Yaltaqlıq və Xəyanət: Möminin Mövqeyi
Son günlər isə ölkədə təbii bir gündəm yaranıb — xəyanət. Xəyanət də pis bir xislətdir. O, qəlbin xəstəliyindən, paxıllıqdan və ya digər mənəvi pozğunluqlardan, bəzən də yaltaqlıqdan doğur.
Bu gün aktuallaşan başqa bir məsələ də budur: mömin yaltaq ola bilərmi? Zənn edirəm ki, bu sualın cavabı aydındır. Mömin gözəl sözlü olmalıdır. İnsanlara xoş sözlər deməli, onları yaxşı işlərə motivasiya etməlidir. Qurani-Kərimdə buyurulur: “Qullarıma de ki, insanlara ən gözəl sözləri söyləsinlər” (İsra, 53). Yəni möminin dili gözəl, amma sözü doğrunun tərəfində olmalıdır.
Lakin bu, yaltaqlıq demək deyil. Mömin şirin dilli, amma dürüst olmalıdır. Yaltaqlıq — haqsız yerə birinə xoş gəlmək üçün vicdanın susması, haqqın əvəzinə batilə meyl etməkdir. Belə insan, əslində, potensial xəyanətkardır. Çünki yaltaqlıq, insanın həqiqət qarşısında sükut etməsi və yalanı bəzəməsi deməkdir.
Məhz buna görə möminlər əvvəlcə öz aralarında, daha sonra isə cəmiyyətdə yaltaqlıqla mübarizənin öncülləri olmalıdırlar. Mömin kiminsə gücünə, mövqeyinə və ya vəzifəsinə görə yaltaqlıq edə bilməz. Bu, ilk növbədə onun imanını zədələyər. Quranda buyurulur: “Allahın ayələrini az bir qiymətə satmayın” (Bəqərə, 41). Bu ayə imanını dünyəvi mənfəətə dəyişməyi qadağan edir. Yaltaqlıq da, əslində, imanı mənfəətə dəyişməkdir.
Möminin iman edərkən inkar etməli olduğu tağutlardan biri də yaltaqlıq olmalıdır. Yaltaqlıq xislətinin aradan qaldırılması imani bir vəzifədir. Peyğəmbər (s.ə.s.) buyurmuşdur: “Kim zalıma qarşı, onun zülm etdiyini bildiyi halda onu tərifləyərsə, Allahın qəzəbinə məruz qalar” (Təbərani, əl-Mu’cəmul-Kəbir). Bu hədis, yaltaqlığın sadəcə mənəvi bir zəiflik deyil, iman üçün təhlükə olduğunu göstərir.
Yaltaqlıq sözünün öz kökü də çox düşündürücüdür. “Yal” — itə bişirilən yemək deməkdir. Yal müqabilində it, quyruğunu ayaqları arasına alar və ya sağa-sola hərəkət etdirər, əvvəlki yırtıcılığını süləkliyi ilə əvəz edər. Bu, yaltaqlığın mahiyyətini çox gözəl ifadə edir: yal qarşılığında vicdanı və şəxsiyyəti itirmək.
Mömin belə olmamalıdır. Mömin, yalanı və haqsızlığı bəzəməz, zülmə gözəllik donu geyindirməz. Onun vəzifəsi həqiqətə şahidlik etmək, batilə sükut etməməkdir. Peyğəmbər (s.ə.s.) buyurmuşdur: “Sizdən kim bir pislik görsə, onu əli ilə dəyişsin; buna gücü çatmazsa dili ilə; buna da gücü çatmazsa, qəlbi ilə — bu isə imanın ən zəifidir” (Müslim, İman, 49).
Möminin dəyəri onun haqq qarşısındakı duruşundadır, haqsızlıq qarşısındakı sükutunda deyil. O, insanların xoşuna gəlmək üçün deyil, Allahın razılığı üçün danışar. Möminin qəlbi səmimi, dili düz, duruşu sabit, sözü isə həqiqət olmalıdır.
Yaltaqlıq — imanı, şəxsiyyəti və cəsarəti sındıran mənəvi bir xəstəlikdir. Onunla mübarizə aparmaq yalnız ictimai borc deyil, həm də imani vəzifədir. Çünki yaltaq cəmiyyətlərdə həqiqət ölür, haqqı demək təhlükəli, haqsızlıq isə normal görünür. Möminin vəzifəsi isə bu zənciri qırmaq, həqiqəti qorumaq və batilə qarşı durmaqdır.
Azər Hüseynov