Skip to main content


Şəxsiyyət tipini bil və uğura sən də addımla

Allah təala yaradılış nizamı olaraq hər kəsi bir xasiyyətə və qabiliyyətə sahib olaraq yaratmşdır. O, bu yaradılış nizamına əsasən hər kəsə fərqli sınaqlar verib, onları fərqli ruzi qapılarına yönəltmişdir. Allah Rəsulu-salləllahu əleyhi və səlləm- də daim bir vəzifə təyin edərkən işi əhlinə verməyi üstün tutardı. Bununla da hər kəsi bir növ öz bacardığı sahədə uğur qazanmasına təşviq edərdi.   

 Əslində insanların qabiliyyətləri onların şəxsiyyət tipinə uyğunlaşdırılmışdır. Məhz şəxsiyyətinizin tipi sizin iş həyatında hansı istiqamətdə uğur qazana biləcəyinizə yol göstərən bir növ bələdçi rolu oynayır.

     Bəzən insanlar öz şəxsiyyətini tam olaraq kəşf edə bilmədiyi üçün cəmiyyətdə düzgün yer ala bilmir, xoşlamadığı, bəzən əslən bacarmayacağı və ona uyğun olmayan sahələrə yönəlir və uğur qazanacağıını düşünür. Lakin məqsədinə çatmadıqda, uğursuzluq səbəbini başqa yerlərdə axtarır. Biz isə bu məqaləmizdə Allah`ın yaratdığı fərqli insan tiplərini ortaya çıxararaq, insanların uğur qazana biləcəyi sahələri müəyyənləşdirərək cəmiyyətimizə dəstək olmağa çalışdıq:


      1.Yaradıcı, geniş təxəyüllü insan tipi.

     Bu tip insanlar daha güclü təxəyyül və yeni ideyalar ortaya qoya bilir, yeni kreativ işlər görmə həvəsində olur. Bu tip insanlar adətən bir işə fokuslanır, eyni anda bir neçə tapşırıq yerinə yetirməyi sevmirlər. Çünki yaradıcı, fantaziya qabiliyyətini bir sahəyə yönəltməyi sevirlər. Belə insanlar veb səhifə qurma, qrafiklər, layihə menecmenti kimi kreativ sahələrdə daha çox uğur qazana bilər.


     2.Ənənəvi insan tipi.

    Bu tip insanlar adətən ənənəvi həyat tərzini sevirlər. Yəni standart qrafik, cədvələ əsaslanan iş və həyat tipinə üstünlük verirlər. Onlar rəqəmlərlə işləməyi, həmçinin ümumi olaraq bir işi ölçmə və analiz etməyi sevirlər. Bu tip insanlar hüquqşünas, mühasib, təftiş, analitik, politoloq kimi peşələrdə meyl etsə bu sahələrdə daha çox uğur qazana bilər. Bu tip insanlar bir çox halda idarəetmə qabiliyətinə sahib olmur, əksinə bir rəhbər tərəfindən verilən tapşırığı vaxtında yerinə yetirməyə daha çox həvəsli olurlar.


     3.Təşəbbüskar insan tipi.

     Bu tip insanlar başqa sözlə desək biznes sahibkarlarıdır. Yəni bu tip şəxslər riskə getməyi sevir, müstəqil addımlamağa can atırlar və bəzən uğursuzluğa düçar olsa da, həvəsdən düşmür, məqsədinə doğru irəliləyirlər. Onlar bir çox halda ticarət sahəsində uğur qazanırlar. Bu tip insanlar həmçinin başqalarına motivasiya vermə, həvəsləndirmə, başqalarını inandıra bilmə qabiliyyətinə malikdirlər. Ona görə də  müəssisə idarəetmə, liderlik, menecerlik sahələrində daha çox müvəffəq ola bilərlər.


     4.Tədqiqatçı insan tipi.

    Bu cür insanlar daha çox dəqiqliyə, işin detalına getməyi sevir. Məntiqi yanaşmaları sevir. Bu tip insanlar qaranlıq məsələləri aydınlığa çıxararaq, həll etməyə yönəlir. Belə şəxslər dəqiq elmlərlə (kimya fizika riyaziyyat) bağlı sahələrdə daha çox uğur qazana bilir. Araşdırma-tədqiqat tərkibli istənilən iş bu tip insanlar üçün faydalıdır.


     5.Realist insan tipi.

    Bu tip insanlar öz əlləri və alətlərlə işləməyi sevir. Onlar fiziki olaraq öz zəhmətləinin və əl qabiliyyətlərinin nəticəsini görməyi sevirlər. Məhz buna görə də bu tip insanlar daha çox mexanik, təmirçi, dülgər, çilingər, santexnik, zərgər, mühəndis və ya hər hansı sahədə usta kimi çalışsa daha çox müvəffəq ola bilər.


    6.Sosial insan tipi.

    Bu növ insanların sosial aktivlikləri xeyli çoxdur. İnsanları sevir, onlarla ünsiyyət qurmağa, onlara məsləhətlər verib dəstək olmağa meyillidir. Cəmiyyətə fayda verməkdən zövq alırlar və başqalarına nəyisə öyrədə bilməyi əsl uğur olaraq qəbul edirlər. Belə şəxslər daha çox həkim, psixoloq, müəllim, treyner, jurnalist, karyera məsləhətçisi, ictimai əlaqələr kimi sahələrə maraq göstərsələr cəmiyyətdə öz yerini tapmış olarlar.

Hər kəsin Allah`ın ona bəxş etdiyi şəxsiyyət tipinə uyğun bir sahədə müvvəffəq olması ümidi ilə....