Qız atalarının diqqətinə!
Burda bir məqama diqqət etmək lazımdır. Söhbət uşaqlıqdan atasını itirən qızlardan getmir. Əksinə belə qızları çox vaxt atası yoxdur deyib daha diqqətli və nəzarətdə böyüdürlər.
Söhbət o qızlardan gedir ki, evdə ata var, amma yox kimidir. Bir dəfə oturub qızı ilə mehriban söhbət eləməz, onu əzizləməz, onunla maraqlanmaz. Evə gələndə ya televizorun pultunu əlinə alar, ya da telefonu . Beləcə varlığı ilə yoxluğu bəlli olmayan bir ata, sonra qızı böyüdükdə, o qızın qəlbinin başqa yerlərdə olduğunu gördükdə çox peşman olar.
Qız ataları qızlarını çöldəki "canavarlara" yem olacaq şəkildə böyütməməlidir. Onlara körpəlikdən qorxu aşılamamalı, əksinə ata sevgisini, ata qayğısını lazımınca göstərməlidir. Çox təəssüf ki, bir çox ailələrdə ata ancaq sərt, quru, kobud bir obrazdır. Sanki kişilik deyilən şey belə də olmalıymış kimi. Hansı ki, Peyğəmbərimiz Muhəmməd sallallahu əleyhi və səlləmi örnək götürsəydilər, bilərdilər ki, o qızlarına qarşı necə sevgi və qayğı dolu olub.
Qızı Fatimə içəri girəndə ayağa qalxar ona yer verərdi, qızına belə hörmət qoyardı. Qızları körpə olanda onları dizində oturdar, üz-gözündən öpərdi. Hansı ki, həmən dövrdə ərəblərdə qız uşağı baş alçaqlığı sayılar və diri-diri torpağa basdırılardı. Muhəmməd sallallahu aleyhi və səlləm isə Xədicə anamızdan olan dörd qızını imanla, iffətlə və gözəl əxlaqla yetişdirən ən yaxşı ata oldu dünya tarixində.
Son zamanlar müşahidə olunan bir sevindirici hal var ki, cavan ataların çoxu qız uşaqlarına qarşı əvvəlki atalardan daha qayğıkeşdir. Onları oğlanlardan fərqli yetişdirirlər. Lakin bu bütün atalara aid deyil. Hələ də köhnə fikirli, qız övladlarına qarşı soyuq olan, onlara vaxt ayırmayan atalar var.
Bilmək lazımdır ki, qızlar ana qayğısına ehtiyac duyduğu kimi ata qayğısına da ehtiyac duyurlar. Bu sadəcə fərqli şəkildə təzahür edir. Hər biri öz fitrətinə uyğun olanı övladına verir. Atalar qız uşaqlarının qəlblərində sevgi, qayğı boşluqları buraxarlarsa, o qızlar böyüdükdə bu boşluqları doldurmaq üçün başqalarını axtararlar.
Ona görə atalar bilməlidir ki, qız uşağının fitrətində sevgi və diqqət ehtiyacı böyük olur. Fikir vermisinizsə, balaca qızlar təzə paltar geyinəndə, birinci atalarının yanına qaçırlar "Ata , bax!" deyərək onun tərifləməsini istəyirlər. Bu onların fitrətindən gələn bir haldır. Onlarla fitrətlərindəki zərifliyə görə davranmaq lazımdır. Kobudluq və sərtlik ilə qız uşaqlarının o gözəl, zərif fitrətlərini pozmamaq üçün, atalar mülayim, mehriban, sevgi dolu olmalı və onlara daim diqqət ayırmalıdır.
Hazırladı : T.Ummu Muhəmməd
Qeyd: Uzman pedaqoq Adəm Günəşin "Kız babaları" adlı mühazirəsindən də istifadə edilmişdir.