Skip to main content


İblis- Şeytan haqqında bilmədiyiniz gerçəklər

 İnsanlıq tarixində baş verən bütün zülm və pisliklərin ilham mənbəyi. Fironların, Hitlerlərin və Əbu Cəhllərin ilham mənbəyi. Şeytan. Bu gün Şeytanın ibrətlik həyatından bəhs edəcəyik. Şeytana nə oldu ki, Allaha çox yaxın və itaətkar biri ikən birdən-birə üsyan etdi? Niyə insanoğluna bu qədər düşmən oldu. Gəlin şeytanın həyatını və bizə qarşı ağlasığmaz hiylələrini araşdıraq.
Rəvayətlərə görə, insanlardan əvvəl yer üzündə cinlər yaşayıblar. Burada qarışıqlıq yaradan, qan tökən bir cin tayfasına Allah İblisin əmri altında olan mələklər göndərdi. Şeytan da ordusundakı mələklərlə birlikdə cinləri ağır şəkildə məğlub etdi və onları yerüzünün ucqar yerlərinə qovdu. Bu qələbədən sonra İblis, içindən mən heç kimin bacarmadığı bir işi görmüşəm hissinə qapılaraq təkəbbür göstərməyə başladı . Bu təkəbbür onun bütün həyatını alt-üst edəcək bir toxum kimi idi. Bu hadisədən bir müddət keçmişdi. Allah ayədə bildirildiyi kimi mələklərə səsləndi:
Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir canişin bərqərar edəcəyəm!”– dedikdə, onlar: “Biz Səni həmd-səna ilə təriflədiyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada fəsad törədib qan salacaq bir kəsmi yerləşdirəcəksən?”– söylədilər. O dedi: “Şübhəsiz ki, Mən sizin bilmədiklərinizi bilirəm!” Bəqərə surəsi, ayə 30.
Şeytan bunu eşidəndə:
O, bu insanların necə olacağı barədə ətraflı düşünməyə başladı. Özündən üstün, yoxsa aşağı olacaqlardı? Bu arada insanın palçıqdan yaradılacağını öyrəndi. Bunu eşidəndə özünü rahat hiss etdi, çünki yeni yaradılmış tayfa palçıqdan olacaqsa əgər, məndən aşağı olacaq, deyə düşündü. O, tüstüsüz oddan yaradıldığı üçün insandan daha xeyirli olacağını düşünürdü. Torpaq ortaya gətirildi və Allah torpağa insan şəklini verdi. Rəvayətlərə görə, Adəm Aleyhisselamı qırx gün torpaq şəklində cansız saxlanıldı. Mələklər Adəm əleyhissəlamı öz aralarında araşdırarkən şeytan da Adəmin özündən aşağı olduğunu zənn edərək ona düşmənçilik etməyə başladı. Tezliklə kainatın ən böyük düşmənçiliyi başlayacaqdı.
Allah, Adəmi (əleyhissalam) yaratdıqdan sonra şeytanın duyğularının ortaya çıxmasına səbəb olacaq əmri verdi.
“Sizi xəlq etdik, sonra sizə surət verdik, sonra da mələklərə: “Adəmə səcdə edin!”– dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə edənlərdən olmadı. Araf surəsi, ayə 11.
Bütün mələklər səcdə etdi. Yəni insanın üstünlüyünü qəbul etdi. Şeytan isə bu əmrə itaətsizlik etdi və səcdə etmədi. İblis cinlərdən olduğu üçün onun azad iradəsi var idi. O, təkəbbürünə görə bu iradəni üsyan etmək üçün istifadə etdi. Lakin Uca Allah İblisi üsyan etdiyi üçün dərhal hüzurundan qovmadı. Ona səhvini başa düşüb və tövbə etmək imkanı verildi. Lakin şeytanın belə bir niyyəti yox idi.
Allah dedi: “Mən sənə əmr etdikdə sənə səcdə etməyə nə mane oldu?”
İblis dedi: “Mən ondan daha üstünəm. Çünki Sən məni oddan, onu isə palçıqdan yaratmısan!”
Allah dedi: “Buradan aşağı en! Burada təkəbbürlük göstərmək sənə yaramaz. Çıx get, çünki sən alçaldılmışlardansan”. Araf surəsi, ayə 12-13.
İnsan yaradılmazdan əvvəl şeytanın itaətkar və elmli həyatı, mələklərlə eyni mühitdə olması onun azğınlığına mane ola bilməmişdi. Çünki təkəbbür şeytanı yoldan çıxarmışdı. Öz fikrini o qədər yüksək tutdu ki, Allahın səcdə əmrini belə bəyənmədi, öz fikrini müdafiə etdi və şeytanın artıq bir hədəfi var idi. Həyatını bir işə həsr etmək. Artıq insanları doğru yoldan azdırmağa çalışacaqdı. Bu onun üçün əvəzolunmaz hədəf idi və o, bütün həyatını buna həsr etməyə qərar verdi.
İblis dedi: “Ey Rəbbim! Onların dirildiləcəkləri günə qədər mənə möhlət ver”.
Allah dedi: “Sən möhlət verilənlərdənsən. Ancaq məlum vaxtın gününə qədər”. Hicr surəsi, ayə 36-38.
Allahın bu istəyi niyə qəbul etdiyini düşünə bilərsiniz. Əslində, bu, şər kimi görünsə də, içində bir çox xeyir olan bir vəziyyətdir. Çünki Allah almaz ruhlu və kömür ruhlu insanları bir-birindən ayırmaq istəyirdi və şeytanın təqibi insanın qabiliyyətlərini üzə çıxaracaq, həqiqi dəyərlərini ortaya qoyacaqdır. Axı insanlar azad iradəli və mələklərdən üstün olmaq qabiliyyəti ilə yaradılmışdır. İblisin pıçıltılarına rəğmən birbaşa təslim olmaması, azad iradəsi onun dəyərini artıracaqdı. Adəm və Həvva yaradılıb cənnətdə yerləşdirildi və onlara bir hökm verildi. Onlar qadağan olunmuş ağaca yaxınlaşmamalı idilər. Digər tərəfdən şeytan məkrli planlar qurmağa başladı. Bir fürsət tapdı, yalan danışaraq, andlar içərək onlara tələyə saldı. Əgər meyvəni yesələr, əbədi olaraq cənnətdə qalacaqlarını demişdi.
Bu qədər səydən sonra Adəmin unutduğu bir vaxtda onların meyvəni yeməsinə səbəb oldu, buna görə də onlar cənnətdən qovularaq dünyaya göndərildi və beləliklə, yer üzündə insanlıq və şeytan arasında mübarizə başladı. Bəli, şeytan həmişə belə hiylələrlə, yalanlarla, aldatmalarla işləyir. Hz. Adəm (Aleyhissalam) və Hz. Həvva ana-atalarımızı aldatdığı kimi, daim bütün insanları, bizi də aldatmağın yolunu axtarır. Yəni söhbət çox bilikli, insanları yaxşı tanıyan təcrübəli düşməndən gedir. Bu hiylələrə aldanmamaq üçün düşmənimiz olan şeytanı daha yaxşı tanımalıyıq.
Bundan necə qoruna bilərik? İndi isə Qurandan anladığımızla şeytanın əsas xüsusiyyətlərini maddə-maddə sadalayaq.
Şeytan hiyləgər və yalançıdır (İbrahim surəsi 22) , insanların sükr etməlirinə mane olmaq istəyir (Araf surəsi 17) , insanları qorxutmağa çalaşır (Ali İmran surəsi 175) , möminlərin arasını vurmaq istəyir (İsra surəsi 53, Maidə surəsi 91) , yalan vədlər verir (İbrahim surəsi 22) , xülyalara və şübhələrə salmaq istəyir (Nisa surəsi 119-120) , təkəbbürləndirməyə çalışır (Sad surəsi 74-75) , israf etməyə təşviq edir (İsra surəsi 26-27) .
Yəni şeytan hamımıza müxtəlif istiqamətlərdən hücum edir. Bizi Qurandan və Allahdan uzaqlaşdırmaq üçün əlindən gələni edir. Bəs, bu şeytan heç vaxt tövbə etməzmi? Peşman olmazmı? Əslində, günah və təkəbbür onu o qədər bürümüşdü ki, hətta tövbəyə üz tutmaq da onun üçün çox çətindir. Bir rəvayətdə belə deyilir: Bir gün şeytan Hz. Musa peyğəmbərə yaxınlaşır və belə soruşur : Allahın özünə elçi olaraq seçdiyi və danışdığı sənsən? Hz. Musa : “Bəli bəs sən kimsən və nə istəyirsən.” deyir. Şeytan özünü tanıtmadan hz. Musaya belə bir təklif edir : “Allahına bildir ki yaratdıqlarından birisi səndən tövbəsini qəbul etməyini istəyir. ” Hz. Musaya belə vəhy gəlir: “Ey Musa ona de ki sənin xətirin üçün istəyini qəbul edirəm. Ancaq ona hz. Adəmin qəbrinə səcdə etməsini söylə. Əgər səcdə edərsə tövbəsini qəbul edib günahlarını bağışlayacam.” Hz. Musa Aleyhisselam vəziyyəti şeytana bildirdikdə şeytan qəzəbləndi. Köhnə təkəbbür havasını girərək deyir: “ Ey Musa mən ona cənnətdə ikən dirisinə səcdə etmədim indi ölüsünə səcdə etməliyəm? ” Burada bizə ümid verən odur ki, Uca Rəbbimiz hər şeyə baxmayaraq, hətta ona belə tövbə qapısını da təklif etmişdir. Bizlər də hər nə olursa olsun, necə günah etsək də , Ona tövbə etsək, şeytana belə fürsət verən Rəbbimiz bizi niyə bağışlamasın? Yetər ki, ümidimizi kəsmədən Ona yönələk. Bir hədisdə belə buyurulur: “Günahından tam olaraq dönüb tövbə edən onu heç işləməmiş kimidir” (İbn Macə, Zühd 30; et-Təbərani) . Bəs şeytanın hücumlarından qorunmaq üçün nələr etməliyik? Əlbəttə, şeytan öz hücumlarını dayandırmayacaq və bizi günahlara sövq etməkdən əl çəkməyəcək. Quranda şeytanın hücumunu hiss etdiyimiz zaman nə edəcəyimiz belə bəhs olunur:
Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çünki O, Eşidəndir, Biləndir. Fussilət surəsi, ayə 36.
“Əuzu billəhi minəş-şeytani'r-racim” deyib həmişə Allaha sığınmağımızın səbəbi budur. Allah bizi qoruduqdan sonra heç bir şər bizə zərər verə bilməz. Başqa bir ayədə isə şeytanın insanlara qarşı heç bir məcburedici qüvvəyə malik olmadığı belə bildirilir:
Şübhəsiz ki, şeytanın, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlər üzərində heç bir hökmranlığı yoxdur. Nəhl surəsi, ayə 99.
Yəni şeytanı gözümüzdə nə çox böyütməliyik, nə də onu çox zəif görməliyik. Müfəssir İbn Cüzeyy deyir ki, şeytanın vəsvəsələri müxtəlifdir. Şeytan ilk olaraq insanın imanını pozmağa və onu şübhəyə salmağa çalışar. Bunu bacarmadıqda onu günah işləməyə təşviq edər. Bunu da bacarmazsa ibadətlərində uzaqlaşdırmağa çalışar. Bunda da uğur qazanmazsa əgər insanın qəlbinə özünü bəyənmə duyğusu salar və nəticədə ən pis və çirkin vəziyyətlərə salmaq üçün insanın qəlbinə həsəd, kin və qəzəb kimi duyğular yerləşdirər.
Şeytanın bu bitmək bilməyən hiylələrinə qarşı nə edə bilərik?
Qurandan və namazdan möhkəm yapışmaq, günahlardan tövbə edərək qəlbi təmizləmək. Bütün bunlar şeytanın üzərimizdəki gücünü azaldır. Unutmayaq! Bura imtahan və sınaq sahəsidir. İmtahanda yaxşı ilə pisi ayırd etmək üçün bir çətinlik lazım olur. Ona görə də şeytan bu imtahanda bunun üçün lazımdır. Təbii ki, azad iradə hələ də öz əlimizdədir. Önəmli olan bu iradə ilə hansı yolu seçəcəyimiz və hansı sözü dinləyəcəyimizdir. Şeytanın fısıltılarını mı? Yoxsa Quranın həqiqətlərini mi?