Skip to main content


“Quranı Muhamməd peyğəmbər uydurub” – deyənlərə

Maraqlıdır, Muhamməd peyğəmbər (sallallahu aleyhi və səlləm) Quranı özümü uydurmuşdu? Öz əsəri olmadığını haradan bilə bilərik?  Biz bu məqalədə bu məsələylə bağlı bütün mümkün faktları gözdən keçirərək Quranın bir insan tərəfindən uydurulma ehtimalını araşdıracağıq və məsələyə analitik baxış sərgiləyəcəyik:

1) Birmingem universitetinin professoru Tomas hal-hazırda həmin universitetdə mövcud olan ən qədim Quran parçasıyla müasir çap olunan Quranı müqayisə etdiyini və heç bir fərq görmədiyi üçün təəccübləndiyini bildirir. O qədim nüsxələrin karbon tarixləmə üsuluyla araşdırılaraq Muhamməd peyğəmbərin ölümündən sonrakı iki onilliyə aid olduğunu bildirir.[1] Oksford universiteti xüsusi tarix  təyin etmə üsulu ilə qədim parçanın təxminən 568-645 illər arasına aid olduğunu  müəyyənləşdirmişdir[2].  Muhamməd peyğəmbər bu cümləni özü Qurana necə daxil edə bilərdi?- “Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrif, artırıb-əskiltmədən) qoruyub saxlayacağıq!"[3] O “öz” əsərini öldükdən sonra necə qoruya bilər axı? Belə şey məntiqsiz olardı.

2) Quranın İncil və Tövrat əsasında tərtib edildiyi iddiasına baxaq. Bütün elmi mənbələrə görə Muhamməd peyğəmbərin dövründə İncil və Tövrat ərəb dilinə tərcümə edilməmişdi. Çünki həmin dövrdə qəbilə quruluşunda yaşayan ərəblərdə elm və  yazı mədəniyyətinin inkişafı zəif idi. Hastinqs və Jeyms bu haqda deyir: “İslamdan əvvəl İncilin hər hansı hissəsinin ərəb dilinə tərcümə edildiyinə dair heç bir sübut yoxdur.[4] Hastinqsin Bibliya Lüğəti ilk ərəb dilinə tərcümə edilən İncilin 10-cu əsrə aid olduğunu bildirir[5]. Həmçinin məşhur Judaika Ensiklopediyası da ilk ərəbcə İncil Hüneyn ibn İshaq (IX əsr) və Səid ibn Yusifə (X əsr) aid olduğunu bildirir.[6] Pol Vegner deyir: “Ərəbistandakı xristian və yəhudi adət-ənənələri yazılı kitaba əsaslanmır, Suriya yəhudi və xristianlarının dini, eşitdikləri və tətbiq etdikləri şifahi ənənələrə əsaslanırdı. Ərəbistanın xristian və yəhudi qrupları ortodoks inanca sahib deyildilər və bir sıra qruplara bölünürdülər”.[7] Yeni Katolik Ensiklopediyasında deyilir: “Ərəb xristianlar hər məsələdə dövrün Xristian Elm Mərkəzlərindən kənar idilər”.[8] Deməli onların  əllərində yazılı ərəbcə İncil yox idi. Üstəlik bir çox məsələdə Tövrat, Quran və İncildə fərqli hökmlər, zidd fikirlər vardır. Məs; İncildə qadın yalnız ailədə kişi olmadıqda varis haqqına sahibdisə[9] Quranda qadınən vərəsəlik və mülkiyyət hüquqlarına dair həddən çox ayə vardır. (Məs; Nisə 7) Muhamməd peyğəmbərin yoldaşı Xədicənin dayısı kor Varaqa ibn Nofəl xristian idi. Lakin Muhamməd peyğəmbər peyğəmbərlik iddiasına başlayandan cəmi bir neçə gün sonra artıq dünyasını dəyişmişdi.[10] Bütün bunlar Muhammədin peyğəmbərin Quranı İncil və Tövratdan kopyalaması fikrini alt-üst edir.

3) Dövrün bütün tarixçiləri peyğəmbərin oxuma yazma bilmədiyini deyir. Deməli onun başqa kitablar oxuması və Quranı ona bənzədərək uydurması mümkün deyil.  Bu, Quranda da öz əksini tapmaqdadır: “(Ya Rəsulum!) Sən bundan (bu Qurandan) əvvəl nə bir kitab oxumusan, nə də onu əlinlə yazmısan. Əgər belə olsaydı, onda batilə uyanlar (onun barəsində) şəkk-şübhəyə düşərdilər (Onu hardansa oxuyub öyrənmişdir, deyərdilər)”.[11] Bu kimi fikirlər yeni deyil. Peyğəmbərin salləllahu əleyhi və səlləmin yaşadığı dövrdə də eyni ittihamlar irəli sürülürdü, lakin əksinə onun tərəfdarları daim artaraq son xütbəsində 125 minə çatmışdı. “Özü uydurdu” kəlməsini daim eşidən insanlar necə oldu ki, bunu vecinə almadılar, Qurana qulaq asdıqca valeh olub bu dinə girirdilər? Ateistlərin bu sualı hansı “məntiqlə” cavablayacaqları çox maraqlıdır.

4) Yenə Muhamməd peyğəmbərin gələcəyi haqda həm 3500 il əvvəl nazil olan Tövratda və 2000 il əvvəl nazil olan İncildə işarələr vardır. Tarixdə bu işarələrə görə son peyğəmbərin gələcəyini gözləyən yüzlərcə xristian və yəhudinin olduğu və onların İslamı qəbul etdiyi faktları vardır.  TövratdaOnlar üçün (İsrail oğulları) qardaşları arasından sənin kimi bir peyğəmbər çıxaracağam və sözlərimi onun ağzına qoyacağam və ona əmr etdiyim hər şeyi onlara söyləyəcək. Mənim adımdan ayəmlə söylədiyi sözlərə itaət etməyənlərdən şəxsən Mən intiqam alacağam”.[12] Bu tarixi faktdır ki, yəhudilər İbrahim peyğəmbərin oğlu İshaqın nəslindən, ərəblər isə İshaqın qardaşı İsmayılın nəslindəndir. İsmayılın nəslindən indiyə kimi yalnız bir Peyğəmbər –Muhamməd salləllahu əleyhi və səlləm gəlmişdir. Ayədə İsrail nəslindən deyil qardaşlarının nəslindən deməsi buna açıq sübutdur.

Xristianların müqəddəs kitabı İncilə baxaq:  “Məsih belə dedi: “Artıq mən sizinlə çox danışmayacam. Çünki bu aləmin rəisi gəlir ...”[13] Yenə başqa bir yerdə belə deyilir “Əgər məni sevirsinizsə, əmrlərimi yerinə yetirin. Mən Rəbbə yalvaracam və o sizə başqa bir təsəlli, həqiqət ruhunu verəcək ki, daim sizinlə birlikdə olsun ...”[14]. Bu bir tarixi faktdır ki, İsa peyğəmbərdən sonra yolunu milyonlarla insan izləyəcək Muhamməd peyğəmbərdən başqa bir peyğəmbər gəlməmişdir. Öz təxəyyülündən əsər yazmış başqa bir insan göstərin ki, insanlar “kiminsə kağız parçası olan əsəri” uğrunda hətta canlarından keçməyə hazır olsunlar. Muhamməd peyğəmbər özündən ən azı 2000 il əvvəl mövcud olan yəhudilərin müqəddəs kitabı Tövratı və özündən 600 il əvvəl mövcud xristianlığın müqəddəs kitabı İncili də mi uyduraraq özünə aid ayələr qoyub?  Əlbəttə bu iddialar gülüncdür və məntiqə ziddir. Ateistlər hər zaman ağıl və məntiqdən dəm vururlar. Amma nədənsə bu danılmaz faktları inkar etmək üçün bir “ağıl” ortaya qoya bilmirlər. Çünki tarix artıq baş vermişdir.  Ateistlər istəsə də bunu geriyə çevirə bilməzlər.

5) Quranda: “Məryəm oğlu İsa da “Ey İsrail oğulları! Mən sizə Allah`ın elçisiyəm. Məndən əvvəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbərlə müjdə verən (gəldim)” demişdi. Lakin onlara açıq-aşkar möcüzələr gətirdikdə onlar “Bu, açıq-aşkar bir sehrdir” dedilər”.[15] İncildə: “(İsa dedi) Faraklid gələndə bütün aləmi səhvləri səbəbiylə qınayar və onları tərbiyə edər ...”[16] Barnabas İncilinin italyan dilinə tərcümə edildiyi  latınca mətndə Faraklit kəliməsi Periklitos olaraq keçir. “Təriflənməyə layiq”, “Çox mədh edilən” mənalarını verən Periklitos sözünün mənası ilə Muhamməd adı ilə eyni mənadadır. Əhməd və Muhamməd, eyni kökdən törəmiş adlardır. Əhməd, “Çox təriflənən, təriflənməyə layiq” deməkdir. Muhamməd adının mənası isə “Təkrar təkrar təriflənmiş” deməkdir.

7) Əgər Muhamməd peyğəmbərin uydurmasıdırsa niyə Quran ritmik, poetik janrda olduğu halda hədisləri normal ərəbcə danışıq tərzində söyləyib? Həmçinin Muhamməd peyğəmbər şair olmayıb, o zaman Quranı poetik olaraq necə uydurub?

8) Quranda Təhrim[17], Bəqərə[18], Tövbə[19] və İsra[20] surələrində Muhamməd peyğəmbərə qarşı az qala tənbeh kimi səslənəcək ayələr  vardır. Maraqlıdır insanları idarə etmək, nüfuz qazanmaq istəyən hansı insan öz əsərində özünü tənbeh edər.

9) Bütün məşhur tarix kitabları vurğulayır ki, Utbə ibn Rəbiənın başçılığı ilə Məkkə böyükləri Muhamməd peyğəmbərə mal-mülk, Kəbənin açarlarını, qəbilənin lideri olmağı  təklif etdilər yetər ki, o bu dini təbliğ etməsin[21]. Quranı özü tərtib etsəydi, O  bir kitab qarşılığında bu qədər cazibəli təkliflərə yox deyərdimi? İnsan nəfsi rahatlıq, cah-cəlal, gözəllik arzular. Bəs O bunları niyə rədd etmişdi?

10) Əgər Ayələr öz beyninin məhsulu idisə niyə görə bunu 23 il ərzində insanlara öyrətdi, daha tez tətbiq edib işini sürətləndirə bilməzdimi? Tarixçilər bildirir ki, ən son enən: “Bu gün sizə dininizi tamamladım və sizin üçün İslamı bəyənib seçdim[22] məzmunlu ayəsindən az müddət sonra Muhamməd peyğəmbər dünyasını dəyişdi. Maraqlıdır öz ölüm tarixini hardan bilirdi ki, bu ayəni seçib son vaxtlarına saxlamışdı?

11) Məlumdur ki, Muhamməd peyğəmbər hər kəsdən öncə Qurana tabe olmuş, Quranı həyatına ən çox o tətbiq etmişdir. Hətta qızı Fatimə olsa belə oğurluq etdiyi zaman Qurandakı əmrə uyğun olaraq onun əlini kəsməyə hazır olduğunu bildirmişdir[23]. Kitabı özü yazsaydı daha çox şəxsi mənafeyini güdməli deyildimi?

12) Quranda “De”, “Ey Rəsulum” kimi onlarla ifadə vardır. “Kitabı özü hazırlayan” və  “nüfuz sahibi” olmaq istəyən şəxs niyə bu fikirləri Qurana əlavə edib?

13)  Quranda bir çox riyazi faktlar tapmaq mümkündür ki, bir insanın bu qədər dəqiq xırdalığa gedə bilməsi ağlasığmazdır. Cinn surəsində deyilir: O hər şeyi ayrı-ayrılıqda hesaba alır.[24] Quranda:

  1. “yeddi qat göy” kəlməsi 7 dəfə keçir
  2. “gün” kəliməsi 365 dəfə keçir – bir ildə 365 gün var
  3. “ay” kəlməsi 12 dəfə keçir – bir ildə 12 ay var
  4. “kişi” və “qadın” kəlmələrinin hər biri 23 dəfə keçir – uşaq yaranarkən hər iki valideyndən 23 xromosom götürür
  5. “torpaq” kəlməsi 13, “dəniz” kəlməsi 32 dəfə keçir – Bu gün Yer kürəsində torpağın (13/45 = 29%) dənizə (32/45 = 71%) nisbəti məlumdur.

 14) Elmin inkişaf etmədiyi, dövrə görə elmi inkişafda çox geridə qalan qəbilə quruluşlu ərəb bir insanın bir çox elmi faktları deməsi sadəcə mümkünsüzdür. Onun romalıların dünyanın ən alçaq yerində (Lut gölü) məğlub olduqdan sonra sasaniləri tezliklə məğlub edəcəyini[25]  gələcək haqda xəbər verməsi və ya dövrün ən inkişaf etmiş mədəniyyətləri olan Bizans və Sasanilərdə belə bilinməyən və yalnız 20-ci əsrdə ortaya çıxan  uşağın ana bətnində inkişaf mərhələri[26] kimi elmi fikirlər bildirməsi ağlı başında olan insana gerçəyi göstərər.  Dünyanın ən alçaq yeri Lut gölü hövzəsi yəni bizanslıların məğlubiyyətə uğradığı yerdir.[27] Burada diqqət edilməsi lazım olan nöqtə, Lut gölünün dərinliyinin, yalnız müasir dövrdəki ölçümlərlə təsbit edilmiş olmasıdır. Bu ayələr 620-ci ildə nazil olmuş və Rum surəsinin əvvəlində Bizanslıların bir neçə il ərzində qalib gələcəkləri bildirilir və 7 il sonra 627-ci ildə Bizans Sasaniləri ağır məğlubiyyətə uğratdı.

Ənbiya surəsi 33-cü ayədə isə Kainat həqiqətləri verilmişdir “Gecəni və gündüzü də, Günəşi və Ayı da yaradan Odur. Onların (həmçinin ulduzların) hər biri (özünə məxsus) bir göydə üzür (öz hədəqəsində, öz dairəsində hərəkət edir”.  Digər bir ayədə “Dəmiri Biz endirdik[28] ayəsini və dəmirin meteroitlə Yerə endiyini haradan bilə bilərdi?

15) Quranın uydurma bir kitab olmadığının ən güclü sübutlarından biri də elə  Quranın özündəki ayələrdir. Allah təala Quran kimi ikinci bir təsirli, bəşəriyyətə xitab edən və 1000 ildən çoxdur əzbərlənərək tətbiq olunan kitabın insanlar tərəfindən ortaya çıxarıla bilməyəcəyinə zəmanət verir. Artıq 1400 ildir heç kəsin belə bir şey edə bilmədiyini tarix sübut edir. Bəqərə, Yunis və Hud surələrində bu buyrulur: “Yoxsa: “Onu özündən uydurdu!” – deyirlər. De: “Əgər doğru deyirsinizsə, ona bənzər bir surə gətirin və Allah`dan başqa, kimə gücünüz çatırsa, onu da köməyə çağırın![29] Əgər bəndəmizə nazil etdiyimizə şəkkiniz varsa, siz də ona bənzər bir surə gətirin və əgər doğru deyirsinizsə, onda Allah`dan savayı şahidlərinizi çağırın! Madam ki, belə bir işi bacarmırsınız, heç bacara da bilməzsiniz, o halda kafirlər üçün hazırlanmış, yanacağı insanlardan və kibrit daşlarından ibarət olan oddan çəkinin!”.[30]

16) Muhamməd peyğəmbər qureyşlilərin arasında “Muhamməd`ul-əmin” (hər cəhətdən etibarlı) ləqəbiylə bilinərdi. Belə ki, peyğəmbərliyini elan etdikdən sonra belə müşriklər, mallarını ona əmanət edərdilər. Çünki Peyğəmbər salləllahu əleyhi və səlləm zarafat belə olsa əsla yalan danışmamışdır. Hətta İslamın ən azılı düşmənləri belə, onun yalan deməyəcəyinə təsdiq etmişlər. Tarixi mənbələrdə Bizans kralı Herakl ilə o dövrdə hələ kafir olan, İslamın yayılmasına şiddətlə qarşı çıxan və müsəlmanlara qarşı Bədr, Uhud, Xəndək kimi döyüşlərdə öncüllük edən Qureyş qəbilə başçısı Əbu Süfyan arasında keçmiş Şam görüşündən bir parçaya baxaq:

- O sizə nələr əmr edir

- Allah təalaya ibadət etməyi, Ona heç bir şeyi şərik və ortaq qoşmamağı

- Ona tabe olanlardan daha sonra ona hirslənib dini bəyənmədiyi üçün dindən dönən var mı?

- Xeyr.

- Sayları artırmı, azalırmı?

- Əksinə artır.

- Peyğəmbərlik iddia etmədən əvvəl onu heç yalançılıqla ittiham etdinizmi?

- Xeyr.

- Bütün bu izah etdikləri, peyğəmbərlərin vəsfidir! Əgər o şəxs haqqında bu söylədiklərinin hamısı doğru isə, şübhəsiz, o bir peyğəmbərdir[31]

17) Muhamməd peyğəmbər kitabı özü tərtib edibsə, buna görə də “ziddiyyətlidirsə” bu ayəni nə üçün Qurana əlavə etmişdir? : “Onlar Quran barəsində (onun Allah kəlamı olması haqqında) düşünməzlərmi? Əgər o, Allah`dan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət (ixtilaf, uyğunsuzluq) tapardılar”.[32]  Heç bir ağlı başında olan insan (guya) uyğunsuzluqlar bu qədər rahat aydın olacağı bir mətnə insanları arxasından çəkmək üçün üstünə basa-basa bu ayəni əlavə edərmi?!  Üstəlik ziddiyyətlər olsaydı Muhamməd peyğəmbərə savaş açan Məkkə böyükləri bu ziddiyyətləri ortaya çıxarıb yayar və onun “uydurduğu” kitab tez bir zamanda dəyərini itirərdi.

Quranda bir mövzunu axtararkən o mövzu ilə əlaqədar bütün ayə və ya hədisləri bir araya gətirmək lazımdır. Çünki eyni mövzudakı ayələri bir araya gətirdikdə məlum olur ki, bəzi ayələr daha əvvəl nazil olan ayənin hökmünü genişlətmiş, ona yeni ölçü gətirilmiş və ya hökmünü daraltmış ola bilər. Bir nümunə verək; içki mərhələli olaraq, cəmiyyətin durumunun bu içkiyə bağlılığı nəzərə alınaraq zamanla qadağan edilmiş, cəmiyyət məlumatlandırılması və təhsil səviyyəsinin müəyyən bir səviyyəyə gəlməsi gözlənmiş, cəmiyyət buna hazırlanmışdır. Məsələn; bir ayədə “içkili ikən namaza yaxınlaşmayın”[33] buyurulur. Həyatlarının hər anlarını içkiylə keçirən insanlar müəyyən zamanla içkidən uzaq dayanmağa zehinlərini hazır vəziyyətə gətirdikcə mərhələ-mərhələ ayələrlə içki tamamilə qadağan edilmişdi[34]. İndi biz içkili ikən namaza yaxınlaşılmaması ayəsini götürüb “Quranda içki qadağası sadəcə namaza aiddir” deyə bilərikmi? Halbuki spirtli içkilər ümumən qadağandır. Quranda olan digər ayələr də bu cür sistemli şəkildə anlaşılmalıdır.

18) Gəlin Quranın 111.ci surəsinə baxaq. Təbbət və ya Əbu Ləhəb adlı bu surədə Peyğəmbərə qarşı düşmənçilik edən Əbu Ləhəbin iman etməyəcəyi bildirilmişdir. İslama savaş açan bu şəxs surə endikdən sonra bir neçə il yaşadı. ([35])

Əbu Ləhəb istəsəydi yalandan da olsa iman edib bu ayənin “uydurma” olduğunu göstərməyə çalışardı ama yenə də bunu etməyərək öldü. Digər tərəfdən əgər Quranı Hz Muhamməd uydursaydı bu cür ayə “düşünməklə” belə riskə girməzdi, çünki əks təqdirdə kafirlər üçün bu fürsət olardı. Bu hadisə sübut edir ki, Quranı nazil edən Allah keçmiş və gələcəyi əksiksiz biləndir və bu cür dəqiqlik bir insan tərəfindən uydurula bilməz.

Bütün bu dəlillər bir daha Quranın bir insan tərəfindən düşünülmə ehtimalını sıfırlayır.

 

[1] Oldest' Koran fragments found in Birmingham University". BBC. 22 July 2015. Retrieved 22 July 2015

[2] Shoaib “Oldest Quran found in Birmingham” Muslim World Journal,

[3] Hicr surəsi 9

[4] . (Hastings, James, “Din və Etika Ensiklopediyası”. Cild. X, səh. 540)

[5] Hastings, James. Dictionary of the Bible. p. 105

[6] Encyclopedia Judaica, vol. 4, p. 863

[7] Wegner, Paul D. The Journey from Texts to Translations. 1999. Grand Rapids: Baker Books. p. 250

[8] New Catholic Encyclopedia. Vol 9, p.1001

[9]  İncil, 27:8-11

[10] https://islamreigns.wordpress.com/2016/05/09/did-prophet-muhammad-copy-and-plagiarize-bible-did-prophet-muhammad-author-quran-for-worldly-gains-a-reply-to-anti-islam-liars/

[11] (Ənkəbut surəsi 48)

[12] (Sifr.tesniye, bab: 18, ayə: 18,19)

[13] Yuhanna İncili bab: 14 ayə 30. 

[14] Yuhanna İncili bab: 14 ayə: 15-16

[15] (Saff surəsi 6. Ayə 61/6)    

[16] Yuhanna bab: 16 ayə: 8. 

[17] Ya Peyğəmbər! Zövcələrinin (səndən) razı qalmasını diləyərək Allahın sənə halal etdiyi şeyi (dünya ləzzətini) niyə özünə haram (qadağan) edirsən (Təhrim surəsi 1)

[18] Bəqərə surəsi 120

[19] Müşriklərin cəhənnəmlik olduqları (müsəlmanlara) bəlli olduqdan sonra onlarla qohum olsalar belə, Peyğəmbərə və iman gətirənlərə onlar üçün bağışlanma diləmək yaraşmaz! (Tövbə surəsi 113)

[20] İsra surəsi 742

[21] S.Ə.Həsən “Muhamməd-sonuncu Peyğəmbər, səh 43

[22] Maidə surəsi 3

[23] Buxari, Ənbiya 54, Məğazi 53, Hudud 11, 12; Müslim, Hudud 8, 9. Ayrıca bk. Əbu Davud, Hudud 4; Tirmizi, Hudud 6; Nəsai, sarı 6; İbni Macə, Hudud 6

[24] Cin surəsi, 28

[25] Əlif, lam, mim. rum (orduları) məğlubiyyətə uğradı. "Dünyanın ən alçaq yerində". amma onlar məğlubiyyətlərindən sonra qalib gələcəklər. üç ilə doqquz il içində. bundan əvvəl də, sonra da hökm Allahındır. və o gün möminlər sevinəcəklər. (Rum Surəsi, 1-4)

[26] “O sizi analarınızın bətnlərində üç zülmət içərisində (nütfə, qan pıxtısı və ət parçası) yaranış ardından yaranışa salaraq yaradır. Bu sizin Rəbbiniz olan Allahdır. Mülk Ona məxsusdur. Ondan başqa heç bir məbud yoxdur. Siz necə də haqdan döndərilirsiniz! (Zümər surəsi, 6)

[27]“Existence - Random or with Reason?” http://www.time4truth.com/provenfactspredictions.htm

[28] Quran, 57:23

[29] ("Yunis" surəsi, 38).

[30] ("Bəqərə" surəsi, 23-24).

[31]Əhməd bin Hənbəl, Müsnəd, c. 1, s. 263; Təbəri, Tarix, c. 3, s. 87; İbn Qeyyim, Zâdü'l-Mead, c. 3, s. 71; Hələbi, İnsanul-Uyûn, c. 3, s. 287.

[32] (Sifr.tesniye, bab: 18, ayə: 18,19)

[33] Nisə surəsi, 43

[34] Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı? (Maidə 91)

[35] http://www.arabnews.com/islam-perspective/news/743651