Namazın rüknləri

Bir avtomobilin rüknləri onu təşkil edən mühərrik, kuzov, təkərlər və s. kimi hissələridir. Şərtlərə gəlincə isə şərt həmin şeyin hərəkətə gəlməsini təmin edən şeylərdir. Avtomobilin hərəkətə gəlməsi üçün ona yanacaq, mühərrik yağı və su lazımdır. İbadətlərin rükn və şərtləri də bunun kimidir. Məsələn namazda qiyam, rüku, səcdə kimi namazı təşkil edən tərkib hissələr namazın rüknləri, vaxtın girməsi dəstəmazlı olmaq, müsəlman olmaq və s. kimi onun qəbul olması üçün lazım olan şeylər isə onun bilavasitə tərkib hissəsi olmayıb onun səhih olması üçün qoyulan şərtlərdir.)

Namazın rüknləri on səkkizdir bunları aşağıdakı kimi sadalaya bilərik:

1. Niyyət.

Allah təala buyurur:

Halbuki onlara əmr edilmişdir ki, Allah`a – dini yalnız Ona məxsus edərək, həniflər olaraq – ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din budur! (Beyyinə 5) Məvərdi demişdir: “Buradakı “dini yalnız Ona məxsus edərək” ifadəsi niyyətdir”.

Peyğəmbər salləllahu əleyhi və səlləm buyurmuşdur: “Bütün əməllər niyyətlərə görədir” (Buxari 1, Müslim 1907)

2. Gücü çatdığı halda qiyamda dayanmaq.

Buxari (1066) İmran ibn Husayn radiyallahu anhudan belə dediyini rəvayət etmişdir: “Mən babasil xəstəliyindən əziyyət çəkirdim. Bu haqda Peyğəmbər salləllahu əleyhi və səlləmdən soruşdum. O buyurdu: “Ayaq üstə namazını qıl. Əgər buna gücün çatmasa oturaraq, ona da gücün çatmasa yan üstə uzanaraq namazını qıl”. Nəsainin (Kifəyətu`l-Əxyar 1/103) rəvayətində deyilir: “Əgər onu da bacarmasan beli üstə uzanaraq namazını qıl. Allah heç kəsi gücü yetmədiyini yükləməz”.

3. Ehram (giriş) təkbiri.      

4. Fatihə surəsini oxumaq. (Fatihənin başındakı “Bismilləhi`r-Rahməni`r-Rahim” ifadəsi də Fatihənin bir ayəsidir)

5-6. Rükuya getmək və tələsməyəcək qədər dayanmaq.

7-8. Rükudan qalxmaq və tələsməyəcək qədər düz dayanmaq.

9-10. Səcdəyə getmək və tələsməyəcək qədər dayanmaq.

11-12. İki səcdə arasında tələsməyəcək qədər oturmaq.

Buxari (724) və Müslim (397) Əbu Hüreyrədən belə dediyini rəvayət etmişlər: “Peyğəmbər salləllahu əleyhi və səlləm məscidə girdi. Bir nəfər də məscidə girərək namaz qıldı. Daha sonra (namazı bitirdikdən sonra) gələrək Peyğəmbər salləllahu əleyhi və səlləmə salam verdi. Peyğəmbər salləllahu əleyhi və səlləm onun salamını aldı və buyurdu: “Qayıt namazını qıl. Çünki sən namaz qılmadın”. Həmin şəxs yenidən namazını təkrarlayıb gəldi və Peyğəmbər salləllahu əleyhi və səlləmə salam verdi. Peyğəmbər salləllahu əleyhi və səlləm yenidən belə buyurdu: “Qayıt namazını qıl. Çünki sən namaz qılmadın”. Bu şey üç dəfə təkrarlandı. Həmin şəxs dedi: “Səni haqq ilə göndərənə and olsun ki, bundan yaxşısını bacarmıram, mənə (namazı) öyrət. Peyğəmbər salləllahu əleyhi və səlləm buyurdu: “Namaza durduğun zaman təkbir gətir (və namaza başla). Sonra Qurandan bildiyin bir şey oxu. Sonra rükuya get və rükuda tələsməyəcək qədər dayan. Sonra qalx və dik dayan. Sonra səcdəyə get və tələsməyəcək qədər səcdədə qal. Sonra səcdədən qalx və tələsməyəcək qədər otur. Sonra yenidən səcdəyə get və tələsməyəcək qədər səcdədə qal. Daha sonra bütün namazı bu minvalla davam et”.

İbn Hibbanın (484) rəvayətində deyilir: “Ummu`l-Quranı (Quranın Anasını; yəni Fatihəni) oxu”.

Fatihənin oxunmasının bir digər dəlili də Buxari (723) və Müslimin (394) rəvayət etdiyi bu hədisdir: “Fatihəni oxumayanın namazı olmaz”.

Bəsmələnin (Bismilləhi`r-Rahməni`r-Rahim) Fatihənin ayələrindən biri olmasının dəlili isə Müslimin (400) Ənəs ibn Malik radiyallahu anhudan rəvayət etdiyi bu hədisdir: “Bir gün Peyğəmbər salləllahu əleyhi və səlləm bir anlıq yuxuladı. Ona vəhy gəlirdi. Daha sonra başını qaldırıb gülümsədi. Biz “Ey Allah`ın Rəsulu! Səni güldürən nədir” deyə soruşduq. O buyurdu: “Mənə bir surə nazil oldu”. Daha sonra “Bismilləhi`r-Rahməni`r-Rahim” ilə başlayaraq kövsər surəsini oxudu”. Burada Peyğəmbər salləllahu əleyhi və səlləm “Bismilləhi`r-Rahməni`r-Rahim”-i surədən bir ayə hesab etmişdir.  

13-14. Namazın sonunda oturmaq və təşəhhüd oxumaq.

Buxari (794) Əbu Hümeyd əs-Səidi radiyallahu anhunun Peyğəmbər salləllahu əleyhi və səlləmin namazı haqda belə dediyini rəvayət etmişdir: “O, axırıncı oturuşda oturarkən sol ayağını altına qoyar, sağ ayağını isə barmaqları qibləyə yönələcək vəziyyətdə dik qoyar və oturardı”.

Buxari (5806), Müslim (402) və başqaları İbn Məsud radiyallahu anhunun belə dediyini rəvayət etmişlər: “Biz Peyğəmbər salləllahu əleyhi və səlləm ilə birlikdə namaz qılarkən təşəhhüd fərz buyurulmamışdan əvvəl belə deyirdik: “Qullarından Allah`a salam olsun, Cəbrailə salam olsun, Mikailə salam olsun, filankəsə salam olsun”. Bir dəfə namazı bitirdikdən sonra Peyğəmbər salləllahu əleyhi və səlləm üzünü bizə tutaraq buyurdu: “Heç şübhəsiz ki, Allah elə Salamdır. Sizdən biriniz namazında (təşəhhüdə) oturduğu zaman belə desin: “ət-Təhiyyətu lilləhi.........”.

Təhiyyətin düzgün forması haqda isə bir neçə səhih rəvayət var. İmam Şafiyə görə isə ən doğru rəvayət Müslim (403) və başqalarının İbn Abbasdan rəvayət etdikləri bu hədisdir: “Allah Rəsulu salləllahu əleyhi və səlləm təşəhhüdü bizə Qurandan bir surə öyrətdiyi kimi öyrədirdi. O buyururdu: “ət-Təhiyyətu`l-mubərakətu, əs-Saləvətu ət-Tayyibətu lilləhi, əs-Sələmu əleykə əyyuhə`n-nəbiyyu və rahmətullahi və bərakətuhu, əs-Sələmu əleynə və ələ ibədilləhi`s-Salihin, Əşhədu Ən Lə İləhə İlləllah və Əşhədu ənnə Muhəmmədən Rasulullah”.

15. Peyğəmbər salləllahu əleyhi və səlləmə salat və salam oxumaq.

Allah təala buyurur:

Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! Siz də ona salavat göndərib layiqincə salamlayın! (Əhzab 56)

Peyğəmbər salləllahu əleyhi və səlləmə salavat göndərməyin doğru forması isə belədir:

“Allahümmə salli ələ Muhəmmədin və ələ əli Muhəmməd, kəmə salleytə ələ İbrahimə və ələ əli İbrahimə, və bərik ələ Muhəmmədin və ələ əli Muhəmməd, kəmə bəraktə ələ İbrahimə və ələ əli İbrahimə fi`l-ələminə innəkə həmidun məcid”

16. Sağ tərəfə salam vermək.

Müslim (498) Aişə radiyallahu anhədən belə dediyini rəvayət etmişdir: “Allah Rəsulu salləllahu əleyhi və səlləmə namaza təkbirlə başlayır,.......namazı salam ilə bitirərdi”.

Salam vermə şəkli isə sağ və sol tərəfə dönərək “əssələmu aleykum və rahmətullah” deyilməsidir.

17. Namazdan çıxmaq üçün niyyət etmək.

Namazdan çıxmaq üçün niyyət etmək haqda ən doğru görüş odur ki, bu əməl rükn olmasa da sünnət olan bir əməldir.

18. Bütün bu saydıqlarımızı olduğu kimi tərtib ilə həyata keçirmək.

Buna dəlil olaraq Peyğəmbər salləllahu əleyhi və səlləmin namaz qılan adama “Qayıt namazını qıl. Çünki sən namaz qılmadın” dediyi hədisi göstərmək olar. Çünki burada Peyğəmbər salləllahu əleyhi və səlləm hər şeyi olduğu kimi göstərmişdir. Onun namaz qılma şəkli bir çox səhih yolla da rəvayət olunmuşdur.  

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.