Skip to main content


Şəvval orucu

Ramazan orucundan sonraki Şəvval ayında elə bir oruc vardır ki, onu tutduğumuz zaman 1 il oruc savabı qazanmış olarıq. Bu 6 gün tutulan bir orucdur, dinən gözəl ve xoş görülən bir sünnətdir, amma fərz və ya vacib deyildir. Fəziləti və əcri böyük olduğu üçün bu 6 günlük oruc müsəlmana tövsiyə edilmişdir. Hər kim bu orucu tutarsa ona tam bir illik oruc səvabı yazılar.

Belə ki, Əbu Əyyub əl-Ənsari radiyallahu anhunun rəvayət etdiyi səhih bir hədisdə Allah Rəsulu salləllahu əleyhi və səlləm belə buyurmuşdur: “Kim Ramazan orucunu tutar və ona Şəvvaldan da altı gün əlavə edərsə, bütün ili oruc tutmuş kimi olur”. (Müslim, Siyam 24, Tirmizi, Savm 53)

Peyğəmbər salləllahu əleyhi və səlləm bunu bu sözüylə açıqlamışdır: “Kim Ramazan (orucunu tutar və) bayramından sonra altı gün oruc tutarsa, onun tutmuş olduğu oruc, bütün ilin orucu olur. Hər kim xeyirli bir iş ilə gəlirsə (bir yaxşılıq edərsə) o insana onun (etmiş olduğu yaxşılığın) on misli savab verilir”. (İbn Məcə/Sıyəm 33)

Yəni Allah təala bir yaxşılığa qarşılıq on mislini vermişdir. Buna görə də Ramazan ayı orucu  300 günə, Ramazan bayramından sonra tutulan altı gün oruc isə 60 günə bərabərdir. Toplam 360 gün yəni 1 il oruc tutmuş kimi savab qazanmış oluruq inşəAllah.

Yaxşı əməllərə 10 misli savab verilməsi haqqında Qurani Kərimdə buyurulur:
"Kim yaxşı bir iş görərsə, ona həmin işin on qat əvəzi (savabı) verilər. Kim pis bir iş görərsə, ona həmin işin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz". (Ənam, 160)

Bir sıra alimlər Ramazan orucundan sonraki altı günlük Şəvval orucunun hətta bir illik fərz oruca bərabər olduğunu ifadə etmişdir. Çünki nafilə orucda belə qat qat savab olması sabit olan məsələdir. Bu oruc bir ay boyunca oruc tutan şəxslərin bir növ sağlam bir şəkildə normal həyata adaptasiya olmalarına da kömək edir.

Bundan başqa, altı günlük Şəvval orucunun faydalarından biri də, Ramazan ayında tutulan fərz orucda meydana gələn qüsur və nöqsanlıqları aradan qaldırmasıdır. Heç bir oruclu şəxs orucuna mənfi yöndə təsir edən qüsur ve günahlardan uzaq deyildir. Qiyamət günü fərz ibadətlərdə meydana gəlmiş qüsur və nöqsanlıqlar, nafilə ibadətlərlə ödənəcəkdir.

Belə ki, Allah Rəsulu salləllahu əleyhi və səlləm bu mövzuda belə buyurmuşdur: “Şübhəsiz ki, insanların qiyamət günü əməllərindən hesaba çəkiləcəyi ilk şey, namazdır. Rabb`imiz mələklərinə belə buyurur: “Qulumun fərz namazına baxın! Tam və doğrumu, yoxsa nöqsanlımı qıldığına diqqət edin”. Əgər tam və doğru olaraq qılıbsa, onun özü üçün tam qılmış olaraq yazılır. Yox əgər namazından bir şeyi nöqsan olaraq qılıbsa Allah təala buyurur: “Qulumun nafilə namazları var mı? Ona baxın!” Əgər nafilə namazları varsa belə buyurur: “Qulumun nöqsanlı olan fərz namazını, nafilə olan namazıyla tamamlayın!” Sonra digər əməlləri də nöqsan olaraq edibsə, o əməllər də nafilə əməllərlə tamamlanır.” (Əbu Davud)

Şəvval orucu nə zaman tutulur?
Şəvval orucunu Ramazandan sonra gələn 30 günlük Şəvval ayı daxilində, istədiyiniz zaman tutula bilər. Bu orucu tutmaq istəyirsinizsə 6 gün fasilə vermədən və ya 1 ay ərzində fərqli günlərdə tuta bilərsiniz.
Şəvval ayının ilk günü Ramazan Bayramının ilk günüdür. Ramazan bayramında oruc tutmaq isə bilindiyi kimi haramdır. Bayramın digər günlərindən etibarən isə oruc tutula bilər.

Ramazan ayından qalan qəzalar.
Əgər Ramazan ayı ərzində oruc tutulmayan və qəzaya qalan günlər varsa, yaxşı olar ki, ilk öncə şəvval ayında bu qəzalar tutulsun. Çünki Allahın ilk hesaba çəkəcəyi əməllər fərz olan əməllərdir. Qəzalar bitdikdən sonra isə 6 gün Şəvval orucu tutula bilər. Şəvval orucu nafilə oruc hesab edildiyi üçün hər hansı səbəbdən pozularsa, Ramazan orucu kimi qəza edilmir. Sadəcə olaraq həmin gün əvəzinə ay ərzində başqa gün tutulur. Ramazan orucunu pozan və pozmayan hallar eynilə Şəvval orucuna da aiddir.

Allah hamımıza bu savabı qazanmağı nəsib etsin. Əmin!