Tərğib və tərhib (905 səhih hədis)
Həmd aləmlərin Rəbbi olan Allaha, salam və duamız Onun Rəsulu, sonuncu peyğəmbəri olan Muhamməd Mustafa və onun şərəfli səhabələri və əhli beytinə olsun. Bilindiyi kimi əxlaqi və mənəvi həyatımızın gücləndirilməsi, Allahın rizasını qazanmaq üçün əməllərimizin çoxaldılması və bu barədə daha çox səy göstərməyimiz üçün Peyğəmbərimizdən bir çox hədislər rəvayət edilmişdir. Peyğəmbərimizdən sonrakı dövrlərdə mənəvi həyatımızı gücləndirən hədislərin kitab şəklində cəm edilməsi həm o dövr, həm də hazırkı dövr üçün əvəzolunmaz əməldir. Bu mövzuda təlif edilmiş xüsusi kitablar da vardır.
Bilindiyi kimi hədis alimləri qələmə aldıqları kitablarında müxtəlif metodlardan istifadə etmişdirlər. Onlar cami, səhih, müsnəd, mucəm və s. kimi terminlərdən istifadə edərək əsərlər təlif etmiş və hədislərin mövzularına görə daha əlverişli bir şəkildə istifadə edilməsi üçün onları fərqli metodlarla toplamışdırlar. Fəzilətli əməllər, ədəb, gözəl əxlaq, halal və haram mövzuları ilə əlaqədar hədislərin toplandığı əsərlər “Tərğib və Tərhib” və ya “Fəzail” adlanır. Bu mövzudakı məşhur əsərlərdən biri də İmam Munzirinin (ö. 656/1258) "ət-Tərğib və ət-Tərhib minəl-Hədis" adlı əsəridir. İmam Munziri bu əsərində səhih və həsən dərəcəsində olan hədislərlə birlikdə əxlaq və fəzilətli əməllər olması səbəbi ilə bəzən uydurma olmayan “çox zəif” və “zəif” hədislərə də yer vermişdir. İmam Munziridən sonrakı əsrlərdə yaşamış məşhur hədis alimi İbn Həcər əl-Əsqaləni (852-1449) bu əsərdə keçən səhih, həsən və məqbul hədisləri toplayaraq kitabı müxtəsər etmişdir. İbn Həcər müxtəsər etdiyi bu əsərdə sevgili Peyğəmbərimizin mənəvi həyatımızı və əxlaqımızı gözəlləşdirməyə istiqamətlənmiş hədislərini şərh etmədən və açıqlama vermədən təqdim etmişdir. Tərğib (təşviq etmə) başlığı ilə nəbəvi tövsiyələri təqdim etmiş, tərhib (çəkindirmə) başlığı ilə bu mövzuda olan səhvlərə təmas etmişdir. İmam Nəvəvinin "Riyazus-salihin" və İbn Rəcəb əl-Hənbəlinin "Elm və Hikmət Toplusu" adlı gözəl əsərləri kimi bu əsər də xüsusilə xalqın istifadəsi üçün təlif edilmişdir.
İmam Munziri və İbn Həcər əl-Əsqaləni kimi iki məşhur mühəddis alimin qələmindən çıxan və mənəvi həyatımızı gücləndirmək məqsədilə toplanan bu gözəl əsəri öz doğma dilimizə tərcümə etmək şərəfi bizə nəsib oldu. Əsərin tərcümə prosesi təxminən iki il davam etdi. Artıq onu hazırlayıb Azərbaycan oxucusuna təqdim etmək xoşbəxtliyinə nail olduğumuz üçün Allaha həmd edirik. Əsərimizin tərcüməsində bizə dəstək olan hər bir kəsə öz təşəkkürümüzü bildirməyi borc bilirik və inanırıq ki, bu tərcüməmiz Azərbaycan cəmiyyətində əxlaqi yüksəlişin inkişafı üçün bir vasitə olacaqdır. Hər bir bəşər işi kimi bu kitabımızda da bəzi orfoqrafik və leksik səhvlərimiz ola bilər. Səhvlərimizi düzəltmək üçün bizə yol göstərən dostlarımıza da öncədən təşəkkürümüzü bildiririk. Müvəfəqiyyət Allahdandır.