Güzgüdəki sən
Demək istədiyim budur ki, ümumi şablonları bilmək onları tətbiq etməyin xüsusi forma və metodlarını bilmədikcə heç bir fayda verməz. Bu lap rəssamlıq öyrənmək istəyən uşağın əlinə boya və fırçanı verib “Bu kağızın üstündə şəkil çək, amma şəkil gərək təbii görsənə və peşəkar səviyyədə ola” deməklə onun həqiqətən gözəl bir rəsm əsərini ortaya çıxaracağına ümid etməyə bənzəyir. Axı bu uşaq bu sənətin sirlərinə vaqif deyil!
Uşaqlarımız bizim güzgüdəki əksimizdir. Güzgünün qarşısına keçərkən özümüzü düzəltmədikcə, güzgüdəki əksimiz öz-özünə düzələn deyil. Hər bir valideyn övladlarının müəyyən dəyərlərə sahib olmasını istəyir. Lakin çox təəssüflər olsun ki, günümüzdə valideynlərlə övladlar arasına girən və onların ünsiyyətinə mane olan bir çox ünsürlər var. Burada onlardan yalnız birini misal çəkəcəyəm:
Valideynlərin düzgün etalon ola bilməmələri və nəticədə uşaq və yeniyetmələrin yanlış istiqamətlərə meyllənmələri.
Gəlin əvvəlcə günümüzdə uşaq və yeniyetmələrin özlərinə nümunə olaraq kimləri seçdiklərinə bir nəzər salaq. Müşahidələr nəticəsində deyə bilərəm ki, uşaqların həyatı özlərinə nümunə kimi götürdükləri cəmi bir neçə şəxsin ətrafında dövrə vurur ki, bunlar da ya valideynlər, məşhurlar (aktyorlar, müğənnilər, idmançılar), ya da öz həmyaşıdlarıdır.
Şöhrət ehtirası ilə alışıb yanan, medianı zəbt etmiş müğənnilər, aktyorlar və idmançılar heç də müdrik insanlar deyillər. Onlardan bəziləri xeyriyyəçilikləri ilə gündəmə gələ bilərlər, lakin onlar həmçinin vaxtaşırı efirə sərxoş şəkildə çıxırlar və adları tez-tez ailə xəyanətlərində və müxətlif namünasib qalmaqallarda hallanır. Bu cür çirkin şeylər medianın gündəmində ala-bəzək zinətlərə bürünmüş şəkildə təqdim edildikdə daha cəlbedici görsənir. Beləliklə, günümüzün mediası təkcə reytinq əldə etmək üçün dedi-qodu yaymaqla yox, həm də ailə dəyərlərini alt-üst edən məsələləri gündəmə gətirməklə bunu insanların, ələlxüsus, uşaq və yeniyetmələrin gözündə adiləşdirmək və əxlaqsız fiqurların qeyri-etik davranışlarını məsum uşaqlarımıza nümunəvi şəxsiyyətlər kimi təqdim etməklə məşğuldur. Film və teleseriallarda qadınlar çirkin bir şəkildə istismar olunur və onlara qarşı təhqiramiz dildən istifadə olunur. Bir çox valideynlər qızlarının gündəmdəki bu qadınların davranışlarını təqlid etmələrindən, oğullarının isə günümüzün trendləri olan Devid Bekhem və Bred Pit kimilərinin saç düzümünü və geyim tərzlərini özlərinə etalon kimi götürmələrindən şikayət edirlər.
Uşaqlarımız özlərinə nümunəni mediadan tapsalar da və onları internet, televizor və s. kimi ətraf mühitin çirkabından mühafizə etməyi bacarmasaq da bu bizə bədbin və passiv olmağa əsas vermir. Deməliyəm ki, yuxarıda deyilənlərə baxmayaraq, uşaqların həyatına təsir göstərən ən böyük fenomen hələ də onların valideynləridir. Bunu bəzi tədqiqatlar da sübut edir. Məsələn, BBC telekanalının apardığı sorğuya əsasən yeniyetmələr öz valideynlərindən daha çox nümunə götürürlər, nəinki məşhurlardan.
Odur ki, əgər övladlarımızın böyüyəndən sonra müdrik olmalarını, emosiyalarını cilovlayaraq hər cür insanla dil tapa bilmələrini, insanlara qarşı sevgi və şəfqətlə yanaşmalarını istəyiriksə, bir valideyn kimi cəmiyyətdə müsbət hərəkətlərimizlə, təkcə ailədaxili yox, həm də sosial fəaliyyətlərimizlə onların qarşısına bir nümunə kimi dikilmək borcumuz olmalıdır. Şərin xeyirdən daha cəlbedici göründüyü və asan mənimsənildiyi bu dünyada uşaqlarımız fiziki yöndən böyümüş ola bilərlər, amma onlar həm də mənəvi yöndən böyüməlidirlər ki, batilin alabəzək görsənməsinə baxmayaraq, onun batil olduğunu anlasınlar və onu nifrətlə qarşılasınlar.
Bu səbəblə gərək valideynlər dürüstlük, şücaət, mərhəmət, sevgi və hörmət kimi keyfiyyətlərin ağlın və vücudun bu dünyada əldə edə biləcəkləri ən mühüm dəyərlər olduqlarını öz övladlarına nümayiş etdrisinlər. Bu, övladlarımıza qarşı ən böyük borcumuzdur.
Bu, çətin görünə bilər, amma təcrübə qazandıqca bu işdə peşəkarlaşacaqsınız. Uşaqlar valideynlərinə sevgi, hörmət və etibar hissi ilə yanaşırlar və şəxsiyyət kimi formalaşmaqda olduqları dövr ərzində valideynlərinin göstərdiyi nümunəni yaxından izləməyə çalışırlar.
Bir valideyn kimi öz təsir gücünüzü artırıb, məşhurların təsir gücünü azaltmaq üçün uşaqlarınızın televizor və ya video izləmə vaxtlarına məhdudiyyət qoymalısınız. Əvəzində onları alternativ əyləncə ilə əvəz etməli və onları hər hansı fiziki əməyə və ya xeyriyyə işlərinə cəlb edə bilərsiniz. Elə bir xeyriyyə metodu seçin ki, uşaqlarınız bu fəaliyyətin konsert və teatrlardan başqa üsullarla da həyata keçirilməsinin mümkünlüyünü görsünlər.
Həmçinin övladlarınızla birgə daha çox vaxt keçirin. Çalışın onlara qarşı diktator kimi davranmayın. Onlarla ünsiyyət qurmağın yollarını axtarın. Yersiz sərtlik göstərməklə onlarla öz aranızda sədd çəkməyin. Həmişə müzakirəyə açıq olun və onların problemlərini dinləyib, çıxış yolları təklif edin ki, hər məsələni gəlib sizə danışsınlar. Əks təqdirdə övladlarınızın naməlum kimsələrlə oturub-durmaqla pis vərdişlərə yiyələnmələrinə siz səbəb olacaqsınız. Valideynlər övladları ilə nə qədər çox vaxt keçirsələr, övladlar bir o qədər onları təqlid etməyə meylli olarlar.
Bir valideyn olaraq kimlə oturub-durduğunuza fikir verin. Həmişə Allahdan qorxan, dinini səmimi və gözəl şəkildə yaşayan insanlarla gediş-gəliş yaradın və övladlarınızın da onların uşaqları ilə dostlaşmasını təmin edin. İmkan tapdıqca onlar ıməscidə aparın ki, əzan səsindən və Quran qiraətindən qorxmasınlar. Çünki sovet güruhundan yeni azad olduğumuz dövrlərdə uşaqların əzan və Quran səsindən qorxduqlarını şəxsən xatırlayıram. Qoy görsünlər ki, saqqal saxlamaq, geniş paltarlar geyinmək, qadınların hicab və niqab taxması heç də marginallaşmış, təhsilsiz, geridə qalmış insanlara xas deyil. Qoy görsünlər ki, bu insanlar onları ittiham edən kütlədən qat-qat savadlı, müdrik və əxlaqlıdırlar. Həmyaşıdlarını məsciddə namaz qılarkən görmələri isə onların ibadətə daha da həvəslənmələrinə səbəb olar.
Bir valideyn kimi övladlarınızın yanlış bir şeyi istəmələrinin və ya müəyyən yanlış davranışlar sərgiləmələrinin təməl səbəbini təsbit etməli və həmin səbəbə müvafiq doğru alternativlər təklif etməlisiniz. Məsələn, övladınızın ad gününün qeyd olunmasını istəməsinin təməlində çoxlu hədiyyə qəbul etməkdirsə, vaxtaşırı (xüsusən də Ramazan və Qurban bayramlarında) ona kiçik də olsa hədiyyələr almaqla bu problemi həll edə bilərsiniz.
Bundan başqa, valideynlər öz davranışlarında son dərəcə diqqətli olmalıdırlar. Necə deyərlər, balıq başdan iylənər. Bilməlisiniz ki, uşaqlar dediklərinizi yox, elədiklərinizi eləyərlər. Əgər özünüz yalan danışarsınızsa, bunu görən övladınızı necə yalandan çəkindirə bilərsiniz? Odur ki, onları məzəmmət etmək əvəzinə özümüzü düzəltməliyik.
Fərhad Hacıyev