Skip to main content


Müqəllidin imanı

Ancaq qəti olaraq inanar və etiqadını pozacaq şübhələrin gəlməyəcəyindən əmin olarsa, bu növ müqəllidin imanının doğru olub-olmayacağı haqqında ixtilaf vardır:

1. Əbu Hənifə, Malik, Şafii, Əhməd ibn Hənbəl, Əvzai, Səvri, zahirilər və etiqad alimlərinin əksəriyyətinə görə, bu növ müqəllid mömindir.

2. Əşarilər və etiqad alimlərinin bir qisminə görə isə, belə bir müqəllidə mömin deyilməz. Ancaq dinin təməl əsaslarından hər birini əqli dəlillərlə öyrənir, qəlbi ilə də təsdiq edərsə, bu zaman mömin olar. Bunu dili ilə gözəl bir şəkildə ifadə etməsi şərt deyildir. Ümumi olaraq ifadə edə bilməsi yetərlidir. Əgər bu şəxs, dinin təməl əsaslarını əqli dəlilləri ilə bilməzsə, bu nə mömindir, nə də kafirdir. Mömin deyildir çünki, dinin əsaslarını əqli dəlillərlə bilməməkdədir, kafir də, deyildir, çünki qəlbində təsdiq vardır.

3. Mötəzilə də eyni görüşdədir, ancaq bunlar əlavə olaraq bu şərtləri irəli sürmüşdürlər: “O şəxs dinin təməl əsaslarını, dinə qarşı olanlarla mübahisə edə biləcək və ağlına gələn şübhələri dəf edə biləcəyi səviyyədə əqli dəlilləri bilməsi lazımdır. Belə ki, bunlardan birindən aciz olarsa müsəlmanlığına hökm verilməz”.

Bu görüşlər arasında doğru olan görüş birinci görüşdür. Belə ki, hər bir qula əmr olunan onun iman etməsidir. Əqli və ya nəqli dəlillərə əsaslanaraq iman etməsi şərt deyildir. Çünki Allah Rəsulu salləllahu əleyhi və səlləm Allah`dan gətirdiyinin hamısına inanıb, təsdiq edəni mömin qəbul edib, onu inanc xüsusunda müəyyən bir səviyyəyə çatması lazım olan əqli dəlillərlə məşğul etmirdi. Ona necə mübahisə edəcəyini, dəlilləri hansı şəkildə irəli sürəcəyini, məntiqini necə istifadə edəcəyini öyrətmirdi.

Allah Rəsulundan sonra gələn Raşidi xəlifələr də belə idi. Məsələn, Əbu Bəkr dindən çıxanların iman etmələrini qəbul edir, onlara zehinlərini açacaq dəlillər öyrətmirdi.

Həmçinin ikinci Raşidi xəlifə olan Ömər İraqı fəth etdiyi zaman orada yaşayan Zatların və Ənbatların “İman etdik” demələrini qəbul edirdi. Həzrəti Ömərin vəzifələndirdiyi məmurlar da belə idi.

Halbuki, bu iki qövmə mənsub olan insanlar, o zaman ömürlərini kənd təsərrüfatı, yer qazmaq, arx çəkməklə keçirdikləri üçün anlayışları olduqca qıt, mədəni səviyyələri isə çox aşağı idi.

Əgər bəzilərinin iddia etdikləri kimi müqəllidin imanı doğru olmasaydı, rəhbərlərimiz olan Raşidi xəlifələr və onlarla birlikdə yaşayan səhabələrbu iki şeydən birini edərdilər; Ya bunların iman etmələrini rədd edərdilər, ya da bunların üzərinə dəlilləri yaxşı bilən, mübahisəni çox yaxşı bacaran birini qoyardılar ki, bunlara iman etmənin hansı dəlilləri bilməklə gerçəkləşəcəyini öyrətsinlər.

Həqiqət budur ki, tarixdə belə bir hadisə baş verməmişdir. Qul iman edər, gücü çatdığı qədər nəqli dəlilləri öyrənməyə çalışar. Gücünün çatmadığından da məsul deyildir. Əgər dəlilləri öyrənməyə çalışmazsada yenə də mömindir, ancaq araşdırmağı tərk etdiyi üçün günahkardır.