmiyyətdə əxlaqlı və şərəfli bir qadın kimi tanınması üçündür. Onun hicabı ətrafdakılara onun əlçatmaz olduğunu və haram olan heç bir münasibətə daxil olmaqda maraqlı olmadığını göstərir. Bir neçə gün öncə Qərbə köçdükdən sonra hicablarını soyunan bəzi müsəlman qadınlardan alınan müsahibəni izləyirdim. Hicablarını soyunma səbəbləri onlardan soruşulduqda, iddia edirdilər ki, hicab bu ölkələrə xas bir geyim olmadığından qadın hicablı olanda özünə daha çox diqqət cəlb edir, nəinki hicabsız olanda. Onlar iddia edirlər ki, saçlarını açsalar və normal qərbsayağı geyimdə gəzsələr heç kim onlara baxmaz. Doğrudur ki, hicab qadının bədən cizgilərini büruzə vermədiyinə görə və onu başqalarından fərqli göstərdiyinə görə hardasa diqqət çəkir. Lakin hicabın mahiyyəti kişilərin baxmasının qarşısını almaq deyilki! Gəlin belə bir misal çəkək: kişilər öz ənənəvi geyimində, müsəlman qadın kimi başdan ayağa qapanmış bir rahibəni görsələr, başlarını ona doğru çevirər, gözlərini də həmin rahibəyə zilləyərlər. Həmçinin, onlar bikinidə gəzən bir qadını da görsələr, eyni qaydada başlarını ona doğru çevirər, gözlərini də zilləyərlər. Lakin birinci baxış ikinci baxışdan köklü şəkildə fərqlənir. Birincisi qeyri-adi bir hal gördüyünə görə maraqdan doğan, ikincisi isə cinsi istək və şəhvətdən doğan bir baxışdır. Birinci baxış qadına qarşı hörmət hissinin yaranmasına səbəb olduğu halda, ikinci baxış cəmiyyətdə pozğunluğun yayılmasına səbəb olur.

Qadınlara qarşı ehtimal olunan cinsi təcavüzlərin qarşısını almaqdan ötrü İslamda zorlamanın cəzası ölümdür. Zorlamaların qarşısını heç bir inzibati cəza ilə ala bilməyən Filippin də bu yaxınlarda təcavüzə qarşı edam hökmünü tətbiq etməyə başlamalı oldu. Artıq cinsi təcavüzlərdən təngə gələn Hindistan və Türkiyə ictiamiyyəti də hökumətdən edam hökmü tələb edir. Ancaq hər hansı bir cinayətə aparan yollar açıq qaldıqca, ağır cəzalar qoymaq o qədər də effekt verməyəcək. Qanun balanslaşdırılmalıdır. Əvvəlcə cəmiyyətdə cinsi təcavüzə təşviq edən hallar aradan qaldırılmalı, sonra ağır cəzalar qüvvəyə minməlidir.

Deyilə bilər ki, qadınların qapandığı cəmiyyətlərdə belə küçədə və bazarda onlara sataşıla bilər. Əvvəla onu deyək ki, müasir dünyada islami normalara uyğun qapanan qadınlar olsa da, bu cür qadınlar yalnız ayrı-ayrı fərdlərdir. Müasir dünyada islami normalara uyğun qapanan və davranan qadınlardan ibarət ölkə və ya şəhər yer üzərində tapa bilməzsiniz. Unutmamaq lazımdır ki, hicab təkcə örtünməkdən yox, həm də bu örtüyə uyğun davranmaqdan ibarətdir. Unudulmamalıdır ki, təqva ən gözəl libasdır. Həmçinin, qeyd etməliyəm ki, ilahi əmrin yer üzərində tətbiqi bəşər övladına həvalə olunduğu üçün burada ideal cəmiyyət qurmaq qeyri-mümkündür. Heç Allah insanlardan ideallıq da ummur. Bunu sübut edən müxtəlif ayə və hədislər də var ki, məqaləni uzatmamaq üçün onları burda qeyd etməyə lüzum görmürəm. Allahın insanlardan tələb etdiyi ideal cəmiyyət qurmaq yox, bəşəriyyətin etalon olaraq ilahi mesajı götürməsi və ona müvafiq yaşamağa səy göstərməsidir. Bu etalona nə dərəcədə müxalif, nə dərəcədə müvafiq olmaq isə artıq insanın səmimiyyətinə, ağlına və gücünə bağlıdır.

Əslində islami sistemdə şəriət qadınların geyiminə məcbur qalmadıqca müdaxilə etməməyə üstünlük verir. Çünki qadının geyimi dövlətdən öncə onun kişisini maraqlandırmalıdır. Yoldaşının və qızının geyiminə hamıdan öncə ailə başçısı nəzarət etməlidir. Əgər ailə başçısı öz ev əhlini idarə edə bilmir, onlara söz keçirə bilmirsə, cəmiyyətdə asayişi mühafizə məqsədi ilə artıq inzibati müdaxilə qaçınılmaz olur.

İslamda həm kişi, həm də qadın üçün geyim normaları açıq-aydındır və səbəbləri də bəllidir. Lakin Qərbə nəzər saldıqda görürük ki, bu məsələdə nə müəyyən norma var, nə də insanların təşviq edildiyi modanın niyə məhz bu cür olmasını izah edən hər hansı bir səbəb. Bu məsələ ictimaiyyətin hərdəmxəyallığına və bu hərdəmxəyallıqdan məharətlə istifadə edən moda reklamçılarına həvalə edilib. Bir müddət ipli geyimlər (əgər buna geyim demək olarsa) qanunla qadağan oldu. İndi isə “topless” (qurşaqdan yuxarı çılpaq) ofisiant qızların və rəqqasələrin çalışdığı bir çox barlar mövcuddur. Amerikanın bir çox ştatlarında qadınlar ictimai məkanlarda “topless” gəzməyə bilərlər. Lakin bu qanunla qadağan olmadığına görə, bu şəkildə küçəyə çıxan qadına kimsə irad tutsa, həmin qadın məhkəmə vasitəsilə buna görə təzminat ala bilər. İctimai məkanlarda anadan gəlmiş kimi çılpaq şəkildə gəzmək Qərbdə ümumi olaraq qadağan olunsa da, Avropa və Amerikanın müxətlif bölgələrində “nudist” (tam çılpaq insan) kampları və çimərlikləri sürətlə artmaqdadır. Bunun faydalarından heç danışmağa dəyməz, zərərləri belə müzakirə edilmir və ya ümumiyyətlə bu çılpaqlığın hər hansı bir məntiqi əsaslarının olub-olmadığı heç kimi maraqlandırmır. Məsələ sırf nəfsə xoş gəlmək, başqa sözlə, heyvani instinkt məsələsidir ki, bunun da adını liberalizm, insan azadlığı və s. qoyublar.

Hicabın məqbul olması üçün müəyyən şərtlər mövcuddur:

a) Bədən cizgilərini bildirməyəcək dərəcədə geniş və bol olmalıdır;
b) Hicabın altındakıları hiss etdirməyəcək dərəcədə qalın olmalıdır (şəffaf olmamalıdır);
c) Diqqət çəkəcək qədər parlaq rəngli və naxışlı olmamalıdır.

Hicabın mədəniyyətin bir parçası olduğu və ya qadınların hicabı ya qorxudan, ya da camaatdan fərqli geyinməkdən doğan utanc hissindən dolayı geyindikləri cəmiyyətlərdə bu geyimin yuxarıda qeyd edilən şərtlərinə əməl edilmir. Ya şəffaf, ya bədən cizgilərini əks etdirəcək qədər dar, ya da naxışları göz qamaşdıran, özlüyündə bəzəyə çevrilən geyimləri hicab zənn edirlər. Çox vaxt görürsən ki, paltarları topuqdan yuxarıdır və ya üzləri qapalı olduğu halda saçlarının ön hissəsi çöldə qalır. Son dövrlər qolları dirsəklərə qədər açmaq da artıq dəb halını alıb. Bu cür hallara bütün islam aləmində rast gəlinsə də İran, Pakistan, Türkiyə və Misir kimi ölkələrdə daha çox müşahidə olunur. Odur ki, ümumilikdə şəriət, mövzumuza gəldikdə isə hicab nə məcburiyyətdən doğmalı, nə də nənə-babalarımızdan qalan mədəni irs kimi qəbul edilməlidir. Bunun üçün insanlar maarifləndirilməli, tərbiyə edilməlidirlər. Yalnız əksəriyyət islami şüura yiyələndikdən sonra yerdə qalanlara şəri hökmlər inzibati üsulla tətbiq etdirilə bilər.

P.S. Hicab haqqında ətraflı və dəlil əsaslı məlumata sahib olmaq üçün aşağıdakı linkə daxil olun:

Hicab sadəcə baş örtüsü deyil