Skip to main content


KƏMİYYƏT VƏ KEYFİYYƏT ARASINDA DƏVƏT

İçində yaşadığın cəmiyyətin azğınlığından narahat olursan. İçindən inqilabi dəyişikliklər etmək keçər. Təbii ki, cəmiyyətə haqq olduğuna şübhə etmədiyin müəyyən dəyərlər sistemini aşılamaq istəyərsən. Aradan illər keçər, lakin görərsən ki, əhəmiyyətsiz hesab ediləcək qədər kiçik bir qrupdan başqa səni dinləyən yoxdur.

Daha böyük kütləyə açılmaq istəyərsən. Lakin böyük kütlə böyük güc, güclü müqavimət, amansız tənqid deməkdir. Bu səbəbdən onların, azacıq da olsa, rəğbətini qazana bilmək üçün dəyərlərində kosmetik dəyişikliklər etməyə məcbur olursan. Və budur! Səni dinləyən insanların sayında artım müşahidə olundu. Sevinirsən, həvəslənirsən və Allaha həmd edirsən. Daha çox iş görməyə həvəslənirsən. Müxtəlif yollarla daha geniş kütləyə açılmağı qarşına məqsəd qoyursan.

Lakin qarşında açılan hər bir yol səndən müəyyən güzəştlər tələb edir. Sən öz anlayışında məsləhətlə məfsədəti müqayisə edərək daha çox xeyirə nail olmaq niyyəti ilə qarşında açılan fürsətlərin tələblərinə müsbət cavab verib davam edirsən. Kütlə sənə doğru axmağa başlayır. Lakin kütlə içərisində olan hər bir fərdin sənə ünvanlanacaq sualları var. Onlar suallarını verdikcə, sən onları özündən qaçırtmamaq və özünü tənqid hədəfinə çevirməmək naminə cavabları əyib-bükərək onlarda müsbət təəssürat yaratmağa çalışarsan. Və beləliklə, işin başında cəmiyyəti islah etmək üçün nəzərdə tutduğun dəyərlər sistemi gün keçdikcə, səni dinləyənlərin sayı artdıqca aşınmağa davam edir. Aşındıqca aşınır.

Nəhayət, ətrafında arzuladığın böyük kütlə toplanır, lakin ortada bir dəyər qalmır. Ayılıb görürsən ki, artıq sən o sən deyilsən. Tamamilə dəyişmisən. Girdiyin hər bir yol, yararlanmağa çalışdığın hər bir fürsət, rəğbətini qazanmağa çalışdığın hər bir fərd, qorxduğun hər bir tənqid səndən bir parça qoparıb və nə sən o sənsən, nə də qayən o qayə. Özünü ətirli bir çiçək, ətrafına toplananları isə sənin ətrinin cazibəsinə yığışmış birər bal arısı zənn edirdin. Lakin ayılıb görürsən ki, sən ölmüş bir cəsəd imişsən, ətrafına toplananlar isə səndən bir pay qopartmağa çalışan qurdlar və böcəklər.

Və geriyə dönüb baxarsan. Tövbə etmək, qayıtmaq istəyərsən, ancaq anlayarsan ki, artıq çox gecdir. Bundan sonra qarşıda duran yol öz mövqeyinə haqq donu geyindirmək və illərlə əmək sərf edib əldə etdiyin məqamı itirməmək üçün sənin kirlənmədən öncəki dəyərlər sistemini ayaqda tutmağa çalışan insanları geridə qalmışlıqda, bədəvilikdə, qıt düşüncəli olmaqda ittiham etməkdir.

P.S. Dəvətdə Nuhun (aleyhissələm) səbri gərəkdir. Qayəmiz ətrafına adam toplamaq yox, tək qalmaq bahasına olsa belə, kirlənməmək olmalıdır. Həyat imtahanını əməli çox olanlar yox, əməli ən yaxşı olanlar qazanacaq (Bax: Mülk surəsi, 2-ci ayə). Bu dünyada kəmiyyət yox, keyfiyyət testi veririk.