Skip to main content


Faydalı Dərslər-2: Şükür və təşəkkürün önəmi

Yadınıza salın ki, o zaman Rəbbiniz bunu bildirmişdi: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıracağam. Yox, əgər nankorluq etsəniz, (unutmayın ki,) Mənim əzabım, həqiqətən şiddətlidir!”. (İbrahim 7)
Əbu Hüreyrə radiyallahu anhunun rəvayət etdiyi bir hədisdə Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurmuşdur: “İnsanlara təşəkkür etməyən, Əziz və Cəlil olan Allah`a da şükür etməz”. (Əhməd ibn Hənbəl\“əl-Müsnəd”: 2\258)
Əziz müsəlman qardaş və bacılar. Allah`ın salamı bütün müsəlmanların üzərinə olsun. 

Bu yazını yazmaqda məqsəd yuxarıda verilmiş ayəni Əbu Hüreyrədən rəvayət olunan hədisin kölgəsində izah etməkdir. Mütəmadi olaraq Quran ayələrini oxuyan müsəlman çox vaxt ayələrin zahirinə baxmaqla kifayətlənir və həyatını ona uyğun olaraq qurur. Təfsir kitablarına və Quran ayələrini şərh edən mötəbər Alimlərin kitablarına müraciət etmədikdə müsəlman Allah`ın ayələrdə əslində nələri demək istədiyindən xəbərsiz qalır. Yuxarıda verilmiş ayəyə sadə baxışla baxdıqda müsəlman düşünə bilər ki, Allah`a şükür etmək—davamlı onun verdiyi nemətlərə şükranlığını bildirmək, Onun verdiyi ruzidən sədəqə vermək, və ən əsası namaz qılmaqdan ibarətdir. Bütün bunlar yalnız şükrün bir hissədir, yəni fərdlə Allah arasındakı şükür. Lakin Qurani Kərimi Təfsir edən mötəbər alimlər Allah`a ediləcək ən doğru şükrün iki mərhələdən ibarət olduğunu bildirmişlər:

1. Qulun şükür duaları, namaz, sədəqə və digər əməllərlə birbaşa Rəbb`inə etdiyi şükür.

2. Ailəyə, qohum-qonşuya, ehtiyaci olana yaxşılıq etmək və sənə yardım əlini uzadanlara təşəkkür etmək, onlarla xoş münasibətdə olmaqla Rəbb`inə edəcəyin şükür.

Yuxarıda verilən hədisdən insan və cəmiyyət münasibətlərinin necə tənzimlənməli olduğunu görürük. Bir qul insanlarla münasibətinə önəm vermədiyi, onların etdiyi yaxşılıqlara göz yumduğu halda Allah`a şükür etdiyini iddia edə bilməz. Bu gün, cəmiyyət getdikcə insani münasibətlərdən yoxsul hala gəlmişdir. Günümüzdə insanlar daha çox şəxsi maraqlarına önəmi artırır və hətta bunu digər şəxslərlə, iş yoldaşları ilə, hətta qonşu və qohumlarıyla münasibətlərində özü üçün şüara çevirməkdədir. Bu sirr deyil ki, şəxsi mənafeni üstün tutan insan cəmiyyətlə münasibətlərinə önəm verməz, bir çox halda isə bu hətta ailə münasibətlərinə də ciddi təsir göstərər. Belə bir insan istənilən an əgər maraqlarına uyğundursa, ona yaxşılıq edənlərdən, çətin anlarında ona yardım edəndən rahatlıqla üz döndərə bilər. Təəssüflər olsun ki, bəzən insanlar İslama üz tutduqda bu kimi cahilliyə düşüncələrini və xarakterlərini özləri ilə birgə İslama gətirir. Belə olduqda müsəlmanların qarşılıqlı münasibətlərində böyük fəsad  yaranır və bu kənar şəxslərin müsəlman toplumu haqqında mənfi düşünməsinə səbəb olur. Halbuki müsəlman Allah`ın onu niyə yaratdığını düşünməli, İslamın yalnız fərdi həyatı deyil, fərdin cəmiyyətlə olan münasibətlərini də tənzimləyən bir din olduğunu anlamalıdır. Əgər hər kəs özünü düşünərsə cəmiyyətin gələcəyi hansı hala düşər? Heç bu haqda düşündükmü?  

Allah təala Quranda müsəlmanın insanlara yaxşılıq etməklə, onların rızasını, təşəkkürünü qazanmaqla Allah`ın da rızasını qazanacağını bildirmişdir. “Bundan başqa anaya, ataya, qohumlara, yoxsul kimsələrə yardım edəcəklərinə, bir-birlərinin qanlarını tökməyəcəklərinə, bir-birlərini yurddan çıxarmayacaqlarına dair söz almışdır”. (Bəqərə 83-84)

Allah Yəhudilərin timsalında daim Müsəlmanlara nəsihətlər etmişdir. İsrail oğullarının bu əhdə vəfa göstərməməsi ilə Allah son ümmət olan müsəlmanların bu əhdi üzərlərinə götürüb vəfalı davranmalarını istəmişdir. Digər tərəfdən Allah Yəhudilərin onlara yaxşılığı əmr edən, pislikdən çəkindirən Peyğəmbərləri öldürmələriylə Rəbb`lərinə qarşı necə nankor olduqlarını bildirmiş və bununla müsəlmanlara şüküredici olmaları üçün öyüd vermişdir.

Qulun Allah`a şükrünün bir hissəsi fərdidirsə, digər hissəsi də əvvəlcə ana atasına, qohumlara sonra cəmiyyətə yaxşılıq etməsi, qarşı tərəfin etdiyi yaxşılıqları unutmaması, onlara qarşı təvazökar və şükran münasibət bəsləməsidir. Qarşı tərəfə təşəkkür etmək həm sözlə, həm də  əməllə mümkündür. Düzdür Müsəlman Allah rızası üçün bir yaxşılıq etdikdə qarşı tərəfdən heç bir qarşılıq gözləmir. Lakin Allah təala Müqəddəs Quranda bildirmişdir “Yaxşılığın qarşılığı ancaq yaxşılıqdır”. (Rəhman60)  

Bəzən bir “təşəkkür edirəm” kəlməsi belə insanları etdikləri yaxşılıqlardan məmnunluq duymasına və bu cür əməllərə daha çox həvəslənməsinə səbəb olur. Allah Rəsulu salləllahu əleyhi və səlləm bir hədisdə belə buyurmuşdur: “Fərzlərdən sonra ən qiymətli əməl, bir mömini sevindirməkdir” (Təbərani). Lakin sənə yaxşılıq edənə hətta təşəkkürü belə çox görmək, qarşı tərəfin islami dəyərlərə qarşı sevgisini azalda bilər. Əgər əksinə düşünsək sənin etdiyin yaxşılığa qarşı nankorluq görsən, bunu necə qarşılayarsan?

İnsan daima ona həmişə yaxşılıq edən, əl tutan şəxsə dəyər verir. Lakin bu gün hansısa səbəbdən bəzən müsəlman ona həmişə əl tutan bir şəxsdən “nəfsinə” xoş gəlməyən söz eşitdikdə (çox zaman onun dini, ictimai və ya siyasi baxışı ilə üst-üstə düşməyən fikir eşitdikdə) onun əvvəl etdiyi yaxşılıqlarını unudur. Bəzən artıq qardaşlıq bağlarının belə onun üçün əhəmiyyəti qalmır. Müsəlman həmin şəxsə Allah`ın salamını belə əsirgəyəcək duruma gəlir.

İslam geniş bir dindir: fikir ayrılığı, fərqli baxışlar düşmənçiliyə səbəb olmamalıdır. Əksinə bu cür fikir genişliyi müzakirə yoluyla hər iki tərəfin baxış çərçivəsinin genişlənməsinə səbəb ola bilər. Ən əsası isə müsəlman belə məsələlərə görə ona edilən yaxşılıqları unudub qardaşlığı düşmənçiliyə çevirsə, öz qardaşının etdiklərinə qarşı nankorluq etmiş olar. Halbuki Allah təalə hətta kafir olan Əbu Talibi Peyğəmbərə dəvətində verdiyi dəstək müqabilində mükafatlandırmış və ona Cəhənnəmin ən yüngül əzabını vermişdir. (Bu fikir Peyğəmbərimizin “Cəhənnəmdə ən yüngül əzab Əbu Talibə veriləcək. Ayaqlarında atəşdən iki nal olacaq, bunların istisindən beyni qaynayacaq” (Müslim) hədisindən götürülmüşdür.) Allah kafirin xoş bir hərəkətini unutmayib mükafatlandırdığı halda, bu gün qardaşının etdiyi yaxşılıqları unudan və bəzən arxadan zərbə vuran müsəlmanlar Quran və Sünnətdən necə danışa bilirlər?! Halbuki Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurmuşdur: “İki şey var ki, ondan daha yaxşısı yoxdur: Allah təalaya iman və Onun qullarına yaxşılıq etmək, şəfqətli davranmaq. İki şey var ki, ondan daha pis iki şey yoxdur: şirk və insanlara pislik etmək. (İbn Həcər əl-Əsqalani). Əgər müsəlman düşünsə ki, ona yardım əlini uzadan şəxsi də göndərən məhz Allah`dır, dolayısı ilə qarşı tərəfə (müsəlman olmasa da ) nankorluq edən müsəlman Allah`a qarşı da nankorluq etmiş olar. Peyğəmbərimiz “İnsanlara təşəkkür etməyən, Əziz və Cəlil olan Allah`a da şükür etməz” deməklə insanlara qarşı şükran münasibətdə olmağın Allah üçün nə qədər önəmli olduğunu bildirir.  

Allah təala Müsəlmanların cəmiyyət münasibətlərinə xüsusi önəm vermiş hətta bu barədə bötüv bir surə (Hucurat surəsi) nazil etmişdir. Qurani Kərim insanları bir-birinə qarşı vəfalı olmağı tövsiyə etmiş, birlikdə Allah üçün addım atmağa qərarlaşan lakin hansısa fikir ayrılığı və ya nəfsin qabarması nəticəsində ayrılan insanları qınamışdır və bunun düzgün addım olmadığını vurğulamışdır. Uca Allah buyurur: “İpliyini yaxşıca əyirib qatladıqdan sonra söküb dağıdan qadın kimi olmayın..” (Nəhl 92)

Müsəlman qarşı tərəfdən hətta xoş olmayan münasibət və ya hərəkət görsə də, Allah rızası üçün bu  hadisəni qabartmamalı, daima qarşı tərəfin etdiyi yaxşılıqları göz önünə gətirməlidir. Çünki pisliyə pisliklə cavab vermək Müsəlmana yaraşmaz. Loğman əleyhissalamın gözəl bir nəsihəti vardır: “İki şeyi heç vaxt unutma-Allah`ı və ölümü, iki şeyi unut-insanlara etdiyin yaxşılığı və sənə edilən pisliyi”. Bir pisliklə qarşılaşacağı zaman müsəlman üçün ən gözəl örnək Peyğəmbərimiz salləllahu əleyhi vəsəlləmin bağışlayıcı olmasıdır. İnsanları Allah`a dəvət üçün Taifə səfərə çıxan Allah rəsulu salləllahu əleyhi vəsəlləmi qan içində yola salan Taiflilərə bəddua etdimi? Onun bir kəlməsiylə Allah Taifi yerlə yeksan edərdi. Lakin əvəzində Allah Rəsulu Aişə anamıza belə buyurmuşdur: “...Xeyr, mən Allah`ın onların nəslindən sadəcə Allah`a ibadət edəcək və Ona heç bir şeyi şərik qoşmayacaq kimsələr çıxarmasını diləyirəm...”. (Buxari/Bədu`l-Xalq 7; Müslim/Cihad 111) Uca Allah müqəddəs Quranda dəfələrlə bağışlayıcı olanları tərifləmişdir və belələrini öz hüzurunda bağışlayacağını vəd etmişdir: “Onları bağıslasınlar, qüsurlarına baxmasınlar. Allahın sizi bağıslamasını arzu etmirsinizmi? (Nur 22) Yenə Allah təala buyurur: “Kim səbr edib bağışlayarsa, bu ancaq böyüklərin edə biləcəyi dəyərli bir davranışdır.” (Şura 43)

Yuxarıda gördüyümüz ayə və hədislərdən anlaşılır ki, müsəlman həqiqi bir şəkildə Allah`a şükür edən bir qul olmaq istəyirsə, yalnız fərdi əməllərlə kifayətlənməməli, özünün ailə, cəmiyyətlə münasibətlərinə önəm verməlidir. İnsanların qəlbini qıracaq hərəkət və ya sözlərdən qaçmalı, ona yaxşılıq edənlərin qədrini bilməlidir. Qarşı tərəfə eyni ölçüdə yaxşılıq etməyə gücü çatmadıqda belə heç deyilsə gözəl bir təşəkkür ifadəsini bildirməlidir. Belə olmasa müsəlman ümməti parçalanar və Allah bu zaman bərəkəti və izzəti aradan qaldırar. Unutmamaq lazım ki, Allah nankor qullarını sevməz. Nankorluq isə bizi yaratdığı andan ardı-arası kəsilmədən yaxşılıq edən Allah`dan və bizə daim sevinc və sıxıntılı anlarımızda dəstək olan bacı və qardaşlarımızdan üz döndərmək, onlardan hətta təşəkkür ifadəsini belə əsirgəməkdir. Allah bizi Saleh qullarından etsin. Onun ayələrindən və Allah Rəsulu salləllahu əleyhi vəsəlləminin sünnətindən bəhrələnənlərdən etsin. Allah bizə Ona ən gözəl şəkildə şükür edən qullarından etsin. Amin!