İslamda qardaşlıq 1 – dua

Əvvəlki dərsdə bildirdiyimiz kimi, İslam qardaşlığının mahiyyətini anlamaq üçün bu qardaşlığı formalaşdıracaq keyfiyyətlərə ayrı-ayrı dərslər şəklində toxunacaq və birlikdə öyrənib tətbiq etməyə çalışacağıq inşəAllah. Budəfəki dərsimiz qardaşlığı güclü və bərəkətli edən ən təməl əməllərdən biri – dua, onun hikməti və Rəbb`ani önəmindən bəhs etməyə çalışacağıq.

Dua Adəm övladının ruhunun qidasıdır. Allah bəşəriyyəti Yaratmasının ən başlıca səbəblərindən biri məhz məxluqun Onu tanıması və Ona dua etməsidir. Allah təala İnsan fitrətini elə yaratmışdır ki, bu fitrət daim üstün olana yönəlir, öz çarəsizliyindən çıxış yolunu duada görür.  Allah`ın son din olaraq seçdiyi İslam dinində isə bunun xüsusi önəmi var. Allah Rəsulu salləllahu əleyhi və səlləm dua haqqında buyurur: “Dua ibadətin özüdür”. (Tirmizi/Dua 1) (Bir digər rəvayətdə isə deyilir: “Dua ibadətin beynidir”.)

Allah`ın İslamı gücləndirməsi və Qiyamətədək qorunmasına başlıca səbəb olan qardaşlıq bağlarının formalaşması və möhkəmlənməsi üçün dua təməl vasitələrdəndir. Dua bütün peyğəmbərlərin dəvətində uğurun başlıca səbəblərindəndir. Allah Rəsulu salləllahu əleyhi və səlləm belə buyurur: “Allah`a duadan daha şərəfli bir şey yoxdur”. (İbn Məcə 3829). Ümmətin rifahı və xilası üçün bir-birimizə dua etmək müsəlmanların xüsusilə önəm verməli olduğu bir məsələdir. Bu gün dünyanın dörd bir yanına yayılmış islami toplum necə bəlalar, işgəncələr, aclıq, səfalət və başqa sıxıntılı imtahanlarla üzləşməkdədir. Öz cəmiyyətimizdə də tez-tez sıxıntıda olan və müxtəlif sınaqlarla üzləşən insanlar görürük. Bəzən kömək edə bilsək də bir çox halda buna gücümüz çatmır. Lakin istənilən halda müsəlmanın əlində həmişə güclü bir silah var və bu duadır.

Peyğəmbər səlləllahu əleyhi və səlləm buyurur: “Sizdən biri özü üçün istədiyini qardaşı üçün də istəmədikcə tam iman etmiş olmaz”. (Buxari, Müslim). Deməli əslində qardaş/bacımız üçün dua etmək imanın təməllərindəndir və müsəlmanın Allah dərgahında tam iman sahibi bir qul olmasının şərtidir. Həqiqi mömin  xəsislik, özünübəyənmişlik kimi xasiyyətlərdən uzaq olmalı, dost qardaşına qarşı səmimi bir münasibət bəsləməlidir. 

Müsəlman unutmamalıdır ki, İslam toplumi bir dindir. Cənnəti qazanmaq üçün müsəlmanlar bir birinə durmadan davamlı dəstək olmalıdır. İstərsə maddi,  istərsə mənəvi  olaraq ətrafdakı dost-tanışın və yaxınlarının islah olmasına çalışmalı və Allah`ın yardımı üçün duaya qaçmalıdır. Peyğəmbər səlləllahu əleyhi və səlləm buyurur: “Bir-birinə qarşı məhəbbət və mərhəmətdə, möminlər, bir vücud kimidir. Vücudun bir yeri narahat olduqda, bütün vücud, narahat və yuxusuz qalıb, onun müalicəsi ilə məşğul olduğu kimi, müsəlmanlar da bir-birlərinə yardıma qaçmalıdır!” (Buxari).  Yardım istənilən formada həyata keçə bilər. Dua da bunlardan biridir. Əgər bu gün müsəlman qardaş və bacısının dərdinə şərik olmursa, imkanı çatmadığı təqdirdə heç olmasa dua etməyə belə ərinirsə, Qiyamət günü Allah`ın hüzurunda necə cavab verəcək? Yenə Allah Rəsulusəlləllahu əleyhi və səlləm buyurur: “Müsəlmanların dərdləri ilə maraqlanmayan, onlardan deyildir. (Hakim). Bir müsəlman olaraq cəmiyyətə faydalı olmaq bizim borcumuzdur. Peyğəmbər səlləllahu əleyhi və səlləmbuyurur: “Müsəlmanın, müsəlman üzərindəki haqlarından biri, ona qiyabında (yaninda olmadiği vaxt) dua etməkdir. (Deyləmi).

Səadət dövründən örnəklər

(Bir gün) Ömər ibn Xəttab radiyallahu anhu ümrə etmək üçün Peyğəmbər səlləllahu əleyhi və səlləmdən icazə istəyərkən Allah Rəsulu səlləllahu əleyhi və səlləm: “Qardaşım! Bizi duada unutma” deyərək ondan dua istəmişdir. Ömər radiyanllahu anhu: “Bu (elə) bir sözdür ki, əvəzinə dünya verilsəydi, o qədər sevinməzdim” demişdir. (Əbu Davud, Tirmizi 211)

Safvan ibn Abdullahdan belə dediyi rivayət edilmişdir: “Şama gəlmişdim. Əbu Dərdanın evinə çatdım. Lakin onu evdə tapa bilmədim. Evdə xanımı Ummu Dərdanın olduğunu gördüm. Ummu Dərda məndən “Bu il həcc etməkmi istəyirsən?” deyə soruşdu. Mən də
“Bəli, istəyirəm!” dedim. Ummu Dərda dedi: “O zaman Allah`a bizim üçün xeyir (verməsi bəxş etməsi üçün) dua et! Çünki Peyğəmbər səlləllahu əleyhi və səlləmbuyurmuşdur: “Müsəlman şəxsin, din qardaşına qiyabi etdiyi duası qəbul olunur. Dua edən kimsənin yanında vəzifələndirilmiş bir mələk vardır. Həmin şəxs din qardaşı/bacısı üçün dua etdikdə, bu mələk, o şəxs üçün “Amin! İstədiyin  o xeyirin bir misli də sənə olsun” deyə dua edər”. (Buxari, Ədəbü`I-Müfrəd 625; İbn Məcə/Mənasik 5/2895; Əhməd ibn Hənbəl/Müsnəd 5/195, 196, 452)

Uhud döyüşü zamanı Abdullah ibn Cəhş radiyallahu anhu Səd ibn Əbu Vəqqasın yanına gələrək deyir: “İndi burada sən dua et, mən “amin” deyim. Sonra mən dua edim, sən də “amin” de!” Hər iki sahabə duasında xüsusilə qüvvətli düşmənlərlə savaşmağı arzulayır. Abdullah ibn Cəhş sonda şəhidliyi istəyir və Səd ibn Əbu Vəqqas isə qazi olaraq geri dönməyi arzu edir. Allah bir-birinin duasına amin deyən sahabələrin hər ikisini arzularına çatdırır. (Siyəri Nəbi “Abdullah ibn Cahşın Duası”)

Bəs dualarımıızn qəbul olunması üçün nələri etməli və nələrdən məkinməliyik? Bu sualın cavabı olaraq qısa şəkildə aşağıdakı ayə və hədislərə baxaq  və özümüzdə olan əksiklikləri tamamlayaq inşəallah.

1. İxlaslı olaraq dua edin! (Mumin 65) “Siz, qəbul ediləcəyinə yəqin bir şəkildə inanaraq, Allah`a dua edin. Allah təalanı unudaraq, qəflətlə edilən dua qəbul olunmaz”. (Tirmizi)

2. “Əmr-i bi`l-məruf və nəhyi əni`l-munkəri (yaxşılığı əmr edib, pislikdən çəkindirməyi) tərk etsəz dualarınız qəbul olmaz”. (Bəzzar)

3. “Bidət əhlinin duası və ibadətləri qəbul olmaz”. (Deyləmi)

4. “Qulun Rəbb`inə ən yaxın olduğu yer səcdə halıdır. Bu səbəblə siz səcdədə duanı çoxaldın” (Əbu Davud 875)

5. “Allah Rəsulu salləllahu əleyhi və səlləmdən hansı duaya cavab verildiyini soruşdular. O da belə buyurdu: “Gecənin yarısından sonrakı və fərz namazlarından sonra edilən dua”. (Tirmizi 3728)

6. “ Gizli-açıq çox sədəqə verin ki, ruziniz bollaşsın, yardıma məzhər olasınız və duanız qəbul edilsin”. (İbn Məcə)

7. “Allah təala, duanızı qəbul edər. Dua etdim, hələ duam qəbul olmadı deyə tələsməyin! Allah`dan çox istəyin! Çünki kərəm sahibindən istəyirsiniz”. (Buxari)

8. “Kim, Yunus əleyhissəlamın balığın qarnında ikən etdiyi duanı oxuyarsa, duası qəbul olar. (Tirmizi) Dua belədir: “Lə iləhə illə ənt, Subhanəkə inni kuntu minəz zalimin”. (Səndən başqa ilah yoxdur, Sən Pak və Nöqsansızsan. Həqiqətən mən nəfsimə zülm edənlərdən oldum.)

9.  “Sizdən biriniz dua edəcəyi vaxt Rəbbinə həmd və səna ilə başlasın. Sonra Peyğəmbərə salavat gətirsin. Sonra dilədiyi şeyi istəsin” (Tirmizi 3708)

10. “Rəbb`inizə yalvara - yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları sevməz!” (Əraf 55)

Müsəlman qardaşacı üçün dua etmənin faydaları:

1. Əgər bilsək ki, əslinda müsəlman qardaş, bacımız üçün etdiyimiz dua bizi Allah`a daha da yaxınlaşdırır və bir mələk duanin eynisini bizin üçün Allah`dan istəyir, yəqin həvəslə dularımızı artırarıq. Allah Rəsulu səlləllahu əleyhi və səlləm buyurur: “Bir kimsə qardaşına  qiyabında dua etdiyi zaman, yanında vəzifələndirilən bir mələk:  “Allah o qardaşın üçün istədiğin şeyin eynisini sənə də versin” deyə dua edər”. (Əbu Davud/Vitr 29). Beləcə qardaşı üçün dua etmiş müsəlman nəticədə iki tərəfdən mükafatlanır; Başqası üçün etdiyi duaya görə savab, mələyin də amin dediyi və özünə də faydası toxunan dua. 

İmam Nəvəvi, müsəlmanlardan bir qrup üçün hətta bütün müsəlmanlar üçün edilən duaların da bu hədisin hökmünə girəcəyini deyir. İmam Nəvəvinin bildirdiyinə görə əvvəllər bəziləri özləri üçün dua etmək istədikləri zaman, onu digər müsəlmanlar üçün istəyərdilər. Çünki bu şəkildə edilən dualar məqbuldur  (qəbul olunandır) və istəyinin bir misli də özünə veriləcəkdir. (Nəvəvi/Müslimin şərhi 17/48).

2. Müsəlman bacı və qardaşlarımız üçün dua etmənin digər faydası odur ki, bu dua daha tez qəbul olunur. İbn Ömər radiyallahu anhudan edilən rəvayətdə peyğəmbər səlləllahu əleyhi və səlləmbelə buyurmuşdur: “Ən tez qəbul edilen dua, möminin möminə duasıdır” (Tirmizi, Əbu Davud, Buxari/əl-Ədəbu`l-Mufrad) Sənin başqasına, eləcə də başqasının sənə etdiyi duanın tez qəbul olmasının sirri onun günahsız ağızdan deyilməsindədir.

Allah təala Musa əleyhissəlama buyurur: “Ey Musa! Mənə günah etmediyin, pis söz söyləmədiyin bir ağızla dua et, sığın!”. Musa əleyhissalam: “Mənim elə bir ağzım yoxdur” dedi. Allah təalə buyurdu “O zaman bizə başqalarının ağzı ilə dua et!” (“Sahabə Həyatından Dua Səhnələri”, noyabr 2014, Gülüstan jurnalı). Buradakı hikmət ondadır ki, biz başqasının ağzıyla günah işləmədiyimiz üçün o ağız bizim üçün təmizdir, günahsızdır. (Daha doğrusunu Allah bilir). Deməli, biz onlar üçün dua etdiyimiz kimi müsəlman bacı və qardaşlarımızın da bizim üçün dua etməsinə gərək təşviq edək.

3. Digər tərəfdən Allah təala edəcəyimiz dua səbəbiylə müsəlmanların sıxıntılarını azaldar və onların sükunət tapmağına vəsilə olar inşəallah. Qurani Kərimdə buyurulur: Onlar üçün dua et. Çünki sənin duan onlar üçün sükunətdir” (Tövbə 103). Eyni zamanda dua səbəbiylə ola bilsin ki, Allah, barəsində dua etdiyimiz şəxsə gələ biləcək bəladan xilas etsin, və ya onun iman əhli olmasına vəsilə olsun. Çünki Peyğəmbər səlləllahu əleyhi və səlləm belə buyurur: “Qəzanı, duadan başqa heç bir şey geri döndərməz”. (Tirmizi 2225; Əhməd 22476).

4. Müsəlmanlar üçün dua etmək İslam ümmətinə qarşı laqeyd olmamağı, onların dərdləri, problemləri ilə həmdərd olmağı qəlbimizdə möhkəmləndirir və şeytanın “Sənin dərdlərin özünə bəsdir. Başın sakit qulağın dinc, sənə problem lazımdır?” kimi fikirlərin müsəlmanda kök salmasına mane olur. Bu gün müsəlmanlar cəmiyyətin problemlərini bir çox halda görsə, eşitsə də, unutqanlıq xisləti, əhəmiyyətsizlik cəmiyyətin vəziyyətini daha da ağırlaşdırır. Nəticədə Allah`ın izzət və şərəf vəd etdiyi ümmət/cəmiyyət olmaq imkanını əldən veririk. Lakin dua bizi müsəlmanlarla bir çətir altına gətirir, fəqli evlərdə fərqli şəhərlərdə yaşasaq da, bir vücud halına gətirir.

5. Ən nəhayət, Allah təala bizə bu duadan mütləq bir fayda bəxş edəcəyini ümid edirik. Çünki Allah Rəsulu səlləllahu əleyhi və səlləm bir hədisində belə buyurmuşdur: “Elə bir müsəlman yoxdur ki, Allah`a dua etsin, Allah duasına bu 3 haldan biri ilə cavab verməsin; 1. dua etdiyi zaman Allah onun qarşılığını dünyada tez verir, arzusuna çatır. 2. Duanın qarşılığını Axirətə saxlayır. 3. Etdiyi dua qədər qulundan bir dərd və sıxıntısını aparar”. Bu sözü eşidən kimi səhabələr sevinç içində: “Əgər elədirsə, bizlər çox dua edərik”, dedilər. Peyğəmbər səlləllahu əleyhi və səlləm isə: “Allah`ın qəbul etməsi, sizin etdiyiniz duanızdan daha çoxdur”. (Əhməd ibn Həbəl/Müsnəd) Nə qədər gec deyil bunu dəyərləndirək, Allah`ın bərəkət verdiyi bir cəmiyyət halına gələk inşəAllah. Amin.!

Son olaraq dualarımızı edərkən Allah`ın Mucib (duaları qəbul edən), Qarib (Qullarına yaxın olan və bu yaxınlıqıa duaları qəbul edən), Səmii (Duaları Eşidən), Zəl Cələli Və`l İkram (Cəlal sahibi və qullarına qarşı sonsuz bəxş edən) və Saməd (Ehtiyac olduğunda tək üz tutulan) adlarından istifadə etməyə çalışaq. Allah təala Qurani Kərimdə buyurur:  “Ən gözəl adlar (əsmayi-hüsna) Allah`ındır. Onu bu adlarla çağırıb dua edin...” (Əraf 180) Unutmayaq ki, Allah Rəsulu səlləllahu əleyhi və səlləm belə buyurur: “Rəbb`imiz çox həyalıdır və çox comərddir. Qulu Ona əllərini qaldırdığı vaxt onu boş olaraq geri çevirməkdən həya edər”. (Əbu Davud 1488; İbn Məcə 3865 bu mənbə azerislam saytından götürülmüşdür). Allah dilimizi daim müsəlman bacı qardaşlarımız, valideynlərimiz üçün və cəmiyyətimizin islah olunması üçün edilən dualarla yaş etsin. Amin!

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz

Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.

Rastgələ Paylaşımlar