Günün bərəkətli keçməsinin sirri
Məşhur alimlərdən İbnu`l-Qayyim rahiməhullah belə deyir: “Onlar (əvvəlki saleh nəsil) bütün gecəni səfərdə, şiddət və çətinlik içində keçirdikdə belə, fəcr namazından sonra yatmazdılar – günəşin çıxmasını gözləyər və sonra yatardılar”. Bütün bunlar fəzilət vaxtı olan fəcr namazından, günəş çıxana qədər olan vaxtı qorumaq üçündür. Bu vaxt – bərəkət, fəzilət, uca Allah`I zikr etmək vaxtıdır. Beləliklə, əvvəlki saleh nəsillər bu vaxtı, yuxu, tənbəllik, yeməklə zay etməzdilər. Əksinə, onlar sünnətdə varid olan zikrləri etməkdə davamiyyətli olardılar.
Əbu Vəil Şəqiq ibn Sələmə, Muslimin “Səhih” kitabında rəvayət olunan hədisdə belə deyir: “Fəcr namazını qıldıqdan sonra İbn Məsudu görmək üçün onun evinə yollandıq. İçəriyə daxil olmaq üçün icazə istədikdən sonra bizi qarşılayan qulluqçu icazə verildiyini xəbər verdi. Lakin biz icazə verildikdən sonra bir müddət gözlədik, sonra içəriyə daxil olduq. Bizi görən İbn Məsud: “Sizə icazə verildikdən sonra sizi gecikdirən nə oldu?” – deyə soruşdu. Biz isə cavabda: “Ev əhlindən kiminsə yatdığını zənn edərək narahat etmək istəmədik”. O isə belə dedi: “Mənim ailəmin qəflətdə olduğunumu zənn etdiniz?”
Bu sözün mənası odur ki, fəcr namazından sonra yatmaq – qəflətdə olmaq deməkdir. Nə İbn Məsud, nə də ki, onun ailə üzvləri bu vaxtda yatmazdılar.
Əbu Vəilin rəvayətinin davamı: “Daha sonra İbn Məsud zikr etməyə başladı. Bir müddət keçdikdə qulluqçudan günəşin doğduğu barədə soruşdu. Doğmadığını bildikdə, zikr etməyə davam etdi. Daha sonra bir daha günəşin doğması barədə soruşduqda, qulluqçu ona: “Bəli, artıq doğmuşdur” – dedi. İbn Məsud isə belə dedi: “Bizim günümüzü bağışlayan və günahlarımıza görə bizi həlak etməyən Allah`a həmd olsun”.
Bu sözə diqqət yetirin. İbn Məsud radiyallahu anhu “bizim günümüzü…” sözlərini deyəndə gün bitməmişdi. Çünki kim sabahını qoruyarsa, bütün gününü qorumuş olar. Baxmayaraq ki, bundan sonra duha, günorta, axşam çağı vaxtı irəlidədir, İbn Məsud bu surətdə Allah`a həmd etmişdi.
Son zamanlarda yaşayan insanlar isə bu vaxtın dəyərini itirdilər. Ola bilsin ki, əksər insanların yuxuda keçirdikləri, ən çox sevdikləri vaxt fəcr namazından sonradır. Onlar az sonra işə getməli olsalar belə, yarım saatı qalsa belə, yuxunu qaçırmazlar. Baxmayaraq, bu yarım saat onlara nə bir fayda, nə də gümrahlıq verməz. Əksinə, cismini zəiflədər, tənbəllik, yorğunluq və halsızlığını artırar. Bütün bunlara baxmayaraq, yenə də bu vaxtı yatmaqla keçirər. Doğru olan isə bu vaxtı Allah`I zikr etməklə keçirməkdir.
Hamımıza Peyğəmbərimiz salləllahu əleyhi va səlləmdən varid olan zikrləri öyrənmək və özümüzü onlara alışdırmaq lazımdır. Nəticədə bu əmələ bağlanaraq ondan üz döndərməyimiz və yaxud onu tərk etməyimiz mümkün olmasın.
Bu zikrləri davamiyyətli edərək, günümüzün ilk vaxtını qoruyaq. Həmçinin əsr namazından sonra günəş batanadək axşam zikrlərini də etməliyik. Peyğəmbərimiz salləllahu əleyhi va səlləm buyurmuşdur:
“Kim günəş doğandan qabaq və günəş batandan qabaq 100 dəfə “Subhənallah” desə, bu onun üçün 100 dəvədən daha əfzəl olar. Kim günəş doğandan qabaq və günəş batandan qabaq 100 dəfə “Əlhəmdulilləh” desə, bu onun üçün Allah yolunda istifadə olunan 100 atdan daha üstün olar. Kim günəş doğandan qabaq və günəş batandan qabaq 100 dəfə “Allahu Əkbər” desə, bu onun üçün 100 qul azad etməkdən daha üstündür. Kim günəş doğandan qabaq və günəş batandan qabaq 100 dəfə “Lə iləhə illəllah vəhdəhu lə şərikə ləh, ləhul-mulku və ləhul-həmdu və huvə alə kulli şey in qadir” desə, Qiyamət günü bundan daha üstün əməllə gələn olmayacaq, yalnız bunun kimi və ya bundan artığını deyəndən başqa”. (şeyx əl-Albani, “Sahihət-Tərğib və`t-Tərhib”, 658. Hədis həsəndir)
Səhər və axşam zikrlərini, həmçinin sünnətdə varid olmuş digər duaları “Müsəlmanın qalası” adlı kiçik kitabcada tapa bilərsiniz. Uca Allah hər birimizi Onu zikr etməyə, Ona şükr etməyə və Ona gözəl şəkildə ibadə tetməyə müvəffəqetsin!
Şeyx Abdu`r-Razzəq əl-Bədrin xütbəsindən götürülmüşdür.