Skip to main content


Corabın üzərinə məsh çəkməyin hökmü

Bəzən insanlar düşünür ki, corabların üzərinə məsh çəkməyin keçərliliyinə dair dəlil yoxdur. Hətta corabların üzərinə məsh çəkən imamın arxasında namaz qılmağı belə caiz görmürlər. Biz bu araşdırmada Allah`ın izni ilə bu məsələyə aydınlıq gətirərək, corabların üzərinə məsh çəkməyin caiz (keçərli) olmasına dair dəlilləri ortaya qoyacağıq. Ümid edirik ki, bu araşdırmamız faydalı olar.

Muğira radıyallahu anhu rəvayət edir: “Peyğəmbər salləllahu əleyhi və səlləm corabların üzərinə məsh çəkdi”. (Albani “əl-İrva” 1/137 № 101, Tirmizi, İbn Hibban və İbn Xuzam, əvvəlki və sonrakı imamların bir çoxu hədisin doğru və səhih olduğunu demişdir. İbn Xuzam 198, Əbu Davud 159, Tirmizi 99, Nəsai 1/83, İbn Məcə 559, Əhməd 4/252, İbn Əbu Şeybə 1/342, İbn Hibban 4/167 №1338)

Xatib ə-Bağdadi “Taix” kitabında (3/306), İbn Əsakir “Kitabut-Təcrid”-də (əlyazma 4/30) Musa ət-Tavil vasitəsilə Ənəs radiyallahu anhudan bələ dediyini rəvayət etmişlər: “Allah Rəsulu salləllahu əleyhi və səlləmin üstündən ayqqabı geyindiyi corabların üzərinə məsh çəkdiyini gördüm”.

Tahavi “Şərhi Məani əl-Əsər” kitabında: (1/97), İbn Əbu Duad, Əhməd ibn Hüseyn əl-Ləhəbi, İbn əbu Fudeyk, İbn Əbu Zib, Nafii yolu ilə İbn Ömər radiyallahu anhumədən belə rəvayət etmişdir: “İbn Ömər radilyallahu anhumə dəstəmaz aldığı zaman ayaqqabıları ayağında ikən ayaqlarının üstünə məsh çəkərək dedi: “Peyğəmbər salləllahu əleyhi və səlləm belə edərdi”. (Bu rəvayətin raviləri etibarlı şəxslərdir və bilinən hər hansı bir problemi yoxdur) İmam Əhməd “Müsnəd” kitabında: (5/277), Əbu Davud isə “Sünən”də: (146) “Yahya ibn Səid, Sövr, Rəşid ibn Səd yoluyla Sövban radiyallahu anhunun belə dediyini nəql etmişdir: “Allah Rəsulu salləllahu əleyhi və səlləm düşmənərin üzərinə kiçik bir birlik göndərdi. Soyuqdan zərər görən bu birlik geri döndüyü zaman oradakılar soyuq səbəbiylə çəktikləri sıxıntıdan Peyğəmbər salləllahu əleyhi və səlləmə şikayət etdilər. Bu zaman Allah Rəsulu əsaib və təsaxin üzərinə məsh etmələrini əmr etdi”.

Hicri 358-ci ildə vəfat etmiş olan əl-Xattabi “Məalimu’s-Sünən” kitabında: 1/56 demişdir: “Əsaib başa sarılan sarıq, yəni əmmamə deməkdir. Çünki baş onunla bağlanır. Təsaxin isə corab və buna bənzər hər şeydir”. Azimabadi “Avnu’l-Mabud” əsərində: 1/249, əl-Əyni Əbu Davudun şərhində: 345 və Şövkani “Neylu`l Əvtar”da: 1/207 İbn Raslənin belə dediyini nəql etmişlər: “Təsaxinin əsli; məst, corab və buna bənzər ayağı isidən hər şeydir”.

Əbu Davud demişdir: “Əli ibn Əbu Talib, İbn Məsud, Bəra ibn Azib, Ənəs ibn Malik, Əbu Uməmə, Səhl ibn Səd və Amr ibn Xureys radiyallahu anhum kimi səhabələr corabların üzərinə məsh çəkmişlər. Bu məsələ Ömər ibn Xəttab və İbn Abbas radiyallahu anhumədən də rəvayət edilmişdir. (Əbu Davud: 159, İbn əbu Şeybə: 1/172, Təbərani: 9/251)

İbn Qudamə “əl-Muğni” kitabında: 1/163 demişdir: “İbnu’l-Munzir dedi ki: “Corabların üzərinə məsh çəkməyin mübah olması Allah Rəsulu salləllahu əleyhi və səlləmin bu doqquz sahabəsindən rəvayət edilmişdir: Əli, Ammar, İbn Məsud, Ənəs, İbn Ömər, Bəra, Bilal, İbn əbu Əvfa, Səhl ibn Səd”. İbnu`l-Munzir “əl-Əvsat” əsərində: 2/118 demişdir: “İshaq ibn Rahaveyh demişdir: “Allah Rəsulu salləllahu əleyhi və səlləmin sahabələri və onlardan sonra tabiinin (bu məsələdəki) əməli corabların üzərinə məsh çəkməyin (caiz olduğunu) göstərir. Bu məsələdə onların arasında bir ixtilaf yoxdur”.

İmam Nəvəvi “əl-Məcmu” əsərində: 1/502 demişdir: “Alimlərimiz Ömər və Əli radiyallahu anhumadan, incə də olsa corabların üzərinə məsh çəkməyin caiz olduğunu nəql etmişlər”. İbn Üseymin rahiməhullah Fətvalarında: 4/167 belə demişdir: “Üstünlük verilən görüş deşik və altından dərini göstərəcək qədər incə olan corabın üzərinə məshin caiz olmasıdır. Çünki corab və buna bənzər şeylərin üzərinə məshin caiz olmasında məqsəd, ayağın örtülməsi deyildir. Çünki ayaq, örtülməli olan bir ayıb yer deyildir. İcazənin məqsədi ancaq mükəlləfə bu corabı və ya məsti dəstəmaz alarkən çıxarmaması haqqındakı asanlaşdırmadır. Əksinə bunların üzərinə məsh etmək kifayətdir deyirik. Bu, dində məstlərin üzərinə məshin özü səbəbiylə məşru qılındığı illətdir. Bu mövzuda məst, deşik və ya sağlam corab, incə və ya qalın corab – hamısı eynidir”.

Corab sözünün mənası dilçi və fəqih alimlərin nəql etdikləri şəkliylə istər dil baxımından, istərsə də adət-ənənə etibarilə açıq aşkardır. Heç kim corabın ayaqqabı şəklində olmasını, kipliyini və qalınlığını, nə məfhumun, nə də adlandırılması üçün şərt qoşmamışdır. Fiqh və dilçilikdə corabın mövqeyi mütləq olduğuna görə incə, qalın olan olan hər cürünə corab demək doğru və haqq olar. Allah daha doğrusunu bilər. Süfyan əs-Sovri “Ayağına taxılı olduğu müddət ərzində onun üzərinə məsh çək” demiş və daha sonra belə davam etmişdir: “Mühacir və ənsarın məstləri yırtıq, yamaqlı, parça-parça deyilmiydi?”. (İsnadı səhihdir. Abdu`r-Razzaq: 753, Beyhaqi: 1/283, Muhəllə: 2/102)

İbn Hazm “Muhəllə” əsərində: 2/100 demişdir: “Məstlər və ya ayağa geyilən şeylərdə kiçik və ya böyük, eninə və ya uzununz yırtıq olub ayağın bir qismi açılarsa bu açıqlıq, ayağın kiçik bir hissəsi və ya böyük bir hissəsi, ya da hər ikisi birdən olsa da bunların hamısı eynidir. Bütün bunlara baxmayaraq, geyilən məst və ya corablardan ayaqlara bir şey ilişdiyi müddət ərzində onun üzərinə məsh çəkmək caizdir. Bu, Süfyan əs Sovrinin, Davudun, Əbu Sövrin, İshaq ibn Rahaveyhin fikridir”.