Skip to main content


Ateistin həyatındakı ilahi dəyərlər - 2-ci hissə

İlk öncə bunu deməliyik ki, cəmiyyətlər obyektiv əxlaqi dəyərlər üzərində ortaq düşüncəyə malikdirlər. Obyektiv əxlaqi dəyərlər dedikdə kiminsə inanıb inanmamasından, zamandan və məkandan asılı olmayaraq düzgün hesab olunan və insanların özlərini məsul hesab etdiyi dəyərlər nəzərdə tutulur. Bu dəyərlərə zidd əməl etmək isə obyektiv şərdir. Oğurluq, günahsız cana qəsd, yalan, pedofiliya kimi fəaliyyətlər bu gün irqindən, cinsindən, təhsilindən asılı olmayaraq bütün dünyanın qeyri-əxlaqi hesab etdiyi və bütün tarix boyu qarşı çıxılan hallardır. Bu dəyərləri inkar edən şəxs isə özünün normal düşüncələrə sahib birisi olduğunu necə isbat edə bilər? Ateist Piter Keyv bunu anlayaraq deyir: “Günahsız birinin öldürülməsi şərdir, inancımıza qarşı istənilən arqument gətirilsin. Uşaqlara sadəcə əyləncə üçün işgəncə vermək doğru deyil!”[1] Yaxşı bir ateist uşaqlara edilən işgəncənin doğru olmadığını nəyə əsaslanaraq deyir? Ateist etikçi Kai Nielsen (Kalqari Universiteti) deyir: Hətta Faktlarla dolu yaxşı biliyə dayanan praktiki səbəb belə səni əxlaqa doğru yönəltməyəcək”[2]Deməli, dəyərlərin nisbi olduğunu, yəni zamana, məkana və şəxsə görə dəyişə biləcəyini, və öz-özünə formalaşdığını iddia etməklə ateizm əxlaqi dəyərlərin üstünlüyünü müdafiə edə bilməz.

Tarixə baxsaq, 1940-cı illərdə Faşist Almaniyası hökuməti dövründə hətta alman xalqı belə yəhudi soyqırımını “düzgün” hərəkət kimi qəbul edirdilər. Halbuki Nasist Almaniyasının yəhudiləri qırması bütün dünya tərəfindən vəhşilik, qeyri-əxlaqi qəbul edilir. Obyektiv dəyərlər tələb edir ki, hətta Faşist Almaniyası 2-ci Dünya Müharibəsində qalib olsaydılar belə bu qırğın yenə qeyri-əxlaqi olaraq qəbul olunmalı idi.

Ərəblərin VII əsrə qədər öz uşaqlarını öldürməklərini səhv hesab edə bilərsiniz. Lakin onlar belə hesab etmirdilər. Sizin fikrinizin onların fikrindən daha üstün olduğunu necə əsaslandıra bilərsiniz? Bunu demək üçün bizə bu əməlləri mühakimə edəcək və insanın şəxsi düşüncəsindən üstün olacaq bir QÜVVƏ lazımdır.

Materialistlərə görə azad düşüncə olmadan etdiyimiz seçimlərin əxlaqi cəhətdən heç bir önəmi yoxdur. Əgər onlar haqlıdırsa, əxlaqi dəyər insanın azad seçimindən asılıdırsa onda müharibəni, zülmləri və cinayətləri pisləmək mümkün olmayacaq. Çünki mənə görə pis digərinə görə adi və ya yaxşı hesab olunacaqsa insanlar nədən məsul tutulacaq? Bunun sübutu kimi məşhur Amerikalı Professor Peter Haas “Morality after Auschwit” kitabında deyir: Alman xalqının hökumətin qırğın siyasətini dəstəkləməsinin əsas səbəbi onlarda yeni əxlaqi normaların ortaya çıxması idi. Belə ki, yəhudilərin deportasiyası və ya həbs edilməsi “yaxşı” əməl kimi hesab olunurdu.”[3]. Nəzərə alsaq ki, ateizm iddialarına görə əxlaqi dəyərlər insan ixtirası olduğu və ya təkamüllə yarandığı üçün bu dəyərlər məkana və zamana görə dəyişə bilər, deməli soyqırımlar, uşaqların diri-diri basdırılması normal hal sayılmalıdır. Çünki zamanın tələbi idi)).Əlbəttə bu iddia gülüncdür.

Əgər ateizm fəlsəfəsinə baxsaq, Allah yoxdursa əxlaqi dəyərlərin mənşəyi nədir? Allah olmadığı zaman insanın xüsusi bir varlıq olma anlayışı ortadan qalxır, deməli heyvanlar kimi insanın da qarşı tərəfə əxlaqlı rəftarına heç bir məcburiyyət qalmır. Tanınmış Etikçi Richard Taylor isə deyir:Müasir etika yazarlarının əxlaqi cəhətdən nəyinsə düzgün və ya yanlış olmasını və mənəvi məsuliyyəti dindən (Allah`dan) ayrı hesab etmələri seyrək atmosferdə intellektual şəbəkə axtarmağa bənzəyir. Bu kimi fikirlər məna kəsb etməyən ifadələrdir.[4]

Unutmayaq ki, insanlar əxlaqlı davranmağın bir dəyəri olduğunu, bir gün dəyərləndiriləcəyi hissinə sahib olduqları üçün əxlaqlı davranmağa davam edərlər. Fərz etsək ki, ateizm düşüncəsi həqiqətdir, və həyat qəbirdə bitirsə o zaman nə fərqi var ki heyvan kimi yaşayaq yoxsa yüksək mənəvi dəyərə sahib bir insan kimi. Məşhur rus yazar F. Dostoyevskinin dediyi kimi: “Əgər əbədi həyat yoxdursa, o zaman hər şey (etməyə) icazə vardır”.[5]Deməli insanı əxlaqlı davranmağa sövq edən bir nizam, daxili hiss vardır. Və bu hiss insanı əxlaqlı davrandığı üçün sevinc duyğusu yaşadır. Tarixçi Stevart C. Easton dediyi kimi : “Etdiyi hərəkət insanı yaxşı hiss etdirmirsə, onun əxlaqlı olmasına heç bir səbəb yoxdur.”[6] Bu daxili sevinc hissiyyatının irqindən, milliyyətindən asılı olmayaraq hər kəsdə formalaşması bunun hansısa bir Qüvvə tərəfindən tətbiq olmasının sübutu deyilmi?

18-ci əsrin ən məşhur filosoflarından olan Alman əsilli İmmanuel Kant deyir: “İnsan üçün ən yüksək ideal, əxlaqla xoşbəxtliyin birləşməsi halıdır. Əxlaqlılıq, əhəmiyyətlidir; çünki insan öz gözündə özünü kiçiltmək istəmirsə, əxlaqi dəyərləri rədd etməməli, əxlaqlı olmalıdır. Amma əxlaqlılığın bir öyüd-nəsihət olaraq qalmaq yerinə, həqiqətən inanılan bir məqsəd ola bilməsi üçün, əxlaqla xoşbəxtliyin bu dünyada deyilsə də o biri dünyada birləşə biləcəyinə inanılmalıdır. Bu da, ən yüksək yaxşını ölümdən sonrakı həyatda reallaşdıracaq olan əxlaqi cəhətdən yetkin və hər şeyə gücü çatan Birisindən xəbər verir . O Halda, Allahın var olduğu əxlaqi bir lazımlılıq olaraq qəbul edilmək məcburiyyətindədir.[7]

Məşhur filosof İ. Kant yenə deyir: Əxlaqi inanc digər inanc növlərindən fərqlənir. Fəaliyyət sahəsində mütləq zərurət vardır, yəni hər vəziyyətdə əxlaq qanununa görə hərəkət etmək zəruridir. Bunun da mümkün olmasının tək şərti vardır: “Allahın və gələcək bir dünyanın varlığı”. Ayrıca əxlaq qanuna görə, Heç bir şey bizi bu (Allah) inancı haqqında tərəddüdə sala bilməz. Əks təqdirdə əxlaq normalarımız alt-üst olacaq.[8]

Allah`ın əxlaqi təbiəti Platonun da dediyi kimi “Yaxşı” anlayışına əsaslanıb. O təbiət etibarilə sevən, səxavətli, ədalətli, mehriban və s. xüsussiyyətlərə sahibdir. Məhz bu dəyərlərə sahib Allahın yaratdığı bir varlıq olduğu üçün insanlar əxlaqi dəyərlərə riayət etməyə daha çox öz təbiətlərinə uyğun hesab edir və bundan özlərini məsul hiss edirlər.

Əxlaqi dəyərlər həmçinin bizə nəyi edib etməməyə borclu olduğumuzu əmr edir. Biz “nədənsə” buna özümüzü borclu hiss edirik.  Bu dəyərlər eyni zamanda xüsusi məqsəd daşıdığına görə, bu dəyərlərin iradə sahibi tərəfindən əmr olunması lazımdır. Məşhur Amerikalı filosof Francis J. Beckwith və Greg Koukl deyirlər: “Bir əmr yalnız iki şüur arasında olduğu təqdirdə bir məna daşıyır: biri əmr verir, digəri isə bu əmri qəbul edir[9]. Əgər obyektiv əxlaqi qanunlar əmr olunmaq kimi bir xüsusiyyət daşıyırsa, o zaman biz bu əmri insan dərrakəsindən üstün və şüurlu Varlıqdan almalıyıq. Həmçinin, bu mənəvi dəyərlər zaman və məkan, insan tərcihləri və seçimlərindən asılı olmadığına görə, bu qanunlar insan şüurundan daha üstün, mükəmməl mənəvi şüurdan gəlməlidir. Deməli bu qanunları əmr edən bizə bu qanunları qəbul etdirmə gücünə sahibdir, və beləliklə Qüdrət sahibidir. Əks halda hansı qüvvə milyardlarca insanı əxlaqlı olmağa məcbur etdirə bilər? 

Biz müəyyən bir mənəvi öhdəliyimizi yerinə yetirmədiyimiz təqdirdə mənəvi günah hissi keçiririk. Bəzi hallarda biz kimə qarşı günah hiss etdiyimizi açıq aydın bilirik. Lakin bəzi hallarda kimin qarşısında günah sahibi olduğumuzu bilməsək belə, günah hiss keçiririk. Abstrakt, şüursuz varlıqlara qarşı günah hissi keçirmək heç cür ağıla sığmaz. Məsələn bir gənc qəzəblənib kompyuteri sındıranda, bu kompyuteri ona alan valideynlərinə qarşı günah hissi keçirə bilər, lakin kompyuterin özünə qarşı günah hissi keçirilməz. Deməli bizim bir çox halda mənəvi borc kimi hesab etdiyimiz və özümüzdən asılı olmadan günah hissi keçirdiyimiz bu hisslər də əslində Kiminsə varlığından və Onun qarşısındakı məsuliyyət hissindən qaynaqlanır. Məşhur etikçi Taylorun sözlərinə baxaq:Vətəndaş Vəzifəsi yalnız qanunla bir insanın digər insanlara qarşı üzərinə götürdüyü öhdəlikdir. Mənəvi öhdəliyin isə yaradılışdan insanın daxilində olduğu bəllidir. Hər kəs bunu qəbul edir ki, əxlaqi dəyərlər bir insan üçün siyasi vəzifələrdən daha çox bağlayıcıdır. Bəs bu dəyərləri bizə (vicdanımıza) hakim edən daha üstün bir gücü (Allahı) nəzərə almasaq necə olar? O zaman əxlaqi dəyərin bir önəmi qalmaz. O zaman içi boş söz qalar.[10]Bir insan qeyri əxlaqi davrandıqda və qanunla bu hərəkəti qadağan olmasa da vicdanı onu sıxır. Deməli bu hiss Hansısa qüvvənin təsiri ilə özündən asılı olmadan onun vicdanını hərəkətə gətirir.

Allaha olan güclü inanc əxlaqın daha da güclənməsinə və daha uzunmüddətli olmasına səbəbdir. İnsan etdiyi yanlışa görə bir gün ciddi cəzalanacağını düşünməsə o yanlışı yenə edə bilər, hətta həbs kimi qanunlar belə onu bu hərəkətindən çəkindirməz. Məsələn, bu gün oğurluğa adət etmiş şəxs bilir ki, bir neçə il həbs həyatı yatıb yenidən azadlığa çıxacaq, etdiyini qeyri-əxlaqi hesab etmədiyi üçün, insanların haqqına girdiyini düşünmədiyi üçün azadlığa çıxdıqdan sonra bu yanlışa yenə davam edə biləcəkdir. Əgər Allah mövcuddursa o zaman əxlaqi dəyərlərin obyektivliyi, yəni hər zaman, hər kəs üçün keçərli olması və insanların məsuliyyət daşıması təmin edilir.Allah mövcud olmadığı təqdirdə əxlaqi dəyərlər fərdi anlayışa çevriləcəkdir və ən əsası bu dəyərlər artıq icbari olmayacaqdır və bundan dolayı insanlar özlərini məsul hiss etməyəcəklər. Deməli əgər Allah varsa o zaman əxlaqi dəyərlərin güclü təməli vardır. Əgər Allah yoxdursa Nietzsche də dediyi kimibiz bir heçlikdə məskunlaşmışıq[11].

 Sovet həbsxanalarındakı işgəncə verənlər bunu çox gözəl başa düşürdülər. Richard Wurmbrand öz qeydlərində deyir :Bir İnsan etdiyi yaxşılığa qarşı mükafat və pisliyə qarşı cəza olacağına inanmırsa o zaman ateizmin qəddarlığı inanılmaz şəklə düşər. İnsan olmağa heç bir əsas yoxdur. İnsan daxilindəki pis (şeytani) düşüncələrə qarşı heç bir məhdudiyyət yoxdur. Kommunist işgəncəçiləri məhbuslar üzərində inanılmaz vəhşilik və zorakılıq həyata keçirirdilər.[12]Xüsusilə əgər bir kimsə Stalin, Lenin, Mao,  Kim Çen kimiateistdiktatorlar böyük bir gücə sahibdirsə, o zaman əxlaqi dəyərlər fərqli izah olunacaq, repressiyalar, qırğınlar “məsləhət” adı ilə həyata keçiriləcəkdir. Daha da dəhşətlisi liderlik etdikləri xalqlar bu vəhşilikləri dəstəkləyirsə Ateizm bunu qeyri-əxlaqi olduğunu hansı üsulla əsaslandıracaq? Bu gülməlidir. Bu barədə Qurani Kərimdə Uca Allah buyurur: “Ey iman gətirənlər! Şeytanın yolunu tutub getməyin! Kim Şeytanın getdiyi yolla getsə, o, (insanlara) çirkin, pis işlər görməyi (zina etməyi, yalan danışmağı, vəhşilikləri, özgələrə böhtan atmağı) əmr edər. Əgər Allahın sizə neməti və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt (günahdan) pak olmazdı”.[13] 

Məqaləni məşhur Filosof alim Fransiz Beckwith sözləriylə tamamlayırıq: “Az elm insanı ateist edər, dərin elmə sahib olmaq isə Allah inancına aparar”. Dərin elmə yiyələnmək ümidi ilə...  

Davamı növbəti hissədə...

 3.cu hissəyə keçid: Ateistin həyatındakı ilahi dəyərlər – 3-cü hissə

1.ci hissəyə keçid: Ateist həyatındakı İlahi dəyərlər- 1-ci hissə

Qaynaqlar: 

[1] Peter Cave, Humanism, Oxford: One World, 2009, p.146.

[2] http://www.reasonablefaith.org/can-we-be-good-without-god#_edn7

[3] Critical notice of Peter Haas, Morality after Auschwitz: The Radical Challenge of the Nazi Ethic (Philadelphia: Fortress Press, 1988), by R. L.Rubenstein, Journal of the American Academy of Religion 60 (1992): 158.

[4] Richard Taylor, Ethics, Faith, and Reason (Englewood Cliffs, N.J.: Prentice-Hall, 1985), pp. 7

[5] Fyodor Dostoyevsky, The Brothers Karamazov, trans. C. Garnett (New York: Signet Classics, 1957), bk. II, chap. 6; bk. V, chap. 4; bk. XI, chap. 8.

[6] Stewart C. Easton, The Western Heritage, 2d ed. (New York: Holt, Rinehart, & Winston, 1966), p. 878.

[7] Kant, I. (1999). Pratik Aklın Eleştirisi, (çev.: İ. Kuçuradi, Ü. Gökberk, F. Akatlı), Ankara: TFK Yay, səh 147.

[8] Kant, I. (1999). Pratik Aklın Eleştirisi, (çev.: İ. Kuçuradi, Ü. Gökberk, F. Akatlı), Ankara: TFK Yay, səh 461

[9] Moral Relativism: Feet Firmly Planted in Mid-Air, Grand Rapids, Michigan: Baker, 1998, p.166.

[10] Taylor, Ethics, Faith, and Reason, pp. 83-4

[11] Friedrich Nietzsche “Will to Power”

[12] Richard Wurmbrand, Tortured for Christ (London: Hodder & Stoughton, 1967), p. 34.

[13] Nur surəsi, 21.ci ayə