Unudulmuş sünnətlər 2: Xəstə ziyarəti
Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurmuşdur:
“Müsəlmanın müsəlman üzərində beş haqqı var; salamını almaq, xəstəsini ziyarət etmək, cənazəsində iştirak etmək, dəvətinə cavab vermək, asqıranda “yərhəmukəllah” (Allah sənə rəhm etsin) demək”. (Buxari/Cənazə 2)
Başqa bir hədisdə isə Peyğəmbər salləllahu əleyhi və səlləm xəstə ziyarətinin önəmini belə vurğulamışdır: “Şəhərin o tayında da olsa xəstəni ziyarət edin”. (Əbu Davud)
Xəstə ziyarətinin savabına gəlincə isə bu hədis yada düşür: “Bir insan bir xəstənin halını soruşmağa gedər və ya Allah üçün sevdiyi bir şəxsi ziyarət edərsə, bir mələk ona belə səslənər: “Nə xoş sənin halına, gözəl bir ziyarət etdin, özünə cənnətdə bir yuva hazırladın”. (Tirmizi 64)
Başqa bir hədisdə deyilir: “Kim gözəl bir şəkildə dəstəmaz alar, müsəlman qardaşını savab düşüncəsi ilə ziyarət edərsə cəhənnəmdən yetmiş il yerimə məsafəsi qədər uzaqlaşdırılar”. (Əbu Davud )
“Xəstə ziyarətində olan kimsə ziyarətdən dönüncəyə qədər cənnət meyvələri arasındadır.” (Əbu Davud)
Sünnətdə xəstə ziyarəti xəstəlikdən üç gün sonra edilir. Ənəs ibn Malik buyurmuşdur: “Allah Rəsulu salləllahu əleyhi və səlləm xəstəliyin üzərindən üç gün keçmədən heç bir xəstəni ziyarət etməzdi”. (İbn Məcə)
Xəstə ziyarətində olan sünnətlərdən biri də xəstə üçün dua etməkdir. Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurmuşdur: “Hər kim əcəli gəlməmiş bir xəstəni ziyarət edib baş tərəfində dayanaraq yeddi dəfə “Böyük Ərşin sahibi uca Allah`dan səni yaxşı etməsini diləyirəm” deyərsə Allah o xəstəni yaxşı edər”. Əbu Davud/Cənazələr 8)
Xəstəyə dua etdiyimiz kimi xəstədən dua istəmək də sünnətdir. “Bir xəstənin yanına girincə ondan sənə dua etməsini istə. Çünki onun duası mələklərin duası kimidir”. (İbn Məcə)
Həmçinin xəstəyə ürək-dilək vermək də sünnətdəndir. Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurmuşdur: “Bir xəstənin yanına girincə, sağlıq və uzun ömür təmənni edərək onu rahatladın. Çünki belə etmək onun könlünü açar”. (Tirmizi)
Xəstə ziyarət edənin ziyarətini tez bitirməsi və səssiz etməsi də sünnətdir. Abdullah ibn Abbas rəvayət edir ki, Allah Rəsulu salləllahu əleyhi və səlləm bir xəstəni ziyarət etdi və “ürəyin nə istəyir” deyə soruşdu. Xəstə buğda çörəyi dedi. Allah Rəsulu salləllahu əleyhi və səlləm “kimin evində buğda çörəyi varsa qardaşına gətirsin” dedi. Sonra da əlavə edərək “xəstəyə ürəyi istəyəni yedizdirin” deyə buyurdu. (İbn Məcə)
Bu hədisdən, xəstəyə iştahına uyğun yeməklərin gətirilməsinin sünnət olduğu ortaya çıxır.