Ruzini artıran və azaldan səbəblər


 

Bu gün insanların çoxu islamı tərk edib, Allahın əmrlərinə və qadağalarına riayət etmirlər və İslam dininin göstərdiyi rahatlıq və hüzur yolundan ayrılıblar. Ona görə də, dünyada bərəkət qalmayıb, maddi və mənəvi ruzilər də azalıb. Bir ayəti-kərimədə Allah bizə deyir:

“Məni unutsanız [maddi və mənəvi] ruzilərinizi azaldaram. [Taha 124]

Dövrümüzdə zəmanəyə, modaya tabe olmadan olmur, deyərək uşaqlarını pul qazanmaq üçün haram yerlərə göndərənlər çoxalır. Ac qalmaqlarından qorxaraq onlara dinlərini öyrətmirlər. Allaha sevgi yetərincə deyil, insanlar işi itirməkdən qorxur, lakin Allahın qəzəbinə tuş gələcək işlər görməkdən qorxmurlar. Halbuki düşünmürük ki, o ruzini qarşımıza çıxaran Allahdır, bütün mal-mülk Onundur. Mülkün Sahibinə üz tutmaq əvəzinə, Ondan uzaqlaşmaqla var-dövlət qazanmaq axtarışındayıq. Halbuki Allah Təalə Quranda belə buyurur: “Allahdan qorxana, Allah çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər. Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü qoymuşdur.” (Talaq 2-3)

İnsanlar övladlarına Qurani-kərim oxutmur, balalarını cahillərin əllərinə tərk edirlər. Uşaqlar dinsiz, imansız böyüyür. Gələcəklərini qazansınlar deyərək namuslarının, həyalarının yox edilməsinə hansı vicdan razı olar? “Namaz qarın doyurmur, qızların ev işlərini öyrənməsi çörək pulu gətirmir. Zəmanə ilə ayaqlaşmasaq, dinə bağlı qalsaq sürünərik” kimi dar düşünənlər də vardır. Peyğəmbər s.a.s buyurmuşdur: “Bir zaman gələcək ki, insanlar, yalnız malın, pulun gəlməsini düşünəcək, halalını və haramını düşünməyəcəklər.” [Buxari]

 Halbuki, övladlara kiçik ikən dinləri, imanları öyrədilsə, Qurani-kərim oxudulsa və bundan sonra da Allahu təalanın əmrlərinə uyğun olaraq pul qazanmağa çalışdırılarsa, yenə eyni ruziyə, həm də asan və rahat çəkildə qovuşarlar. Anaları, ataları və uşaqlar həm savab qazanar, həm də qazanclarının xeyrini görərlər. Dünyada və axirətdə xoşbəxt olarlar. Bunu vəd edən məhz Allahdır, Quranda bu haqda belə deyilir: “O zaman Rəbbiniz bildirmişdi: “Əgər şükür etsəniz, sizə olan nemətimi artıraram, yox əgər nankorluq etsəniz, bilin ki, Mənim əzabım şiddətlidir”. (İbrahim, 7)

İnsanlar düşünmədən günahlar edir, hələ bəhanə də edirlər ki, “Əşi hamı edir, ancaq elə mənə çatanda günah olur?” “5 günlük dünyadı, nə istəsən et” “İndi hansı zamanədi ki, belə şeylər düşünək?” Lakin gecə-gündüz günah edən insan başına bəla gələndə, dolanışıq tapmayanda həmişə başqalarını günahlandır. Başqa vaxt heç Allahı vecinə almayan şəxs başı dərdə düşəndə Allaha hirslənir, sanki bütün bunlara səbəb öz etdiyi günahlar deyil, bir başqasıdı ya da Allahdı. Gündə 5 dəfə üz hüzuruna çağıran Allahı eşitmir, Onu heç yadına salmır, sonra deyir: “Ruzim çəkilib. Eləbil hər yerdə qapılar üzümə bağlanır, işim daşdan çıxır”. Halbuki peyğəmbər s.a.s belə buyrur: “Günah etmək, ruzidən məhrum olmağa səbəb olur.” [İbn Macə]

İnsanlar arasında zina, fühuş baş alıb gedir. Bu dəhşətli günahı edənlər də əslində öz əlləri ilə öz ruzi qapılarını bağlayırlar. Allaha üsyan etmək insanı ancaq ziyana salar. Bir hədisdə belə deyilir: “Zina yoxsulluğa səbəb olur.” [Beyhəki, Kenzu'l-Ummal, h. No: 12989)

Ruzzimiz azalıb. Çətinliklə dolanırıq.

Bəs ruzimizi necə artıraq?- deyə soruşursunuzsa deyəcəyimiz tövsiyyələri qaçırmayın.

1.Öz bacarığını kəşf edib, ruzi qazanmaq üçün səy göstərməklə

Elə insanlar var ki, iş tapmaq üçün bir addım atmır, hansısa bacarığı  varsa da bunu üzə çıxarmağa, inkişaf etdirməyə çalışmır. Amma iş tapmayanda ancaq başqalarını günahlar görür. Bu düzgün deyil. Peyğəmbər s.a.s buyurur: Haqq təala Həzrəti Adəmə min növ sənət öyrətdi və buyurdu: Qoy nəsliniz bu sənətlərdən biri ilə ruzisini axtarsın! Dini dolanışıq vasitəsinə çevirməyin!) [Hakim]

2.Allahdan bağışlanma diləmək və tövbə etməklə

Bu xüsusda Uca Allah buyurur: "Və dedim: "Tövbə edib Rəbbinizdən bağışlanmağınızı diləyin. Çünki O, tövbə edən bəndəsinin günahlarını çox bağışlayandır! O sizə göydən bol yağış göndərər; O sizə mal-dövlət, oğul-uşaq əta edər. O sizin üçün bağlar-bağçalar yaradır və çaylar axıdar!" (Nuh, 10-12).

3.Allahdan qorxmaq və günahlardan çəkinməklə

Uca Rəbbimiz buyurur: "Kim Allahdan qorxsa, Allah ona hər çətinlikdən sonra bir çıxış yolu bəxş edər və ona gözləmədiyi yerdən ruzi verər". (ət-Talaq, 2-3).

"Əgər o ölkələrin əhalisi iman gətirib (Allahdan) qorxsaydı, əlbəttə, Biz onların üstünə göydən və yerdən bərəkət (qapılarını) açardıq. Lakin onlar (peyğəmbərləri) yalançı hesab etdilər. Biz də onları qazandıqları günahlara görə (əzabla) yaxaladıq". (əl-Əraf, 96).

4.Yalnız Allaha təvəkkül etməklə

Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Əgər siz Allaha layiqincə təvəkkül etsəniz, O, quşa ruzi verdiyi kimi, sizə də ruzi verər. Belə ki, quş səhər-səhər yuvasından qarnı ac uçub gedir, axşam isə ora tox qayıdır".

5.Dua etməklə

Ummu Sələmə (Allah ondan razı olsun) Allahın Elçisinin (salləllahu aleyhi və səlləm) sübh namazının axırında salam vermək istədikdə belə söylədiyini nəql edir: "Allahummə inni əsəlukə rizqan tayyibən, va ilmən nəəfiən va amələn mutəqabbilən" (Allahım səndən halal ruzi, faydalı elm və qəbul olunmuş əməllər istəyirəm)". (İbn Məcəh, 925).

"Allahım! Mənim günahımı bağışla, evimə genişlik ver və mənə lütf etdiyin ruzini də bərəkətli et!" (Əhməd: "Musnəd", 4/63).

"Allahım! Məni o qədər halal ruzi ilə qane et ki, harama girməyim. Məni kərəminlə elə zəngin et ki, Səndən başqasına möhtac olmayım!" Amin

6.Nemətlərə görə şükür etməklə

Uca Yaradan Qurani Kərimdə belə buyurur: "O zaman ki, Rəbbiniz bildirmişdir: "Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, bilin ki, Mənim əzabım şiddətlidir". (İbrahim, 7).

7.Qohumluq əlaqələrini möhkəmləndirməklə

Ənəs ibn Məlik (Allah ondan razı olsun) Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) belə dediyini xəbər verir: "Kim ruzisinin artmasını və ömrünün uzanmasını istəyirsə qohumluq əlaqəsini saxlasın". (Səhih əl-Buxari, 2067; Səhih Muslim, 2557).

8.Tez-tez sədəqə vermək

Allah Təlaə Quranda buyurur: "Mallarını Allah yolunda xərcləyənlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah dilədiyi kimsənin (mükafatını) artırar. Allah (hər şeyi) Əhatə edəndir, Biləndir". (əl-Bəqərə, 261).

Əbu Hureyrə (r.a) Peyğəmbərin (s.a.s) belə söyədiyini rəvayət edir: "Sədəqə malı azaltmaz". (Səhih Muslim). İmam Nəvəvi demişdir: "Alimlər bu hədisin iki mənasını qeyd etmişlər. Birinci mənaya görə sədəqə verdikdə mal bərəkətlənir və bundan zərər sovuşur. Deməli açıq-aydın azalma gizli bərəkət ilə əvəz olunur. Bu təcrübədən bilinən və hiss olunan bir şeydir. İkinci mənaya görə isə görünüşdə malın azaldığı görünsə də, bundan gələn savabın əvəzi olacaq və qat-qat artacaq".

9.Qənaətlə yaşamağı öyrənməklə

İnsanlar bir çox halda düzgün xərcləməyi bilmir, əlinə pul düşən kimi tez xərcləyir, sonra ay sonuna qədər pulsuz qalır, başlayır başqalarında borc istəməyə. Halbuki ay ərzində standart ehtiyac və xərclərini düzgün bölüşdürsə yəni qənaətcil yaşasa bəlkə qazancı ona artıqlaması ilə bəs edəcək. 

Bir hədisdə peyğəşmbər s.a.s buyurmuşdur: Allah təalanın verdiyi ruziyı qənaət edən mömin qurtulmuştur. [Müslim]

Bəzən insanlar mal-mülk yığmağı həyatının əsas məqsədi halına gətirir. Onun bunun haqqını tapdalıyır, onun bunun malına göz dikir, müsadirə edir, vəya bunları etməsə də, ömrünü ancaq daha çox sərvət sahibi olmağa həsr edir. Nəticədə ən böyük mənəvi yoxsulluğa, Allahsız bir həyata sahib olur. Bəzən belə şəxslər əlində olanla kifayətlənmir, daha çoxuna nail olmadıqca sanki yoxsul hiss edir. Yəni bitməyən bir ehtiras, artdıqca daha çoxuna həris olan yoxsulluq hissi. Bir hədisdə Peyğəmbərimiz (s) buyurmuşdur: "Mal-mülkə düşkün olmaqdan çəkin, çünki ehtiras hazır/tezliklə gələn bir yoxsulluq deməkdir." (Hakim, 4/326).

Allahdan xeyirli ruzi və bərəkət diləyilə…


 

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.