Skip to main content


İslama necə dəvət etməli − 1-ci mərhələ (hazırlıq)

O, bir çox sahələrdə özünü inkişaf etdirərək İslami şəxsiyyət kimi yetişməlidir. Dəvətçi özünü yetişdirmədən dəvətə başladıqda bir çox halda fəsadlar çıxır, çətinliklərə tab gətirə bilmir, qarşı tərəfin dirənməsiylə bu işdən əl çəkir. Bəzən isə dəvətçi İslama uyğun həyat tərzi qurmadığı, öyrəndiklərini özü yaşamadığı üçün dedikərinin bir təsiri olmur və dəvət uğursuzluqla nəticələnir. Bütün bunları önləmək üçün Allah`ın izni ilə bir neçə mərhələdə İslama dəvəti izah etməyə çalışacağıq. Bu dərslərin ilk mərhələsində əvvəlcə dəvətçinin özünün islami şəxsiyyət kimi yetişməsi (hazırlıqlara başlaması) mövzusuna toxunacağıq.

1. Bunlardan ilki elmdir. Dəvətçi bir çox cahil insanın etdiyi kimi iddiasının, məqsədinin nə olduğunu öyrənmədən, bilmədən ona dəvət edən biri olmamalıdır. Yəni, iddiasını dərk etməlidir. Zamanımızda edildiyi kimi, özünə tabe olduğu şəxsin, iddiasında doğru dediyi üçün onu doğru qəbul edən və ona kor-koranə dəvət edən biri olmamalıdır. Əks halda Rəbb`inin bu mövzudakı ayəti ilə təzad bir vəziyyətə düşər: “Bilmədiyin bir şeyin ardınca düşmə; çünki qulaq, göz və ürək bunların hamısı da ondan məsuldur”. (İsra 36). “De ki: Bu mənim yolumdur. Mən, mənə tabe olanlarla birlikdə bəsirətlə (şüurlu bir şəkildə) Allah`a dəvət edirəm”. (Yusif 108) Bu zaman dəvətçi əqidə, tövhid inancına tam yiyələnməli, müxtəlif vəziyyətlərdə doğrunu yalnışdan ayırmağı bacarmalıdır. Unutmayaq ki, Allah Rəsulu salləllahu əleyhi və səlləmin 13 illik Məkkə dönəmi zamanı dəvətinin əsasını tövhid inancı, əqidə təhsili olmuşdur. 13 il, bu mövzunun nə qədər önəmli olduğunu göstərir. çünki işin başında əqidə düzgün oturmarsa, dəvətçinin öz əməlləri də yalnış, bidət və xurafatlarla dolar və həm sapar, həm də qarşısındakını sapdırar.

Daha sonra dəvətçi özünə kifayət edəcək qədər fiqh (İslam hüququ) elmindən bəhrələnməlidir. Bu ona dəvət zaman namaz, oruc, dəstəmaz, nafilə əməllər və s. mövzularda qarşı tərəfin verdiyi sualları ətraflı izah etməsinə şərait yaradacaqdlr. çünki bir çox halda dəvət olunan şəxslər dəvətçinin kifayət qədər savadlı olmadığını, hadisə, məkan və zamana uyğun davranış və danışıq ortaya qoya bilmədiyini görəndə artıq ona və onun dediklərinə güvəni azalır və dediklərini qulaq ardına vurmağa başlayır.

Dəvətçi elmin mənbəyi olaraq Qurani Kərimə sarılmalıdır. Bu gun təəssüf ki, bir çox halda vaxtnı sosial şəbəkələrdə, istirahət guşələrində və ya iş karyerasında keçirən dəvətçilər Qurandan uzaq qalır. Nəticədə dəvət imkanı yarandıqda zamana və məkana görə istifadə edə biləcəyi ayətlərdən yoxsul qalır. Dəvətçi dəvətini ən gözəl şəkildə edə bilməsi üçün Qurani Kərimdə Allah Rəsulunun və səhabələrin başına gələnləri, keçmiş qövmlərin haqqındakı qissələri, o cümlədən həyatına, dəvətinə geniş yer ayrılan Musa, Yusif, İbrahim əleeyhimussalam və digər peyğəmbərlər haqda məlumat toplamalıdır. Daha sonra isə Alimlərin müsəlmanların ikinci əl kitabı hesab etdikləri Fiqhu`s-Sirə (Peyğəmbərin həyatı və dəvət metodu) kitabını oxumalı, müxtəlif hadisələrdə necə qərar verdiyini, məkan və zamana görə hansı dəvət metodunu izlədiyinə dərindən bələd olmalıdır. Dəvətçi sahabələrin həyatını incələməklə daha zəngin praktiki misallar öyrənəcək ki, bu da dəvət zamanı oxşar hallar yaşandıqda rahatlıqla bu misallar üzərindən fikir bildirməsinə, hərəkət etməsinə və qarşı tərəfə təsir etməsinə səbəb olacaqdır.

2. Ətraf mühiti öyrənib araşdırmalı, insanların daha çox anlayacağı zehinə sahib olmalı və saleh əməllərin, axirətin dünya qarşısındakı üstünlüyü hər gün rastlaşdığımız adi misallarla izah etməyi öyrənməlidir. Məs: Peyğəmbər salləllahu əleyhi və səlləm namazın əhəmiyyətini gözəl bir örnəklə izah etmişdir: “Nə deyirsiniz, birinizin qapısının qarşısında bir axar su olsa, sahibi orada gündə beş dəfə yuyunsa çirkindən bir şey qalarmı?” Orada olanlar: “Xeyr, kir deyə bir şey buraxmaz” dedilər. Peyğəmbər salləllahu əleyhi və səlləm buyurdu: “Beş vaxt namaz da belədir. Allah təala onlarla günahları silər” buyurdu. (Buxari/Məvaqit 6; Tirmizi/ Ədəb 80).

3. çizgilər, bənzətmələr və bədən dilini formalaşdırmalıdır. Allah Rəsulu salləllahu əleyhi və səlləm Cabir ibn Abdullah radıyallahu anhu ilə birlikdə oturarkən torpağa şəkil çəkərək ona Allah`ın və şeytanın yolunu izah etdi. Cabir, hadisəni belə rəvayət edir: “Peyğəmbərin yanında oturarkən önünə bir xətt çəkdi və “Bax belə; bu, Uca Allah`ın yoludur” buyurdu. Sonra bu xəttin sağına iki xətt, soluna iki xətt çəkdi və “Bunlar da şeytanın yollarıdır” deyə buyurdu. Daha sonra əlini ortadakı xəttin üzərinə qoydu və bu ayəni oxudu: “Dümdüz yoluma tabe olun. Sizi Allah yolundan ayrı salacaq yollara üz tutmayın. Allah sizə bunları, pis əməllərdən çəkinəsiniz deyə tövsiyə edir”. (Ənam 6/153)

4. Dəvətçi elmiylə əməl edən biri olmalıdır. Yəni insanları ona dəvət etdiyi şeyi ilk əvvəl özü tətbiq edən biri olmalıdır. Unudulmamalıdır ki, dəvətçinin əməl etmədiyi bir şeyə dəvət etməsi, ən çirkin təzadlardan biridir. çünki Allah təala bu mövzuda belə buyurmaqdadır: “Ey iman edənlər! Niyə etməyəcəyiniz şeyləri söyləyirsiniz? Etməyəcəyiniz bir şeyi demək Allah yanında çox böyümüş və sizin üçün bir qəzəbə çevrilmişdir”. (Saff 2-3). “Siz insanlara yaxşı işlər görmələrini əmr etdiyiniz halda, özünüzü unudursunuz? Halbuki, özünüz kitab oxuyursunuz. Məgər (çirkin əməllərinizi) başa düşmürsünüz?” (Bəqərə 44) Allah Rəsulu salləllahu əleyhi və səlləm elmiylə əməl etməyən dəvətçilərin vəziyyətini və aqibətini bizlərə belə izah etməkdədir: “...Usəmə ibn Zeyd radıyallahu anhu deyir ki, Allah Rəsulu salləllahu əleyhi və səlləmin bunu izah etdiyini eşitdim: “Qiyamət günü bir adam gətirilib oda atılar. Daha sonra bağırsaqları çıxarılır. Dəyirmanda mərkəbin döndüyü kimi bağırsaqlara bağlı olaraq dönər. Atəşə atılmış olanlar oraya toplanaraq “Ey filankəs sənə nə oldu? Sən yaxşılığı əmr edib pislikdən çəkindirmirdinmi? ” deyə soruşarlar. O da: “Bəli! Sizə yaxşılığı əmr edirdim, lakin özüm ona uymurdum. Pislikdən insanları çəkindirirdim, lakin özüm o pisliyi edirdim” deyə cavab verir”. (Buxari 3065)

5. Dəvətçi hərəkətli və fəal olmalıdır. İddiasını özü üçün vazkeçilməz hesab edən bir dəvətçi, bezmədən usanmadan təbliğ vəzifəsini davam etdirən olmalıdır. O, özünü hadisələrin və bəzi faktorların hərəkətə keçirməsini gözləməyən və özbaşına insanları haqqa dəvətə qaçan biri olmalıdır. Yəni belə bir şəxs gözləməz ki, bəziləri gəlsin onu bir işə zorla, “onu edək, bunu edək, buraya gedək, oraya gedək” desin. çünki o, Allah`ın, səmimi və ixlaslı dəvətçilərinə hazırladığı savaba və qazanca yönələr. O, Allah Rəsulu salləllahu əleyhi və səlləmin bu hədisini əsla ağlından çıxarmaz: “Sənin vasitənlə Allah`ın bir adama hidayət verməsi, sənin üçün üzərinə günəşin doğulub batdığı hər şeydən daha xeyirlidir” (Təbərani Kəbir). Başqa hədisdə belə buyurulur: “Kim hidayətə dəvət etsə ona, özünə tabe olanların savabı kimi savab vardır, onların mükafatlarını də bir şey azalmaz”. (Müslim) Allah təala buyurur: “Kim gözəl bir işə vasitəçi olsa, onun da o işdən bir payı olur...” (Nisə 85)

6. Dəvətçi hər zaman çətinliklərə dözüb səbir göstərməlidir. İnsanların ani çıxışlarına, pis zənn və düşüncələrinin fəsadına, haqqı gec qəbul etmələrinə, şöhrət və mənfəət arxasında qaçmalarına, suallarıyla dəvətçini aciz qoymaq məqsədlərinə qarşı səbr etməsi lazımdır. Allah Rəsulu salləllahu əleyhi və səlləm belə buyurur: “Xalqın arasına qarışıb onların əziyyətinə səbir edən müsəlman, xalqın arasına qarışmayıb onların əziyyətinə, çətinliklərə dözməyən müsəlmandan daha xeyirlidir”. (Tirmizi 2625, Əhməd: 5/365) Quranda da belə buyurulur: “Ey oğlum! Namaz qıl, yaxşı işlər görməyi əmr et, pisi də qadağan et və bu yolda başına gələnə də səbr et. Doğrusu bunlar əzm edilməyə dəyər şeylərdir”. (Loğman 17)

Aişə radıyallahu anhə belə rəvayət edir: “Allah Rəsulunun hüzuruna beş on nəfərlik bir yəhudi heyəti girdi. Hüzura girincə salam vermiş olmaq üçün “ölüm üzərinizə olsun..” mənasını verən “Əs-sə`mu aleykum” dedilər. Mən bu sözü anladım və “Sə'm və Allah`ın lənəti sizin üzərinizə olsun!” deyə cavab verdim. Allah Rəsulu salləllahu əleyhi və səlləm “Ey Aişə ağır ol! çünki Allah hər barədə rifq və yumşaqlıq ilə rəftar etməyi sevər” deyə buyurdu”. (Buxari 6014)

7.Dəvətçi nafilə ibadətlərlə Allah`a yaxınlaşmağa çalışmalıdır. çünki Allah`a yaxın olduqca onun işləri daha da asanlaşar, dəvəti daha da bərərkətlənər, duaları daha tez qəbul olunar. Əbu Hüreyrə radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləmdən belə dediyini rəvayət edir: “Şübhəsiz ki, Allah təala buyurdu: “...Qulum mənə nafilələr ilə yaxınlaşmağa davam edər. Ta ki, Mən onu sevərəm. Mən onu sevdiyim zaman onun qulağı olaram, onunla eşidərəm. Onun gözü olaram, onunla görərəm. Onun əli olaram, onunla tutaram. Onun ayağı olaram, onunla gedərəm. Məndən nəsə istədiyi zaman dərhal verərəm. Mənə sığındığı zaman dərhal onu qoruyaram.” (Zubdətu`l-Buxari 1425)

Yuxarıdakı bölmələrlə dəvətçinin edəcəyi dəvətinin bərəkətli və doğru olması üçün özünü necə hazırlamalı olduğunu bacardıqca izah etməyə çalışdıq. Bundan sonra isə Allah`ın iznilə artıq dəvətə hazır olacaq dəvətçiyə mərhələlərlə Allah Rəsulu saləllahu əleyhi və səlləmin, səhabələrin və alimlərimizin təşviq etdiyi metodlarla qarşı tərəfi necə dəvət etməli olacağını izah etməyə çalışacağıq.

(Davamı növbəti mərhələdə...)

İslama necə dəvət etməli? – 2-ci mərhələ