Faydalı Dərslər 7 - Çıxış yolu nədir?
Bu ayənin enmə səbəbi bizim üçün ən gözəl ibrətdir. Avf ibn Malik əl-Əşcainin oğlunun düşmənə əsir düşməsi, atasının Allah Rəsulu salləllahu əleyhi və səlləmə şikayət etməsi, Peyğəmbər salləllahu əleyhi və səlləmin ona bu ayəni oxuyaraq səbr edib Allah`dan çıxış yolunu gözləməyi nəsihət etməsi və nəticədə uşağın düşməndən xilas olaraq həm də böyük bir sürü (mal-qara) ilə geri dönməsi Allah`ın sonsuz qüdrətinin bariz nümunəsidir.
Ayə bizə Allah`ın gözləmədiyimiz yerdən dəyərləndirə bilmədiyimiz qədər ruzi verəcəyini vəd edir. Yəni kim səbəblərə sarıldıqdan sonra, məsələn ruzi qazanmaq üçün çalışdıqdan sonra Allah`a təvəkkül edərsə, önəmli bütün işlərində Allah ona bəs edər.
Bu ayə ümumi bir qaydadır və qalıcı bir gerçəkdir. Allah bizə dünya və axirətdə uğrayacağımız sıxıntılardan qurtulmaq üçün bir çıxış yolu göstərir. İnsan bəzən elə bir ehtiyac, elə bir sıxıntı içində ola bilər ki, artıq halal olmayan yollara əl atmağa məcbur olduğunu düşünər. Allah qorxusu və Allah`a olan ümiddən başqa heç nə o kəsi bu əməldən çəkindirə bilməz. Məhz, bu gün cəmiyyətimiz dəbdəbəli toy mərasimi keçirmək və ya maşın almaq üçün banka, faizə girməyə özlərini məcbur hiss edir. Başqa bir misalla ya iş yerində, təhsil aldığı yerdə çıxan problemləri rüşvətlə-ən asan yolla həll etməyə çalışırlar. Halbuki həmin şəxslər daima məclislərdə rüşvətin, faizin cəmiyyəti məhvə, uçuruma apardığını söyləyirlər.
Bu gün insan deyə bilər ki “maaşım azdır deyə rüşvətə əl atıram”, “nə edim ruzim azdır, banka getməyə məcburam”, “İşdə ibadətə icazə vermilər, amma məcburam çörək pulu qazanım”. Lakin insan düşünməlidir ki, əgər səmimi olaraq Allah`a təvəkkül etsə və halal yollara əl atsa Allah onun ruzisini mütləq artırar. Həm də heç gözləmədiyi yerdən.
İnsan bəzən düşünür ki, “Axı mən yaxşı insanam, kiməsə pisliyim dəymir, ibadət edirəm lakin ruzim heç artmır, məcburam digər (halal olmayan) yollarla ehtiyaclarımı ödəyim”. Unutmayaq ki, insan Allah`a təslim olmuş bir qul olsa da bəzən müəyyən günahları tərk edə bilmir. Bu günahlar Allah`ın ona ruzi qapılarını açmasına mane olur. Bu zaman etməli olduğumuz şey öz yanlışlarımızı axtarmaq, onları düzəltməyimiz üçün Allah`dan yardım istəmək və başqalarına yaxşılıq etməkdir. Əhməd b. Hənbəl demişdir: “Vəqi Səvbandan Allah Rəsulu salləllahu əleyhi və səlləmin belə buyurduğunu rəvayət etmişdir: “Qul günahları səbəbiylə öz payına düşən ruzidən məhrum edilər. Duadan başqa heç bir şey qədəri geri çevirməz. Ömür ancaq yaxşılıqla artar”.
Digər tərəfdən bəzən özümüz də bilmədən dünya və içindəkilərə bel bağlıyır, onlardan kömək gözləyirik. Məsələn insanlar bir çox halda işlədiyi şirkətdən və ya müdirdən özlərini asılı hiss edirlər. İşini itirmək qorxusu onlara bir çox günahları etməyə, bəzən ibadəti tərkə vadar edir. Belə etməklə müdirin rəğbətini qazanacağımızı və vəzifəmizin artacağını düşünürük. Unutmayaq, Züleyxanın şəhvət istəklərinə boyun əyməyən, nəticədə 8 il həbs edilən Yusif əleyhissalam, Allah`ın əmrinə qarşı çıxmadığı üçün Rəbb`i tərəfindən mükafatlandırıldı və Misirdə Firondan sonra ən üstün məqam sahibinə çevrildi. Yəni, iş və ibadət arasında seçim etmək kimi nəfsə ağır gələn hallarda belə qul Allah`ın əmrlərinə itəat etsə, Allah ona çıxış yolu göstərər, hətta əldə edə biləcəyindən çox daha yaxşı bir məqama gətirər. Bəzən bunun üçün bir xeyli müddətin keçməsi lazım gələ bilər. Bu isə insanı bəzən çaşdırır və atdığı düzgün addımın Allah tərəfindən dəyərləndirilmədiyi kimi hislərə qapılır. İman iki sinifdir, bir sinifi səbr, digər sinifi şükürdür. (İbn Qayyim əl-Cəvziyyə “Uddatu's- Sabirin”)
Bəzən isə insan dildə “Allah`a təvəkkül etdim” desə də reallıqda başqasından kömək umur. Yəni qəlbiylə Allah`a təvəkkül etmir. Bu da gerçək təvəkkül olmadığı üçün sözlər ona fayda verməz. Bu bir növ qəlbin günahlarda israr etməsiylə bərabər dilin tövbə etməsinə bənzəyir (İbn Qayyim, Fəvaid). İbn Əbu Hatim Əli ibn Hüseyndən, onun da İmran ibn Husayndan rəvayəti ilə Allah Rəsulu salləllahu əleyhi və səlləmin belə buyurduğunu rəvayət etmişdir: “Kim Allah üçün çəkilərsə, Allah onun üçün hər şeyə kafidir. O (Allah) gözləmədiyi yerdən onu ruziləndirər. Kim də dünyaya bağlanarsa onu dünyaya həvalə edər (Dünya və içindəkilərin ümidinə buraxar). Kim Allah`a təvəkkül edərsə, O (Allah) ona yetər”.
Digər bir məsələ isə, insanın təbiətindəki tələskənlikdir. Biz bir sıxıntımız olanda bəzən dərhal uyğun məkan və ya şəxs axtarırıq ki, bu problemi tezliklə aşmağımıza səbəb olsun. Halbuki hərşeydən öncə Allah`a əl açıb Ondan çıxış yolu, bir asanlıq diləməliyik. Daha sonra isə dünyəvi vasitələrə səbəb olaraq sarılmalıyıq. Abdullah ibn Məsuddan Allah Rəsulu salləllahu əleyhi və səlləmin buyurduğu rəvayət olunmuşdur: “Kimin bir ehtiyacı olar və onu insanların önünə tökərsə, onun ehtiyacının asanlaşdırılması çətinləşər. Kim də ehtiyacını Allah`ın hüzuruna qoyarsa, Allah təala ona tez bir zamanda bir ruzi verər”.
Vəhbə Zuheyli “Təfsiru`l-Munir” kitabında bu ayə haqda yazır “Bu ayə göstərir ki, təqva (Allah`dan qorxma) dünyəvi, uxrəvi və ölüm anında ola biləcək bütün qəm, kədər, üzüntü və sıxıntılardan qurtuluş yoludur. Eyni zamanda gözlənilmədən gələn halal, gözəl və bol ruzi səbəbidir. Əhməd ibn Hənbəl Əbu Zər radiyallahu anhudan rəvayət edir ki, Peyğəmbər salləllahu əleyhi və səlləm bu ayəni oxuduqda buyurmuşdur: “Ey Əbu Zər, insanların hamısı bu ayəni əsas alsalar onlara yetər və artıq da olar”.
Digər tərəfdən Allah`a təvəkkül etməklə yanaşı, Ondan çoxluca bağışlanma diləmək insanın dünya və axirət sıxıntılardan xilasına səbəb olar və davamlı istiğfar Allah`ın bizə nemətlərini artırmasına yol açar. Abdullah ibn Abbasdan Peyğəmbər salləllahu əleyhi və səlləmin belə buyurduğu rəvayət olunmuşdur: “Kim çoxluca istiğfar edərsə, Allah ona hər sıxıntıdan bir çıxış, hər dərddən bir qurtuluş yolu bəxş edər və ona hesaba almayacağı yerdən ruzi verər”.
Allah təala bizi yalnız Ona təvəkkül edən, yalnız Ona güvənən qullarından etsin. Amin!
Mənbələr
İbn Kəsir “Böyük Quran Təfsiri” Cilt 9, səh 461-465 Talaq/2-3
Vəhbə Zuheyli “Təfsiru`l-Munir” Talaq/2-3
Seyyid Qutub “Fi Ziləli Qurən” Talaq/2-3
Təbəri “Quran Təfsiri” Cüz 28, Talaq/2-3, səh 392