İkinci görüş: İman artmaz və azalmaz.
1- İmanın dilçilikdə gələn mənası qəlb ilə təsdiq etməkdir. Belə ki, bu ayə buna dəlalət etməkdədir:
“Onlar dedilər: “Ata! Biz bir-birimizlə yarışmaq üçün (səhraya) getmişdik və Yusifi əşyalarımızın yanında qoymuşduq. Bir də xəbər tutduq ki, qurd onu yemişdir. İndi biz doğru danışsaq da, sən bizə inanmayacaqsan!” (Yusif 17)
Allah`ın qullları üzərindəki haqqı təsdiq kəliməsinin mənasında olan iman etməkdir. Bu da qulun, Peyğəmbərin Allah`dan gətirdiyi hər bir şeyi təsdiq etməsidir. Qəlbən qəbul edib təslim olmaq mənasına gələn təsdiqin artması və ya əksilməsi isə mümkün deyildir.
2- İman inkarın əksidir. İnkarın mənası isə yalan saymaq və qəbul etməməkdir. Yalan saymaq və qəbul etməmək də qəlb ilə olur. Bunların əksi olan iman da qəlb ilə olur və qəlb ilə olan əməllərdə artma və azalma olmaz.
3- Allah təala buyurur:
“Qəlbi imanla sabit olduğu halda (küfr sözünü deməyə) məcbur edilən (dil ilə deyib ürəyində onu təsdiq etməyən) şəxs istisna olmaqla, hər kəs iman gətirdikdən sonra küfr etsə (onu ağır təhlükə gözləyir). Lakin qəlbən küfrə razı olanlara Allah`ın qəzəbi tutar və onlar şiddətli bir əzaba düçar olarlar!” (Nəhl 106)
Bu və buna oxşar ayələr, imanın yerinin qəlb olduğunu ifadə etməkdədir. Buna görə də iman artmaz və azalmaz.
Yuxarıda qeyd etdiyimiz alimlər imanın artmasını və azalmasını qəbul etməmişdirlər. Bunlardan aşağıdakı görüşlər nəql edilmişdir:
1- İmam Əbu Hənifə belə demişdir: “Möminlər imanda və tövhiddə bərabərdirlər. Sadəcə əməllərində bir-birilərindən fərqlidirlər”. (Fıqhu`l-Əkbər/4)
2- Ömər Nəsəfi belə demişdir: “Əməllər öz içində artar və azalar. Ancaq iman isə artıb azalmaz!”. (Əqaid şərhi, Nəsəfi 195)
3- İmam Tahavi belə demişdir: “İman tək bir şeydir. İman əhli olanlar onda əslində bərabərdir. Aralarındakı üstünlük Allah`dan qorxmaq, Ondan çəkinmək, nəfsinə müxalifət etmək və daha üstün olanlardan ayrılmamaqla olur”. (Tahavi əqidəsi 60)
Üçüncü görüş: İman artar ancaq azalmaz.
İmam Malik “İman artar, ancaq azalmaz” demişdir. Əgər azalarsa bitib yox olar. Artmasını deməsi isə bu mövzuda olduqca çox şərii mətinin olmasındandır. Bu ayələrin birində Allah təala buyurur:
“Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə ürəkləri qorxudan titrəyər, Allah`ın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar, onlar ancaq öz Rəbb`inə təvəkkül edər”. (Ənfal 2).
Bu görüşü imam Malikdən Davudi nəql etmişdir. Həmçinin Əbu`l-Həsən Abdu`r-Rahman ibn Ömər də “İman” adlı kitabında bunları qeyd etmişdir:
“İmam Malikin “İman azalmaz” deməkdən çəkinməsinin səbəbi xaricilərlə həmrəy olduğu ittihamından çəkinməsindən irəli gəlir”. (Ayni, Umdətu`l-Qari, 1/107).