İslam – Yaşamaq üçün ən gözəl dəyərlər toplusudur

       Allah`ın tamamlayaraq, bizlər üçün bəyənib seçdiyi son din İslam, son peyğəmbər Muhamməd salləllahu əleyhi və səlləm, son kitabı isə Quran`i Kərimdir. Quran, Allah təalanın elçisi Muhamməd salləllahu əleyhi və səlləmə ərəbcə endirdiyi kitabdır. Quran yalnız bir etiqad, ibadət və əxlaq kitabı deyil, həm də insanlararası sosial-iqtisadi münasibətləri ümumi prinsiplərlə tənzimləyən kitabdır.
İslam dini hər bir kəsə gücü daxilində öhdəlik vermişdir. Dünyəvi və uxrəvi, maddi və mənəvi baxımdan ən mötədil və asan hökmləri məhz İslam gətirmişdir. İslam əvvəlki dinlərdə olan bəzi ağır hökmləri ortadan qaldırmış və ya yüngülləşdirmişdir. Quranda belə buyurulur:

“Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər”. (Bəqərə 286)


      İslam Adəm əleyhissalamdan bəri davam edən tövhid zəncirinin son halqasıdır. Yer üzündəki bütün insanları Muhamməd salləllahu əleyhi və səlləmin ətrafında cəmləşməyə dəvət edir. Digər ilahi dinlər müəyyən bölgə və ya müəyyən əsrlərdəki ehtiyaca görə endirilmişkən, İslam isə bütün yer üzü və bütün insanların qiyamətə qədər olan ehtiyacları nəzərə alınaraq endirilmişdir.
İslam irq, rəng, dil və sərvət fərqi qoymadan insana insan kimi qiymət vermiş, üstünlüyün ancaq və ancaq iman, təqva və əxlaqda olduğunu bildirmişdir. Bu səbəblə ərəbin ərəb olmayana, ağın qaradəriliyə təqva istisna olmaqla heç bir üstünlüyü yoxdur. Hər kəs Hz Adəmdən gəlmiş və Adəm də torpaqdan yaradılmışdır.

      İslam içkini, qumarı, sələmçiliyi (faiz), zinanı, yalan danışmağı, zülm və haqsızlıq etməyi qadağan etmiş. Yaxşılığı və yardımlaşmanı, ədaləti, yoxsulları və kasıbları himayə etməyi əmr etmişdir. Allah Rəsulu salləllahu əleyhi və səlləm qonşusu ac ikən, tox yatan və özü üçün arzuladığı şeyləri, digər mömin qardaşları üçün də arzulamayanın həqiqi mömin ola bilməyəcəyini xəbər vermişdir.
İslam bədən və ruh təmizliyini tələb etmişdir. Gün ərzində beş vaxt namaz üçün alınan dəstəmaz və həftədə ən azı bir dəfə alınan qüsl ilə paltar və ibadət edilən yerlərin təmiz tutulması, ayaqyolu mədəniyyəti, yeməkdən əvvəl və sonra əllərin yuyulması, dişlərin təmizlənməsi maddi təmizlik nümunələrindəndir. İnsanın bədən təmizliyinin imanın yarısı olduğu, təmiz olanın ruzisinin bərəkətlənəcəyi və sağlam olacağı hədislərdə bildirilmişdir. İslam elm öyrənməyi, ruzi üçün işləyib qazanmağı ibadət saymış, dünya ilə axirət arasında müvazinəti quraraq hər ikisi üçün çalışmağı əmr etmişdir. İlk enən ayə də belədir:

“Yoxdan yaradan Rəbbinin adı ilə oxu!” (əl-Ələq 1)

Başqa bir ayədə isə deyilir:


“Allah`ın sənə bəxş etdiyindən özünə axirət qazan. Dünyadakı nəsibini də unutma! Allah sənə yaxşılıq etdiyi kimi, sən də yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə cəhd göstərmə. Həqiqətən, Allah fitnə-fəsad törədənləri sevməz!” (Qasas 77)


İslamın dəvət metodunda zorakılıq, təzyiq, qorxutma və əziyyət yoxdur. İnsanların sevgi və təbliğ yolu ilə İslama yönəlməsi əsasdır. Peyğəmbər salləllahu əleyhi və səlləmin təbliğ əsnasında ona sərt, təhqiramiz və hörmətsiz davrananlara belə mülayim, mərhəmətli və xoş
davrandığı məlumdur. Quranda onun gözəl rəftarı belə təsvir olunur:

“Allah`ın mərhəməti səbəbinə sən onlarla yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün bağışlanmaq dilə, hər işdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allah`a təvəkkül et! Həqiqətən Allah təvəkkül edənləri sevər.” (Əli İmran 159)

Başqa bir ayədə belə buyurulur:


“İnsanları hikmətlə, gözəl öyüd-nəsihət ilə Rəbbinin yoluna dəvət et, onlarla ən gözəl
surətdə mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da
daha yaxşı tanıyır.” (Nəhl 125)


İslam cəmiyyətin sağlamlığı və daimiliyi üçün “yaxşılığı əmr etmək və pisliklərdən çəkindirmək” prinsipini qoymuşdur. Quran`i Kərimdə belə buyurulur:
“Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və
düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin!” (Maidə 2)

                                            ..............                                            
“Siz insanlar üçün ortaya çıxarılmış ən xeyirli ümmətsiniz, yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allah`a inanırsınız.” (Əli İmran 110)

............
“Mömin kişilərlə mömin qadınlar bir-birinin dostlarıdır. Onlar insanlara yaxşı işlər
görməyi buyurur, pis əməllərə qadağa qoyur, namaz qılır, zəkat verir, Allah`a və Onun
Elçisinə itaət edirlər. Allah onlara rəhm edəcəkdir. Həqiqətən, Allah Qüdrətlidir,
Müdrikdir.” (Tövbə 71)

        Bir İslam ölkəsində müsəlman və qeyri-müsəlman hər bir xalq hakim qarşısında bərabər hüquqa malikdir. Zimmət əhli olan qeyri-müsəlman vətəndaşlar, öz dinlərinin tələb etdiyi formada yaşama hüququna malikdir. İbadət və ayinləri, ailədaxili münasibətləri öz dinlərinə
görə yerinə yetirmək baxımından azaddırlar. İslam hər bir müsəlmandan əleyhinə də olsa doğruluqdan ayrılmamağı tələb etmişdir.

“Ey iman gətirənlər! Şahidliyiniz özünüzün və ya valideynlərin, ya da yaxın
qohumların əleyhinə olsa belə, Allah şahidləri olub ədaləti qoruyun. Əleyhinə şahidlik
edəcəyiniz şəxslərin varlı və ya kasıb olmasından asılı olmayaraq Allah onların hər
ikisinə daha yaxındır. Arzularınıza uyaraq haqdan uzaqlaşmayın! Əgər siz yalan
danışsanız və ya həqiqəti deməkdən boyun qaçırsanız, bilin ki, Allah nə etdiklərinizdən
xəbərdardır.” (Nisa-135)


İslam bütün möminləri qardaş elan etmişdir.

“Möminlər, həqiqətən də qardaşdırlar. Elə isə qardaşlarınızı barışdırın və Allah`dan
qorxun ki, sizə rəhm edilsin.” (Hucurat 10)


      Odur ki, yuxarıda qeyd olunan xüsusiyyətlər İslamın ən mükəmməl din olduğuna dəlalət edir. İnsan Hüquqları Beynəlxalq Bəyannaməsində mövcud olan prinsiplər və buna oxşar çox sayda prinsip 1400 il bundan öncə İslamiyyət tərəfindən car çəkilmişdir. Bəşəriyyətin bu gün çata bilmədiyi; irq, rəng, dil və din kimi fərqliliklərdən ötrü insanların qınanmaması və müxtəlif müamilələrə məruz qalmamasının əsasını İslam müvəffəqiyyətlə həyata keçirmişdir. Qaradərilinin bəyazla, ərəbin ərəb olmayanla, varlının kasıbla, başçının məmurla yan-yana və çiyin-çiyinə beş vaxt və cümə namazında eyni cərgədə görüşməsi, dünyanın müxtəlif ölkələrindən ildə bir dəfə Məkkəyə həcc üçün gələn müsəlmanların bu bərabərliyi beynəlxalq miqyasda həyata keçirilməsi başqacür mümkün olmayan qardaşlıq təzahürləridir.

Orxan Mikayilzadə

Qeyd: Məqalə "İslam- Yaşamaq üçün ən gözəl Dəyərlər Toplusudur" Adlı Yarışmamızın 1.ci yerə layiq görülən qalibi tərəfindən yazılmışdır və saytımız tərəfindən yayımlanmışdır.

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.

Rastgələ Paylaşımlar