Sünnət olan namazlar
Sünnət olan bu namazların hər birini ayrıca bir bölümdə geniş olaraq sizə təqdim edəcəyik.
Fərzlərlə qılınan sünnət namazları
Fərzlərlə birlikdə qılınana sünnətlər 17 rəkat namazdan ibarətdir;
Sübh namazından əvvəl iki rəkat.
Buxari (1116) və Müslim (724) Aişə radiyallahu anhənin belə dediyini rəvayət etmişlər: “Peyğəmbər salləllahu əleyhi və səlləm nafilə namazlardan heç birini sübh namazının iki rəkatını qoruduğu qədər qorumazdı”.
Zöhr (günorta) namazından əvvəl dörd rəkat, sonra iki rəkat.
Buxari (1127) Aişə radiyallahu anhənin belə dediyini rəvayət etmişdir: “Peyğəmbər salləllahu əleyhi və səlləm zöhr namazından əvvəl dörd rəkat, sübh namazından əvvəl də iki rəkat namaz qılmağı tərk etməzdi”.
Müslim (730) (Aişə radiyallahu anhənin belə dediyini) rəvayət etmişdir: “(Peyğəmbər salləllahu əleyhi və səlləm) zöhrdən əvvəl mənim evimdə dörd rəkat namaz qılardı. Çıxıb insanlarla birlikdə (zöhr namazını) qılırdı. Daha sonra yenə evə qayıdaraq iki rəkat namaz qılırdı”.
Sünən sahiblərinin rəvayət etdikləri və Tirmizinin (427, 428) səhih olduğunu dediyi bir hədisdə Ummu Həbibə radiyallahu anhənin belə dediyi rəvayət olunmuşdur: “Peyğəmbər salləllahu əleyhi və səlləmin belə dediyini eşitdim: “Kim zöhrdən əvvəl dörd rəkat və zöhrdən sonra dörd rəkat namaz qılarsa Allah təala atəşi (cəhənnəmi) ona haram edər”.
Cümə namazı da sünnətlər baxımından eynilə zöhr namazı kimidir. Çünki zöhr namazını əvəz edir. Müslim (881) Əbu Hüreyrə radiyallahu anhudan belə dediyini rəvayət etmişdir: “Allah Rəsulu salləllahu əleyhi və səlləm belə buyurmuşdur: “Sizdən hər kim cümə namazını qılarsa ondan (cümədən) sonra dörd rəkat namaz qılsın”. Tirmizi (523) İbn Məsud radiyallahu anhunun cümədən əvvəl dörd rəkat, cümədən sonra dörd rəkat namaz qıldığını rəvayət etmişdir.
Əsr namazından əvvəl dörd rəkat.
Tirmizi (430) Abdullah ibn Ömər radiyallahu anhumadan Peyğəmbər salləllahu əleyhi və səlləmin belə dediyini rəvayət etmişdir: “Əsrdən əvvəl dörd rəkat namaz qılan şəxsə Allah rəhm edər”.
Əsrdən əvvəl qılınan dörd rəkatlıq namaz iki-iki olmaqla ayrı-ayrı qılınır. Tirmizi (429) və başqaları Əli ibn Əbu Talib radiyallahu anhunun belə dediyini rəvayət etmişlər: “Peyğəmbər salləllahu əleyhi və səlləm əsrdən əvvəl dörd rəkat namaz qılardı. Onların arasını salam verməklə ayırardı”.
Məğrib (axşam) namazından sonra iki rəkat.
Buxari (1126) və Müslim (729) Abdullah ibn Ömər radiyallahu anhudan belə dediyini rəvayət etmişlər: “Peyğəmbər salləllahu əleyhi və səlləmdən on rəkat namaz öyrəndim; zöhrdən əvvəl iki rəkat, zöhrdən sonra iki rəkat, məğribdən sonra öz evində iki rəkat, işadan sonra öz evində iki rəkat, sübh namazından əvvəl iki rəkat.....”.
Bu hədisdə qeyd olunan on rəkat digərlərindən daha güclüdür.
Məğrib namazından əvvəl iki rəkat namaz qılmaq da müstəhəb (bəyənilən) əməllərdən sayılır. Buxari (599) və Müslim (837) Ənəs ibn Malik radiyallahu anhudan belə dediyini rəvayət etmişlər: “Biz Mədinədə idik. Müəzzin məğrib namazı üçün əzan verdiyi zaman insanlar hamılıqla iki rəkat namaz qılardılar. Hətta elə bir vəziyyət alınırdı ki, məscidə yeni girən şəxs namaz qılanların sayının çox olmasından camaat namazının bitdiyini zənn edirdi”.
İşa (gecə) namazından sonra üç rəkat olar ki, bunlardan da sonuncu bir rəkatı vitr namazıdır.
Buxari (1126) və Müslim (729) Abdullah ibn Ömər radiyallahu anhudan belə dediyini rəvayət etmişlər: “Peyğəmbər salləllahu əleyhi və səlləmdən on rəkat namaz öyrəndim; zöhrdən əvvəl iki rəkat, zöhrdən sonra iki rəkat, məğribdən sonra öz evində iki rəkat, işadan sonra öz evində iki rəkat, sübh namazından əvvəl iki rəkat.....”.
Müslim (752) Abdullah ibn Ömər radiyallahu anhudan belə dediyini rəvayət etmişdir: “Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurmuşdur: “Vitr namazı gecənin sonunda bir rəkatdır”.
Bu isə vitrin minimum sayıdır. Orta olanı isə üç rəkatdır. Vitrin maksimum sayı isə on bir rəkatdır.
Buxari (1071), Müslim (736) və başqaları Aişə radiyallahu anhədən belə dediyini rəvayət etmişlər: “Allah Rəsulu salləllahu əleyhi və səlləm işanı bitirdikdən sonra sübh namazına qədər on bir rəkat namaz qılardı. Hər iki rəkatdan bir salam verərədi. Sonra bir rəkatı tək qılardı. Müəzzin sübh namazının azanını verdikdən və ya sübhün vaxtı girdikdən sonra iki rəkat qısa namaz qılardı. Daha sonra müəzzin iqamə vermək üçün gələnə qədər sağ tərəfi üzərinə söykənərdi”.
Əbu Davud (1422) və başqaları Əbu Əyyub əl-Ənsari radiyallahu anhudan belə dediyini rəvayət etmişlər: “Vitr haqdır. Kim vitri beş rəkat qılmaq istəsə qılsın. Kim vitri üç rəkat qılmaq istəsə qılsın. Kim də vitri bir rəkat qılmaq istəsə qılsın”.
İşadan əvvək iki rəkat namaz qılmaq da müstəhəb olan əməllərdən sayılır.
Buxari (601) və Müslim (838) Abdullah ibn Mufaddal radiyallahu anhudan belə dediyini rəvayət etmişlər: “Peyğəmbər salləllahu əleyhi və səlləm belə buyurmuşdur: “Hər dəfə verilən iki əzanın (əzanla iqamənin) arasında namaz var. Hər dəfə verilən iki əzanın arasında namaz var”. Üçüncü dəfə də eyni şeyi təkrarlayaraq belə buyurdu: “İstəyən üçün”.