Dəvət zamanı toplumu tanımaq
Bunun da başında gələn səbəb 20 ilə yaxın bir dövr ərzində islami kəsimin cəmiyyətimizdə cərəyan edən proseslərə nüfuz edə bilməməsi, ictimai şüurun formalaşması prosesindən kənarda qalmasıdır. Mütəşəkkil və xeyri arzuladığını, fəsad və anarxiya istəmədiyini bariz surətdə göstərən bir camaat olaraq ortaya çıxmamasıdır. İslami dəvət fəaliyyətinin ən önəmli olan xüsusu odur ki, biz ölkəmizin insanına, bütün təbəqələrinə islah edici bir düşüncə və əməl axını olduğumuzu sübut etməliyik.
Birinci səbəb, İslam dəvətçilərinin dəvəti fərdləri xilas etmə formatında aparmasıdır. Buna görə də dəvətçilər yalnız işlədikləri fərdləri öyrənmiş, onlara necə xitab etmənin yollarını axtarmışlar. Paralel olaraq toplumun xilasına yönəlmiş olan metodologiya hazırlanmamışdır. Dəvət yalnız fərdlər üzərində qurulmuş, toplumuna ümumi çağırışla xitab edilməmişdir. İlk illərdə bunu başa düşmək olardı, amma on illik bitdikdən sonra yalnız fərdi xitabda qalmaq qətiyyən doğru deyildir.
Quranda olan bir sıra xitabların toplumlara edildiyinə diqqət yetirsək görərik ki, İslam yalnız fərdi çağırışlarla kifayətlənmir. Əgər mushaf sıralaması ilə Kitabullaha baxsaq görərik ki, Rəbb`imiz ilk əmr xüsusiyyətli çağırışını nəfsə və fərdə deyil, bütün insanlara edir. Yəni insan toplumuna edir.
يَا أَيُّهَا النَّاسُ اعْبُدُواْ رَبَّكُمُ الَّذِي خَلَقَكُمْ وَالَّذِينَ مِن قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ
Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət edin ki, müttəqi olasınız! (Allahdan qorxub pis əməllərdən çəkinəsiniz!) (Bəqərə 21)
Əlbəttə ki, bu fərdi dəvət fəaliyyətinə qətiyyən kölgə salmır. Tam əksinə bəlli bir fərdi təbliğ fəaliyyətindən sonra topluma xitab etmənin zərurəti ortaya çıxır.
Toplumları isə İslama çağırmaq üçün onlara örnək olacaq kiçik bir toplum modeli lazımdır.
İslami camaatlar belə kiçik toplum modelinə çevrilməzsə ümumi dəvəti apara biləcəkləri şübhə altındadır.
Bəs əgər, islami camaatlar formalaşmış olsalar müvəffəq bir dəvəti səbəblərə sarılmaq, Rəbb`imiz Allah`a təvəkkül baxımından necə edə bilərlər. İlk öncə edilməli olan toplumun öyrənilməsidir. Ölkəmizdə islami fəaliyyətin ictimai şüura təsirini artırmaq, eləcə də toplumumuzu onun bütün təzahürləri ilə - çağırmaq üçün nə etməlidir. İslami kəsim və onun fəaliyyətinə rəhbərlik edənlər ilk öncə öz ölkələrini tanımalıdır. Təəssüf ki, bu gün ölkəmizdə bir sıra islami camaatların rəhbərləri vardır ki, ictimaiyyətin qayğıları onlar üçün yaddır. Əslində ictimaiyyətin qayğılarına və problemlərinə çözüm ola biləcək islami modellər ortaya qoymurlar. Tam əksinə idarə etdikləri camaatları, təsir etdikləri insanları cəmiyyətin içərisindən qıraqda görürlər. Amma kimin özünü necə hiss etməsindən asılı olmayaraq ölkə ictimaiyyətinin tərkib hissəsi olmaq qaçınılmaz bir reallıqdır. Təəssüf ki, bu reallıq unudulur. Bu da islami camaatlar haqqında mənfi bir obraz formalaşdırır.