Quranda nə üçün "Biz" kəliməsindən istifadə edilir?
Bismilləh…Salam və Salavat olsun sonuncu Peyğəmbərimiz Muhəmmədə (s.a.s.) və onun ailəsinə, əshabına və Əhli-Beytə. Bu sualı cavablamadan öncə gəlin bir neçə ayəyə baxaq.
”Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi xatırlayın, buyuruğumu yerinə yetirin ki, Mən də sizinlə olan əhdə vəfa edim. Yalnız Məndən qorxun!” (“Bəqərə” surəsi, 40). “Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən onlara yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edirəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər” (“Bəqərə” surəsi, 186). Yalnız ikisini qeyd ediyimiz bu ayələr kimi əksər bir çox ayələrdə də Uca Allah Özünü “Mən” əvəzliyi ilə bəhs edib. Bu ayələrə diqqətlə nəzər yetirildiyi zaman aydın olur ki, “Mənə verdiyiniz vədi”, “Qəbul edirəm”, “Məni səndən soruşduqda”, “Məndən qorxun” kimi ifadələr birbaşa Allahla bağlıdır və bizə tövhidi, təkliyini öyrədir.
Quranda Uca Allah haqqında həm “mən”, həm də “biz” əvəzlikləri işlənir. Ərəb dilində bir şəxs haqqında danışarkən onun üçün həm tək, həm də cəm şəklini isitfadə etmək olar. Lakin cəm şəkli ehtiram göstərmək, ucaltmaq və əzəmətli olduğunu bildirmək üçün istifadə edilir. Uca tutulmağa və əzəmətə Allahdan daha layiq olan yoxdur. Ona görə də, Uca Allah Özünün tək və şəriksiz olduğunu isbat etmək üçün tək şəklindən, ucalığını və əzəmətini təsdiqləmək üçün isə cəm şəklindən istifadə edir. “Biz” deyə müraciət edilən bir qisim ayələrdə isə Allahın mələk, tufan, və s. təbiət ordularına əmr etməsi və onların da Allahın əmrini yerinə yetirməsi kimi də anlaşıla bilər. Məsələn, Quranın nazil edildiyini xəbər verən bütün ayələrdə “Biz nazil etdik” buyurulur. Bütün Quran ayələri vəhy yolu ilə nazil edildiyinə görə, burada Allahın əmrini Peyğəmbərə (s.ə.v.) nazil edən Cəbrail (ə.s) adlı mələkdir. Həmçinin “üstünüzə buludla kölgə saldıq” (“Bəqərə” surəsi, 57) kimi ayələrdə işi etdirən Allah, həmin işi yerinə yetirənlər isə “Allahın məmurları” deyə ifadə edə biləcəyimiz mələklərdir. Burada qeyd etdiyimiz “məmur” ifadəsini insanların işlərini asanlaşdırmaq üçün çalışan məmurlarla müqayisə edə bilmərik. İnsanlar hər hansı bir iş qarşısında aciz olduqları və çatdıra bilmədikləri üçün məmurlardan istifadə edirlər.
Allah isə kainatda hökmedici qüdrətini ortaya qoymaq, onların vasitəsilə böyüklüyünü bildirmək üçün mələkləri xidmət etdirir. Əksər təfsir alimlərinin də bildirdiyinə görə Allah bu cür ayələrdə öz qüdrəti, əzəməti və böyüklüyü ilə müraciət edir. Yəni Allah mübarək adları və sifətləri ilə müraciət edərək Öz möhtəşəmliyini göstərir. Məsələn, "Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq!" ("Hicr" surəsi, 9) ayəsinə baxaq. Burada həm Allahın böyüklüyü və əzəməti bildirilir, həm də məsələnin əhəmiyyəti əvəzliklərlə bir qədər də qüvvətləndirilir. Allahın bəzi ayələrdə "Biz" deyə müraciət etməsindən Onun şərikinin olduğu düşünülməməlidir. Çünki Quranın verdiyi ən böyük mesajlarından biri Allah'ın bir və şəriksiz olmasıdır.