Skip to main content


Qüslü vacib edən amillər

Buxari (287) və Müslim (348) Əbu Hüreyrədən Peyğəmbər salləllahu əleyhi və səlləmin belə buyurduğunu rəvayət etmişdir: “İnsan öz həyat yoldaşıyla yaxınlıq etdiyi zaman qüsl almaq onun üzərinə vacib olar”. Müslimin rəvayətində isə belə deyilir: “(İnsan öz həyat yoldaşıyla yaxınlıq etdiyi zaman) məni xaric olmasa belə (qüsl almaq onun üzərinə vacib olar)”. Müslimin rəvayəti məninin xaric olub olmamasından asılı olmayaraq cinsi münasibətin qüslü vacib etdiyinin açıq-aydın dəlilidir.  

2) Məninin xaric olması.

Buxari (278) və Müslim (313) Ummu Sələmə radiyallahu anhədən belə dediyini rəvayət etmişlər: “(Bir dəfə) Ummu Süleym Peyğəmbər salləllahu əleyhi və səlləmin yanına gələrək belə dedi: “Ey Allah`ın Rəsulu! Heç şübhəsiz ki, Allah təala haqdan həya etməz. (Bir sual verim) Qadın yuxuda ikən cünubluq keçirsə, o qüsl almalıdırmı?” Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurdu: “Ondan su xaric olduğunu görsə əlbətdə”.

Əbu Davud (236) və başqaları Aişə radiyallahu anhədən belə dediyini rəvayət etmişlər: “Peyğəmbər salləllahu əleyhi və səlləmdən insanın paltarında nəmişlik hiss edib, (yuxuda ikən) məninin ifraz olmasını xatırlamadığı halda nə etməsi lazım olduğu haqqında soruşdular. O belə cavab verdi: “Qüsl alsın”. Başqa birisi isə (yuxuda ikən) məninin ifraz olunduğunu xatırlayıb paltarında heç bir şey görmədiyi halda nə etməsi lazım olduğunu soruşdu. Peyğəmbər salləllahu əleyhi və səlləm belə cavab verdi: “Ona qüsl almaq lazım deyil”. Ummu Süleym dedi: “Bəs qadının başına belə bir şey gəlsə, onda necə?” Peyğəmbər salləllahu əleyhi və səlləm buyurdu: “Bəli (qüsl almalıdır). Qadınlar kişilərin bir parçasıdırlar”.

3) Ölüm.

Buxari (1195) və Müslim (939) Ummu Atiyyə əl-Ənsariyyə radiyallahu anhədən belə dediyini rəvayət etmişlər: “Qızı vəfat etdiyi zaman Peyğəmbər salləllahu əleyhi və səlləm yanımıza daxil oldu və dedi: “Onu üç dəfə yuyun”.

Buxari (1208) və Müslim (1206) İbn Abbas radiyallahu anhudan belə dediyini rəvayət etmişlər: “Bir nəfəri dəvəsi yıxıb öldürmüşdü. Biz də Peyğəmbər salləllahu əleyhi və səlləmin yanında idik və o ehramda idi. Peyğəmbər salləllahu əleyhi və səlləm buyurdu: “Onu su və sidrlə yuyun (qüsl edin) və iki parça ilə kəfənləyin”.

4) Heyz.

Allah təala buyurur:

فَاعْتَزِلُوا النِّسَاءَ فِي الْمَحِيضِ وَلَا تَقْرَبُوهُنَّ حَتَّىٰ يَطْهُرْنَ فَإِذَا تَطَهَّرْنَ فَأْتُوهُنَّ مِنْ حَيْثُ أَمَرَكُمُ اللَّهُ إِنَّ اللَّهَ يُحِبُّ التَّوَّابِينَ وَيُحِبُّ الْمُتَطَهِّرِينَ

Heyz zamanı qadınlardan kənar olun, (heyzdən) təmizlənməyənə qədər onlarla yaxınlıq etməyin, təmizləndikdən sonra isə Allah`ın sizə əmr etdiyi yerdən (buyurduğu qayda üzrə) onlara yaxınlaşın! Allah (günahından) tövbə edənləri, (təmiz və) pak olanları sevər! (Bəqərə 222)

Buxari (314) Aişə radiyallahu anhədən belə dediyini rəvayət etmişdir: “Allah Rəsulu salləllahu əleyhi və səlləm Fatimə bint Əbu Hübeyşə belə dedi: “Heyz zamanı gəldikdə namazı tərk et. Heyz bitdikdə isə qüsl al və namaz qıl”.

5) Nifas.

Nifas halı doğuşdan sonrakı haldır. Bunu isə fəqihlər heyz halına qiyas etmişlər.

6) Doğuş.

Doğuş zamanı heyz və nifas hallarında olan şeylər müşahidə olunduğu üçün bu zaman qüsl vacib olur.