Muhəmməd əl-Vaqidi
Mədinədə dünyaya gələn əl-Vaqidi burada İbn İslaq, Mə’mər ibn Rəşid, Əbu Mə’şar əs-Sindi, Süfyan əs-Səvri, Malik ibn Ənəs, İbn Cureyc kimi dövrün tanınmış alimlərindən hədis, təfsir, fiqh və tarix dərsləri almışdı.
Əl-Vaqidi Mədinədə sira və məğazi dərsləri verməyə başlayanda yaşı qırxı ötmüşdü. 786-cı ildə həcc ziyarəti üçün vəziri Yəhya əl-Bərməki ilə Hicaza gələnAbbasi xəlifəsi Harun ər-Rəşid (786-809) Peyğəmbər salləllahu əleyhi və səlləmin dövründə bu yerlərdə cərəyan etmiş hadisələri ən yaxşı bilən bir şəxs tələb etdikdə ona Əbu Abdullah əl-Vaqidini təqdim etmişdilər. Beləcə həcc ziyarəti boyunca xəlifəyə bələdçilik edən əl-Vaqidi ilə Harun ər-Rəşid arasında yaxın münasibət meydana gəlmişdi. 796-cı ildə Mədinədən Bağdada köçən əl-Vaqidi Abbasi sarayının himayəsində elmi fəaliyyətlə məşğul olmuşdu.
Xəlifə Mə’mun (813-833) 819-cu ildə onu Bağdadın şərq qisminə qazı vəzifəsinə təyin etmişdi. Əbu Abdullah əl-Vaqidi də dövrün siyasi abhavasına uyğun olaraq Əməvi əleyhadarı bir mövqe nümayiş etdirmiş tarixçilərdəndir. Sahib olduğu siyasi dünyagörüşü əl-Vaqidinin əsərlərində kəskin şəkildə özünü biruzə verdiyi üçün istər müasiri olan, istərsə də sonrakı dövrdə yaşamış alimlər tərəfindən tənqidə məruz qalmışdı.
Əbu Abdullah əl-Vaqidi “Əxbaru-Məkkə”, “Fütuhu’ş-Şam”, “Fütuhu’l-İraq”, “Məqtəlu’l-Hüseyn”, “Kitabu’l-Cəməl”, “Kitabu’s-Sıffin”, “əs-Sira”, “Kitabu’l-Məğazi”, “Məvlidu’n-Nəbi”, “Əzvacu’n-Nəbi”, “Kitabu’s-Səvaif”, “Darbu’d-Dənanir və’d-dərahim”, “Fütuhu’l-Cəzirə”, “Kitabu’r-Riddə”, “Sirətu Əbi Bəkr və futuhuhu” kimi İslam tarixinə dair bir sıra əsərlərin müəllifidir. Bunlardan bəziləri müasir dövrə qədər gəlib çatmışdır. Əbu Abdullah əl-Vaqidinin tələbələri arasında yetişmiş Muhəmməd ibn Sə’d əl-Bağdadi (784-845) də ustadı kimi məvalidən idi. Daha çox tarixçi-bioqraf kimi tanınan İbn Sə’din ən məşhur əsəri “Kitabu’t-Təbəqatu’l-Kübra” adlanır. İbn Sə’d bu əsərində Peyğəmbər salləllahu əleyhi və səlləmin, səhabə və tabiunun, eləcə də öz dövrünün tanınmış alimlərinin bioqrafiyalarına, həyat hekayələrinə təfərrüatı ilə yer vermişdir.