Fərz, Sünnət, Mubah, Məkruh, Mufsid, İadə
Bu videomuzu İslam Fiqhində istifadə olunan başlıca istilahların izahına həsr etmək qərarına gəldik. Bunları bilmək Quran və sünnədə keçən mövzuları daha yaxşı qavramağımıza, Allahın bizdən hansı əməlləri etməyimizi, hansı əməllərdən çəkinməyimizi istədiyini daha yaxşı anlamağa kömək edəcəkdir inşəAllah.
1.FƏRZ: Allahu təalanın yerinə yetirilməsini ayəti-kərimə ilə açıq-aydın və qəti olaraq əmr etdiyi şeylərə fərz deyilir. Fərzləri tərk etmək haramdır. İnanmayan və yerinə yetirilməsinə əhəmiyyət verməyən kafir olar. Fərz iki növdür:
Fərzi-Ayn: Hər mükəlləf olan müsəlmanın birbaşa özünün yerinə yetirməsi lazım olan fərzdir. İman etmək, dəstəmaz almaq, qüsl etmək, beş vaxt namaz qılmaq, Ramazan ayında oruc tutmaq, zəngin olunca zəkat vermək və həccə getmək fərzi-ayndır.
Fərzi-Kifayə: Müsəlmanlardan bir neçəsinin və ya sadəcə birinin etməsi ilə digərlərinin məsuliyyətdən azad olunduğu fərzlərdir. Verilən salamın cavabını söyləmək, cənazəni qüsl etmək (yəni yumaq), cənazə namazı qılmaq, Qurani-Kərimin tamamını əzbərləyib hafiz olmaq, cihad etmək kimi fərzlər belədir.
2.SÜNNƏT: Allahu təalanın açıqca bildirməyib, yalnız Peyğəmbər əfəndimizin edilməsini çox məsləhət gördüyü, yaxud davamlı olaraq özünün etdiyi və yaxud edilərkən görüb mane olmadığı şeylərə “Sünnət” deyilir, yəni müstəhəb əməllər. Sünnəti bəyənməmək küfrdür. Bəyənib də etməyənə əzab olmaz. Lakin üzrsüz və davamlı tərk edən məzəmmətə, danlanmağa və savabından məhrum olmağa səbəb olar. Məsələn: Azan oxumaq, iqamət gətirmək, camaat ilə namaz qılmaq, dəstəmaz alarkən misvakdan istifadə etmək, evləndiyi gecə ziyafət vermək və uşağını sünnət etdirmək kimi.
Sünnət iki növdür:
Sünnəti-Müəkkədə: Peyğəmbər əfəndimizin davamlı etdikləri, çox az tərk etdikləri qüvvətli sünnətlərdir. Sübh namazının sünnəti, zöhrün ilk və son sünnətləri, şam namazının sünnəti, işa namazının son iki rükət sünnəti belədir. Bəyənməyən kafir olar.
Sünnəti Qeyri-Müəkkədə: Peyğəmbər əfəndimizin ibadət məqsədi ilə aradabir etdikləridir. Əsr və işa namazlarının dörd rükətlik ilk sünnətləri belədir. Bunlar dəfələrlə tərk olunarsa, bir şey olmaz.
Dəstəmaz almağa, yeməyə, içməyə və hər mübarək işə başlayarkən bəsmələ çəkmək sünnətdir.
3.MUBAH: Edilməsi əmr olunmayan və qadağan da edilməyən şeylərə mubah deyilir. Yəni günah və ya ibadət olduğu bildirilməmiş olan işlərdir. Yaxşı niyyətlə işlənməsində savab, pis niyyətlə işlənməsində əzab vardır. Yatmaq, halaldan müxtəlif yeməklər yemək, halal olmaq şərtiylə müxtəlif paltar geyinmək kimi işlər mubahdır. Bunlar İslamiyyətə uymaq, əmrlərə sarılmaq niyyəti ilə edilərsə, savab olar. Səhhətli olub ibadət etməyə niyyət edərək yemək-içmək də savab olar.
4.HARAM: Allahu təalanın, Qurani-Kərimdə “etməyin” deyə açıqça qadağan etdiyi şeylərdir. Haramların edilməsi və istifadə edilməsi qəti qadağan edilmişdir. Harama halal deyənin və halala haram deyənin imanı gedər, kafir olar. Haram olan şeyləri tərk etmək, onlardan çəkinmək fərzdir və çox savabdır, haramları etmənin cəzası vardır.
Haramın iki növü var:
Haram li-aynihi: Adam öldürmək, zina, livata (homoseksuallıq, uşaqbazlıq) etmək, qumar oynamaq, şərab və hər cür alkoqollu içkiləri içmək, yalan söyləmək, oğurluq etmək, donuz əti, qan və leş yemək, qadınların, qızların başı, qolları, ayaqları açıq küçəyə çıxmaları haram olub, böyük günahdır. Bir kimsə bu günahları işləyərkən Bəsmələ söyləsə və ya halal olduğuna etiqad etsə, yaxud Allahu təalanın haram etməsinə əhəmiyyət verməsə, kafir olar. Bunların haram olduğuna inanıb qorxaraq etsə, kafir olmaz. Lakin Cəhənnəm əzabına layiq olar.
Haram li-qayrıhi: Bunlar əsilləri halal olub, başqasının haqlarından dolayı haram olan şeylərdir. Məsələn, bir nəfərin bağına girib, sahibinin icazəsi olmadan meyvəsini qoparıb yemək, ev əşyasını və pulunu oğurlayıb istifadə etmək, əmanətə xəyanət etmək, rüşvət, faiz və qumar ilə mal, pul qazanmaq kimi. Bunları edən kəs Bəsmələ söyləyərsə və yaxud halaldır desə, kafir olmaz. Çünki o kişinin haqqıdır, geri ala bilər.
5.MƏKRUH: Allahu təalanın və Muhamməd-əleyhissəlamın bəyənmədiyi və ibadətlərin savabını götürən şeylərə məkruh deyilir.
Məkruh iki növdür:
Tahrimən məkruh: Vacibin tərkidir. Harama yaxın olan məkruhlardır. Bunları etmək əzaba səbəb olar. Lakin bunun günahı haram əməllərin günahına nisbətən daha yüngüldür. Günəş doğarkən, tam təpədə ikən və batarkən namaz qılmaq kimi. Bunları qəsdlə işləyən üsyankar və günahkar olar. Cəhənnəm əzabına layiq olar. Namazda vacibləri tərk edənin, tahrimi məkruhları işləyənin, o namazı yenidən qılması vacibdir. Əgər səhvən, unudaraq işləyərsə, namaz içində səhv scədəsi edər.
Tənzihən məkruh: Mubah, yəni halal olan şeylərə yaxın olan, yaxud edilməməsi edilməsindən daha yaxşı olan işlərdir. Qeyri-müəkkəd sünnətləri və ya müstəhəbları tərk etmək tənzihən məkruhdur.
6.MÜFSİD: Dinimizə uyğun olan bir işi və ya başlanmış olan bir ibadəti pozan şeylərdir. İmanı və namazı, nikahı və həcci, zəkatı, alış və satışı pozmaq kimi. Məsələn: Allaha və kitaba söymək küfr olub, imanı pozar. Namazda gülmək namazı pozar. Oruclu ikən bilərək yemək, içmək orucu pozar.
7.İADƏ- Daha çox savab qazanmaq məqsədilə bir ibadəti, vaxtı içərisində ikinci dəfə ifa etməyə deyilir. Məs, 5 namazdan hər hansı birini təkbaşına qılmış şəxs, bu namazın camatla qılındığını görüb savab qazanmaq məqsədilə camaata qatılaraq yenidən qılması kimi. İkinci dəfə qıldığı bu namaz nafilə namaq hökmündədir. Edilən ibadətdəki bir nöqsanı aradan qaldırmaq məqsədilə ibadəti yenidən ifa etmək də İadə adlanır.