Skip to main content


Oruc tutma qaydası, niyyəti və duaları

 

Oruc Sübh namazı girməsindən ta məğrib namazı girənə kimi yeməkdən içməkdən, cinsi əlaqədən və digər qadağan olan əməllərdən uzaq durmaq deməkdir. Bunu da yalnız Allah rızası üçün etmək lazımdır, yəni pəhriz üçün, valideyn tələb edir deyə deyil, işdə, evdə hamı tutur, məcbur mən də tutum deyə olmamalıdır. Peyğəmbər s.a.s buyurmusdur: Əməllər niyyətə görədir.” Orucun da şərtlərindən biri niyyətdir. Buna görə də oruca nə zaman və necə niyyət ediləcəyini bilmək lazımdır.
Bəs oruca necə niyyət etməliyik?
Ramazan orucu, həmçinin qəza və nafilə orucu və bütün kəffarə orucları üçün niyyət 1 gün öncədən edilir. Niyət günəş batdıqdan sonra sübh namazı girənə qədər edilir. Səhur yeməyi üçün yuxudan durmaq da niyyət hesab edilir. Bu səbəblə dil ilə ifadə etməyi unutsaq da yenə oruclu hesab oluruq. Gecə niyət edərək yatmağın digər üstün cəhəti odur ki, sahura yatıb qaldıqda niyətli olaraq oruca davam etmək mümkündür. Sabah oruc tutacağını axşam namazından sonra ürəyindən keçirən şəxs artıq sabahkı oruca niyyət etmiş sayılır.
Hər hansı bir oruca niyyət edərkən,“Niyyət etdim Allah rizası üçün oruc tutmağa” demək kifayətdir. Bu niyyəti dillə və ya qəlblə də etmək olar. Dillə deyilməsi vacib deyildir.

Qəbul olunmayan niyyət
Bəzən insanlar Allah rızası üçün deyil, sadəcə sağlamlıq, pəhriz üçün oruc tutur. Və ya ailəsində, ətrafındakı insanlar oruc tutur deyə, qınanmaqdan qorxduğu üçün oruc tutur. Bu kimi hallar Allah rızası üçün olmadığına görə, bu oruc da qəbul deyildir və ya naqisdir. Əbu Hureyrədən rəvayət edilən bir hədisdə Peyğəmbər s.a.s buyurur: Neçə-neçə oruc tutan var ki, aclıqdan başqa qazancı yoxdur. Və yenə neçə-neçə namaz qılan insan var ki, namazından yorulmaqdan başqa bir şey əldə etməyib . ”(İbn Macah, Sıyam, 21). Biz də ibadətlərimizə diqqət edək ki, Qiyamət günü əməllərimiz boşa çıxmasın.

Sahur qaydası

Allah Rəsulu s.a.s sahur  yeməyinə durmağı tövsiyə etmişdir və sahura qalxanlar üçün bərəkət arzulamışdır. Ənəs r.a.dan Peyğəmbər s.a.s belə dediyi rəvayət olunur: "Sahur edin, çünki sahurda bolluq və bərəkət vardır." (Buxari, Savm 20; Müslim, Siyam 45). Digər hədisdə isə belə buyurulur: "“Sahur bərəkətdir, bir qurtum su ilə də olsa, sahur edin. Çünki Allah-Təala ilə mələkləri sahur yeyənlərə xeyir-dua edərlər". Sahur yeməyini sübh namazaı girənə qədər yeyə bilərsiniz və hətta sahuru ən son vaxta salmağı Peyğəmbər s.a.s tövsiyyə etmişdir. 

İftar qaydası

İftarın məğrib namazı girən kimi, yəni günəş batan kimi gecikdirmədən açılması tövsiyə olunur. Bəzən insanlar günəş batdıqdan sonra iftarı 15-20 dəq gecikdirməyə çalışırlar ki, bu doğru deyildir. Bu barədə peyğəmbər s.a.s buyurur: İnsanlar iftarı tezləşdirdiyi müddətcə xeyir içində olarlar. İftarı tezləşdirin. Çünki yəhudi və xristianlar gecikdirərlər." (İbn Macə, 1698)

İftarıın nə ilə açılması qaydasına gəldikdə isə, bu barədə Salman ibn Amir Əd-Dabbidən (r. a.) nəql edildiyinə görə Peyğəmbərimiz (s. a. v.) belə buyurub:

"Sizin hər hansı biriniz iftar etmək istədiyi vaxt orucunu xurma ilə açsın. Xurma tapmasa, su ilə iftar etsin. Su təmizdir." (İbn Macə, Siyam 25)

Bunu bilək ki, orucu mütləq xurma ilə açmaq lazım deyil. Belə bir şərt yoxdur və bu, sadəcə olaraq bir tövsiyədir.


Oruc vaxtı edilən dualar
İmsak yəni səhur vaxtı peyğəmbərimizdən hər hansı xüsusi bir dua edilməsi rəvayət olunmamışdır. Sübh namazı girənə qədər yeyilib içilir. Əgər yemək yedikdən sonra sübh namazının girməsinə hələ vaxt varsa, nafilə namaz qılaraq istədiyiniz duaları edə bilərsiz.
İftar zamanı isə Peyğəmbərimiz s.a.s dua etməyi təşviq etmişdir. Bir hədisdə buyurulur: Oruclunun iftar vaxtında geri qayıtmayan bir duası vardır.” [İbni Macə] Digər hədisdə isə belə buyurulur: “Oruclunun duası rəddedilməz.” [Tirmizi]

İftar zamanı Bismilləh deyib xurma və ya su ilə oruc açılır. Bir neçə tikə yeyib-içdikdən sonra isə bu dua edilir: “Zəhəbəzzamə vəbtəllətil uruq və səbə-təl-əcr inşallahü təala” və yeməyə başlanar. Mənası qısaca belədir: “Aclıq, susuzluq qurtardı. İnşallah savabına da qovuşduq.” [İbni Macə]
Peyğəmbər əfəndimiz həmçinin belə də dua edərdi:
“Allahummə ləkə sumtu və bikə aməntu və aleykə təvəkkəltu və alə rızqıkə əftartu fə təqabbəl minnə. İnnəkə əntəs səmiul alim.” Mənası: “Ya Rəbbi, rızan üçün oruc tutdum. Sənə iman etdim, sənə güvənib dözdüm. Ruzinlə iftar etdim, ibadətimi qəbul et! Əlbətdə, sən hər şeyi eşidən və bilənsən.” [Əbu Davud]
Abdullah ibn Amr Peyğəmbərin s.a.s iftarda bu duanı etdiyini rəvayət edir: Allahummə inni əsəlukə birahmətikə vasiat kullə şeyin ən təğfira li.” Mənası: “Allahım Səndən hər şeyi əhatə edən mərhəmətinlə məni bağışlamanı diləyirəm”.
Ramazan ayının ən gözəl adətlərindən biri də qohum və dostları iftar süfrəsinə dəvət etməkdir. Bu zaman qonağın ev yəsinə edəcəyi ən gözəl yaxşılıq- dua etməsidir. Kiminsə evinə iftara dəvət edildikdə Peyğəmbərimizdən bu dua edilməsi rəvayət edilmişdir:
Əftəra indəkumus saimunə va əkələ təaməkumul əbraru va sallət aləykumul mələikətu”
Mənası: Süfrənizdə oruclular iftar etsin, yeməyinizi təqva sahibləri yesin və mələklər sizin üçün dua etsin!” [İ. Əhməd, Sünəni Davud, 3/367]



Allah hamımızın orucunu və dualarını qəbul etsin.