Skip to main content


Orucun heyrətamiz bioloji faydaları


Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir! (Bəqərə 184)

Qurani Kərimdə verilmiş bu ayədən də göründüyü kimi Allah təalə Ramazan boyunca bizə əmr etdiyi, digər zamanlarda isə öz ixtiyarımıza buraxdığı orucda nə qədər maddi və mənəvi faydalar cəm etmişdir. Mənəvi faydalarına gəldikdə Allah təalə Qiyamət günü xüsusi olaraq “Oruc Mənim üçündür. Mükafatını da Mən verəcəm” (Buxari) deyə insanları müjdələmişdir. Maddi faydalarına gəldikdə isə biz bu haqda araşdırmalar edərək sizə təqdim etməyə çalışdıq:


1) Bir müddət fasiləsiz tutulan oruc hüceyrələr, gen və hormonların funksiyasına təsir edir. Belə ki, bir müddət yemədikdə bədən hüceyrə bərpa fəaliyyətinə başlayır və hormon səviyyəsində dəyişiklik yaranır ki, bu da bədənə yığılmış piy qatı və yağların daha tez əriməsinə şərait yaradır. Daha ətraflı baxsaq qarşımıza belə bir nəticə çıxacaq:

İnsulinin səviyyəsi: Qandakı insulin səviyyəsi xeyli aşağı düşür ki, bu da yağların tez yanmasını asanlaşdırır.

Böyümə hormonu: Böyümə hormonunun qandakı səviyyəsi 5 dəfəyədək arta bilir. Bu hormon səviyyəsinin yüksək olması, yağ yanmasını və əzələ artımını asanlaşdırır.

Hüceyrə bərpası: Bədən hüceyrələrdən tullantı maddəsinin çıxarılması kimi əhəmiyyətli hüceyrə bərpa proseslərini yaradır.

Genlə bağlı: Uzun ömürlülük və xəstəlikdən qorunma ilə əlaqəli bir neçə gen və molekulda faydalı dəyişikliklər baş verir.

2) Bir müddət fasiləsiz oruc tutmaq çəkinin azalmasına və xüsusilə qarın piyinin əriməsinə kömək edir. Belə ki, tutulan oruc sayəsində insulinin səviyyəsinin aşağı düşməsi, böyümə hormonunun səviyyəsinin yüksəlməsi, norepinefrinin (noradrenalin) miqdarının artması bədən yağlarının əriməsinə və enerji kimi istifadə edilməsinə şərait yaradır. Araşdırmalar göstərir ki fasiləsiz tutulan oruc 3-4 həftə ərzində çəkinin 3-8% azalmasına gətirib çıxarır. Bu zaman insanlarda bel ətrafının 4-7% qədər kiçilməsi baş verir ki, bu da xeyli qarın yağını itirildiyini göstərir.

3) Əhval-ruhiyyənin yaxşılaşmasına müsbət təsir edir. Oksford Universitetinin əməkdaşı doktor Razeen Mahroofun araşdırmalarına görə  bir neçə gün oruc tutduqdan sonra, yüksək səviyyədə endorfinlər – “yaxşı hiss etdirən” hormonlar – qanda istehsal edilir ki, bu da əqli rahatlığa müsbət təsir göstərə bilər.

3) Fasiləsiz tutulan oruc, insulinin müqavimətini azaltdığı üçün şəkərli diabet riskinizi azaldır. Belə ki, araşdırmalara görə, oruclu ikən qan şəkəri 3-6% azalır, insulin 20-31% azalır. Həmçinin araşdırma göstərir ki, oruc diyabetin ən ciddi fəsadlarından biri olan böyrək zədələnməsinə qarşı müdafiə rolu oynayır.

4) Fasiləsiz oruc bədəndə oksidləşdirici stresi və iltihabını azalda bilir. Bildiyimiz kimi stres yaşlanma və bir çox xroniki xəstəliklərə yol aça bilən bir təsirə malikdir. O, digər əhəmiyyətli molekullarla (protein və DNT kimi) reaksiya verən və onlara zərər verən sərbəst radikallar adlandırılan qeyri-sabit molekulları özündə cəmləşdirir. Bir neçə tədqiqat göstərir ki, fasiləsiz oruc stresə qarşı cismin müqavimətini artırır.

5) Fasiləsiz oruc ürək sağlamlığı üçün faydalı ola bilir. Heyvanlar üzərində aparılan tədqiqatlar göstərir ki, oruc aclıq-qan təzyiqi, total və LDL xolesterol, qan trigliseridləri, iltihab göstəriciləri və qan şəkərinin səviyyəsi də daxil olmaqla çoxsaylı müxtəlif ürək risk faktorlarını yaxşılaşdırmaq qabiliyyətinə malikdir.

6) Bir müddət fasiləsiz oruc tutmaq xərçəngin inkişafını önləyə və ya zəiflədə bilər. Xərçəng xəstələri üzərində araşdırmalar göstərir ki, oruc kimyaterapiyanın müxtəlif əlavə təsirlərini azaldır. ABŞ-ın Cənubi Kaliforniya Universitetindən doktor V. Longo ve kollegiyasının araşdırmalarına görə kimyaterapiyadan 3 gün əvvəl oruc tutmaq xərçəng xəstələrini müalicənin səbəb ola biləcəyi immunitet sisteminin zədələnməsinə qarşı qoruyucu rol oynayır.

7) Oruc beyin üçün də çox faydalıdır. Daha öncə də dediyimiz kimi fasiləsiz oruc bədəndə stres və iltihabı, qanda şəkərin miqdarını və insulinin müqavimətini azalda bilir. Nəticədə sağlam beyin üçün lazım olan müxtəlif metabolik xüsusiyyətlərdə yaxşılaşma qeydə alınır. Oruc həmçinin beyin törəməsi nevrotrofik faktor (BDNF) adlanan beyin hormonlarının səviyyəsini də artırır. Bu hormonlar çoxaldıqca depressiya və digər beyin problemlərinin azalmasına xidmət edir.

8) Oruc bir ay ərzində bütün orqanların dincəlməsinə və effektivliyini artırmasına şərait yaradır və dolayısı ilə insanların daha uzun ömürlü olmasına müsbət təsir edir. Alimlərin siçanlar üzərində apardığı tədqiqatlar göstərir ki, hər bir gündən bir müəyyən müddət ac qalmağa məcbur edilmiş siçanlar, digər siçanlara nisbətən 83% daha çox yaşadılar. Alimlər bu araşdırmanın insanlar üçün də müəyyən qədər keçərli ola biləcəyini bildirir. Siçanlara tətbiq edilən bu araşdırma Davud əleyhissalamın bir gündən bir oruc tutma ənənəsini xatırladır.

Araşdırmalar göstərir ki, bütün yuxarıda deyilənlərin effektli ola bilməsi üçün pəhriz-dieta sistemi əvəzinə oruc tövsiyə olunur. Çünki dieta zamanı insan gün ərzində su və müəyyən qədər qida qəbul edirsə, oruclu şəxs gün ərzi təxminən 16-17 saat boyunca tamamilə ağzına heç nə almadığı üçün orqanlar dincələrək effektivliyini daha çox artıra bilir.

Bütün bunlar göstərir ki, Allah təalə bizə bir şeyi əmr edirsə mütləq onda bizim üçün bildiyimiz və bilmədiymiz faydalar vardır. Nəyi qadağan edirsə onda bizim üçün zərər vardır. Allah Rəsulu salləllahu əleyhi va səlləmAllah bəndəsinə qarşı ananın övladına olan mərhəmətindən daha çox mərhəmətlidir” buyurursa, o zaman mərhəmət dolu birinin əmr və qadağası də bizə olan mərhəmətindən və bizi qorumaq istəyindən irəli gəlir. Ana əsla öz övladını öz əli ilə atəşə atmaq istəməzsə, bizi anadan daha çox sevən bir Rəbb necə, bunu istəyərmi?

Allah`a Quranda bizə yolunu göstərdiyi kimi layiqli bir bəndə olmaq arzusuyla...

 

Qaynaqlar

Honor Whiteman “Fasting: health benefits and risks” Mon 27 July 2015

Hartman ML, Veldhuis JD..” Augmented growth hormone (GH) secretory burst frequency and amplitude mediate enhanced GH secretion during a two-day fast in normal men.” J Clin Endocrinol Metab. 1992 Apr;74(4):757-65.

Bronwen Martin, Mark P. Mattson, and Stuart Maudsley “Caloric restriction and intermittent fasting: Two potential diets for successful brain aging” Published online 2006 Aug 8.

Zhu Y1, Yan Y, Gius DR, Vassilopoulos A.”Metabolic regulation of Sirtuins upon fasting and the implication for cancer.” Curr Opin Oncol. 2013 Nov

Mehrdad Alirezaei, Christopher C. Kemball, Claudia T. Flynn “Short-term fasting induces profound neuronal autophagy” Published online 2010 Aug 14

Rudman D1, Feller AG, Nagraj HS Effects of human growth hormone in men over 60 years old.” N Engl J Med. 1990 Jul 5

https://www.healthline.com/nutrition/10-health-benefits-of-intermittent-fasting

Blackman MR1, Sorkin JD, Münzer T “Growth hormone and sex steroid administration in healthy aged women and men: a randomized controlled trial.” JAMA. 2002 Nov 13

K Y Ho, J D Veldhuis, M L Johnson.. “Fasting enhances growth hormone secretion and amplifies the complex rhythms of growth hormone secretion in man”. J Clin Invest. 1988 Apr; 81(4): 968–975.