Niyə kafirlər varlı, müsəlmanlar isə kasıbdır?
Bu gün insanların çoxu ya özlərinə, ya da bir-birlərinə bu sualı verirlər. Bunu bilək ki, müsəlman, dünyanı, yəni malı da, mülkü də axirət üçün istəyər. Əgər bu mal, əbədi yaşayacağımız axirət yurduna zərər verirsə məqbul olmaz. Bunun üçün Peyğəmbər salləllahu əleyhi və səlləm belə dua edərdi: “Ey Rəbbim! Kasıblığın və zənginliyin verəcəyi fitnədən Sənə sığınıram”. (Buxari, Müslim)
Deməli kasıblıq da, zənginlik də fitnə ola bilər. Haqqımızda hansı xeyirlidirsə onu istəməliyik. Allahın adəti səbəblərlə yaratmaqdır. Bu səbəbə yapışan hər kəsə istədiyi şeyi verər. Çalışan qazanar. İslamiyyət, insanın nə edəcəyinə dair bildirilən qaydalar toplumudur. Bunları kafir də tətbiq etsə faydasını görər. Müsəlman olaraq tətbiq edən kimsə isə axirətdə də faydasını görər. Kafirlərə mal mülkün verilməsi onlar üçün yaxşılıq demək deyildir. Bir ayədə belə buyurulur: “Yoxsa günahkarlar elə hesab edirlər ki, onlara var-dövlət və övlad verməklə onlara yaxşılıq etməyə tələsirik? Xeyr, onlar bu işin fərqinə varmırlar.” (Müminun 55-56)
Allah qatında dünya malının zərrə qədər qiyməti yoxdur. Bir hədisdə buyurulur: “Allaha and içirəm ki, bu dünyanın, Allah qatında ağcaqanadın qanadı qədər bir dəyəri olsa idi, kafirə bir qurtum su verməzdi.” (Tirmizi, İbn Əsakir)
Quranda buyurulur: Sənin Rəbbinin mərhəmətini onlarmı bölüşdürürlər? Biz dünya həyatında onların dolanışıqlarını aralarında bölüşdürdük. Biri digərini öz yanına işçi götürsün deyə, bəzilərinin dərəcələrini digərlərindən üstün etdik. Sənin Rəbbinin mərhəməti onların yığdıqlarından daha xeyirlidir. Əgər insanların kafirlik zəminində birləşmiş vahid bir ümmətə çevrilmək təhlükəsi olmasaydı, Mərhəmətli Allahı inkar edənlərin evlərinin tavanlarını və çıxdıqları nərdivanları da gümüşdən edərdik; evlərinin qapılarını və söykəndikləri taxtları da. Üstəlik zinət də verərdik. Bütün bunlar sadəcə dünya həyatının keçici zövqüdür. Axirət isə sənin Rəbbinin yanında ancaq Allahdan qorxanlar üçündür. (Zuxruf 32-35)
Allah təala kafirlərə çox mal və mülk verər. Ancak bütün insanlar, kafirliyin məqbul bir şey olduğunu, bu səbəbdən mala-mülkə sahib olduqlarını zənn edərək hamısı kafir ola bilərdi. Buna görə də O hər kafiri zəngin etmədi. Yoxsa heç bir kafiri dünyada kasıb etməzdi, hamısını mal mülk sahibi edərdi.
Bəli xəta yoxdur, tavanları və taxtları gümüş və zinətlər edərdik buyurduğu müsəlmanlar deyil kafirlərdir. Allah, yaratdığı qullarını əlbəttə bilir. O bir növ kafirlərə dünyada istədikləri hər şeyi vermək istəyir. Çünki axirətdə nəsibləri yoxdur. Lakin Allah iman əhlinin əbədi Cənnəti, əbədi neməti qazanmağını istəyir. Ona görə də bəlkə də müsəlmanların bu dünyaya qərq olaraq axirəti və Allahın rızasını unutmalarını istəmir.
Məsələyə başqa bir yöndən baxaq. Allah həbibim - ən çox sevdiyim, aləmlərə səni rəhmət olaraq göndərdiyim - dediyi peyğəmbərimizi nə üçün yetim böyütdüyünü, oğlan uşaqlarını nə üçün yaşatmadığını, nə üçün aclıqdan qarnına daş bağlayacak qədər kasıb etdiyini düşünün. Deməli Allah sevdiyi qula daha çox mükafat vermək üçün onu dünyada çətinliklərlə imtahan edir. Övladını sevən ana, ata onu illərcə oxudur. Hər səhər oyadır, dərs oxuması üçün məcbur edir. Bu, uşaq üçün əzabdır. Bu ana, atanın o uşağa qəsdimi var? Xeyir adam olması üçün bu əziyyəti edir ona. Amma onu sevməsə oxutmaz, uşaq da əziyyət çəkməz. Hansı uşağına dostdur? Unudmayaq ki, kafirlərin rifahı zənginliyi ən çox 70 ildir halbuki müsəlmanların rifahı və zənginliyi əbədi olaraq Cənnətdə qalmaqdır.
Digər tərəfdən çox mal-mülkə sahib olan insanların bir çoxunun ateist və ya Allahı tanısa da ibadətdən, şükrdən uzaq olduqlarını görürük. Çünki mal-mülkü onu o qədər məşğul edir ki, yaradılışı, ölümü, Allahı düşünməyə belə bəzən vaxtı olmur. Və dünyada istədiyi hər ləzzəti puluyla əldə edən insan, Allaha ehtiyac hiss etmir və nəticədə Allahdan uzaqlaşdıqca uzaqlaşır. Lakin Allah müsəlmanları müxtəlif çətinlik və sıxıntılarla imtahan edir ki, nə üçün yaradıldıqlarını, kimə üz tutacaqlarını unutmasınlar. Həyatının hər halında Allaha yaxın olsunlar və fani deyil, əbədi səadəti qazansınlar.