Skip to main content


Neyniyəcəm?


Qalmadı balışımın altında manat, neyniyəcəm,
Günlər ötdükcə çətinləşir həyat, neyniyəcəm?
 
Gerçək əhvalat deyim, neft dolu, zəngin məkanım,
Elə ki, düşdü krizis oynuna, getdi qanım,
Gələcək günlərə qalmayıbdır artıq gümanım,
Düşünürəm sadəcə indi bu saat neyniyəcəm?
 
Risk edib məhləmizin girdim o gün marketinə,
Nəzər etdim un, yağın, qənd və çayın qiymətinə,
Gözlərim kəlləmə çıxdı baxanda etketinə,
Məhsulun qiyməti olmuş ikiqat, neyniyəcəm?
 
Marketin sahibi nisyə daha bir şey satmır,
Deyir ki, nisyələri yazmağa dəftər çatmır.
Heçkimsə köhnə borc üçün cibinə əl atmır,
Ilin axrında verərkən hesabat neyniyəcəm?
 
Bilmirəm ki, aparım mən nə gedəndə külfətə,
Dözə bilmirik bu cür aclığa və səfalətə,
Məcburam ki, əl atım oğruluğa, cinayətə,
Yerim olsun sonra zindan, qazamat, neyniyəcəm?
 
Qonşuyla söhbət eyləmək olmuş adət ənənəm,
'İş yoxdu' mövzusundan az qala ki, çıxdı çənəm,
Elə zənn eyliyirdim işsiz olan təkcə mənəm,
Sən demə hey düşünürmüş camaat, neyniyəcəm?
 
Qışın oğlan çağına özvü zorla yetirirsən,
Növbəylə qapı döyülür, birdən özvü itirirsən:
Işığın, qazın, suyun, evin pulun gətirirsən?
Borcum da var, yığılıb qalıb babat, neyniyəcəm?
 
Evdə var xəstə yatan, dərmanı pul üstələmir,
Doktor da pul istəyir, yoxsa gəlib incələmir,
Xəstənin ölməyi də belə baxıram sərf eləmir,
Torpağın sahəsi pulnandı brat, neyniyəcəm?
 
Bir işin düşsə, ciblərində də pul yoxsa əgər,
Səni insan yerinə qoymayacaqdı bir nəfər,
Pul imiş, verən bu insanlara insani dəyər,
Satılsa bazarlarda mənəviyat, neyniyəcəm?
 
Bu işin səbəbi günahlardı, bunu bil a bala,
Allahın bəlasıdır, milləti salmış bu hala,
Bu gedişnən irəliyə yox, yenə də gedər dala,
Bax budur başımıza gəlmiş əhvalat, neyniyəcəm?
 
Abdullah Qılınc