Hədsiz Cəsarət örnəyi- Abdullah İbn Məsud (r.a)

Cəmiyyətdə müşahidə olunan nankorluq nümunələri, şahid olunan inkarların verdiyi acı bir kədər dərindən hiss olunur. Qəlblərə həyat verən, həyata məna qatan iman nemətinə şükr olunur, bu həzzin və duyğuların başqa qəlblərə də ötürülmək istənməsi, hər oxunan ayə ilə bir az daha artırdı.

Çox keçmədi ki, onların içərisindən biri bu arzunu dilə gətirdi: “Allah üçün! Qüreyş bu Quranı tilavət olunarkən heç eşitmədi. Bir nəfər gedib onlara bu ayələri oxusa yaxşı olar!” Bu arzu əslində orada olanların hər birinin qəlbindən keçirdiyi bir şey idi. İçlərindən biri bu arzunu dilə gətirdikdə isə onların bu həvəsi daha da artdı və Abdullah ibn Məsud ayağa qalxdı: “Mən gedərəm”-dedi. Onun cəsarət qoxan bu davranışı və qərarlı hərəkəti məclisdə olanların son dərəcə xoşuna gəlmiş, qibtə dolu gözlərin ona tərəf çevrilməsinə səbəb olmuşdu. Ancaq onun hücuma məruz qala biləcəyindən və aqibətinin pis olacağından ehtiyat olunurdu. “Sənə görə biz narahat oluruq. Biz istəyərik ki, bu işi qüreyşlilərin hücumundan özünü qoruya bilən, qohum-əqrəbası çox olan, arxasında duranlarının çox olduğu bir şəxs etsin”- dedilər.

Narahat olmaqda haqlı idilər. Abdullah yetim idi. Onun arxasında duran, ona kömək edən qohum-əqrəbası yox idi. Həm də ki, bədəncə də cılız idi. Abdullah isə öz fikrindən dönmək niyyətində deyildi: “Mənə qarışmayın! Allah məni onlardan qoruyar. Qüreyşlilərə Rəbbim əngəl olacaqdır!”-dedi.

Səhər vaxtı idi. Qüreyşlilər Kəbənin yanında məclis məkanı kimi istifadə etdikləri kölgəlik bir yerdə oturmuş, öz aralarından söhbət edirdilər. Abdullah ibn Məsud Məscidi-Harama girdi. Məqami-İbrahimin yanında dayandı. Dərindən nəfəs aldı. Özünü tam hazır vəziyyətə gətirdi. Ürəyi dolu idi. Həyəcanını yatışdırdı. Özünə güvənirdi. Yüksək bir səslə oxumağa başladı:

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

,الرَّحْمَٰنُ ,عَلَّمَ الْقُرْآنَ, خَلَقَ الْإِنْسَانَ, عَلَّمَهُ الْبَيَانَ, الشَّمْسُ وَالْقَمَرُ بِحُسْبَانٍ

“Rahman! Quranı öyrətdi. İnsanı yaratdı. Bəyanı öyrətdi. Günəşi və Ay müəyyən bir hesab və nizam içində hərəkət edirlər…” (Rahman surəsi, 1-5)

Oxuyurdu. Dayanmadan oxuyurdu. Elə bil ki özünü unutmuşdu. Qüreyşliləri yaddan çıxarmış kimi oxumağa davam edirdi. Qüreyşlilər və digərləri oxunan ayələrə qulaq asıb, özlərindən keçmişdilər. Ayələrdəki nizami axışdakı ahəng onları qulaq asmağa vadar etmiş, onlar da dinləməyə başlamışdılar. Təəccüb və heyranlıq içərisində qulaq asırdılar. Ədəbiyyatın bütün xırdalıqlarına bələd və düşgün olan bu insanlar küfr qaranlığındakı inadkarlıqlarına rəğmən bu oxuyuşdakı məna dərinliyində özlərini itirmişdilər. Ancaq çox keçmədi ki, onların içlərindən biri bu təəccüb və heyranlıq vəziyyətindən özünü sıyırdı və dedi: “Siz heç fikir verirsinizmi Ümmi-Abdın oğlu nələr deyir?!”. Bu sözdən sonra qüreyşlilər özlərinə gəldilər və yüksəkdən bir səs eşidildi: “Təəssüflər olsun! O, Muhəmmədə gələn ayələrdən oxuyur. Durun!” Ayağa qalxdılar və ona hücum etdilər. Onu döyürdülər. Xüsusilə də üzünə vururdular. Bu cılız bədənli qəhrəman dözürdü.

Qəribə bir hadisə baş verirdi. Hücum edib onu döymələrinə baxmayaraq Abdullah oxumağa davam edirdi. Elə bil ki, o, heç kimi eşitmirdi, ona heç nə olmurdu. Sankı ağrıları hiss etmir, hərəkətləri duymurdu. Taqəti qurtarıb, yerə yıxılana qədər oxumağa davam etdi. Sonra isə huşunu itirdi. Artıq bundan sonra heç bir şey yadına gəlmirdi. Qüreyşlilərin qəzəbi bir az keçdikdən sonra soyudu. Abdullahı orada huşunu itirmiş halda qoyub getdilər. Bir az sonra Abdullah özünə gəldi və ayağa qalxdı. Hər tərəfi qan içindəydi. Yoldaşlarının olduğu evə tərəf hərəkət etməyə başladı. Yaralarından qan axmağa davam edirdi. Yoldaşları onu belə vəziyyətdə görüb çox məyus olmuşdular. “Bizim qorxduğumuz da bu idi”-dedilər. Ancaq Abdullah peşman olmamışdı. O, qorxmamışdı. Bu elm, ixlaskarlıq və cəsarət dolu olan insandan aşağıdakı sözlər eşidildi:

“Allaha and olsun ki, Allah düşmənləri heç bir zaman gözümdə bu günkündən daha aşağı, daha dəyərsiz və daha cılız görünməmişdi. Əgər istəsəniz mən sabah yenə gedib eyni şeyləri onlara söyləyə bilərəm”.

Yoldaşları hamısı bir ağızdan “xeyr, olmaz!”-dedilər. “Onsuz da onlar sənin oxuduqlarına qulaq asıb dəli oldular”. Abdullahın həmin gün başına gələn hadisənin yenidən təkrarlanmasını istəmirdilər. Çünki özləri ondan da daha çox əzab çəkirdilər. Abdullahın başına gələn hadisə onları da çox dərindən yaralayırdı. Ondan xahiş edib, bu istəyindən çəkindirdilər. Allah Rəsulundan sonra yer üzündə Qur`anı açıq şəkildə ilk oxuyan İbn Məsud olmuşdur. (İbn Sa’d, ət-Tabakat, III, 151;  İbn Hişam, əs-Sirə, I, 336; Zəhəbi, A’lamü’n-nübəla, I, 466.)

     Bu alim, arif, zahid və cəsarət dolu mücahid səhabə Məkkədə olduğu kimi Mədinədə də Allah Rəsulunun yanında idi. Cihad meydanlarında onun ətrafında olurdu. Hər bir qəzvədə onun başına gələn xatirələr mövcuddur. Ancaq bu xatirələrdən bəlkə də ən maraqlısı Bədr döyüşündə başına gələnlər idi. Bu hadisənin məzmununa toxunmazdan qabaq istərsəniz Abdurrahman ibn Avfın nə dediklərinə baxaq:

“Bədr döyüşündə iki gənc oğlanın arasında idim. Düzünə qalsa, ordu səfləri arasında özümü daha güvənli hiss edə bilmək üçün hələ cavan olan bu iki oğlanın ortasında olmaqdansa, təcrübəli, böyük iki əsgər arasında olmağı istəyərdim. Bu duyğular içərisində cihada davam edərkən çox keçməmişdi ki, gənclərdən biri mənə əli ilə toxunaraq dedi: -“Əmi, Əbu Cəhli tanıyırsanmı?” -“Bəli” dedim. “Nəyinə lazımdır?”. -“Eşitdim ki, o, Allah Rəsulu (s.ə.s) haqqında ağzına gələni danışırmış. Əgər onunla qarşılaşsam Allaha and olsun ki, içimizdən əcələ birinci çatan bu dünyanı tərk etmədən bədənim onun bədənindən ayrılmayacaq”-dedi.

Gənc oğlanın dedikləri və cəsarəti xoşuma gəlmişdi. Bir az keçmişdi ki, o biri oğlan da əli ilə mənə toxunub, əvvəlki oğlanın soruşduqlarını soruşdu və o da eyni sözləri dedi. Onların əzmkarlığını, cəsarətini gördükdən sonra aralarında olmağıma çox sevindim. Elə bir az keçmişdi ki, Əbu Cəhli gördüm. Nəhəng bədəni ilə döyüşçülərin arasında gəzişirdi. Həmən gənc oğlanlara üzümü çevirib Əbu Cəhli onlara göstərdim. “Bu adamı görürsünüzmü? Bax sizin axtardığınız adam budur!”- dedim. Mən onu göstərən kimi dərhal qılınclarını qınından çıxardılar və Əbu Cəhlin üstünə hücuma keçdilər. Çox keçmədən nə baş verdiyini anlamayan Əbu Cəhlin bədəni yerə sərilmişdi.

Tarixi mənbələrdə bu iki gəncin Afranın oğulları Muaz və Muavviz olduğu bildirilmişdir. Bir çox başqa mənbələrdə də sadəcə “Afranın iki oğlu” şəklində keçir. Ancaq həm Səhihi-Buxaridə, həm də Səhihi-Müslimdə qeyd olunduğuna görə bu gənclərdən biri Afranın oğlu Muaz, obirisi isə Amr ibn Camuhun oğlu Muazdır. Bu iki dost və adaş hadisənin baş qəhrəmanlarıdır. Bu qarışıqlıq isə həm oğlanların adlarının eyniliyindən, həm də bir-birlərinə çox yaxın dost olmalarından irəli gəlir. Ancaq fikirləşirəm ki, döyüş əsnasında yaranmış qarmaqarışıqlıq da bu fərqli görüşlərin ortaya çıxmasına təsir göstərmişdir.

Bu iki qəhrəman ordu səflərini yararaq Əbu Cəhli yerə sərmişdilər, ancaq hadisə tamamilə qurtarmamışdı. Gənclərin zər bələri ilə yerə düşən Əbu Cəhl dünya ilə vidalaşmamışdı. O, hələ sağ idi. Abdullah ibn Məsud onu bu halda gördü. Təəccüblənmiş və sevinmişdi. Ona “Allah səni də belə zəlil etdi!”- dedi. Əbu Cəhl isə bu acınacaqlı vəziyyətində belə öz qürurundan və təkəbbüründən əl çəkmək istəmirdi. Ona cavab verdi: “Öz qövmündən birinin qılıncı ilə ölən bir adam zillətə düşərmi heç?!. Öldürdüyünüz bu adamdan daha başı uca kim var ki?!”.

Muhəmməd ibn İshaqın bildirdiklərinə görə Abdullah ibn Məsud Əbu Cəhli bu vəziyyətdə görüb onun yanına gəlmiş və balaca ayaqlarını Əbu Cəhlin yekə sinəsinə basaraq yuxarıdakı sualı ona vermişdi. Əbu Cəhl həqiqətən də öz qürurundan əl çəkməyən bir adam idi. Sinəsinin üstünə ayağını basan Abdullaha dediyi sözlər, onun nə qədər böyük təkəbbürə sahib olduğunu göstərir: -“Çobancıq! Sən çox yüksək bir yerə çıxmısan!”. Onun bu sözlərindən kibir və qürur qoxusu gəlirdi. Sonra soruşdu: -“Döyüş kimin xeyrinədir?” Zəkalı olan Abdullah onun niyə belə bir sual verdiyini və necə cavab gözlədiyini bilirdi. Buna görə də onu yandıran bir cavab verdi:

Allah və rəsulunun xeyrinədir!”.

Bu cavabda həm də Abdullahın içindəki sevinc də hiss olunurdu. Əbu Cəhl Məkkədə olarkən bir çox mömin kimsəyə əziyyət verdiyi kimi, Abdullaha da çox işgəncələr etmişdi. Abdullah indi öz əlindəki qılıncla Əbu Cəhlin başına vurur, Məkkədə olarkən ona etdiyi zülmləri bir-bir onun yadına salır və bu qədər insafsızlığın və zülmün səbəbini soruşurdu… Abdullahın qılıncı sadə bir qılınc idi. Əbu Cəhlin isə görənləri valeh edən möhkəm bir qılıncı vardı. Abdullah öz qılıncını yerə qoyaraq onun qılıncını götürdü və Allah düşməninin başını elə onun öz qılıncı ilə bədənindən qopardı. Sonra isə qopardığı bu başı Rəsulullaha gətirib ona dedi: “Ey Allahın rəsulu! Bu Allahın düşməni Əbu Cəhlin başıdır!”. Hadisənin davamını onun öz sözlərindən eşidək:

“Mən bunu deyən kimi Allah Rəsulu (s.ə.s) sevincli bir şəkildə soruşdu; Ondan başqa ilah olmayan Allah adına düzünü söylə, bu onun başıdır?”. Mən də “bəli, özündən başqa bir ilah olmayan Allaha and olsun ki, bu onun başıdır!”-dedim. Sonra da Əbu Cəhlin başını Peyğəmbərin qabağına atdım. Rəsulullah ona tərəf çevrildi və dedi: “Ey Allahın düşməni! Səni bu şəkildə zəlil qoyan, zillətə düşürən Allaha həmd olsun!”. Sonra da üzünü bizə tərəf çevirdi və buyurdu:

“Bu ümmətin fironu bu adam idi”.

(Buxari, “əl-Məğazi” 12; Vaqıdi, əl-Məğazi, I, 90-91; İbn Hişam, əs-Sirə, II, 288-289, İbn Abdülbər, əl-İstî’ab, III, 991.)

Allah-Təala dağ kimi iri bədənli olan Əbu Cəhli yerə sərməyi iki cavan oğlana, son nöqtəni də qoymağı dağ boyda cəsarəti olan cılız bədənli bir əziz səhabəyə nəsib etmişdi.

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz

Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.