Skip to main content


Xəbərdarlıq yoxsa oyun?

2020-ci il öz təbii fəlakətləri, bəla və müxtəlif xəstəliklərlə dolu olan başlanğıcı ilə, astroloqların insanları haqdan uzaqlaşdırıb dünyaya və ya batilə daha çox meyl etmələri üçün özlərindən uydurduqları müsbət fikirləri təkzib edib və o cümlədən, üsyan, fisq və əxlaqsız əməllərlə dolu olan ilin ilk gecəsindəki ləzzətlərin həqiqətən də fani olduğunu Allahın izini ilə ortaya çıxardı. 

İlin əvvəlində İndoneziyada başlayan sel daşqınları nəticəsində 400 mindən çox insan bu təbii fəlakətə məruz qaldı. Eyni zamanda Avstraliyada baş verən meşə yanğınları 10.3 milyon hektardan çox ərazinin yanmasına və Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) verdiyi son açıqlamasına əsasən təxminən 1.25 milyard heyvanın tələf olmasına səbəb oldu. 

Həmçinin Türkiyədə baş verən zəlzələləri, İrandan Ukraynaya uçan Boeing 737 təyyarənin qəzaya uğraması və bunun kimi bir neçə kütləvi insan ölümünə səbəb olan fəlakəti misal göstərmək mümkündür. Son olaraq təqribən 3 ay bundan əvvəl başlayan və demək olar ki, bütün dünya ölkərində yayılmış, hazırkı statistika üzrə baxıldıqda 300 mindən çox insanın yoluxmasına və onlardan da 13 mindən çoxunun həlak olmasına səbəb olan, ilk dəfə Çinin Vuhan şəhərində ortaya çıxan “COVİD-19” adı verilən “koronavirus”un yaratdığı pandemiya ətrafında danışmaq olar. 

Biz əslində virusun yaratdığı xəstəlik, onun simptomları, müalicəsi və ondan qorunma yolları haqqında danışmaq istəmirik. Çünki hər birimizin şahid olduğu kimi, artıq koronavirus haqqında olan xəbərlər, məlumatlar, video-mühazirələr istər mediada, sosial şəbəkələrdə, istərsə də cəmiyyətdə çox geniş vüsət almışdır. Bu barədə verəcəyimiz məlumatların, artıq bunlardan xəbərdar olan əksər oxucu kütləsi üçün yorucu və artıq yük olacağını hesab edib, bu böyük problemə bir qədər fərqli prizmadan yanaşaraq, diqqəti başqa cəhətə yönləndirmək istərdik. Görəsən yeni bir ilin hələ üç ayı belə ötməmiş bu qədər saysız-hesabsız müsibətlərin insanlığı öz acı və dəhşətli nəticələrinə məruz qoymasının səbəbi nədir? Demək olar ki, əvvəlki illərdə belə qısa bir müddətdə görülməyən sayda insan ölümlərinə səbəb olması nədən qaynaqlanır? Görəsən bu baş verən hadisələr Allahın insanlar üzərində olan qəzəbininmi, yoxsa rəhmətininmi nəticəsidir? Bütün bu baş verənlərdən biz hansı nəticələri çıxartmalı və nə kimi ibrətlər götürməliyik? Belə olan halda, təkcə “Koronavirus Pandemiyası” ilə əlaqədar onlarla “konspirasiya nəzəriyyələri” şəklində adlandırılan müxtəlif individual fərziyyələr ortaya çıxdı. Hər kəs öz nəzəriyyəsini, öz aləmində insanlara ən gözəl şəkildə izah edir və onu yüksək səviyyədə dəstəkləyən bir qrup insanı da öz ətrafında rahatlıqla toplamış ola bilir. Şübhə yox ki, yenidən adət-ənənəyə sadiq qalaraq bu işin sadəcə və sadəcə güclü-hegemon dövlətlərin bir oyunu olduğunu söyləyən insanlar da var. Məsələ onların görüşünə görə bu qədər bəsitdir! Görəsən hal-hazırda mövcud olan hegemon dövlətlərin olmadığı dövrlərdə də insanlara onların kütləvi ölümünə səbəb olan xəstəlik və digər növdən olan bəlalar üz vermişdirmi? Bunun üçün bizdən əvvəlki dövrlərdə yaşamış insanlar barəsində bizə ən doğru məlumat verən mənbələrə üz tutmalıyıq. Sözsüz ki, sözlərin ən doğru olanı Allah təalanın sözləri, kitabların ən üstün olanı da Onun kitabıdır. Ona görə də, biz suallarımıza oradan cavab tapmağa çalışarıq. Allah təala Qurani Kərimdə buyurur: “İnsanların öz əlləri ilə etdiyi əməllərin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir ki, Allah onlara, etdiklərinin bir qismini daddırsın. Bəlkə onlar haqqa qayıdarlar” (Rum 41). Bu ayədən bizə tam aydın olur ki, nəyinki quruda baş verən, yəni bizim görə bildiyimiz fəsadlar, hətta dənizlərdə, okeanlarda baş verən hadisələr də, biz izləyə bilməsək belə, insanların işlədikləri pis əməllərinin cəsazı olaraq baş verir. Allah bu baş verən hadisələrin səbəblərini ayənin əvvəlində açıqladığı kimi, eyni zamanda onların məqsədini də ayənin sonunda açıqlayır. Bəlkə etdikləri pis əməllərdən dönələr! Bəli, Allah insanlardan pisi tərk edib yaxşıya qayıtmaqlarını istəyir. Bəla və müsibətlər bunun üçündür. Yoxsa ki, hər şeyi bir an içində yerlə yeksan eləmək Onun üçün çox sadədir və O hər şeyə qadirdir. Digər ayədə isə belə buyurulur: “Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların ucbatındandır! Allah (günahlarınızın ) çoxunu əfv edir” (Şura 30).

Üzərində məskunlaşıb yaşadığımız Yer kürəsi bundan əvvəl heç bir zaman şahid olmadıqlarına şahid olur. Bundan əvvəl heç bir dövrdə yer üzündə bu qədər günah, üsyan, zülm, haqsızlıq, Allaha qarşı itaətsizlik edilməmiş, fəsadlar törədilməmiş, insanlar haqsızcasına qətlə yetirilib, yurdlarından qovulmamışdı. Allahın qulları üçün təyin etdiyi haram-halal hüdudları çeynənir, əmrlərinə itaət edilmir, qadağaları da istənilən formada pozulur. Onun Özünə, göndərdiyi Rəsuluna və nazil etdiyi kitaba xəyanətlər və təhqirlər yağdırılır. Ona iman gətirib ibadət edən qullarına dünyanın hər bir tərəfində ən şiddətli işgəncələr verilir, öldürülür və yurdlarından çıxarılır, ibadətgahlar, məscidlər dağıdılır və tikilməsi qadağan olunur. Halbuki haramlar, Allahı qəzəbləndirəcək istənilən növdən olan əməllər işləniləcək yerlər tikilir və bərpa edilir. Lakin kim ki, bütün bunları görür, dərk edir, Allah qorxusundan tir-tir əsərək insanları islaha, Allaha itaətə və ibadətə çağırır, sözsüz ki, o da alçaldılaraq, müxtəlif pis adlarla adlandırılır və hörmətsiz, geridə qalmış hesab edilir. Onun haqq çağırışına necə də az cavab verilir. Əməllər içərisində ən çirkinlərindən olan, özlərindən əvvəl heç bir kəsin etmədiyi iyrənc bir əməli (homoseksuallığı) Lutun əleyhissəlamın qövmü etdi. Lakin o və ondan daha pis, daha iyrənc əməllər insanlar üçün bu gün adiləşib və nəyinki onu təkcə özləri edir və hətta digər insanları da bu əməllərə dəvət və təşviq edirlər. Onların pis əməllərinin nəticəsi olaraq Rəbbimiz buyurur: “Əmrimiz gəldiyi zaman oranın altını üstünə çevirdik və odda bişmiş gil daşları ardıcıl olaraq onların üstünə yağdırdıq. (O daşlara) Rəbbinin yanında işarə qoyulmuşdu. Onlar zalımlardan da uzaq deyildir” (Hud 83). Biz də tam yəqinliklə inanırıq, ey Rəbbimiz! Həqiqətən də o daşlar zalımlardan uzaq deyildir! Bəs qurtulanlar kim oldu? “Biz onu və ailəsini xilas etdik. Yalnız arvadından başqa. O, geridə qalanlardan oldu.” (Əraf 83). Demək ki, Allah bir qövmə əzab göndərdiyi zaman nəyinki təkcə o ərazidə, kənd, şəhər və ya ölkədə olan əməlisaleh insanları seçir, qoruyur hətta bu seçimi bir ailə içərisində belə edə bilir və Onun üçün bu mümkündür. Qurani-Kərimdə daha neçə-neçə qövmlərin Səmud, Ad, Nuh və Şueybin (əleyhimussəlam) qövmləri, Mədyən əhli və başqaları onlara edilmiş xəbərdarlıqları unutduqları və fəsad törətməyə davam etdikləri zaman Allahın əzabı artıq həyata keçmişdi. Əgər o dövrlərdə fəsad müəyyən bir ərazidə baş qaldırırdısa, əzab da həmin ərazidə yaşayanları yaxalayırdı. İndi isə dünyanın istənilən bir yerində fəsad vardır. Allahın rəhmətindən və hikmətindəndir ki, artıq insanlığa böyük bir xəbərdarlıq, yəni “Koronavirusu Pandemiyası” gəldi, dünyanın hər bir yerində yayıldı. Bütün ölkələrdəki insanlar bu xəbərdarlığı eşitdi və anlaya bilənlər artıq Qahhar olan Allahın insanlığa necə də qəzəbləndiyini dərk etdilər. Əksər ölkələrdə məktəblər, universitetlər və digər təhsil ocaqları, kafe, restoran və barlar, ticarət mərkəzləri və insanların toplu halda toplaşa biləcəkləri bütün məkanlar bağlanır. Allahın evində təvaf dayandırılıb, məscidlərdə camaat namazları qılınmır və insanlara evlərindən çölə çıxmamaları üçün çağırış edilir. İnsanlar stress, narahatlıq, qorxu və panika içərisindədirlər. Artıq çoxdandır unudulmuş “ölüm”ü hamı xatırlaya və onun heç də uzaq olmadığını anlaya bilir. Lakin yenə də, tam bir şəkildə doğru olmayan düşüncələr formalaşır. Onlardan biri, hamını düşündürən “Görəsən bu virusa qarşı vaksin və yaxud müalicə nə zaman çıxacaq?” fikridir. Axı biz hamımız bilirik ki, hər hansı bir xəstəliyin ən doğru və ən effektiv müalicəsi yalnız onu yaradan səbəbləri axtarıb-tapıb, müalicəni onlara qarşı yönəltməklə və o səbəbləri aradan qaldırmaqla mümkün olur. Artıq biz bu ağır xəstəliyin və ya buna bənzər digər xəstəlik və bəlaların səbəblərini (mən törədicilərini qəsd eləmirəm) Allahın kitabından öyrəndik. Fərz edək ki, bu virusa qarşı vaksin tapıldı və onun nəticəsində baş verən insan ölümlərinin sayı dayandırıldı. Bəs bizə kim zəmanət verir ki, bir müddətdən sonra bundan daha ağır, daha şiddətli, müalicəsi mümkün olmayan xəstəliklər ortaya çıxmayacaq? Hələ ki, büdcələri milyardlarla olan, böyük elmi-intellektual potensiala və yüksək texnologiyalara malik olan ən inkişaf etmiş dövlətlər belə gözlə görünməyən bu kiçik canlı qarşısında sözün əsl mənasında aciz qaldılar. Bax budur, insanın onunla təkəbbürlənərək sahib olduğu güc və mal-dövlət! Elə isə əziz qardaşım, əziz bacım, sən və mən bütün bu dünyanı və insanlarını islah etmək iqtidarında deyilik. Lakin Allahın izini ilə və Onun müvəffəq etdiyi qədərilə ilk öncə özümüzü, ailəmizi və ətrafımızı Allahın əzabı gəldikdə Lut əleyhissəlam kimi, günahkarlar içərisindən seçilib əzabdan qorunanlardan edə bilərik. Əks halda, Allah qorusun, yoxsa onun arvadı kimi geridə qalanlardan olar, əzab bizə də toxunar və həlak olanlardan olarıq. Bir saat da olsun təxirə salmadan, pis əməllərimizdən tövbə edək, Allaha dönək və Onun sevib-razı qaldığı, bu dünyada və axirətdə səadət nəsib edəcəyi qullarından olmağa çalışaq. Artıq Rəbbimiz insanlığa şiddətlə qəzəblənmişdir. Biz bizə ardıcıl olaraq göndərdiyi xəbərdarlıqlar dövründə yaşayırıq. “Ey xalqım! Bu gün yer üzərində hakim şəxslər kimi hökmranlıq sizin əlinizdədir. Əgər Allahın əzabı bizə gəlsə, bizi ondan kim qoruya bilər?” (Ğafir 29). Xəbərdarlıqlar unudulsa və onlara əhəmiyyət verilməsə nəticələrin nə olacağını da artıq öyrəndikBiz bu məlumatları təkcə özümüz öyrənib, onlara əməl etməklə kifayətlənməyib, digər insanları da pis əməllərdən çəkindirməyə bacardığımız qədər çalışmalıyıq. Allah bizləri bu mövzuda da belə xəbərdarlıq edir: “Elə bir bəladan qorxun ki, o, sizlərdən təkcə zalım olanlara üz verməz(hamınızı bürüyər), Bilin ki, Allah şiddətli cəza verəndir”.(Ənfal, 25) 

Mən Allahdan tam bir səmimiyyətlə, səni Ona tövbə edən, ibadət edən, Onun sevib-razı qaldığı, bu dünya və axirət əzabından qurtaracağı kimsələrdən etməsi üçün dua edirəm. Həqiqətən, O hər şeyə qadirdir, dilədiyi kimsəni doğru yola yönəldir, dilədiyini də azdırır və O dualara da cavab verən Mucib olan Rəbbimizdir.

“İnsanların hesaba çəkiləcəkləri gün yaxınlaşdı. Amma onlar hələ də qəflət içində imandan üz çevirirlər” (Ənbiya 1).

Son olaraq, hər şeyi yoxdan var edən, lakin Özü yaradılmayan, əzəldən var olan və həmişə də var olacaq Uca Allaha sonsuz həmd və şükürlər və Onun göndərdiyi Rəsulu Muhəmmədə Onun salavatı və salamı olsun.