Dəvətdə itaət qavramı
Ey dəyərli dəvətçilər və digər müsəlman qardaşlar! Bu gün sizinlə Ənam surəsinin 116-cı ayəsinin işığında İslamda itaət anlayışını muzakirə etmək istəyirəm.
Bu yazım Allah`ın izni ilə “İSLAMDA İTAƏT” silsiləsindən birinci yazı olacaqdır. Bizim dinimizdə açıqlanması önəm daşıyan məsələlərdən biri də itaətdir. İtaət əslində hər bir insanın həyatında vardır. Sadəcə insanların bir qismi həyatlarını Allah`a və Rəsuluna, bir qismi şeytana və nəfsinə, bir qismi də cəmiyyətdə çoxluğun fikrinə; ictimai rəyə itaətlə yaşayırlar.
Dəyərli dəvətçi qardaşım insanlara bu itaət anlayışını açmaq pəncərəsindən yaxınlaşsan ola bilər ki, dəvətin daha xeyirli olsun. İtaəti o kəsə və ya fikrə edirsən ki, həyatının bütün istiqamətlərini ona və ya onun tələblərinə əsasən tənzimləyirsən.
İndi burada problem nədir? Bilirsənmi dəvətçi qardaşım, sən gərək insanlara anlada biləsən ki, itaətin hansı ağıla uyğun, qəlbi qane edən və insanın yaradılışına uyğundur.
Bu gün cəmiyyətdə ən çox yayılmış itaət növlərindən biri cəmiyyətin çoxunun fikirlərinə; yəni ictimai rəyə tabe olmaqdır. Hətta bu haqda atalar sözü də vardır; “palaza bürün, elnən sürün”.
Bu, fikirlərini cəmiyyətin fikirlərinə tabe etməkdir. Bax, bu gün sənin üzləşdiyin ən güclü maneə budur. Bu haqda insanlara Rəbb`imin bu sözünü çox geniş izah et.
Əgər yer üzündə olanların çoxuna itaət etsən, onlar səni Allah`ın yolundan azdırarlar. Onlar ancaq zənnə uyar və ancaq yalan danışarlar!
Bəli, cəmiyyət müxtəlif ağıl səviyyələrinə, tərbiyəyə, həyat təcrübəsinə, gücə, maddi imkanlara malik olan insanlardan təşkil olunur. Cəmiyyətdə heç də həmişə üstünlük ağıl sahiblərində və əxlaqlı olanlarda olmur. Müasir cəmiyyətimiz buna bir misaldır.
Bu gün cəmiyyətdə alimlər, tərbiyəli insanlar deyil, şou əhli təqlid edilən nümunədir. Cəmiyyətin fikrini və zövqünü ağıl və tərbiyə deyil, ehtiras və şəhvətlər formalaşdırır. Belə bir ortamda ağıllı insanın cəmiyyətin əqidəsinə və münasibətlər əxlaqına itaət etməsi ağılsızlıqdır. Çünki sabah başına nə gələcəyini bilməyən yalnız şəhvət və ehtiraslı yaşayan toplum heyvani toplumdur. Bax gör bu haqda Rəbb`im nə deyir:
أَمْ تَحْسَبُ أَنَّ أَكْثَرَهُمْ يَسْمَعُونَ أَوْ يَعْقِلُونَ إِنْ هُمْ إِلَّا كَالْأَنْعَامِ بَلْ هُمْ أَضَلُّ سَبِيلًا
Yoxsa elə hesab edirsən ki, onların əksəriyyəti eşidəcək və ya anlayacaq? Onlar heyvan kimidirlər, hətta, (haqq) yoldan daha çox uzaqlaşmışlar. (Furqan 44)
Görürsən ki, Rəbb`imiz Onun dəvətinə cavab verməyənləri və itaət etməyənləri heyvandan daha pis varlıq hesab edir. Bunun təfsilatlarına Allah`a itaət bölümündə toxunacağıq. Sonra nəfsə itaət. Davamı olar əgər Rəbb`im istəsə.