Əməlin imanın bir hissəsi olması haqqındakı görüşlər
Birinci görüş: “Əməl imanın bir hissəsi deyildir” deyən alimlər:
Bunlar əməli imanın bir hissəsi görməyən, onu imanı kamilləşdirən və qüvvətləndirən bir vasitə görən alimlərdir. İmanın sadəcə qəlbnən təsdiq və ya qəlbnən təsdiq ilə birlikdə dil ilə demək olduğunu irəli sürən alimlər bu görüşdədirlər. Bunlara görə qul, Peyğəmbərin Allah`ın qatından gətirdiyi hər bir şeyi qəlbi ilə tam bir şəkildə və tərəddütsüz təsdiq etdiyi və dili ilə bunu dediyi müddət ərzində mömin sayılar. Əməl edib etməməsi bunu dəyişdirməz. Əməl edərsə saleh bir qul, etməzsə günahkar bir mömin olar. Axirətdə vəziyyəti isə Allah`a qalmışdır, istəyərsə onu bağışlayar, istəyərsə günahı miqdarınca ona əzab edər. Əgər onun qəlbində zərrə miqdarı qədər iman vardırsa onu Cənnətinə daxil edər. Bu alimlərin əməlin imanın əsaslarına daxil olmadığına dair dəlilləri aşağıdakılardır:
1-Allah, Quranın bir çox ayəsində iman sözünü tək başına qeyd edir, arxasında saleh əməli “vav” (və) bağlayıcısı ilə ona bağlayır. Bu da əməlin imanın xaricində olduğunu göstərir. Çünki əməl, imana daxil olan bir hissə olsa idi, bağlayıcı ilə ona bağlanması lazım olmazdı. Beləki, bağlayıcılar, iki fərqli şeyi bir-birinə bağlayan ədatlardır.
Mövzu ilə əlaqədar olaraq aşağıdakı ayələri qeyd etmək mümkündür:
“And olsun axşam çağına (ikindi vaxtına, əsr namazına) ki, insan (ömrünü bihudə işlərə sərf etməklə, dünyanı axirətdən üstün tutmaqla) ziyan içindədir? Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa!” (Əsr 1-3)
“Şübhəsiz ki, iman gətirib yaxşı işlər görənlərin mənzili isə Firdovs cənnətləri olacaqdır!” (Kəhf 107)
“Allah`ın məscidlərini yalnız Allah`a və qiyamət gününə iman gətirən, namaz qılıb zəkat verən və Allah`dan başqa heç kəsdən qorxmayanlar təmir edə bilərlər. Məhz onlar doğru yolu tapa bilənlərdən ola bilərlər!” (Tövbə 18)
“O kəslər ki, qeybə (Allah`a, mələklərə, qiyamətə, qəza və qədərə) inanır, (lazımınca) namaz qılır və onlara verdiyimiz ruzidən (ailələrinə, qohum-qonşularına və digər haqq sahiblərinə) sərf edirlər.” (Bəqərə 3)
Saleh əməlləri bağlayıcı ilə imana bağlayan ayələr həddindən artıq çoxdur.
2-Allah bir neçə ayədə imanı saleh əməlin şərti olaraq qeyd etmişdir, hər bir məsələnin şərti onun xaricində olur. Buna misal olaraq aşağıdakı ayələri qeyd edə bilərik:
“Əgər (həqiqi) möminsinizsə, Allah`dan qorxun, aranızdakı münasibətləri düzəldin, Allah`a və Onun Peyğəmbərinə itaət edin!” (Ənfal 1)
“Mömin olub yaxşı işlər görən kəs isə nə zülmə məruz qalmaqdan, nə də (mükafatının) əskilməsindən qorxar!” (Taha 112)
3-Allah bir çox ayədə qullarına əvvəlcə “Ey iman gətirənlər!” deyərək xitab edir və sonra saleh əməl etməyi əmr edir. Bu da əməlin imana daxil olmadığını göstərməkdədir. Buna misal olaraq aşağıdakı ayələri verə bilərik:
“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!” (Bəqərə 183)
“Ey iman gətirənlər! (Namaz qıldıqda) rüku edin, səcdəyə qapanın; Rəbb`inizə ibadət edin və yaxşı işlər görün ki, nicat tapasınız!” (Həcc 77)
“Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə (dirsəklərdən və ya dirsəklərə qədər) əllərinizi yuyun.” (Maidə 6)
4-Cəbrail Peyğəmbər salləllahu əleyhi və səlləmdən imanın nə olduğunu soruşduğu zaman, Peyğəmbər salləllahu əleyhi və səlləm imanın yalnız təsdiqdən ibarət olduğunu ifadə etmişdir və belə buyurmuşdur: “İman, Allah`a, mələklərinə, peyğəmbərlərinə, Allah`ın hüzuruna çıxacağına və öldükdən sonra dirilməyə inanmağındır.”(Buxari, Loğman surəsinin təfsiri, Müslim, İman kitabı-9)
5-Bitaqə (üzərinə yazı yazılmış bir kağız parçası) hədisi də əməlin imanın bir hissəsi olmadığı haqqında bir dəlildir. Bu hədisdə belə rəvayət edilmişdir. Abdullah ibni Amr ibn As deyir ki, Peyğəmbər salləllahu əleyhi və səlləm belə buyurdu: “Ümmətimdən olan bir kişi Qiyamət günü məxluqatın qarşısına çağırılacaq və ona doxsan doqquz ədəd kitab göstəriləcək. Hər bir kitabın ölçüsü gözün gördüyü son məsafəyə qədər olacaq. Sonra qüdrətli və qüvvətli Allah buyuracaq: «Bunlardan birini inkar edə bilərsənmi?» O: «Xeyr, ey Rəbb`im!» - deyə cavab verəcək. Allah buyuracaq: «(Əməlləri) yazan gözətçi mələklərim sənə zülm ediblərmi? Bu qədər kitabın qabağında sənin savabın ola bilərmi?» O qorxu içində: «Xeyr!» - deyə cavab verəcək. Allah buyuracaq: «Əksinə, dərgahımızda sənin üçün savab vardır. Odur ki, bu gün sənə zülm edilməyəcək». Bu vaxt onun qarşısına içində «Əşhədu əl-lə iləhə illəllah vəənnə Muhəmmədən abduhu və rəsuluhu» yazılmış bir kağız parçası qoyulacaq. O deyəcək: «Ey Rəbb`im! Bu qədər kitabın qabağında bu kağız parçası nə fayda verə bilər?» Allah buyuracaq: «Sənə zülm olunmayacaq!» Sonra kitablar tərəzinin bir gözünə, kağız parçası isə digər gözünə qoyulacaq və bu kağız parçasının ağırlığından o kitablar havaya qalxacaq.” (Tirmizi, İman kitabı-2639, İbni Macə, Zühd kitabı-4300, Əhməd ibni Hənbəl, 2-ci cild 213-cü səhifə, Tirmizi hədisin həsən-qərib olduğunu demişdir.)
6-Əbu Səid əl-Xudri rəvayət edir ki, Peyğəmbər salləllahu əleyhi və səlləm buyurdu: “Sizdən öncəkilərdən doxsan doqquz adam öldürmüş bir kişi var idi. Həmin adam yer üzündə ən bilikli insan haqqında soruşduqda ona bir rahib göstərilmişdi. Həmin adam onun yanına gəlib doxsan doqquz adam öldürdüyünü dedi və tövbəsinin qəbul edilib edilməyəcəyini soruşdu. Rahib: “Xeyr!”-deyə cavab verdi. Həmin adam onu da öldürüb yüzü tamamladı. Sonra o, yenə yer üzünün ən bilikli adamı haqqında soruşduqda ona bir alim kişi göstərildi. Həmin adam yüz nəfəri öldürdüyünü dedi və tövbəsinin qəbul edilib edilməyəcəyini soruşdu. Alim dedi: “Bəli! Səninlə tövbə arasında nə əngəl ola bilər ki? Filan əraziyə yollan! Orada Allah`a ibadət edən insanlar vardır, sən də onlarla birgə Allah`a ibadət et və öz yerinə daha qayıtma, çünki ora pis yerdir”. Həmin adam deyilən yerə yollandı. Nəhayət yolun yarısında ölüm onu haqladı. Rəhmət mələkləri ilə əzab mələkləri ona dair mübahisə etdilər. Rəhmət mələkləri dedilər: “O, qəlbi ilə Allah`a tövbə edən və Ona üz tutan halda gəlmişdir”. Əzab mələkləri dedilər: “O, heç vaxt xeyir etməyib”. Daha sonra onların yanına insan simasında bir mələk gəldi və onlar onu öz aralarında hakim seçdilər. Mələk dedi: “İki ərazi arasında olan məsafəni ölçün! Onlardan hansına daha yaxın olarsa, deməli onun yeri oradır”. Onlar ölçdülər və onun, getmək istədiyi əraziyə daha yaxın olduğunu gördülər. Daha sonra rəhmət mələkləri onun canını aldılar”. (Buxari, Peyğəmbərlər kitabı-54, Müslim, Tövbə kitabı-2766).
7-İsrail oğullarından pis yola düşmüş bir qadın haqqındakı aşağıdakı hədis də əməlin imanın bir parçası olmadığına dəlil göstərilmişdir. Əbu Hüreyrə rəvayət edir ki, Peyğəmbər salləllahu əleyhi və səlləm belə buyurdu: “Fahişə bir qadın isti bir gündə quyunun ətrafında fırlanan və susuzluqdan dilini çıxarmış bir köpək gördü. Qadın ayaqqabısını çıxarıb (quyudan su götürərək) köpəyə verdi. Bu səbəblə qadın bağışlandı”. (Müslim, Səlam kitabı-2245, Buxari, Peyğəmbərlər kitabı-54)
Bu mövzuda diqqət edilməsi lazım olan bir məsələ vardır: “Əməl imana daxil deyildir” deyən alimlərin bir qismi dahada irəli gedərək belə demişdirlər: “İman təsdiqdən ibarət olduğuna görə, mənim imanım Əbu Bəkrin, Ömərin hətta Peyğəmbərlərin imanlarına bərabərdir”. Bu ifadə həddini aşmış bir sözdür. Çünki iman edənlərin hamısı imanın əslində bərabər olsalarda, qəlblərindəki iman nurunun şəxsdən şəxsə dəyişdiyi məlumdur. Bəzilərinin qəlbində “Lə iləhə illallah” nuru günəş kimi, bəzilərində parlaq bir ulduz kimi, bəzilərində böyük bir atəş kimi, bəzilərində ətrafı aydınladan lampa kimi, bəzilərində isə zəif bir şam kimidir. Dünyada qulun qəlbindəki iman və tövhid nuru gücünə görə, xatırına gələn şübhələri , təhrik edən şəhvani arzuları ortadan qaldırar. Hətta bu o dərəcəyə çatar ki, hər hansı bir şübhə, şəhvani bir arzu və ya bir günah ilə qarşılaşarsa onları dağıdıb məhv edər. Bu imanında sadiq olanların halıdır. Qiyamət günündə də, qəlblərindəki tövhid və iman nuruna görə önləri və sağ tərəfləri aydınlanacaqdır. Qəlbən iman etməyənlər isə bu aydınlıqdan məhrum qalacaqlar. Bu barədə Allah təala belə buyurur: “O gün Allah Öz Peyğəmbərini və onunla birlikdə iman gətirənləri xəcil etməz. Onların (iman) nuru önlərindən və sağ tərəflərindən axıb şölə saçarkən onlar belə deyəcəklər: “Ey Rəbb`imiz! Bizim nurumuzu tamam-kamal elə və bizi bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən!” (Təhrim 8) Digər bir ayədə belə buyurur: “O gün mömin kişilərin və qadınların nurunun onların önlərindən və sağ tərəflərindən axıb şölə saçdığını görəcəksən”. (Hədid 12).
Bu məsələdəki ikinci görüşü gələn məqaləmizdə ələ almağa çalışacağıq.