Oruclu ikən qan aldırmaq
Qan aldırmağın (hicama) mənası: Yarmaq, bel kimi bədənin bir üzvünü çərtmək (azacıq kəsmək), müalicə məqsədi ilə (ağız və ya tibbi banka kimi vasitə ilə) qanı sorub çəkməkdir.
Hicama ilə müalicə müstəhəbdir. Belə ki, Peyğəmbər (salləllahu əleyhi və səlləm) buyurmuşdur: "Üç şeydə sizin üçün şəfa vardır: (Qan almaq üçün) banka qoymaqda, bir içim balda və (müalicə məqsədilə bədənə) dağ basmaqda. (Buna baxmayaraq) mən özümü dağlamağı xoşlamıram. (Buxari, Müslim) Peyğəmbər (salləllahu əleyhi və səlləm) həmçinin buyurmuşdur: "Hicama (qan aldırmaq) sizin üçün ən xeyirli müalicənizdir". Oruc tutan şəxsin hicama olunub-olunmaması xüsusunda alimlər ixtilaf ediblər. Üç böyük məzhəb imamı (Əbu Hənifə, Malik, Şafi) hicamanın orucun pozulmadığını bildirmişlər. Belə ki, Buxarinin İbn Abbas yoluyla nəql etdiyi hədisdə Peyğəmbər (salləllahu əleyhi və səlləm)in həm ehramda ikən, həm də oruclu olduğu halda qan aldırdığı qeyd olunur. İbn Abbas və İkrimə demişdir: "Oruc daxil olana görədir, xaric olana görə yox".
Alimlərin əksəriyyətinə görə, oruclu halda qan aldırmaq caizdir. İbn Həcər "Fəthu'l-Bəri" adlı əsərində "Peyğəmbər (salləllahu əleyhi və səlləm) həm ehramda ikən, həm də oruclu olduğu halda qan aldırdı" - hədisini izah edərkən İbn Abdu'l-Bərr və digər alimlərin belə dediyini vurğulamışdır: "Bu hədis "Qan alanın da, aldıranın orucu pozulur" hədisinin nəsx olunduğuna dəlildir. Çünki hədisin bəzi rəvayət yollarında bu sözün Vəda həccində buyrulduğu deyilir.
Bəzi alimlər isə deyirlər ki , "Qan alanın da, qan aldıranın da orucu pozulur" hədisi ilə, bu əməlin orucun pozulmağına gətirib çıxaracağı nəzərdə tutulur. Belə ki, (Qan alan) bu qanı (bankayla deyil) ağzıyla sorub çəkdiyi əsnada həmin şeydən nəsə boğazına gedə bilər. Digərləri isə, qan aldıranın bədəninin zəifləməsi səbəbilə orucunu açmağa məcbur qalacağını əsas gətirmişlər.
- Bu məsələdə doğru olan görüş odur ki, qan aldırmaqla bədəni zəifləyən şəxsin qan aldırmağı iftardan sonra gecəyə təxirə salmağı daha münasibdir. Çünki belə etməsə, qan aldırmaq səbəbilə orucunu açmağa məcbur qalar.
İmam Malikin "Muvatta" adlı əsərində İbn Ömərin oruclu ikən qan aldırdığı, sonra isə bu əməli tərk etdiyi və oruc tutduğu zaman hicamanı iftardan sonraya saxladığı rəvayət edilməkdədir. İmam Zuhri belə nəql edir: "İbn Ömər Ramazan və digər aylarda oruclu ikən qan aldırdı, ancaq sonra bunu zəiflik (yaratdığına) görə tərk etdi".
Allah ən doğrusunu biləndir.