Məhərrəmlikdə nələr etmək olmaz?

Allah təalə bəzi ayları başqalarından üstün tutmuş, onları fəzilətli etmiş və müsəlmanların da həmin fəzilətdən bəhrələnməsinə imkan yaratmışdır. Bu aylardan biri də Məhərrəm ayıdır. Bu ay hicri təqviminin ilk ayı və dörd haram aydan biridir. Məhərrəm ayının önəm və sayğısı İslamdan əvvəl də mövcud olub. Belə ki, cahiliyyə dövründə qureyşilər Məhərrəm ayında oruc tutar, Kəbəydəki qara daşa təzim edərdilər. İbq Həcər və Qurtubinin yazdıqlarına görə, bu davranış çox yəqin onlara Hz. İbrahim (ə.s) kimi ötən peyğəmbərlərin buyruqlarından gəlibmiş.

Bəs Məhərrəm ayında nələr qadağandır?
Allah təala Tövbə surəsində buyurur:
Həqiqətən, Allah yanında ayların sayı on ikidir. (Bunu) da Allah göyləri və yeri yaratdığı gündə Kitaba yazmışdır. Bunlardan dördü haram aylardır. Doğru din budur. Odur ki, bu aylarda özünüzə zülm etməyin. Müşriklər hamısı bir yerdə sizinlə vuruşduqları kimi, siz də hamınız bir yerdə onlarla vuruşun və bilin ki, Allah müttəqilərlədir.(Tövbə 36)
Ayədə qeyd olunan “Ona görə də həmin aylarda özünüzə zülm etməyin” cümləsinin mənası odur ki, bu aylarda günah əməllər edərək özünüzə zülm etməyin. Çünki bu aylarda edilən günahlar digər aylarda edilənlərdən daha böyük günah sayılır. Bu ayda hər müsəlman dedi-qodu, münaqişə, kimisə incitmək və başqa fitnələrdən daha çox uzaq olmalıdır. 
 
Məhərrəm yası
Məhərrəm ayında bir qism müsəlmanlar Şəhid İmam Hüseynə (r.a) yas tuturlar. Əlbəttə ki, bir peyğəmbər nəvəsini, bir imamı vəhşicəsinə qətlə yetirmək, ailəsini susuz qoymaq vəhşilikdir, barbarlıqdır. Allah əlbəttə zalımların cəzasını layiqincə verəndir. Lakin bu ona əsas vermir ki, 1400 il bir şəhidə yas saxlanıla. Əksinə bu tarixi bir qürur, şücaət, igidlik rəmzi kimi xatırlamağı, zülmə qarşı haqqın yanında dayanmağı özümüzə borc bilməliyik. Şərii cəhətdən isə islamda yas cəmi 3 gündür. Şəhidlər isə Allah qatında ən uca məqamdadır, onlar Allah qatında diridirlər. Dirilər üçün yas saxlanılmaz. Şübhəsiz ki, ölüm də digər faciə və bəlalar kimi Allahın təqdir etdiyi bir hadisə olduğu üçün, ona qarşı üsyan etmək olmaz. Onu səbr ilə qarşılamaq lazımdır. İslamdan əvvəlki cahiliyyə dövründə ərəblər arasında bir adət vardı. Birinin ailəsinə bəla düşəndə, müsibət yaşananda ərəb qadınlar bir yerə yığışaraq uca səslə hönkürər, fəryad qoparar, üzlərini cırar, paltarlarını yırtar, saçlarını yolardılar. Allahın Rəsulu (s.ə.s) isə bütün bunları qadağan etdi. Heç bir hiss, duyğu, heç bir məhəbbət, hətta Allah rizasına görə olsa belə, Allahın buyurduğu tələblər və qoyduğu şəriəti dəyişdirməyə haqq qazandırmaz. Lakin bu gün təəssüf ki, bir qism insan İmam Hüseynin qətl edildiyi Aşura günündə özünə zəncir vurur, başına və bədəninə xəncərlə xəsarətlər yetirir və bu yolla əzadarlıq etdiyini düşünürlər və özlərinə zülm edirlər. Halbuki Allah Quranda buyurur:
"Bu aylarda özünüzə zülm etməyin". (Tövbə, 36)
digər ayədə isə Allah buyurur: "Allah onlara zülm etmirdi, onlar özləri özlərinə zülm edirdilər." (Ənkəbut 40)
 
Məhərrəm ayında toy, nişan və elçilik olarmı?
 Bildiyiniz kimi ölkəmizdə belə bir düşüncə var ki, məhərrəmlikdə toy nişan etmək olmaz. Çünki cəmiyyətimiz daha çox qərb dəyərlərindən bizə keçən və haram olan çalğılı, içkili, qadın və kişinin bir-birinə qarışdığı toya üstünlük verir. Məhərrəm ayı gəldikdə isə bu ayın hörmətinə insanlar toylardan uzaq qalır, həmçinin bacardıqca içki zina və s. günahları az etməyə çalışırlar. Halbuki bütün bunlar haramdır, haramları etmək isə istər məhərrəmlik olsun istər başqa vaxt olsun Allaha qarşı üsyan və hörmətsizlikdir. Allah yalnız məhərrəm ayındamı bizi görür? İslami qadağalar yalnız məhərrəm ayınamı aiddir? Halbuki islama görə toy məclislərində qadın və kişilər ayrı salonlarda olmalı, haram olan içkilərdən uzaq durulmalı, səsi baş çartladan və içi günah və küfr sözlərlə dolu musiqilər əvəzinə Allahın ayələri və gözəl ilahilər səslənməlidir. Belə olduğu halda isə artıq rahatlıqla məhərrəm ayında da digər aylarda olduğu kimi, nişan və toy mərasimləri təşkil etmək olar. Çünki İslamda sırf məhərrəmlik ayına görə toy, nişan, elçilik qadağası yoxdur, bu insanların özlərdindən ortaya çıxardığı bir adətdir.  İslamda "Lə ilahə illəllah", yəni "Allahdan başqa ibadətə layiq heç bir məbud yoxdur" düsturu var. Belədirsə, insanlar Allahın buyruqlarına hər zaman əməl etməli, öz ayinlərini və adətlərini Şəriətə əsaslanaraq etməlidirlər.

Aşura günü 
Məhərrəm ayında baş vermiş ən önəmli gün isə Aşuradır. Aşura kəlməsinin kökü ərəb dilindəki "əşr", yəni "onuncu" sözündəndir. Əşr isə haram ay sayılan Məhərrəmin 10-cu günüdür. Rəvayət edildiyinə görə Aşura günü tarixdə bir çox hadisələr baş vermişdir: 
1.Allah, Hz.Musaya Aşura günü bir möcüzə bəxş etdi onları Qırmızı dənizdən keçirdi, Fironu və ordusunu dəniz sularında məhv etdi.
2.Hz. Nuhun gəmisi (a.s.) Aşura günü Cudi dağına lövbər salmışdır.
3.Hz. Yunus (ə.s.) məhz Aşura günü balığın qarnından xilas oldu.
4.Hz. Adəmin (ə.s.) tövbəsi Aşura günü qəbul olundu.
5.Hz. Yusuf bu gün qardaşlarının atdığı quyudan çıxarıldı.
6.Hz. İsa (ə.s) o gün doğuldu və həmin gün səmaya qaldırıldı.
7.Hz. Davudun (ə.s.) tövbəsi o gün qəbul edildi.
8.Hz. İbrahimin (ə.s.) oğlu Hz. İsmayıl o gün doğuldu.
9.Hz. Yaqubun (ə.s) oğlu Yusifin həsrəti səbəbiylə bağlanan gözləri o günü görməyə başladı.
10.Hz. Əyyub (ə.s.) həmin gün dəhşətli xəstəliyindən sağaldı. (Səhihi Müslim şərhi, 6: 140).
Həmin gün, hicri təqvimlə 680-ci ilin oktyabrın 10-da bəşər tarixində ən böyük faciələrdən biri baş verdi. Cəmi müsəlmanlar üçün faciə olan həmin gündə Kərbəla yaxınlığındakı döyüşdə Hz. Məhəmmədin sevimli nəvəsi, İmam Hüseyn (ə.s.) və onun 72 nəfərlik dəstəsi şəhid olublar. O dəstədə aralarında yeniyetmələr və azyaşlı uşaqlar da olmaqla 18 nəfər Allahın Rəsulunun (s.ə.s) birbaşa qohumları idilər. Kərbəla müsibəti şəhidliyin tarixini yazdı. Həmin gün İslam dinində həm matəm, həm də İslamın qələbə çaldığı gündür. Həmin gün İslamın necə böyük din olduğunu göstərirdi. Yuxarıda qeyd edilən bütün səbəblər göstərir ki, Ramazan ayından sonra ən fəzilətli oruc məhərrəm orucudur. Bu ayda xüsusilə Aşura orucunun fəziləti böyükdür. Hz. Məhəmməd (s.ə.s) buyurub: "Ramazan ayından sonra ən fəzilətli oruc "Şəhrullah" (Allahın ayı) olan Məhərrəm ayının orucudur. Fərz namazından sonra ən əfzəl (üstün) namaz gecə namazıdır" (Müslim, Əbu Davud, Tirmizi). Məhz bu səbəbdən də mömin müsəlmanlar Məhərrəm ayını "şəhrullah", yəni "Allahın ayı"adlandırırlar. Peyğəmbər salləllahu əleyhi və səlləm məhərrəm ayında tez-tez və xüsusilə Aşurə günü oruc tutardı, hətta Ramazan orucu fərz qılınana qədər Aşura günü orucunu qaçırmazdı. O bu haqda belə buyurmuşdur: “(Aşura gününün orucu) keçmiş ilin (kiçik) günahlarına kəffarə olar”. Məşhur bir hədisdə belə deyilir: “Allah Rəsulu salləllahu əleyhi və səlləm Mədinəyə hicrət etdiyi zaman yəhudilərin Aşura günü oruc tutduqlarını gördü. Peyğəmbər salləllahu əleyhi və səlləm onlara:  “Bu gün tutduğunuz oruc nədir?” deyə soruşdu. Onlar: “Bu gün Allah`ın, Musa və qövmünü Firondan qurtardığı, Firon və qövmünü (dənizdə) boğduğu böyük bir gündür. Musa, Allah`a şükrün ifadəsi olaraq bu gün oruc tutduğu üçün, biz də oruc tuturuq” dedilər. Bu zaman Peyğəmbər salləllahu əleyhi və səlləm belə buyurdu: “Biz Musaya, sizdən daha haqq sahibi və layiqik”. Peyğəmbər bu gün oruc tutdu və bu gündə oruc tutmağı əmr etdi" Buxari, Müslim. 
 
İslamda əzadarlıq
İslamda əzadarlıq yoxdur, bu, xristian dinində olan, XIII əsrdə Avropada ortaya çıxmış flagellantlıq ənənəsidir. O dövrdə xristianlar günah etdikdə, nəfsini cəzalandırmaq üçün özlərini döyür, işgəncə edirdilər. Aşura günü matəmini biraz daha təsirli hala gətirmək üçün isə şərq diyarında bir qism insan bu ənənəni xristianlıqdan islama transfer etdi.  Və artıq bir neçə əsrdir İran, İraq kimi bölgələrdə əzadarlıq davam etdiyi üçün insanlar bunun şəriətə uyğun əməl hesab etməyə başladılar. Halbuki Quran insanın öz nəfsinə zülm etməsini qadağan edir və insanlar özlərinə işgəncə etməklə əsla savab iş görmür, əksinə daha da günaha batırlar. Müsəlmanlar bu kimi islamdan uzaq xürafatlara uyduqca ateistlər də bunu fürsət bilib islami və imamlarımızı lağa qoyurlar, müsəlmanları cahil adlandırırlar.
Ona görə də gəlin elmimizi artıraq, İslamı sağlam bir şəkildə öyrənib yaşayaq və hər kəsə örnək bir şəxsiyyət olaq.

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.

Rastgələ Paylaşımlar