Skip to main content


Sübh namazına oyanmaq üçün qızıl qaydalar


Sübh namazına qalxmaqda çətinlik çəkirsiz? və bu problemi heç cür həll edə bilmirsiz? Yeni Nəsil ailəsi olaraq bu problemi aradan qaldırmaq üçün aşağıdakı üsulları təqdim edirik.

  1. Tez yatmaq, hətta zəruri olan yuxu ehtiyacını ödəyə bilmək.

Əks halda sübh namazının vaxtı çıxana kimi ya oyanmaq mümkün olmur, ya da oyanan kəs sərxoş və yorğun halda olur. Bu barədə Aişə radıyallahu anhədən rəvayət olunan bir hədisdə deyilir: “Peyğəmbərimiz salləllahu əleyhi və səlləm işa namazından öncə yatmağı və işadan sonra danışmağı xoş görməzdi. (Buxari, Müslim, Tirmizi).

  1. Dəstəmazlı olmağa və yatağa girəndə sünnətdə nəql olunmuş zikrləri etməyə həris olmaq.

Bu da sübh namazına oyanmağa təsir edən amillərdəndir. Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurur: “Yatacağın zaman dəstəmaz al, sonra sağ tərəfin üstə uzanıb yat. (Sonra belə dua et) “Allah`ım sənə təslim oldum. İşimi də sənə həvalə etdim. Səni sevdiyim və Səndən qorxduğum üçün Sənə tutundum. Ancaq Sənə sığınıram. Qurtuluşum da Səndəndir. Endirdiyin Kitaba və göndərdiyin Peyğəmbərə iman etdim”. (Müslim/Zikr 56).

  1. Yuxudan oyanan kimi dərhal uca Allah`ı zikr etmək.

Bununla şeytanın düyünlərindən bir düyün açılar. Daha sonra dəstəmaz almaqla şeytan ondan uzaqlaşar. Namazı qıldıqda isə hər şey yoluna düşər. Bir hədisində Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurur: “Sizdən biriniz yatanda şeytan ənsəsinə üç düyün atar. Hər düyünü atarkən düyün atdığı yerə əli ilə vuraraq “üzərinə uzun bir gecə olsun, yat” arzusunu edər. İnsan oyanar və Allah`ı zikr edərsə, bir düyün açılar, dəstəmaz alarsa ikinci düyün açılar və bir də namaz qılarsa bütün düyünlər açılmış olar. Beləcə qul canlı və xoş bir hal ilə səhərə yetişər. Əks halda xəbis ruhlu içi qaralmış, və yuxulu (key) bir halda səhərə yetişər”. (Buxari/Təhəccüd 12).

  1. Namaza oyanmaq üçün ev əhlinin və salehlərin köməyindən istifadə etmək. Məsələn, müsəlmanların sübh vaxtı telefonla zəng edib bir-birlərini namaza oyatmaları kimi.Ailənə namazı əmr et və onda sabit ol.(Tahə 132)

Aişə radiyallahu anhənin belə dediyi rəvayət edilmişdirr: “Mən Allah Rəsulunun yanında uzanıb yatarkən, o gecə namaz qılardı. Vitr namazı qılacağı zaman məni oyadar “Ey Aişə qalx vitri qıl” deyərdi”.

  1. Allah təaladan sübh namazını əda etmək üçün müvəffəqiyyət diləmək. Həqiqətən də dua çox şeydə nicat tapmağın və müvəffəqiyyətin ən böyük səbəblərindəndir.

Ənəs ibn Malikdən Peyğəmbər salləllahu əleyhi və səlləmin belə dediyi rəvayət olunmuşdur: “Allah təala buyurur: “Ey Adəm övladı! Sən Mənə dua etdiyin və Məndən ümidvar olduğun müddətcə, sən nə niyyətlə etmiş olsan da fikir verməz və günahlarını bağışlayaram”. (Tirmizi/ Dəvət, Tövbə)

Allah təala Quranda buyurur: Mənə Dua edin duanıza cavab verim (Mömin 40/60)

  1. Yatanın üzünə (onun öncədən razılığı ilə) su səpmək.

Bu da şərii vasitələrdən sayılır. Peyğəmbər salləllahu əleyhi və səlləm “Gecə qalxıb namaz qılan sonra xanımını da qaldıran, əgər qalxmazsa üzünə su səpərək oyadan şəxsə Allah rəhmət etsin. Eyni şəkildə gecə qalxıb namaz qılan sonra ərini da qaldıran, əgər qalxmazsa üzünə su səpərək oyadan qadına da Allah rəhmət etsin! (Əbu Davud/Tavattu, Vitr, 13).

  1. Mənzildə tək yatmamaq.

 Bu ən əsası insanı səhər qalxmaq üçün başqalarının dəstəyindən məhrum edir. Hədisdə deyilir: Artıq Allah Rəsulu salləllahu əleyhi və səlləm evdə tək yatmağı qadağan etmişdir. (Əhməd, “Müsnəd”: 2/91, Albani, “əs-Silsilətu`s-Sahihə”: 60).

  1. İnsanların nəzərindən uzaq, bilmədiyi yerlərdə yatmamaq.

İnsanlar səndən xəbərdar olsun ki, yatıb qalsan səni oyatsınlar. Allah təala buyurur: Yaxşı əməl və təqvada qarşılıqlı yardımlaşın. (Maidə 2)

  1. Sübhün sünnətindən sonra sünnətə uyğun uzanmaq məsələsində çox ehtiyatlı olmaq.

Bu uzanış yatmaq üçün deyil. Allah Rəsulu salləllahu əleyhi və səlləm (dik-qalxmış) sağ əlinin üzərinə söykənərdi. Bu narahat bir uzanışdır və yuxuya mane olur. Bundan əlavə Bilal radiyallahu anhu Peyğəmbəri namaza çağırmaqla mükəlləf idi.

  1. Gecə namazına sübh namazına yaxın vaxtda, gecənin son 3/1-də qalxmaq.

Belə ki, vitr namazından bir qədər sonra artıq sübh namazının azanı verilmiş olsun. Əbu Hüreyrə radiyallahu anhudan Peyğəmbər salləllahu əleyhi və səlləmin belə buyurduğu rəvayət olunmuşdur: “Rəbbimiz hər gecə gecənin son üçdə birində dünya səmasına enər və belə buyurar: “Mənə dua edənə icabət edərəm, məndən istəyənə verərəm, məndən bağışlanma diləyəni bağışlayaram”, bu fəcr doğana qədər belə davam edər”. (Buxari 7494, Müslim 758, Tirmizi 279/892).

  1. Yataqda yatarkən Allah Rəsulusalləllahu əleyhi və səlləmətabe olmaq; sağ tərəf üzərində, üzü sağ əlin ovcuna qoyub yatmaq.

Bu digər yatış şəkillərindən fərqli olaraq yuxudan oyanmağı asanlaşdırır. Üzü aşağı yatmaq ədəbə zidd olan bir yatış şəklidir. Hətta Allah Rəsulu salləllahu əleyhi və səlləmbuyurur: “Bu yatış şəkli, cəhənnəm əhlinin yatışıdır”.(İbn Məcə 7792, Əbu Davud 7793, Tirmizi 5759) Əksinə Peyğəmbər salləllahu əleyhi və səlləm yatacağı zaman sağ tərəfi üzərində yatardı. (Buxari, Müslim, Əbu Davud, Tirmizi 9362)

  1. İmkan olduqca qaylulə etmək, yəni günorta bir qədər yatmaq.

Peyğəmbər salləllahu əleyhi və səlləm və əshabı Ərəbistanın qızmar istisindən qorunmaq və gecə ibadətlərini yerinə yetirə bilmək üçün qaylulədən yararlanırdılar. Peyğəmbər salləllahu əleyhi və səlləm buyurur: “Gündüz orucu üçün səhur yeməyindən və gecə ibadətinə qalxmaq üçün qaylulədən yararlanın”. (İbn Məcə/Savm 22).

  1. Əsr və məğrib namazlarından sonra yatmamaq.

Çünki bu vaxtlarda yatmaq günün sonunda insanda yuxusuzluq yaradır. Peyğəmbər salləllahu əleyhi və səlləm İşa namazından öncə yatmağı, namazdan sonra oyaq qalmağı da qadağan etmişdir (Buxari, Müslim, Tirmizi, Əbu Davud 2287) Yəni müsəlman işa namazını ən son görəcəyi iş olaraq qılıb yatmalıdır. “Kim əsr vaxtından sonra yatar və ağlında bir nöqsan yaranarsa ancaq özünü qınasın” (Acluni/“Kəşfu’l-Hafə”: II, 284; Əbu Yələ/“Müsnəd” VIII, 316)

  1. İxlaslı olmaq. Həqiqətən də hər bir işin başında gələn əsas şey ixlasdır.

Peyğəmbər salləllahu əleyhi və səlləm bir hədisində buyurur: “Xəbəriniz olsun ki, bədəninizdə bir ət parçası vardır. Əgər o islah olarsa bədənin digər orqanları da islah olar. Əgər o pozularsa bədənin digər orqanları da pozular. O ət parçası qəlbdir” (Buxari, Müslim, Nəvəvi “40 hədis”)

Digər bir hədisində isə Allah Rəsulu saləllahu əleyhi və səlləm buyurur: “Allah sizin bədəninizə və surətinizə baxmaz.  Ancaq qəlblərinizə baxar”. (Müslim)

Sübh namazına qalxmaq üçün digər faydalı nəsihətləri isə aşağıdakı kimi sıralaya bilərik.

  1. Xəbərdaredici vasitələrdən istifadə etmək. Məsələn, saatın zəngindən. 

Eyni zamanda bu vasitələri yataqdan bir qədər uzaqda qoymaq lazımdır ki, insan yuxulu ikən əlini uzadıb onu söndürə bilməsin.

  1. Yatmazdan öncə sübh namazına durmaq üçün sadiq niyyətli və əzmli olmaq.

Tənbəlliyindən dolayı oyanmamağı arzulayan kəs isə, belə pis niyyətlə sübh namazını qılmağa müvəffəq olmaz.

  1. Yuxudan oyanmağa çalışmaq və oyanan kimi ilk dəfədən yataqdan qalxmaq.

Əks halda insan yenidən dərin yuxuya gedə bilər.

  1. Saatın zəngini namazın vaxtından çox əvvələ qurmamaq. 

Çünki insanların çoxu belə olduqda “hələ vaxt var” deyib yatağa qayıdır və yenidən dərin yuxuya gedir.

  1. Oyanan kimi işığı yandırmaq. Çünki işıq yuxunu dağıdan amillərdəndir.
  2. Çox yuxusuz qalmamaq. Hətta gecə namazına qalxsa belə.
  3. Yatmazdan öncə çox yeyib-içməmək. Bu ağır yuxuya səbəb olan amillərdəndir.

Allah Təalə sizləri bizləri müvəffəq etsin. Amin!!!