Skip to main content


İslamda qardaşlıq 2- Usrələr

Ey səmimi qardaşım. Sən də bu İslam binasında sağlam bir daş olmağa çalış. Dərs həlqələri quraraq Allah`ın dinini öyrən, bu dünyaya niyə gəldiyimizi düşün, və Onun rızası üçün əlindən gələni et. Bu növ dərs həlqələrinin 3 təməl prinsipi vardır. Bu prinsipləri yaxşıca öyrənək və tətbiq etməyə calışaq ki, bu iş ruhsuz və cansız bir vəzifə halına gəlməsin. Bu prinsiplər aşağıdakıladır:

1. Tanışlıq - Bu usrələrin ilk prinsipidir. Tanış olub qaynayıb-qarışaq, Allah üçün bir-birimizi sevib, aramızda güclü və sağlam qardaşlıq duyğusu təşkil edək. Daim ayələrə və hədislərə sarılaq. Onları hər zaman gündəmimizdə tutaq və Allah`ın bu ayələrini hər bir zaman ağlımızdan çixarmayaq. Möminlər hər zaman qardaşdırlar. (Hucurat 10)  Hamınız birlikdə Allah`ın ipinə bərk-bərk yapışın və parçalanmayın. (Əli Imran 103) Peyğəmbər-salləllahu əleyhi və səlləmin bu sözlərini heç vaxt unutmayaq: “Hər mömin digər mömin üçün bir binanın daşları kimidir. Hər daş digərini gücləndirər”. (Buxari) Digər bir hədisdə isə belə buyurulur: “Müsəlman müsəlmanın qardaşıdır. Ona zülm etməz, onu düşmənə təslim etməz. Təhlükədə onu tək buraxmaz”. (Buxari və Muslim). Digər bir hədisdə belə buyrulur: “Möminlər bir-birlərini sevməkdə, bir-birinə mərhəmətdə və bir-birlərinə şəfqətdə bir bədən kimidirlər”.

Ayələrdəki bu Rabbani əmrlərlə, hədislərdəki Muhəmmədi yönləndirmələr İslamın ilk illəri keçdikdən sonra müsəlmanların dillərində dolaşan sözlər və zehinlərindən keçən xəyallar olmaqdan o tərəfə keçmədi. Amma artıq biz varıq deyə düşünməliyik. Bütün bu prinsipləri cəmiyyətimizdə tətbiq etməli, toplumu birləşdirmək, sırf Allah rızasına dayanan İslam qardaşlığı ruhunu yenidən canlandırmaq üçün calışmalıyıq. Elə bu səbəbdən müsəlmanlarla tanışlıq və onlarla gözəl fikir və düşüncələrin paylaşılmasında usrələrin rolu əvəzolunmazdır. Xüsusilə İslama yeni gələn dost-tanışımızı bir usrə (ailə) mühitinə daxil etməklə həm özümüzün, həm də onların Allah`ın bəxş etdiyi imanda sabit qalmasına, Onun dinini öyrənməsinə şərait yaratmalıyıq. Əgər bu yolda səmimiyiksə biz çox xoşbəxtik. Əgər hələ də səmimi deyiliksə niyyətimizi yeniləyək. Rəbbim bizi müvəffəq etsin.

2. Anlayış - Usrələrin ikinci prinsipidir. Ailə canlandırdığımız bu dərs həlqələri bizim anlayışımızı genişləndirən, dərk etmədiklərimizi dərk etməyə kömək edən bir nemətdir. Müsəlmanlar məhz bu dərs həlqələri sayəsində Allah`ı anmaq və onun dinini öyrənmək üçün bir araya gəlməklə daim haqq və ədalətə tabe olmağa, doğru olub, Allah`ın əmr etdiklərinə əməl etməyə bir-birini həvəsləndirər, qadağan etdiklərindən uzaq durar. Ailə halına gələn möminlər bir-birini görüncə Allahı xatırlayar, öz-özlüklərində qaldıqda isə Allah`a qarşı itaətkarmı, yoxsa üsyankarmı olduqlarını aydınlaşdırmaq üçün özlərini hesaba çəkər. Usrələr müsəlmanlara yanında bir qüsurunu gördüyü zaman din qardaşına  nəsihət etməsini öyrədər. Ailə halına gələn müsəlmanlardan hər kəs ona edilən nəsihəti gözəl bir şəkildə və sevinclə qəbul edər və nəsihət edənə təşəkkür edər. Nəsihət edən də nəsihət etdiyi qardaşına qarşı qəlbində arpa dənəsi qədər pis bir duyğu bəsləməməyə diqqət edər. Onu utandırmaz, ona qarşı üstünlük hissinə qapılmaz və onu əzməz, hətta qardaşıyla arasında keçən mövzunu ona, nəsihət etdiyini 1 ay gizlədər. Gördüyü qüsur və əksikləri heç kəsə deməz, ancaq qardaşını düzəltməkdə aciz qalarsa vəziyyəti digər qardaşlarına bildirər. Bu vəziyyətdə belə o, qardaşına qarşı sevgi bəsləməyə və ona dəyər vərməyə davam edər. Allah`ın dinini və praktiki İslamı öyrədən dərs həlqələriylə ailəyə çevrilən müsəlmanlar Allah işi olacağına çatdırana qədər belə davam edər. Nəsihət edilən kəs də inad, dik başlılıq və sərtlikdən uzaq dayanar. Nəsihət edən qardaşına qarşı qəlbində zərrə miqdarında pislik və kin bəsləməz. Çünki Allah üçün bir-birini sevmək və ailə halına gəlmək mərtəbələrin ən ucası, nəsihət də dinin əsasıdır. Allah Rəsulu salləllahu əleyhi və səlləm belə buyurur: “Din nəsihətdir”. (Buxari) Allah hamımızı kin və nifrətdən qorusun, Onun dinini öyrənəcək usrə halına gəlməyi, Ona itaət etməyi nəsib edərək şərəfləndirsin, hamımızı şeytanın hiylələrindən qorusun. Amin!

3. Yardımlaşma - Usrələrin bəxş etdiyi üçüncü prinsipdir. Ailə halına gələn müsəlmanlar məsuliyyətləri paylaşmalı və bir-birinin yükünün altına çiynini verməlidir. Yardımlaşma səmimi bir imandır və qardaşlığın özüdür. Hal-əhval soruşaraq və yaxşılıq edərək bir-birimizə dəstək olaq. İmkan dairəsində bir-birimizə maddi və mənəvi dəstək olaq. Peyğəmbərimiz salləllahu əleyhi və səlləmin bu əmrlərini heç vaxt unutmayaq: “Birinizin din qardaşınızın bir ehtiyacını qarşılamaq üçün çalışması bu məscidimdə bir ay etikafda qalmaqdan daha xeyirlidir”. (Təbərani, Munziri) Digər bir hədisdə isə deyilir: “Hər kim müsəlman bir ailəni sevindirsə, Allah ona Cənnətdən daha aşaği bir qarşılıq vərməz”. (Təbərani, Macə) Allah qəlblərimizi qardaş sevgisiylə birləşdirsin. O nə gözəl bir dost və nə gözəl bir yardımçıdır.

Dəyərli qardaşlarım!

Əgər diqqət etsəniz önünüzdə dayanan bütün vəzifələr sizi gözləyən bütün işlər tamamilə bu üç prinsipə tam bir şəkildə tabe olmağınızı və bunları tam olaraq həyata keçirməyinizi vacib etməkdədir. Məsuliyyətlərini və vəzifələri özünüz yerinə yetirməklə yanaşı, bu məsələdə daim qardaşınıza da kömək edin. Hamınız bu mövzuda özünüzü daim hesaba çəkin. Hər kəs qeyd etdiyimiz bu fərdi, sosial və maddi məsuliyyətləri yerinə yetirdiyi təqdirdə, heç bir şübhəsiz İslam nizamının prinsiplərini həyata keçirə biləcəkdir. Bu məsələdə qüsur etdiyimiz zaman isə bu nizam zəifləyəcək və hətta çökəcəkdir. Bu isə davamız üçün ən böyük zərərdir. Allah hər birimizi yuxarıdakı bütün xüsusiyyətləri daşıyan və cəmiyyətə, millətimizə nümunə olacaq bir İslam ailəsinin fərdinə çevirsin. Amin!!!