Skip to main content


Azərbaycanlı məşhur dilçi alim – İbnül-Hacib əd-Düveyni

Onun atası Azərbaycanın qədim şəhərlərindən, bu gün qalıqları Ermənistan respublikası ərazisində yerləşən Düveyndə anadan olmuşdu. Cəmaləddin Düveyni uşaqlıq və yeniyetməlik illərində Qahirədə təhsil almış, Qur’ani-Kərimi əzbərləyib hafiz olmuşdu. O, digər şagirdlərdən fenomenal yaddaşı və parlaq zəkası ilə fərqlənmişdi. Qahirədə imam Əbu Muhəmməd Qasım Şatibidən [2]  Qur’an elmlərinə dair bilikləri öyrənmiş, onun yanında “Təysir”i [3]  oxumuşdu. Qahirədə Əbül-Fəzl Muhəmməd ibn Yusif Qəznəvi, Əbül-Cəud, əl-Buseyri, İbn Yasin kimi alimlərdən müxtəlif elm sahələrinə dair bilikləri öyrənmişdi. Daha sonra Dəməşqə getmiş, burada Qasım ibn Əsakir [4], Həmmad əl-Hərrani [5], mühəddisə Fatimə bint Əbü’l-Həsən Sə’dülxeyr əl-Ənsari, Əbu Mənsur əl-Əbyaridən fiqh, hədis, təfsir və filologiya dərsləri almışdı. Təhsilini başa vurduqdan sonra Dəməşqdəki Zaviyətü’l-Malikiyyə mədrəsəsində dərs vermişdi. Həmin illərdə filologiya, fiqh və fiqh üsulu sahələrində bir neçə risalə qələmə almışdı. Alim h. 617-ci (1220) ilə qədər Dəməşqdə qalmış, sonra Qahirəyə qayıtmış və bu şəhərdəki əl-Faziliyyə mədrəsəsində dərs vermişdi. Bir neçə il Qahirədə tədrislə məşğul olduqdan sonra İsgəndəriyyəyə getmiş və bu şəhərdəki mədrəsələrdə dərs vermişdi. Onun yetirmələri arasından Cəmaləddin əl-Fazil, Əbu Muhəmməd Əlcəzairi, Əbu Əli ibnü’l-Cəlal, Əbü’l-Fəzl əl-Ərbili, Əbü’l-Həsən ibnü’l-Baqqal, qaziü’l-quzat Şihabəddin Əbu Abdullah Muhəmməd Xoyi (öl. 1294) kimi alimlər çıxmışdı. Əllamə Cəmaləddin Düveyni həm də istedadlı şair idi. İbn Tağrıbirdi onun haqqında məlumat verərkən şerlərindən nümunələr də nəql etmişdi. Cəmaləddin Osman Düveyni h. 26 şəvval 646-cı (11 fevral 1249) ildə İsgəndəriyyədə vəfat etmiş, Babü’l-Bəhr qəbristanında, şeyx Saleh ibn Əbu Şamənin qəbrinin yanında, dəfn edilmişdi.

Alimin ən məşhur əsərləri ərəb dilinin qrammatikasına dair qələmə aldığı “Kafiyyə fi’n-Nəhv” və “Şafiyyə fi’s-Sərf” adlı iki əsərdir. İbnül-Hacib əd-Düveyninin “Kafiyyə fi’n-Nəhv” və “Şafiyyə fi’s-Sərf” adlı əsərləri bu gün belə ərəb dili təlimində ən çox müraciət edilən əsərlərdəndir. Bunlardan birincisi ərəb dilinin sintaksisi (nəhv), ikincisi isə morfologiyasına (sərf) aiddir. Türkiyənin, eləcə də digər müsəlman ölkələrinin əlyazma əsər saxlanılan bütün kitabxanalarında bu iki əsərin bir və ya bir neçə nüsxəsi mövcuddur. Bu da onu göstərir ki, bu əsərlər uzun müddət mədrəsələrdə ərəb dili dərslərdində əsas dərslik kimi istifadə olunmuşdur. “Kafiyyə fi’n-Nəhv” və “Şafiyyə fi’s-Sərf”in Əbdülqəni əfəndi Nuxavi kolleksiyasından əldə edilmiş birər nüsxəsi Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmlara İnstitutnun fondunda da mövcuddur.

Əllamə Cəmaləddin Osman Düveyninin ərəb filologiyasına dair qələmə aldığı “Əmali”, “Qəsidə fi Bəyani’l-Əsmai’l-Müənnəs”, “Risalə fi Təhqiqi’l-Məf’ulat”, “Vafiyyə fi Şərhi’l-Kafiyyə” adlı əsərləri Ankara Milli kitabxanasında, “Risalə fi’s-Sərf”adlı əsəri Türkiyə Çorum Həsən paşa il halk kitabxanasında, “Qəsidətü’l-Müvəşşəhə bi’l-Əsmai’l Müənnəsə” və “İzah Şərhü’l-Müfəssəl” adlı əsərləri Türkiyə Diyarbəkir İHK, “Safiyyə fi Şərhü’ş Şafiyyə” adlı əsəri Ərzurum İHK, “Mənzumə fi’l-Müzəkkər və’l-Müənnəs” adlı əsəri İstanbul SYEK, “Şərhü’t-Təsrif”, “Muqribü’l-Kafiyyə”, “Şərhu-Şuzuri’z-Zəhəb” adlı əsərləri Türkiyə Kastamonu İHK, “Qəvaidü’l-İ’rab” adlı əsəri Kütahya Vahidpaşa İHK, “Kafiyyə fi’n-Nəhv”, “Şafiyyə fi’s-Sərf”, “Risalə fi Müqəddiməti’l-İ’rab və’t-Təsrif” adlı əsərləri Konya BYEK, “əl-Məsalik” və “Vafiyə fi Şərhi’l-Kafiyyə” adlı əsərləri Manisa İHK, “Şəfa bi Tərifi-hüquqi’l-Mustafa” və “Şərhü’l-Kafiyyə” adlı əsərləri Türkiyə VGMK-nin Ankara şöbəsində saxlanılır. Alimin ərəb ədəbiyyatına dair qələmə aldığı “Şərhü’l-Qəsidəti’t-Təntəraniyyə” adlı əsəri Konya BYEK, əruz vəzninə dair yazdığı “Hidayətü’s-saili’l-qəsdi’l-cəlil fi İlmi’l-xəlil” adlı əsər Kastamonu İHK-də saxlanılır. Cəmaləddin Düveyninin müəllifi olduğu fiqhə dair “Müxtəsər fi Zikri Təbəqatü’l Hənəfiyyə” adlı əsərin bir nüsxəsi Amasiya vilayəti Beyazıd İHK, “Müxtəsərü’l-Müntəlai’l Vüsul” adlı əsərin müəyyən etdiyimiz iki nüsxəsindən biri Konya BYEK-də, digəri isə Qahirədə, Misir Milli kitabxanasında, “Üsuli’l-Fiqh” adlı əsəri isə Konya Yusifağa kitabxanasında mühafizə olunur. Həmin kitabxanada “Kitab Müntəhai’l-Vüsul və’l-Əməl fi İlmi’l-Üsul və’l-Cədəl” adlı əsərinin də bir nüsxəsi mövcuddur. “Müxtəsərü’l-Müntəlai’l-Vüsul”un Qahirədəki nüsxəsində Əzudəddin əl-İcinin (öl. 1355) bu əsərə yazdığı şərh də mövcuddur. Alimin fiqh üsuluna dair “Kitab Müntəhai’l-Vüsul və’l-Əməl fi İlmi’l-Üsul və’l-Cədəl” adlı əsəri h. 1326-cı ildə (1908) Misirdə Mustafa əfəndi əl-Məkkəvi tərəfindən nəşr olunmuşdur.

 

Dr. Elnur Nəsirov

İZAHLAR

1.  Əmir İzzəddin Məvsuk Hezbani Əyyubilər dövləti sultanı Səlahəddin Yusif Əyyubinin (1169-1193) dayısı oğlu və sultanın əmirlərindən biri idi.

2. İmam Əbu Muhəmməd Qasım ibn Firrə Şatibi (1143-1194) Əndəluslu gözdən əlil alim və bütün Qur’an qiraətçilərin ustadı hesab olunurdu. Başqa bir məşhur qiraət və təcvid alimi “Qayətü’n-Nihayə”nin müəllifi İbnü’l-Cəzərinin də müəllimi olmuşdu. Onun müəllifi olduğu “Şatibiyyə” əsəri uzun illər boyu mədrəsələrdə və məktəblərdə Qur’an təcvidi və qiraəti sahəsində dərslik kimi istifadə olunmuşdur.

3. “Təysir fi Qiraəti’s-Səb‘ ” Əbu Əmr Osman ibn Səid əd-Dani (981-1053) tərəfindən qələmə alınmış Qur’ani-Kərimin təcvid və tilavət qaydalarına dair əsərdir.

4. Tarixçi və mühəddis Əbü’l-Qasım Əli ibn Əsakirin (öl. 1175) oğlu idi.

5.  Əbüs-Səna Həmmad ibn Hibətullah əl-Hərrani (1117-1202) yaşadığı dövrün tanınmış filoloq, şair və ədiblərindən biri olmuşdu.

MƏNBƏLƏR

BAĞDADİ, Əbu Bəkr Muhəmməd, Təkmilətü’l-İkmal, C. II, Məkkə 1410.

HƏMƏVİ, Şihabəddin Yaqut, Mu’cəmü’l-Büldan, C. I, Beyrut (trz).

HİMYƏRİ, Cəmaləddin Abdullah, Nisbə ilə’l-Məvazi’, C. I, Beyrut (trz).

İBN HƏCƏR, Əsqəlani, Lisanü’l-Mizan, C. II, Beyrut 1986.

İBN TAĞRIBİRDİ, Cəmaləddin Əbül-Məhasin, Mənhəlü’s-Safi və’l-Müstəvfi bə’də’l-Vafi, (Nşr. M. M. Əmin), C. II, Qahirə 1984.

İBN XƏLLİKAN, Şəmsəddin Əhməd, Vəfayatü’l-Əyan, C. III, Beyrut 1974.

NUEYMİ, Əbdülqadir, Daris fi Tarixi’l-Mədaris, C. II,Beyrut 1990.

SƏM’ANİ, Əbu Səid Əbdülkərim, Kitabü’l-Ənsab, C. I, Beyrut 1988.

ZƏHƏBİ, Şəmsəddin, Siyəru Ə’lamü’n-Nübəla, C. XXIII, Beyrut 1983.

ZİRİKLİ, Xeyrəddin, Ə’lam Qamusü’t-Təracim, C. IV, Beyrut 1980.