Skip to main content


Müvəffəqiyyət əldə etməyin 10 yolu

Tövfiq müvəffəqiyyətin, nailiyyətin qaynağı deməkdir. Yəni bir işdə tövfiq Allah`ın o işi sizdən qəbul etməsi və lütfü ilə onun müvəffəq olmasına yardım etməsidir. O, Allah`ın möminlərə göndərdiyi bir bərəkət və yardımıdır.

Bu yardımla ənənəvi düşüncənin əksinə təsadüf və şansla gələn bir müvəffəqiyyət nəzərdə tutulmur. Tövfiq Allah`ın hikməti və təqdirinə dayanan bir uğurdur.

Bu məqalədə inşəAllah bizim üçün nemət olan və bizə xeyr və müvəffəqiyyətin qapılarını açacaq tövfiqi qazanmağın 10 yolunu açıqlayacağıq. Əlbəttə ki, bu işdə də müvəffəqiyyət Allah`dandır, Onun tövfiqi ilədir.

1. Ona möhtac olduğumuzu dərk edin

Mövzu ilə bağlı bilməyimiz lazım olan ilk və ən önəmli şey yalnız Allah`ın hər şeyə qadir olduğudur. Əlbəttə O, bizə doğru yolu seçmək və bu yolda irəliləmək üçün iradə vermişdir.  Amma bu bizim müvəffəqiyyətə mütləq qüdrətimiz olduğu anlamına gəlmir. Biz Ona hər zaman möhtacıq.

Buna görə biz Allah`a möhtac olduğumuzu dərk etməli, Ona qarşı itaətkar və müti olmalıyıq. Təkcə bir işə başlayarkən deyil, işin əvvəlindən sonuna qədər, hətta bu işdə müvəffəq olduqdan sonra belə.  Təkəbbür və qürurdan uzaq durub əldə etdiklərimizin yalnız və yalnız Allah`ın istəyi və tövfiqi ilə olduğunu dərk etməliyik. Doğru bir seçim etdiyimiz zaman bunu Allah`ın  tövfiqi ilə etdiyimiz xatırlamalıyıq. Çünki O, bizə seçim iradəsi verdi. Allah təala buyurur:

وَمَا تَشَاءُونَ إِلَّا أَنْ يَشَاءَ اللَّهُ رَبُّ الْعَالَمِينَ

(Onu da bilin ki) aləmlərin Rəbb`i olan Allah istəməsə, siz (bunu) istəyə bilməzsiniz! (Təkvir 29)

2. Niyyətini düzəlt

Allah`ın razılığını həyatınızın əsas qayəsi etmək üçün şüurlu qərar və səmimi niyyətə sahib olmalısınız. Bu niyyətinizi də səhih əməllərinizlə sübut etməlisiniz.

- Misallar:

Günlük olaraq hər bir işinizdə özünüzə sual verin:

- Bu işi nə üçün edirəm

- Bunu edərkən Allah`ınmı, yaxud başqalarınınmı razılığın düşünürəm

Əgər Allah`ın razılığın həyatımızın əsas hədəfi olaraq görsək insanların tərif və nəzəri bizi maraqlandırmaz və qınayanın qınamasına görə də narahat olmarıq.

3. Davamlı və yorulmadan Allah`ın yardımını diləyin

Sənə gözəl əməllərə nail olmaq üçün istək və iradə verməsini Allah`dan istə. Duanı həyatınızın bir hissəsi halına gətirin. Oturarkən, durarkən, gəzərkən, yemək bişirdiyiniz və təmizlik etdiyiniz zaman, hər bir işi görərkən dua ilə Rəbb`inizi xatırlayın. Onun sevdiyi əməllərə sahib olmağınız və başqalarına faydalı olacacaq işlər görməyiniz üçün sizə tövfiq verməsini Allah`dandiləyin.

4. Quran və hədislə aranızda səmimi bir bağınız olsun

Quran və hədisləri öyrənməyi həyatınızın təməl bir ehtiyacı halına gətirin.

Yemək yemək, su içmək necə bir ehtiyacdırsa, Quran oxumaq da elə olsun. Həqiqətdə qəlbiniz üçün Allah`ın ayətlərini dinləmək, Onun sözlərini həzm etmək bədəninizin qidaya və ya suya olan ehtiyacından daha böyük bir ehtiyacdır. Biz tamamilə bədənimizi qidalandırmaqla məğul olduğumuz zaman ruhumuz aclıq çəkəcək. Həyatınızda bu balansı saxlamağa çalışın. Unutmayın insan ruh və bədəndən ibarətdir.

Əgər qəlbiniz ona ehtiyac olan qidanı  qəbul edərsə (Quran və Hədis oxumaq və təfəkkür ilə) daha güclü olacaq, Rəbb`iniz olan Allah`ın rəhmətini daha çox qazanacaq, sizi daha çox əməl üçün istəkləndirəcək. İnşallah

5. Başqalarına faydalı olmaq üçün yollar axtarın

Bəlkə bu bənd özünüzdən çox başqalarına faydalı görünə bilər amma həqiqətən əgər siz digər insanlara faydalı olmaq üçün səylərinizi artırsanız Allah`ın rəhməti üzərinizə yağış kimi yağacaq və xeyrin qapıları heç vaxt olmadığı kimi üzünüzə açılacaq. Misallar:

Özünüzə bu önəmli sualları verin!

- Qəlbin başqalarına da qarşı mərhəmətlidir, yoxsa hər zaman özünü düşünürsən?

- Başqalarının da müvəffəq olmasını istəyirsənmi, yoxsa yalnız özünəmi Cənnəti arzulayırsan?

- Digərləri ilə – xüsusi ilə sevmədiyin şəxslərlə bir xeyr paylaşdığın zaman, bunu Allah`ın razılığını qazandıracaq bir səbəb kimi, yoxsa bir yük olaraq görürsən?

6. Təqvanızı artırmaq üçün çalışın

Təqvanın lüğəti mənası bir kəsin özünü Allah`ın qəzəbindən qoruması anlamına gəlir. Əgər biz müvəffəq olmaq və bu yolda irəliləmək istəyiriksə şüurlu bir həyat yaşamalı və Allah`ın qəzəbinə səbəb olacaq əməllərdən uzaq durmalıyıq.

Bəzən düşünə bilərik ki, saleh əməllərimiz bizi pisliklərdən qorumaq üçün kifayət edir. Amma Şeytanı unutmayaq. O, bizi çox vaxt xeyir əməllərimizlə belə günaha çəkə bilir. Təqva sahibləri saleh əməlləri artırmaqla yanaşı Allah`ı qəzəbləndirəcək işlərdən uzaq olmaq üçün səy göstərməlidir.

Bir xətaya düşməməyi də sizə xatırlatmağı mühüm bilirəm: Bəzi insanlar düşünür ki,əgər onlar ibadət etsələr, Quran oxusalar Allah kiçik günahlara görə onlara qəzəblənməyəcək. Belə düşüncə böyük xətadır. Bilməlisiniz ki bu dünyada, insanlar nəzərində nə qədər abid görünməyiniz önəmli deyil. Allah hər şeyi haqqıyla biləndir. Əgər siz insanlardan gizlətdiyiniz pis əməlləri yalnız qaldığınızda edirsinizsə sizi müvəffəq edəcək tövfiq sizə çatmayacaq. Çünki siz Allah`ın deyil insanların qınamasından qorxursunuz.

قُلْ لَا يَسْتَوِي الْخَبِيثُ وَالطَّيِّبُ وَلَوْ أَعْجَبَكَ كَثْرَةُ الْخَبِيثِ فَاتَّقُوا اللَّهَ يَا أُولِي الْأَلْبَابِ لَعَلَّكُمْ تُفْلِحُونَ

(Ya Rəsulum!) De: “(Ey insan!) Murdar (haram) şeyin çoxluğu xoşuna gəlsə belə, murdarla təmiz (haramla halal) bir ola bilməz”. Ey ağıl sahibləri, Allah`dan qorxun ki, nicat tapasınız. (Maidə 100)

7. Lüzumsuz İşlərdən Uzaq Durun

Əgər bir kəs Allah`ın rızasını qazanmaq yolunda müvəffəq olmaq istəyirsə, zamanını ehtiyatla (iqtisadla) sərf etməsi və ona fayda gətirməyəcək işlərdən çəkinməsi vacibdir.

Allah nicat tapan insanları vəsf edərkən onların faydasız, gərəksiz işlərdən uzaq durmalarını əsas xislətləri kimi göstərir.

وَالَّذِينَ هُمْ عَنِ اللَّغْوِ مُعْرِضُونَ

O kəslər ki, lağlağıdan (lüzumsuz şeylərdən, qadağan olunmuş əməllərdən) üz döndərərlər. (Muminun 3)

Burada mövzu olan faydasız əməllər bizim son zamanlar həyatımızın bir hissəsi olan, “onlarsız yaşaya bilmərik” dediyimiz  keçici zövqlərdir ki, zamanımızı və qəlbimizi tükədir.

Öz həyatınızdakı bu faydasız işləri müəyyən edə bilərsinizmi?

Bu seçim məsələsidir. Ya siz zamanınızı həm bu dünyada, həm digər aləmdə sizə fayda gətirəcək əməllərə sərf edəcəksiniz, ya da müvəqqəti dünya zövqləri ilə tükədəcəksiniz…

8. Az Söz , Çox İş

Cəmiyyətimizdə insanların zamanını israf edən faydasız bir iş də konkret məqsədi və istiqaməti olmayan söhbətlər və müzakirələrdir.

Həqiqətdə əgər biz ağzımızdan çıxacaq sözə diqqət etməsək onda qiybət, iftira, başqalarının əyləncəsi olmaq, insanların özəl həyatını müzakirə etmək kimi günah əməllərin təhlükəsindən qoruna bilmərik. Özümüzü bir şəkildə qorusaq belə bunlara sərf etdiyimiz dəyərli zamanımızı geri qazana bilməyəcəyik. O zaman ki, hesabını Rəbb`imizə verməli olacağıq. Bu zaman israfı bizimlə Allah`ın tövfiqini bizə qazanandıracaq imkanlar arasında bir maneə olacaq

Buna görə biz Allah Rəsulu salləllahu əleyhi və səlləmin tövsiyəsinə tabe olub:“Ya xeyr söyləməli, ya da susmalıyıq”. (Səhih Muslim)

9. Fürsətləri Qaçırma

Bizi xeyr işlərdə geridə buraxan səbəblərdən biri də Allah`ın bizə verdiyi imkanları bəzən geri çevirməyimizdir. Əksinə, biz işləri davamlı  ertələyirik və düşünürük ki, daha sonra bunun üçün daha uyğun vaxt olacaq. Çünki biz xəyalpərəstik, real düşünmürük və zamanımızın durmadan tükəndiyinin fərqində deyilik.

Buna görə Allah`ın yardımını, tövfiqini qazanmağın ən əmin yolu Onun xeyr işlər görmək üçün qarşımıza çıxartdığı fürsətləri qaçırmamaq, bunun dəyərini bilmək və daim bu nemətlərə qarşı şükr içində olmaqdır.

Allah təala buyurur:

Yadınızı salın ki, o zaman Rəbbiniz bunu bildirmişdi: “Əgər (Mənə) şükür etsəniz, sizə (olan ne’mətimi) artıracağam. Yox, əgər nankorluq etsəniz, (unutmayın ki) Mənim əzabım, həqiqətən şiddətlidir!” (İbrahim 7)

10. Özünü ağır yükə hazırla

Bizim dağın zirvəsinə qalxmaq xəyalımız ola bilər, amma biz o zirvəyə götürəcək tək şey əzmlə çalışmağımızdır.

Kim ki, Allah`ın rizasını qazanmaq və Cənnətin ən yüksək yerinə sahib olmaq istəyirsə, bunun üçün ağır işə hazır olmalıdır, əziyyətlərə qatlanmalıdır.

Çox zaman bizim Allah`ın dini üçün böyük xəyallarımız ola bilir, Onun rizasını qazanmaq üçün inanınlmaz şeylər iddia edirik. Amma bunları görəcək iradəni özümüzdə göstərmirik. Bunun tələb etdiyi ağır işə qatlanmırıq.

Niyə? Çünki biz alışmış olduğumuz zövq və rahatı Allah üçün tərk edə bilmirik. Sonra da Rəbb`im mənim dualarıma niyə cavab vermir deyə düşünürük.

Allah yalnız o kəslərə yardımını göndərər ki, onların sözləri və əməlləri birdir, onlar Allah`ı razı salmaq üçün mücadilə edirlər, onlar ki, Rəbb`lərinin sevdiyi işləri görmək üçün yollar axtarırlar.

Ayədə deyildiyi kimi:

Bizim uğrumuzda cihad edənləri öz yollarımıza qovuşduracağıq. Şübhəsiz ki, Allah yaxşı əməllər edənlərlədir! (Ankəbut 69)

Həyat imtahanında müvəffəqiyyətli olmağı nə qədər istədiyimizə qərar verməyimiz artıq bizdən asılıdır.

Allah bizə bu qısa həyat səyahətimizi ən gözəl şəkildə başa vurmaq üçün əzm və iradə nəsib etsin və bizi müvəffəqiyyətin ən üstünü olan Cənnəti qazanmaq üçün tövfiq bəxş etsin.

Amin