Skip to main content


İkinci görüş: İman ilə İslam fərqlidir

Əşari məzhəbinin alimlərindən olan İbrahim əl-Beycuri belə deyir: “İslamın dildəki mənası tabe olmaq və itaət etməkdir. Şəriətdəki termin mənası isə, Peyğəmbərin gətirdiyi və dindən olduğu qəti olaraq bilinən məsələlərdə ona tabe olmaq və itaət etməkdir. Buna görə imanla İslam, həm dildəki mənaları baxımından, həmdə ki əhatə etdikləri mənaları baxımından bir-birlərindən fərqlidirlər”. (Beycuri şərhi 1/55)

Bu görüşdə olan alimlərin dəlilləri bunlardır:

1. Allah təala iman ilə İslamın fərqli şeylər olduğunu açıqlayaraq belə buyurmuşdur: “Bədəvi ərəblər: "Biz iman gətirdik!" - dedilər. (Onlara) de: “Siz (qəlbən) iman gətirmədiniz! Ancaq: “Biz İslamı qəbul etdik!” - deyin. Hələ iman sizin qəlblərinizə daxil olmamışdır!” (Hucurat 14)

Görüldüyü kimi bu ayədə “İman etdik” deyən bədəvilərə “Siz iman etmədiniz” deyə buyrulur və ardından da “Müsəlman olduq deyin” buyrularaq əmr olunur. Bu da göstərir ki, iman İslamdan fərqli bir şeydir. “İmanla İslam eyni şeylərdir” deyən birinci grupdakı alimlər bu ayəni fərqli bir şəkildə izah etmiş, “İslamı qəbul etdik” cümləsini “təslim olduq” mənasına gəldiyini söyləmiş və bu ifadənin bir-birindən fərqli olmadığını demişlər.

2. Allah təala başqa bir ayədə belə buyurur: Həqiqətən, Allah məhz müsəlman kişilər və qadınlar, mömin kişilər və qadınlar, (Allah`a) müti kişilər və qadınlar, doğru danışan kişilər və qadınlar, səbirli kişilər və qadınlar, təvazökar kişilər və qadınlar, sədəqə verən, oruc tutan kişilər və qadınlar, ayıb yerlərini (zinadan) qoruyub saxlayan kişilər və qadınlar və Allah`ı çox zikr edən kişilər və qadınlar üçün (axirətdə) məğfirət (bağışlanma) və böyük bir mükafat (Cənnət) hazırlamışdır!” (Əhzab 35)

Bu ayədə imanla İslamın ayrı-ayrılıqda qeyd edilib “və” mənasına gələn “vav” bağlayıcısı ilə bir-birinə bağlanması onların fərqli şeylər olduğunu göstərir.

3. Cəbrail hədisində Peyğəmbər salləllahu əleyhi və səlləmdən iman soruşulduğu zaman; “Allah`a, mələklərinə, kitablarına, peyğəmbərlərinə, Axirət gününə, xeyri və şər ilə Qədərə inanmaqdır” deyərək cavab vermiş, İslam soruşulduğu zaman isə; “İslam, Lə iləhə illallah, Muhammədən Rəsulullah deyərək şəhadət gətirmək, namaz qılmaq, zəkat vermək, Ramazanda oruc tutmaq və imkanın olarsa Həcc etməkdir” deyərək cavab vermişdir. Beləliklə bunların fərqli şeylər olduğunu açıqlamışdır.

4. Ənəs ibn Malik Peyğəmbər salləllahu əleyhi və səlləmin belə buyurduğunu rəvayət etmişdir: “İslam açıqdan olandır, iman isə qəlbdədir”. (Hədisi Əhməd ibn Hənbəl “Müsnəd” kitabında: 3/134 rəvayət etmişdir) Bu hədisdə Peyğəmbər salləllahu əleyhi və səlləm İslamın imandan fərqli bir şey olduğunu bildirmişdir.

İman ilə İslamın eyni və ya fərqli şeylər olduğunu deyən alimlərdən hər birisi detallı bir şəkildə dəlillər qeyd edib öz görüşlərinin daha doğru olduğunu isbat etməyə çalışmışdırlar. Mövzunu daha ətraflı öyrənməyimiz üçün əsas qaynaq kitablara baxmağımız lazımdır. Biz burada aşağıdakı üç alimin görüşünü qeyd etməklə yetinəcəyik.

İmam Xəttabı qısa şəkildə belə demişdir: “İman ilə İslam bir-birilərindən fərqli şeylərdir deməkdə təmkinli olmaq lazımdır. Doğru olan, bu mövzuda tam bir şəkildə qərar verməyib, bir qisim şərtlərə də nəzər salmaqdır. Çünki müsəlman bəzi hallarda mömin olar, bəzi hallarda isə olmaz. Mömin isə hər bir halda müsəlmandır. Hər mömin müsəlmandır, ancaq hər müsəlman mömin deyildir. Yəni İslam ilə iman arasında bir əlaqə vardır və bunu canlı ilə insan misalını verərək açıqlaya bilərik”. (“Umdətu`l-qari” 1/109)

İbn Əbu`l-İzz belə demişdir: “İslam ilə imanın yan-yana qeyd edilmələri ilə ayrı qeyd edilmələri zaman başa düşülən məna fərqlidir. Bir yerdə qeyd edildikləri zaman birinin mənası digərinin mənasından fərqli olur, ayrı qeyd edildikləri zaman isə hər birinin mənası digərini də əhatə etməkdədir. Bu Allah`ın ayələrində, Peyğəmbər salləllahu əleyhi və səlləmin hədislərində və insanların danışıqlarında açıq bir şəkildə görünməkdədir. Misal üçün, “Mən şəhadət edirəm ki, Allah`dan başqa ibadətə layiq heç bir ilah yoxdur” cümləsi ilə “Mən şəhadət edirəm ki, Muhamməd Onun Rəsuludur “ cümləsi, birlikdə deyilərsə, hər birinin mənası digərindən fərqlidir. Birincisi Allah`ın birliyinə şahidlik, ikincisi isə Muhammədin Allah`ın elçisi olduğuna dair şahidlikdir.  Ancaq bu cümlələrdən yalnız biri deyilərsə, digərini də əhatə etmiş olar. Əks təqdirdə isə şəhadət səhih olmaz. İman və İslam da bunun kimidir.

Həmçinin, “küfr ilə nifaq da” bunun kimidir. Birlikdə qeyd edilərsə, küfr nifaqdan fərqlidir. Kafir, küfrünü açığa vuran, münafiq isə, dili ilə iman etdiyini deyib, qəlbi ilə iman etməyən mənasına gəlir. Ancaq Axirət əzabı baxımından kafir sözü tək başına qeyd edilərsə bunun içərisinə münafiq də girər. Belə ki, aşağıdakı ayə də bu növdəndir: “İnkar edənlərin bütün işləri boşa çıxar və o, axirətdə zərər çəkənlərdən olar!” (Maidə 5)

Buradan anladığımız kimi İbn Əbu`l-İzzə görə hər mömin müsəlmandır və hər müsəman isə mömin deyildir. (İbn Əbu`l-İzz, “Təhavi əqidəsinin şərhi” 1/266)

İmam Buxarinin “Səhih” kitabını şərh edən Ayni belə demişdir: “İslam ilə imanın eyni şeylər və ya ayrı şeylər olduğunu təsbit etmək çox çətin bir işdir. Belə ki Allah`ın “Kim İslamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!” (Əli İmran 85) ayəsinə baxdığımız zaman, İslam ilə imanın eyni şeylər olduğunu deməmiz lazımdır. Çünki, iman İslamdan başqa bir şey sayılarsa, onunda heç bir zaman qəbul edilməyəcəyi bu ayədən anlaşılmış olacaq. Buna baxdığımızda iman ilə İslamın eyni bir şey olduğunu anlamış oluruq. Belə ki, iman dindir, din isə İslamdır. Allah təala belə buyurur: “Şübhəsiz ki, Allah qatında din İslamdır”. (Əli İmran 19)

Digər tərəfdən Cəbrail hədisinə baxdığımız zaman, bunların eyni şeylər olmadığı görülür. Cəbrail əleyhisalam Peyğəmbər salləllahu əleyhi və səlləmdən “iman nədir” soruşduğu zaman Peyğəmbər salləllahu əleyhi və səlləm  “İman Allah`a, mələklərinə, kitablarına, peyğəmbərlərinə, Axirət gününə, xeyri və şər ilə Qədərə inanmaqdır” deyərək cavab vermiş, “İslam nədir” deyə soruşulduğu zaman isə; “İslam, Lə iləhə illallah, Muhammədən Rəsulullah deyərək şəhadət gətirmək, namazı qılmaq, zəkat vermək, Ramazanda oruc tutmaq və imkanın olarsa Həcc etməkdir” deyərək cavab vermişdir. Peyğəmbər salləllahu əleyhi və səlləm bu iki cavabla iman ilə İslamın fərqli şeylər olduğunu izah etmişdir.

Həmçinin aşağıdakı ayədə də, müsəlmanlarla möminlər ayrı ayrı qeyd edilib bağlayıcı ilə bir-birinə bağlanmışdır. Bu da, bu iki sözün arasında fərq olduğunu göstərməkdədir. Allah təala buyurur: Həqiqətən, Allah məhz müsəlman kişilər və qadınlar, mömin kişilər və qadınlar, (Allah`a) müti kişilər və qadınlar, doğru danışan kişilər və qadınlar, səbirli kişilər və qadınlar, təvazökar kişilər və qadınlar, sədəqə verən, oruc tutan kişilər və qadınlar, ayıb yerlərini (zinadan) qoruyub saxlayan kişilər və qadınlar və Allah`ı çox zikr edən kişilər və qadınlar üçün (axirətdə) məğfirət (bağışlanma) və böyük bir mükafat (Cənnət) hazırlamışdır!” (Əhzab 35)

Ayni sonda bu qərara gəlmişdir: “İslam ilə iman arasındakı əlaqə bir-biri ilə kəsişən iki kəlimənin əlaqəsidir. Müəyyən bir nöqtədə hər ikisi birləşir. Qəlbi ilə iman edib dili ilə bunu təsdiq edən şəxs kimi. Ancaq başqa nöqtələrdə hər biri digərindən ayrılır. Bəzən münafiqlər kimi İslam olar iman olmaz, bəzən isə təsdiq olar ancaq zahiri əməlləri əhatə edən İslam olmaz. Misal olaraq, insanlardan uzaq bir yerdə dağda və ya səhrada yaşayan bir  şəxsə din çatmaz, buna baxmayaraq o, ağlı ilə Allah`ın varlığını, birliyini və digər sifətlərini xülasə olaraq idrak edər, qəlbi ilə də təsdiq edərsə və dinə aid hökmlərdən heç birini ona çatmadğı üçün etməzsə bu şəxs mömindir. Ancaq zahiri əməlləri etmədiyi üçün bu şəxs müsəlman deyildir”. (Ayni, “Umdətu`l-qari” 1/109)