Qurani- Kərimin Tədvini. (kitab halına salınması)
Peyğəmbər salləllahu aleyhi və səlləm ona nazil olan Quran ayələrini Cəbrail əleyhi`s-salamın ona öyrətdiyi kimi sahabələrinə öyrədir, eyni zamanda bu ayələr Peyğəmbər salləllahu aleyhi və səlləmin huzurunda dəri, ağac yarpaqları, daş və ya heyvan sümüyü üzərinə yazilaraq sahabələr tərəfindən əzbərlənir və qorunub saxlanırdı. Ancaq kitab şəklinə salınmamışdı. Buna səbəb əzbərə üstünlük vermələri, yazi avadanlığının azlığı və yazi yazmağı bilənlərin də az sayda olması idi.
Peyğəmbər salləllahu aleyhi və səlləmin vəfatından sonra insanların riddət etməsi (dindən dönməsi), Biru`l-Məuna və digər döyüşlərdə Qarilərin (Quran oxuyucularının) şəhid edilməsinə qədər sahabələr Quranın bir kitabda toplanmasına ehtiyac hiss etmirdilər. Ənəs bin Malikdən rəvayət edildiyinə görə peyğəmbər salləllahu aleyhi və səlləm Qurra deyilən yetmiş nəfəri Suleym oğullarina göndərmişdi. Suleym oğullarından Ril və Zəkvan adli iki qola mənsub adamlar, Biru`l-Maunə deyilən yerdə qarşılarına çıxıb onları öldürdülər. Hədislərdəndə aydın olacağı kimi Quranın mushaflarda toplanması fikrini ilk dəfə Ömər radiyallahu anhu Quranin silinib yox olmasından qorxduğu üçün Əbu Bəkr radiyallahu anhuya təklif etmişdi.
Übeyd bin Sebbaqdan rəvayət olunduğuna görə Zeyd bin Sabit belə demişdir: “Əbu Bəkr Yaməmə döyüşündən sonra məni çağırdı. Ömər bin Xəttab da onun yanında idi. Əbu Bəkr dedi: “Ömər mənə gəldi və “Yəmamə döyüşündə Qarilərin (Quran əzbərləyənlərinin) şəhid düşdüyünü, digər yerlərdə də Qarilərin şəhid düşməsiylə Quranın itməsindən qorxduğunu və Quranın toplanmasını əmr etməyimi uyğun gördüyünü” dedi. Mən də, Ömərə: “Peyğəmbər salləllahu aleyhi və səlləmin etmədiyi bir şeyi necə edirsən?” dedim. Ömər: “Vallahi bu xeyirdir” dedi və nəhayət Allah təala bu işdə qəlbimi genişləndirinə qədər Ömər bu istəyini dəfələrlə təkrarladı. Mən də Ömərin fikrini uyğun gördüm”.
Zeyd ibn Sabit demişdir: “Bundan sonra Əbu Bəkr mənə: “Sən gənc, ağıllı və doğruluğundan şübhə edilməyən adamsan. Sən Rəsulallahın salləllahu əleyhi və səlləm vəhy katibliyini etmisən, Quranı izlə və onu topla” dedi”. Zeyd bin Sabit davamında belə deyir: “Vallahi bu dağlardan bir dağı daşımaqla əmr olunmağım, mənə Quranı toplamaqla əmr olunmaqdan daha ağır gəlməzdi. Bu səbəbdən Ömərdən “Rəsulullahın salləllahu əleyhi və səlləm etmədiyi bir şeyi etməyə nece cəsarət edirsən?” deyə soruşdum. Ömər “Vallahi bu xeyirdir”deyə cavab verdi. Ömər və Əbu Bəkrin qəlbini açan Allah mənimdə qəlbimi açıncaya qədər Əbu Bəkr mənə müraciət etməyə dəvam etdi. Quranı yazılı olduğu xurma budaqlarından, ağ nazik daşlardan, bez parçaları və hafizlərin əzbərindən izlədim. Tövbə surəsinin son ayələrindən olan: “And olsun sizə içinizdən bir rəsul gəlmişdir, sıxıntıya düşməyiniz ona ağır gəlir” ayəsindən Tövbə surəsinin sonuna qədər olan ayələri, Ənsardan Əbu Huzəymənin yanında tapıncaya qədər bu işə dəvam etdim. Bu ayəni ondan başqasında tapmadım.Topladığım bu kitab, Əbu Bəkrin yanında ondan sonra isə Ömərin yanında, ondan sonra Ömərin qızı möminlərin anasi-Hsfsanın yanında qaldı”.
Zeyd ibn Sabit Quranı toplayarkən sadəcə hafizlərin əzbərindən, ağac və daşlarun üzərindən toplamaqla kifayətlənmədi. Əgər ayə peyğəmbər salləllahu aleyhi və səlləmin hüzurunda yazılır və bu ayənin hansi surənin neçənci ayəsi olduğunu bilən sahabədən iki şahid gətirilirsə həmin ayəni yazır, əks təqdirdə ayəyə şahid tapılana qədər gözləyirdi. Halbuki, Zeyd Quranı əzbər bilirdi. Buna baxmayaraq o, hər bir ayəni son dərəcə diqqətli davranaraq yazdı. Anlaşılacağı kimi hər bir ayəni yazması üçün mütləq iki şərt tamamlanmalı idi:
1-Ayənin Peyğəmbər salləllahu aleyhi və səlləmin hüzurunda yazılmış olması
2-Ayəni əzbər bilən iki sahabənin şahidlik etməsi
Əli ibn Əbu Talib belə demişdir: “Mushaflar məsələsində insanlar arasında əcri (mukafat və səvabı ) ən böyük olan Əbu Bəkrdir. Allah Əbu Bəkrə rəhmət etsin. O, Allah`ın kitabını bir yere toplayan ilk insandır”.
Anlaşıldığı kimi Əbu Bəkr zamanında Rasulullahın salləllahu əleyhi və səlləm hüzurunda yazılan Quran səhifələri mushaf-kitab şəklində bir kitabda toplanmış oldu. Osmanın zamanında-hicrətin 25-ci ilində insanların əllərindəki səhifələrin müxtəlifliyinə görə, insanların qiraətləri bir- birindən fərqlənirdi. Osman insanlar Allah`ın kitabı haqqında ixtilafa düşməsinlər deyə səhifələrin bir mushafda toplanmasını əmr etdi. Ənəs bin Malikdən rəvayət olunduğuna görə, Huzeyfə ibnu`l-Yəmən Osmanın yanına gəlmişdi. O, İslam dinini yeni qəbul edənlərin Quranı oxumaları barəsindəki ixtilaflardan qorxmuş və ona: “Ey möminlərin əmiri, yəhudi və xristianlar ixtilafa düşdükləri kimi, bu ümmət də Qurani-Kərim barəsində ixtilafa düşmədən əvvəl bu ümmətə yetiş!” deyə səslənmişdi. Osman möminlərin anasi Həfsaya “Bizə səhifələri göndər, onları mushaflar halında çoxaldıb, səhifələri sənə geri qaytarariq!” deyə xəbər göndərdi. Həfsa anamız nüsxəni Osmana göndərdi. Osman Zeyd bin Sabit, Abdullah bin Zubeyr, Said bin As və Abdurrahman bin Haris bin Hişamdan ibarət heyətə Quranı çoxaltmalarını əmr etdi. Zeyd ənsardan, digər üç nəfər isə Qureyşdən idi. Osman qureyşli üç nəfərə “Quran haqqında Zeyd ilə ixtilafa düşsəniz onu Qureyş ləhcəsi ilə yazın. Çünki Quran, Qureyş ləhcəsi ilə nazil olmuşdur” dedi. Onlar da Osmanın dediyi kimi etdilər.
Heyət əmr ediləni yerinə yetirdikdən sonra, Osman nüsxənin əslini yenidən möminlərin anası Hafsaya qaytardı. Çoxaldılan nüsxələr yeddi dənə idi və o zamanın mühüm mərkəzlərindən sayılan: Məkkə, Şam, Yəmən, Bəhreyn, Bəsrə və Küfə şəhərlərinə göndərildi və bir nüsxəsi isə Mədinədə qaldi. Bu nüsxələrdən başqa Quran adıyla yazılmış nə var idisə Osman bunların yandırılmasını əmr etdi. Osmanın etdiyi bu əməl Rasulullahın salləllahu əleyhi və səlləm hüzurunda yazılan Quranın, Əbu Bəkr tərəfindən kitab halına salındıqdan sonra yenidən nüsxələrinin çoxaldılması oldu ki, bunada hec bir sahəbə qarşı çıxmadı. Əli ibn Əbu Talib demişdir: “Allah`a and olsun ki, mushaflarla bağlı etdiyini ancaq bizdən öncə olanların görüşünə dayanaraq etmişdir”.
O, belə dedi: “Mən insanları tək bir mushaf ətrafında toplamağı üstün görürəm.Belə olduqda nə təfriqə olar nədə görüş ayrılığı ortaya cıxar”. Biz də: “ Sənin bu görüşün çox yerindədir”.dedik. Osmanın çoxaldılmasını əmr etdiyi Quranda nə nöqtələr nədəki hərəkələr var idi. Belə olduqda Quranın yazısı, bütün qiraətlərin oxuyuşuna uyğun idi. Bildiyimiz kimi o zamanlarda ərəb hərfləri nöqtələnməmişdi. Mushaflara nöqtə və hərəkələr Əlinin tələbəsi Əbu`l-Əsvəd əd-Duəli və Nasir ibn Asim tərəfindən qoyulmuşdur. Müasir zamanımızda bir çox islam düşmənləri özlərinin şərqşünasları vasitəsi ilə Qurani-Kərimin təhrif olunduğunu isbat etmək, bununla da müsəlmanlar arasında fitnə salmaq üçün bir çox araşdırmalar etmiş, ancaq buna nail ola bilməmişdilər. Ötən əsrin ortalarında bunun üçün bir çox araşdırma heyətləri ən qədim Quran nüsxələri ilə, orta əsrlərdə daxil olmaqla mövcud olan bütün Quran nüsxələrini cəm etmiş, aralarında müqayisə aparmış ancaq istədikləri nəticənin tam əksini əldə etmişlərdir. Beləliklə ən qədim Quran nüsxəsi ilə digərləri tamamı ilə eynilik təşkil etmişdir. Bu isə Uca Rəbbinizin hicr surəsinin 9-cu ayəsində verdiyi vədinin praktik isabtı deməkdir:
إِنَّا نَحْنُ نَزَّلْنَا الذِّكْرَ وَإِنَّا لَهُ لَحَافِظُونَ
Həqiqətən Qurani Biz endirdik Bizdə onu qoruyacağıq.
Valhəmdu lilləhi Rabbil aləmin