Skip to main content


Müəkkəd olan nafilə namazlar

Gecə namazına “qiyəmu`l-leyl” namazı da deyilir. Bundan başqa gecə namazı bir müddət yatıb qalxdıqdan sonra qılınsa ona “təhəccüd” namazı da deyilir. Allah təala buyurur: “Gecənin bir vaxtı oyanıb sənə xas olan əlavə təhəccüd namazı qıl”. (İsra 79) 

Duha namazı

Buxari (1880) və Müslim (721) Əbu Hüreyrə radiyallahu anhudan belə dediyini rəvayət etmişlər: “Dostum mənə üç şeyi nəsihət etdi; Hər ayın üç gününü oruc tutmaq, iki rəkat duha namazı qılmaq, yatmazdan əvvəl vitri qılmaq”.

Duha namazı ən azı iki, ən çoxu isə səkkiz rəkatdır. Buxari (350) və Müslim (336) Ummu Həni radiyallahu anhənin belə dediyini rəvayət etmişlər: “Məkkənin fəth olunduğu ildə : “Peyğəmbər salləllahu əleyhi və səlləmin yanına gəldim. O Məkkənin ən hündür yerində idi. Peyğəmbər salləllahu əleyhi və səlləm qüsl aldı. Daha sonra paltarını geyinərək səkkiz rəkat duha namazı qıldı”.

Duha namazını qılarkən hər iki rəkatdan bir salam vermək daha fəzilətlidir. Əbu Davud (1290) Ummu Həni radiyallahu anhənin belə dediyini rəvayət etmişdir: “Peyğəmbər salləllahu əleyhi və səlləm Məkkə fəthi günü səkkiz rəkat duha namazı qıldı. Hər iki rəkatdan bir salam verirdi”.

Duha namazının vaxtı günün doğuşundan günorta namazının vaxtının girməsinə qədərdir.

Duha namazını qılmağın ən fəzilətli vaxtı isə günəşin tam səmaya qalxdığı zamandır. Müslim (748) və başqaları Zeyd ibn Ərqam radiyallahu anhudan belə dediyini rəvayət etmişlər: “Allaha qayıdanların namazı duha zamanı günəş istisini yaydığı zamandır”.

Təravih namazı

Təravih namazına “qiyəmu ramadan” Ramazan namazı da deyilir. Ramazan ayı boyunca hər axşam işa namazından sonra qılınan təravih namazının rəkatlarının sayı iyirmidir. Hər iki rəkatdan bir salam verilir. Təravih namazının vaxtı işa namazından sübh namazına qədərdir. Vitr namazından əvvəl qılınır.

Buxari (37), Müslim (759) və başqaları Əbu Hüreyrə radiyallahu anhunun belə dediyini rəvayət etmişlər: “Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurmuşdur: “Kim Ramazan ayını imanla xalis olaraq Allah üçün (ibadətlə) keçirərsə onun əvvəlki (kiçik) günahları bağışlanar”.

Buxari (882) və Müslim (761) Aişə radiyallahu anhədən belə dediyini rəvayət etmişlər: “Peyğəmbər salləllahu əleyhi və səlləm bir gecə məsciddə namaz qıldı. İnsanlar da onunla namaz qıldı. Ondan bir sonrakı gün yenə də namaz qıldı. Bu dəfə onunla namaz qılan insanlar daha çox idi. Daha sonra üçüncü və ya dördüncü gün insanlar yenə namaz qılmaq üçün toplaşdılar. Amma Allah Rəsulu salləllahu əleyhi və səlləm onlarla namaz qılmaq üçün çıxmadı. Səhəri gün o belə buyurdu: “Mən sizin etdiklərinizi (namaz üçün toplaşdığınızı) gördüm. Yalnız və yalnız sizin üzərinizə (təravihin) fərz olmasından qorxduğum üçün sizin yanınıza gəlmədim”. Bu hadisə Ramazan ayında olmuşdur.    

 Buxari (1906) Abdu`r-Rahmən ibn Abdu`l-Qari radiyallahu anhudan belə dediyini rəvayət etmişdir: “Ramazan ayında Ömər ibn Xəttab ilə məscidə getdik. İnsanların bəziləri ayrı-ayrı hərəsi özü üçün, bəziləri isə bir nəfərin arxasında beş-on nəfərlik qruplar şəklində namaz qılırdı. Ömər ibn Xəttab dedi: “Düşünürəm ki, bunları (bu insanları) bir nəfərin arxasında toplasam daha yaxşı olar.” Daha sonra o bütün insankarı Ubeyy ibn Kəbin arxasında namaz qılmaq üçün topladı. Mən onunla (səhəri gün) yenə (məscidə) çıxdım. İnsanlar bir nəfərin arxasında namaz qılırdılar. Ömər dedi: “Bu nə gözəl bidətdir. İnsanların (gecənin əvvəlində) yataraq qılmadıqları namaz, gecənin sonunda  (tək) qıldıqları namazdan daha fəzilətlidir”.

Beyhəqi (2996) və başqaları səhih isnadla belə rəvayət etmişlər: “İnsanlar Ömər ibn Xəttab radiyallahu anhunun dövründə Ramazan ayında iyirmi rəkat namaz qılırdılar”.

İmam Malik “əl-Muvatta” əsərində (1115) belə rəvayət etmişdir: “İnsanlar Ömər ibn Xəttanı radiyallahu anhunun zamanında Ramazan ayında iyirmi üç rəkat namaz qılardılar”.

Beyhəqi bu iki rəvayəti cəm edərək ikinci rəvayətdəki üç rəkatın vitr namazı olduğunu söyləmişdir.    

Bu namazlar camaatla qılınan sünnət namazlardan və fərzlərlə qılınan sünnət namazlardan sonra ən güclü namazlardır.